Məhkəmə qərarları › İş №2-1(118)-1744/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1744/2021

13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1744/2021 13.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Xrdalan şəhəri, H.Əliyev prospekti, dalan 1,ev 5a ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X1 (2 saylı Ərazi Vergilər Departamentində hüquqşünas işləyən, Bakı şəhəri, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 16.05.2021-ci il tarixli **********437400 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13.07.2021-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərar alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16.05.2021-ci ildə iddiaçının elektron kabinetinə cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********437400 saylı qərarı daxil olmuşdur. Qərara əsasən 2021-ci il 1-ci rübündə güzəştli vergi tutulan ərazi olan Çinin Xüsusi İnzibati Rayonu Hankonq Deutsche Bank AG (X5 Ltd) hesabına 8449.00 manat ödəniş olunduğu üçün dövr üzrə ödəmə mənbəyindən vergi bəyannaməsi əsasında 844.90 manat vergi hesablanmışdır. Lakin qərarda ödəmə mənbəyində verginin tutulması qaydalarının hansı bəndinə, ümumiyyətlə AR Vergilər Məcəlləsinin hansi maddəsinə əsasən vergi hesablandığı qeyd olunmur. Halbuki, həmin köçürmə X5 Ltd-dən alınmış məhsula görə ödənilib və mallar Azərbaycan Respublikasına idxal olunaraq gömrük rəsmiləşdirilməsindən keçirilərək Dövlət Gömrük rüsum və vergiləri ödənilmişdir. Bununla bağlı iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı 2021-ci il 1-ci rüb ÖMV bəyannaməsi üzrə 844.9 manat analoji qaydada əlavə vergi məbləği hesablanmışdır. 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən irəli gələrək Vergi Məcəlləsinin 125.1.9-cu və 128.3-cü maddələrinin tətbiqi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilmişdir. Vergi Məcəlləsinə 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutulur. Vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkə və ərazilərə Çinin Xüsusi İnzibati Rayonu Honkonq DEUTSCHE BANK AG (SWEET PLAZİNTL CORP LTD) 2021-ci ilin 1-ci rübü üzrə 8449,0 manat ödəniş edilməsinə baxmayaraq qeyd olunan dövr üzrə bəyannamə təqdim edilməmişdir. Qeyd edilən kənarlaşma üzrə 844,90 manat vergi hesablanmışdır. 03.05.2021-ci il tarixli **********231100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktuba qanunvericilikdə müəyyən olunmuş müddətdə cavab verilmədiyindən kənarlaşmaya əsasən 844,9 manat vergi məbləği hesablanmış və 16.05.2021-ci il tarixli **********437400 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. İş materiallarına əlavə edilmiş : - 03.05.2021-ci il tarixli **********231100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubdan görünür ki, İddiaçı 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 16.05.2021-ci il tarixli **********437400 nömrəli qərardan görünür ki, İddiaçı ödəmə mənbəyindən vergi bəyanaməsi əsasında 844.90 manat vergi hesablanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16-cı və 13.2.16.14-1-ci ci maddələrinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyrirezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab edilir. 125.1-ci və 125.1.9-cu maddələrinə əsasən qeyrirezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəlir kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstyərilən ödəmələr – 10 faiz dərəcə ilə vergi tutulur. -128.2-ci maddəsinə əsasən güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. -128.3cü maddəsinə görə güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmə qeyd edir ki, güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı Azərbaycan Respiblikası Pprezidentinin 2019-cu il 11 iyun taruixli 724 saylı Fərmanı ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin Siyahısı”nda öz əksini tapmışdır. İddiaçının ödəniş etdiyi şirkətin yerləşdiyi Çin Xalq Respublikasının Xüsusi İnzibati rayonu Honkonqun güzəştli vergi tutulan ərazilərə aid edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, (SWEET PLAZİNTL CORP LTD) şirkətinin güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş subyekt olması təsadiq olunmadığından, həmin şirkətə ödənilmiş ödəmələrəı görə iddiaçıya Vergi Məcəlləsinin 125.1-ci və 125.1.9-cu maddələri tətbiq oluna bilməz. Belə olan halda həmin nomrlara istinadən iddiaçıya əlavə vergi məbləği hesablanmasına dair cavabdehin 16 may 2021-ci il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 16.05.2021-ci il tarixli **********437400 saylı qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar