Məhkəmə qərarları › İş №2-1(118)-1619/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1619/2024

27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1619/2024 27.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş 1 girişli, altı mərtəbəli mansardlı yaşayış binasının (35 ədəd bir otaqlı, 23 ədəd iki otaqlı mənzilin, 1 ədəd üç otaqlı mənzilin, ümumilikdə, 59 ədəd mənzil) daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları ilə onun adına qeydiyyatının aparılması və müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində adıma mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Ona mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Həmin torpaq sahəsi üzərində müvafiq icazələr alnımaqla və sənədləşmələr aparılmaqla altı mərtəbəli mansariı yaşayış binası inşa edilmişdir.Belə ki, Abşeron RİH başçısı tərəfindən həmin tikili/bina ilə bağlı xx.xx.2020-ci il tarixli 014 nömrəli obyektin tikintisinə icazə sənədi verilmişdir. Eləcə də, tikiləcək/artıq tikilmiş evin/binanın layihəsi də icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış və təsdiq edilmişdir. İnşası başa çatdırılmış tikili FHN Tikintidə X2 Agentliyinin Azərinşaatlayihə DBLKTİ institutu tərəfindən müayinə olunmuş, 25 may 2021ci il tarixində müvafiq müsbət rəy təsdiq edilmişdir.Eləcə də Agentliyin Ö/004689 nömrəli aktı ilə tikilinin istismara hazır olması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixində Agentlik rəhbərliyi tərəfindən təsdiq edilmiş 16 may 2021-ci il tarixli, 1117 nömrəli rəyin nəticə hissəsində bildirilir ki, FHN Tikintidə X2 Agentliyinin nərdində yaradılmış Təhlil qrupunun xx.xx.2021-ci il tarixli 1117 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanqlıq basımdan istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Göründüyü ki, müvafiq aidiyyəti orqan binanı istismara tam yararlı hesab etmişdir. Bundan əlavə, X1 Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 31243 nömrəli rəyində göstərilir ki, sözügedən yaşayış binasının tikinti layihəsini konstruktiv dayanıqlıq baxımından qənaətbəşx hesab edib razılaşdırmaq olar. Müvafiq sənədlər toplandıqdan sonra istismara icazə sənədi alınması üçün Abşeron RİH-ə təqdim edilmişdir. Abşeron RİH-nin xx.xx.2021ci il tarixli 021 nömrəli Tikinti obyektinin istismarına İCAZƏ sənədi ilə təsdiq olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınmış, 11 iyun 2021-ci il tarixindən 1 girişli, altı mərtəbəli mansardlı sözügedən yaşayış binasının istismarına icazə verilmişdir. Göründüyü kimi, bina qanunvericiliyə tam uyğun şəkildə tikilmiş və istismara verilmişdir. 2022-2023-cü illərdə bir neçə dəfə, sonuncu dəfə isə 2023-cü ilin avqust ayında cavabdeh orqana müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş 1 girişli, altı mərtəbəli mansardlı yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün müraciət etsə də onun müraciəti müsbət həll edilməmişdir.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş 1 girişli, altı mərtəbəli mansardlı yaşayış binasının üzərində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatının aparılması və müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi haqqında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron ravonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli vasavıs binasının tikintisinə icazə yeritməsi barədə sənədlərinin 19 mav 2022-ci il və 28 aprel 2023- cü il tarixli müraciətlərə əlavə edilsə də, sonuncu müraciətə daxil edilmədiyi, müraciət üzrə əlavə edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uydun tərtib edilmədiyi müəyyən olunmuşdur. Belə ki, sözügedən sənəddə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Bu səbəbdən də iddiaçının müraciətinin müsbət cavablandırılmasından imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin Abşeron Rayon İcra Hakimiyyətini və Dövlət Şəhərsalma və Arxitektura Komitəsini üçüncü şəxs qismində işə cəlb olunmasının zəruriliyinə münasibətdə məhkəmə qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyəti tikilinin inşasına icazə verib istismara qəbul etdiyinə görə, tikili Abşeron rayonunun inzibati ərazisində yerləşdiyi görə (yəni inşa edilən tikililərə verilən icazələr Bakı şəhəri istisna olunmaqla yerli icra hakimiyyətləri tərəfindən verildiyinə görə) adları qeyd olunan təşkilatların nə zəruri, nə də adi qaydada cəlb edilməsinə lüzum yoxdur. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-İ-0156-8 nömrəli imtina məktubu, etirazı, DƏDRX tərəfindən verilmiş **********52 reyestr nömrəli çıxarışın təsdiqlənmiş surəti, çoxmənzilli yaşayış sahəsinə dair plan və ölçünün təsdiqlənmiş surəti, çoxmənzilli yaşayış sahəsinə dair eskiz layihənin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2021-ci il tarixli, 31243 nömrəli rəyin təsdiqlənmiş surəti, 1117 nömrəli, xx.xx.2021-ci il tarixli rəyinin təsdiqlənmiş surəti, Ö/004689 nömrəli, xx.xx.2021-ci il tarixli İstismara hazırlıq Aktının təsdiqlənmiş surəti, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Tikinti obyektinin istismarına dair xx.xx.2021-ci il tarixli, 021 nömrəli icazəsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan çoxmənzilli yaşayış binasına Abşeron Rayon İcra Hakimiyyətinin obyektin tikintisinə icazənin verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-21-3- 32/2-İ-0156-8 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı inşa etdirdiyi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ərazisində xüsusi mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı torpaqlar kateqoriyasına aid 0.10 ha torpaq sahəsində yerləşən çoxmənzilli yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən qeydiyyata alınmışdır. Lakin, inzibati orqan müraciətdə göstərilən və yeni inşa edilmiş çoxmənzilli yaşayış binasına dair onun mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, özü tərəfindən inşa edilmiş və Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ərazisində yerləşən çoxmənzilli yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh təşkilatın imtina məktubu və etiraz ərizəsində çoxmənzilli yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, yəni sözügedən sənəddə istismara hazırlıq aktında tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməməsi, 2) sözügedən çoxmənzilli yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, Cavabdeh təşkilatın etirazında göstərdiyi birinci arqumenti araşdıraraq, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tikinti normalarına cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Hazırkı iddia tələbi üzrə iddiaçı olan Vaqif Axundov tərəfindən mülkiyyətində olan tikiliyə müvafiq icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasıda həyata keçirilib. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 021 nömrəli icazə sənədində olan “tikinti obyektinə verilmiş kodun göstərilməməsi” tikilmiş yaşayış sahəsinin istismarına qadağa hesab edilə bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsanamənin 8.20-3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək Komitənin vəzifəsidir. Həmin Məcəllənin 101.4-cü maddəsinə əsasə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.7-ci maddəsinə əsasən tikinti obyektlərinin istismarına icazə verilməsi barədə qərar qəbul edildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) 5 iş günü müddətində bu barədə vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə məlumat təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Həmin Məcəllənin 103.1.6-cı maddəsinə əsasən tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi tikinti obyektinin istismarına icazədə sənədində göstərilməlidir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən tikintilərin Dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Məcəllənin 102.8-ci maddəsinə əsasən bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.2-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 101.4-cü və 102.8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Hazırkı, iddia tələbinə əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçıya çoxməzilli yaşayış binasının inşası üçün Abşeron Rayon İcra hakimiyyəti səlahiyyətləri çərçivəsində icazə verilmişdir. İddiaçı tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının istismara qəbul edilməsi 11 iyun 2021-ci ilə təsadüf etdiyinə görə tikiliyə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən istismara icazə sənədi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2018-ci il 495 nömrəli qərarına əsasən edilmiş dəyişiklidən sonra tikiliyə verilən icazə sənədində tikinti obyektinə verilmiş kodun nömrəsi göstərilməlidir. Halbuki, Şəhərsalma və Arxitektura Komitəsi tikili üçün kodu o halda verə bilər ki, həmin tikiliyə verilən icazə onun müsbət rəyi əsasında verilmiş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təstiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının” 1.1-ci bəndinə əsasən tikintilərin Dövlət reyestrinə (bundan sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, tikinti obyektinə müvafiq kodun verilməsinin məqsədi tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin həyata keçirilməsi üçün həyata keçirilir. Başqa sözlə desək Tikinti Reyesterinə tikili barədə məlumatların daxil edilməməsi tikinti obyektinin üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün vacib amillərdən biri olan texniki göstəricilərə cavab verməməsi anlamı ilə bərabər tutula bilməz. Nəzərə alınmalıdır ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının 4.4-cü bəndində reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış tikililərə sonradan kodun verilməsi yalnız istismara qəbul edilməyən tikililərə şamil edilmişdir. Hazırkı tikili isə 11 iyun 2021-ci ildə istismara qəbul edilmiş və hal-hazırda aidiyyəti üzrə istifadə edilir. Başqa sözlə desək istismara qəbul edilmiş tikililərə kodun verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 96.2-ci maddəsinə əsasən tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən tikintiyə texniki nəzarətin həyata keçirilməsi qaydaları şəhərsalma və tikintiyə dair normativ sənədlərlə tənzimlənir. Həmin Məcəllənin 98.3-cü maddəsinə əsasən texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra – tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən tikintiyə dövlət nəzarətinin məqsədi tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını (dayanıqlılığını və möhkəmliyini) təmin etməkdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən bu Qaydaların müddəaları, Məcəllənin 79.1-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb edilməyən obyektlər istisna olunmaqla, bütün tikinti obyektlərinə, habelə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə də şamil olunur. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən tikinti fəaliyyətinin bütün subyektləri, mülkiyyət formasından asılı olmayaraq, tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin tikinti obyektlərinə (xüsusi rejimli obyektlərə - müvafiq qaydada razılıq alındıqdan sonra) maneəsiz daxil olmasını, dövlət nəzarətinin həyata keçirilməsi üçün onlara müvafiq şəraitin yaradılmasını, tikintiyə aid tələb olunan sənədlərin təqdim edilməsini və tikintidə aşkarlanmış pozuntuların Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə aradan qaldırılmasını təmin etməlidirlər. Yuxarıda qeyd olunan maddi hüquq normalarından müəyyən edilir ki, Bakı şəhərindən kənarda olan qeyri yaşayış sahələrinin inşası yerli icra hakimiyyətinin müvafiq razılığı əsasında həyata keçirilirdi. İnşa edilmiş tikililər texniki şərtlərə cavab verməli idi. Belə ki, texniki şərtlər tikiliyə verilən icazənin tərkib hissəsi olmuşdur. Yaşayış binasının inşası başa çatdıqdan sonra onun şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünə dair yerli icra hakimiyyəti tərəfindən istismara icazə sənədi verilir. Tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir. Tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Tikililərə dövlət nəzarəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir və nəzarət çərçivəsində obyektin tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Texniki nəzarət- müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir və obyektin texniki şərtlərə cavab verib-verməməsini müəyyən edir. Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Müəllif nəzarəti-layihəçi tərəfindən, daxili əməliyyat nəzarət isə podratçı tərəfindən həyata keçirilir. Hazırkı, iddia tələbinin predmeti olan çoxmənzilli yaşayış binasının tikililərə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 03 iyun 2021-ci il tarixli “İstismara hazırlıq aktı” ilə tikinti qaydalarına uyğun inşa edilməsinə dəlalət edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi birinci arqumenti əsassız olur. Cavabdeh təşkilatın etirazda göstərdiyi ikinci arqumenti, yəni çoxmənzilli yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsini araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunan arqument iddiaçı tərəfindən inşa edilmiş tikiliyə görə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən (çoxmənzilli yaşayış sahəsinə dair eskiz layihə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2021-ci il tarixli, 31243 nömrəli rəyi, 1117 nömrəli, xx.xx.2021-ci il tarixli rəyi, Ö/004689 nömrəli, xx.xx.2021-ci il tarixli İstismara hazırlıq Aktıi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Tikinti obyektinin istismarına dair xx.xx.2021-ci il tarixli, 021 nömrəli icazə icazəsi) məlum olmuşdur ki, qanunvericiliklə nəzərdə tutulmuş bütün sənədlər olduğu halda həmin əsasla imtina edilməsi formal xarakter daşımış və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxartmışdır. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 19.1-ci maddəsinə görə İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyini şübhə halına gətirən hər hansı bir dəlil cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2021-ci il 30 noyabr tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş AzDTN 2.7-2 Yaşayış binaları. Layihələndirmə normalarının 1-ci bəndinə əsasən “Yaşayış binaları. Layihələndirmə normaları”nın tələblərinə yeni tikilən, hündürlüyü 75 m-dən çox olmayan çoxmənzilli yaşayış binalarının və mənzil tipli yataqxanaların, çoxfunksiyalı binaların tərkibində yaşayış sahələrinin layihələndirilməsində, həmçinin, onların istismarı, texniki yeniləşdirilməsi, yenidən qurulması və əsaslı təmirində təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmalıdır. Həmin Normaların 3-cü bəndinə əsasən iki və daha çox mənzildən ibarət, mənzillərinin ümumi istifadə sahələri və mühəndis sistemləri olan yaşayış binası- çoxmənzilli yaşayış binası hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4-cü bəndinə əsasən 9 və daha çox mərtəbəli çoxmənzilli yaşayış binaları- çoxmətəbəli yaşayış binaları, 5-8 mərtəbəli çoxmənzilli yaşayış binaları- orta mərtəbəli yaşayış binaları, 5 mərtəbəyə qədər olan çoxmənzilli yaşayış binaları isəazmərtəbəli yaşayış binaları hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.11-ci maddəsinə əsasən insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti-bina hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 1-ci bəndinə əsasən dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. Həmin Qaydaların 10.3-cü bəndinə əsasən dövlət reyestrinin bölmələrinə konkret daşınmaz əmlak növünün adı verilir. Sadalanan maddi hüquq normalarından məlum olur ki, ümumi istifadə sahələri və mühəndis sistemləri olan çoxmənzilli yaşayış binalarının çoxmərtəbəli, ortamətəbəli və azmərtəbəli növləri var. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş və yardımçı sahələrdən ibarət yaşayış sahələri fərdi yaşayış evləri hesab edilir. Göründüyü kimi azmətəbəli yaşayış binaları ilə fərdi yaşayış evləri arasında olan fərq Qanunvericilikdə öz əksini tapmışdır. Yəni həmin normalardan görünür ki, azmətəbəli yaşayış evləri yalnız çoxmənzilli ola bilər. İddiaçının inşa etdirdiyi tikili ortamərtəbəli (5 mərtəbə+ marsard) yaşayış binasıdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 18.5.1-ci maddəsində göstərilmiş bölmələrin arasında azmərtəbəli və ortamərtəbəli yaşayış binaları anlayışı nəzərdə tutulmadığı halda həmin mənzillər çoxmərtəbəli yaşayış binaları bölməsinə daxil edilirlər. Halbuki, “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”da qeyd olunan çoxmərtəbəli yaşayış binalarının fərqi göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən öz mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində inşa edilmiş çoxmənzilli yaşayış binasının daşınmaz əmlakın 05 bölməsində qeyd olunmasında cavabdeh təşkilatın qarşısında hər hansı bir məhdudiyyət mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş 1 girişli, altı mərtəbəli mansardlı yaşayış binasının üzərində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatının aparılması və müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar