Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1719/2024 20.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olan şəxs olmasının müəyyən edilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktının müəyyən edilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olan şəxs olmasının müəyyən edilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və anadangəlmə bud çanaq oynağının çıxığı, hər iki bud çanaq oynağının artrozu, kontrakturası, ətrafların funksiya pozğunluğu, qaz yerişi, hərəkət funksiyasının kəskin pozulması ilə hər iki aşağı ətraf funksiyasının kəskin pozulması, hər iki bud çanaq oynağının kontrakturası, hər iki bud çanaq oynağının koksartrozu, daimi ağrı ilə zəif dərəcəli miopiya xroniki dəmir defisitli anemiya xəstəsidir. İddiaçı anadangəlmə əlil olsa da, onun əlillik vəziyyəti ilkin olaraq 16 mart 2019-cu il tarixdə rəsmiləşdirilmiş, 04 aprel 2019-cu il tarixdə barəsində "Ümumi xəstəlik" səbəbi ilə müddətsiz 3-cü dərəcə əlillik təyinatı aparılmış, lakin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması faktı müəyyən edilməmişdir. İddiaçının atası X5 16 fevral 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı atasının vətatından sonra ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üşün müraciət etmişdir. Həmin vaxt ona əlilliyinin 18 yaşından sonra, yəni 19 yaşında təyin edilməsi səbəbi ilə imtina cavabı verilmişdir. Bununla bağlı o, cavabdehə müraciət edərək 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olan şəxs olmasının müəyyən edilməsini xahiş etmişdir, lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ş.İsmayılova iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı barəsində əlillik altsistemində xx.xx.2019-cu il tarixdə yalnız bir ədəd göndəriş vardır və həmin göndərişə əsasən iddiaçının vəziyyəti qiymətləndirilərək ona müddətsiz əlillik təyin edilmişdir. İddiaçın 18 yaşına çatanadək müraciəti olmadığına görə cavabdeh tərəfindən hər hansı qanunuszluğa yol verilməmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İş materiallarında olan TSEK-in xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz İİİ dərəcəli əlillik təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin təyin olunması meyarları Qaydaları”nın 1.1-ci bəndinə görə əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Qaydaların 1.2-ci maddəsinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası : 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya əlilliyin təyin edilməsi barədə qərarda diaqnozu aşağıdakllardan ibarət olmuşdur – “ikitərəfli anadangəlmə bud çanaq oynağının çıxığı, hər iki bud çanaq oynağının artrozu, kontrakturası, ətrafların funksiya pozğunluğu, qaz yerişi, hərəkət funksiyasının pozulması ilə hər iki aşağı ətraf funksiyasının kəskin pozulması, hər iki bud çanaq oynağının koksartrozu, daimi ağrı ilə zəif dərəcəli miopiya, xroniki dəmir defisitli anemiya”. Göründüyü kimi iddiaçıya elə cavabdeh orqanı özü tərəfindən təyin edilmiş diaqnozda da əsas xəstəliyinin anadangəlmə olması müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının əlilliyin təyin edilməsi üçün 18 yaşı tamam olduqdan sonra (18 il 9 ay) müraciət etməsi onun həmin xəstəliyə anadangəlmə düçar olması, xəstəliyin verdiyi əziyyətlərə qatlaşması faktını inkar etmir və bu səbəblə onun hüquqlarının məhdudlaşdırılması əsassızdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə iddiaçıya imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X2 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olan şəxs olmasının müəyyən edilməsi öhəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1719/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1719/2024
20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver