Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1818/2022 27.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı “İddiaçı Qusar rayonu Samur inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Quxuroba kəndi ərazisindən 0.98 ha torpaq sahəsi ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı Qusar rayonu Samur inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Quxuroba kəndi ərazisindən 0.98 ha torpaq sahəsi ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1977-ci ildə Qusar rayonunun Quxuroba kəndində anadan olmuş və Samur qəsəbəsində hal-hazırda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Qusar rayon Samur qəsəbə İnzibati Ərazi Dairəsinin 02 mart 2021-ci il tarixli 14 saylı arayışına görə Samur qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində torpaq islahatı zamanı ona 0.98 ha pay torpaq sahəsi verilməmişdir. Həmin arayışa görə Samur qəsəbə İƏD-də torpaq islahatı zamanı adam başına düşən pay torpaq sahəsi təxminən 0.98 ha olmuşdur. İddiaçı cavabdehə qeydiyyatda olduğu Qusa rayonu Samur İƏD-si üzrə nümayəndələyinin ərazisindən 0.98 ha torpaq sahəsinin ayrılmasına sərəncam verilməsini xahiş etmişdir. Lakin müraciətinə bu günə qədər cavab verilməmişdir. Hesab edir ki, aqrar-islahatı ilə əlaqədar olaraq ona Samur İnzibati Ərazi Dairəsi ərazisindən pay torpaq sahəsi verilməlidir. Belə ki, "Torpaq islahatı haqqında" qanunun İ2-ci maddəsinə görə “Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdən biri də bu qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslərdir”. Həmin qanunun 14-cü maddəsinə görə “torpaq payı naturada almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir". Həmin qanunun 20-ci maddəsinə görə “Torpaq islahatını AR-sı X2 Komssiyası... rayon və yerli aqrar islahat komissiyası aparır. Hal-hazırda aqrar-islahat komissiyalarının səlahiyyəti Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti və onun yerli orqanlarıdır". Qusar rayonu Samur qəsəbə İnzibati Ərazi Dairəsi ərazisindən pay torpaq sahəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. AR İMP-nin 33-cü maddəsinə görə “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər”. AR İMP-nin 73-cü maddəsinə görə “İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur". Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət olunmuş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı Qusar rayonu Samur inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Quxuroba kəndi ərazisindən 0.98 ha torpaq sahəsi ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. İddiaçı cavabdeh kimi AR ƏMDK yanında DƏDRX-nin Qusar rayon şöbəsini göstərmişdir. İlkin olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin belə bir idarəsi mövcud deyildir. Habelə iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsini göstərmiş olsaydı belə həmin orqanın belə bir səlahiyyəti olmayacaqdı. Belə ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X2 Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası X2 Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası X2 Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası X2 Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin mahiyyəti və məqsədi vətəndaş və dövlət orqanları arasında yaranmış mübahisənin həllindən ibarətdir. Şəxsin inzibati icraat qaydasında hüquq və qanuni maraqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməsi üçün ilk növbədə onunla inzibati orqan arasında mübahisənin yaranması, inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində şəxsin hüququ və azadlıqlarının pozuntusu hallarının mövcud olması, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsindən əsassız olaraq imtina edilməsi və bu kimi digər şərtlərin yaranması zəruridir. Belə ki, hazırki işdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ləğv edilmiş Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Məhkəmə qeyd edir ki, iddiaçının dediyi halların doğruluğu qəbul edilsə və onun aqrar islahatla bağlı torpaq almaq hüququ olsa belə, bu hüquqla bağlı aqrar islahat həyata keçirilən zaman mümkün hüquq müdafiə vasitələrindən istifadə edilməməsi hazırda zaman baxımından hüquq müdafiə vasitəsinin qalmaması ilə nəticələnmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1818/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1818/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver