Məhkəmə qərarları › İş №2-1(118)-1568/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1568/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1568/2021 06.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “Masazır kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixdən 2018-ci il daxil olmaqla ödədiyi torpaq vergisinə dair qəbzlərin Masazır Bələdiyyəsində qeydiyyatdan keçib-keçməməsi və bu torpaq vergisi ilə bağlı bələdiyyənin hesabına pul vəsaitinin ödənilib-ödənilməməsinin müəyyən edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ilin oktyabr ayından Masazır kəndi, Akim Abbasov küçəsi, 20 ünvanında öz ailəsi ilə birlikdə yaşayır, 2006-cı il tarixdən isə bu ünvanda qeydiyyatdadır. Yaşadığı dövrdən istifadə etdiyi 14 sot torpaq sahəsində kənd təsərrüfatı işlərini həyata keçirmişdir. Bu səbəbdən Masazır bələdiyyəsini həmin dövrdəki rəhbərliyi ondan torpaq vergisi alıb. İstifadə etdiyi torpaq sahəsi 14 sot olsa da, o iddiaçıdan 19 sota görə torpaq vergisi alırdı. Onda niyə 14 deyil, 19 sot alır, soruşanda bildiriridi ki, bu sədrin tapşırığıdır. Guya həmin ərazidə qalan 5 sot torpağı heç kimə verə bilmədiyindən onunda pulunu ondan alırdılar. Etiraz etsə də bu halda onu məhkəməyə verərək əlindən almaqla hədələyirdilər. Torpaq vergisi onun, həm də həyat yoldaşı X4 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsini 203-ci maddəsində göstərilir ki, Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Sonradan məlum olur ki, Masazır bələdiyyəsinin keçmiş sədri və onun işçisi torpaq sahəsini rəsmiləşdirməyərək ondan qanunsuz olaraq torpaq vergisi almış və onu bələdiyyə büdcəsinə ödəməmişlər. Ona isə saxta qəbz vermişlər ki, bu qəbzlərin surəti onların arxivində aşkar edilməmişdir. Bildirdi ki, qeyd edilən torpaq sahəsinin üstündəki tikili qaynanası, X2 mülkiyyətindədir və həmin mənzildə o ailəsi ilə birlikdə yaşayır. Torpaq sahəsidə həmin fərdi yaşayış evinin altında və ətrafındadır. Bu baxımdan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 203-cü maddəsinə istinad etməklə 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixdən 2018-ci il daxil olmaqla ödədiyi torpaq vergisinə dair qəbzlərin Masazır bələdiyyəsində qeydiyyatdan keçibkeçməməsi barədə araşdırma aparılmasını və bu torpaq vergisinin bələdiyyənin hesabına ödənilməsi barədə ona məlumat verilməsilə bağlı Masazır bələdiyyəsinə müraciət etmiş, müraciətə cavab olaraq bələdiyyə məktubunda göstərilir ki, Masazır bələdiyyəsinə etdiyi müraciətdə göstərilir ki, “keçmiş bələdiyyə rəhbərliyi tərəfindən 2006-2018-ci il tarixlərinə aid müvafiq ödəniş qəbzlərin 2006-2013-cü il tarixinə qədər olan bir qismi Abşeron Rayon Dövlət Arxivinə göndərildiyindən və digər 2013-2018-ci il tarixina aid digər qismi təhvil verilmədiyindən ərizənizdə göstərilən xahişin icrası imkanımız xaricindədir. Digər tərəfdən Masazır bələdiyyəsində X1 Sistemində İddiaçı hər hansı borcu barədə məlumat yoxdur”. Abşeron Arxiv idarəsinə mürciət etmiş, Oradan bildirib ki, ödəniş qəbzləri bu idarəyə Masazır bələdiyyəsi tərəfindən təhvil verilməyib. Yalnız torpaq ayırma sənədləri və məktublaşmadır. Buradanda aydın olur ki, belə bir qəbz bələdiyyəyə təqdim edilməmişdir. Bələdiyyənin keçmiş rəhbərliyi və əməkdaşları ondan torpaq vergisi almış və sonradan onu torpaq sahəsindən çıxarılması və cinayət işinin açılması məqsədilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsi onu torpaq sahəsindən çıxarılması ilə bağlı qərar qəbul etmişdir. Əgər torpaq sahəsi onun tərəfindən qanunsuz istifadə olunurdusa, niyə bələdiyyə ondan 14 il torpaq vergisi almışdır. 14 ildən sonra isə onu torpaqdan çıxarılma ilə bağlı məhkəməyə müraciət edir. Bəs ödədiyi torpaq vergisi hansı hesaba gedib. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi X5 iddia tələbinə dəqiqləşdirmə verərək Masazır kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixdən 2018-ci il daxil olmaqla ödədiyi torpaq vergisinə dair qəbzlərin Masazır Bələdiyyəsində qeydiyyatdan keçib-keçməməsi və bu torpaq vergisi ilə bağlı bələdiyyənin hesabına iddiaçı tərəfindən pul vəsaitinin ödənilib-ödənilməməsi barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş etdi Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 11.06.2021-ci il tarixli, 366/GM nömrəli imtina məktubu, ödəniş qəbzlərinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatı dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı bələdiyyəyə müraciət etmiş lakin bələdiyyə 11.06.2021-ci il tarixli, 366/GM nömrəli imtina məktubu ilə onun tələbini yerinə yetirə bilməmişdir. Cavabdehin imtina məktubunda göstərilən səbəblərə gəlincə məhkəmə qeyd edir ki, keçmiş bələdiyyə rəhbərliyi tərəfindən ödəniş qəbzlərinin təhvil verilməməsi məlumatın olmaması iddiaçının təqsiri ucbatından deyildir. Belə ki, inzibati orqan məlumatların saxlanılmasını, ötürülməsini lazimi qaydada vətəndaşlara cavab verilməsini təmin etməlidir. Məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Bundan başqa o da nəzərə alınmalıdır ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 6-cı bəndinə əsasən səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara məcburetmə haqqında iddialardır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Masazır kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixdən 2018-ci il daxil olmaqla ödədiyi torpaq vergisinə dair qəbzlərin Masazır Bələdiyyəsində qeydiyyatdan keçib-keçməməsi və bu torpaq vergisi ilə bağlı bələdiyyənin hesabına iddiaçı tərəfindən pul vəsaitinin ödənilib-ödənilməməsi barədə məlumatın verilməsi öhdəliyi Abşeron rayonu Masazır Bələdiyyəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar