Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1572/2021 23.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının 4 saylı, 16 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının 4 saylı, 16 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının 4 saylı, 16 iyun 2021-ci il tarixli qərarı ilə vətəndaş X5 və X1 nəvələri 2017ci il təvəllüdlü X2 və 2018-ci il təvəllüdlü X3 ilə hər həftənin bazar günləri saat 11:00-dan 15:00-dək ünsiyyətdə olma vaxtları müəyyənləşdirilmiş, azyaşlıların babaları X5 və nənələri X4 ilə ünsiyyətdə olmasına şərait yaradılması ona həvalə edilmişdir. Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyası qərar qəbul edərkən Ailə Məcəlləsinin 62-ci maddəsinə istinad etmişdir. Ailə Məcəlləsinin 62-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Göründüyü kimi Ailə Məcəlləsinin 62-ci maddəsində İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının baba və ya nənəyə nəvələri ilə ünsiyyətdə olma vaxtını müəyyən etməklə bağlı səlahiyyət verilməmişdir. Nəinki Ailə Məcəlləsində, digər normativ hüquqi aktlarda da İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına baba və ya nənəyə nəvələri ilə ünsiyyətdə olma vaxtını müəyyən etməklə bağlı səlahiyyət verilməmişdir. Belə olduğu halda Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyası səlahiyyət həddini aşmışdır. Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyası qərar qəbul edərkən onu dəvət etməmiş, onun iştirakı olmadan qərar qəbul etmişdir. Uşaqların saat 1100-dan 15:00-dək baba və nənələrinə verilməsi uşaqların mənafeyinə ziddir. Belə ki, uşaqlar 2017 və 2018-ci il təvəllüdlü olmaqla körpədirlər. Bu səbəbdən onların xüsusi qaydada yedizdirilməsinə ehtiyac var. Onların nahar vaxtı baba və nənələrində qalması isə uşaqların normal və lazımi qaydada qidalanmasına mənfi təsir göstərəcəkdir. Keçmiş həyat yoldaşının valideynləri isə oğullarının aliment ödəməsi ilə bağlı oğullarına təsir göstərmək əvəzinə guya uşaqlarla ünsiyyətə mane olmamla bağlı məsələni ortaya atmışlar. O heç vaxt övladlarının baba və nənəsinin onlarla ünsiyyətdə olmasına maneçilik törətməmiş, əksinə həmişə buna şərait yaratmış, sadəcə olaraq keçmiş qayınatası və qayınanası bu kimi yollarla ona təsir etmək istəyirlər. Həmçinin, keçmiş həyat yoldaşı son 3 ayın alimentini ödəməmişdir. Bu da onun öz uşaqları ilə maraqlanmamasını, onların qidalanması ilə bağlı qayğılarına laqeyd olmasını bir daha təsdiq edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanları qanunverciliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Qeyd olunan maddələrdə qəyyumluq və himayəçilik orqanın funksiyalarını hansı qurumun həyata keçirilməsi ilə bağlı birbaşa göstərişin olmaması həmin qurumun səlahiyətlərinin yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsinə dəlalət etmir. Göründüyü kimi hazırkı iddia tələbi üzrə cavabdeh qismində Cavabdeh göstərilmişdir. Məhkəmə iddiaçıya hüquqi yardım göstərməklə iddia tələbində cavabdeh qismində Qəyyumluq və Himayə orqanını göstərilməsini məqsədəmüvafiq hesab etmədi. Belə ki, hazırkı iddia tələbi üzrə cavabdeh qismində Qəyyumluq və Himayə orqanı göstərildiyi tədqirdə belə həmin qurumun inzibati orqan olmaması səbəbindən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkün olmayacaq. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı tələbə münasibətdə məhkəmə hesab edir ki, Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasıdır ki, qəyyumluq və himayəçilik orqanları kollegial orqan olmaqla inzibati orqan deyildir. İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarında qəyyumluq və himayəçilik orqanları inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və sonuncunun fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Hazırda mübahisələndirilən Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının 16.06.2021-ci il tarixli qərarı inzibati orqan tərəfindən qəbul edilmədiyinə görə inzibati akt hesab edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülən iddalara inzibati deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı Qəyyumluq və Himayəçilik orqanlarına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının 4 saylı, 16 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1572/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1572/2021
23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver