Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1850/2021 07.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona əlilliyə görə təyin edilmiş sosial müavinətin anası X1 təyin edilmiş əmək pensiyası ilə əvəzləşdirilməsinin cavavdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona əlilliyə görə təyin edilmiş sosial müavinətin anası X1 təyin edilmiş əmək pensiyası ilə əvəzləşdirilməsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1986-cı ildə anadan olmuş və anadangəlmə 3-cü qrup gözdən əlildir. Onun anası X2 17 sentyabr 2018-ci ildə dünyasını dəyişmişdir. O da sağlığında əmək pensiyası almış və AR ƏƏSMN-nin tabeliyində Sumqayıt şəhər DSMF-da qeydiyyatda olmuşdur. O doğulandan valideynlərinin himayəsində böyüyərək onlarla bir təsərrüfatda olmuşdur. Hazırda ona əlilliyi ilə bağlı təyin edilmiş pensiya onun maddi tələbatlarını ödəmədiyi üçün o həmin pensiyanın anasına təyin edilmiş pensiya ilə əvəzləşdirilməsi xahişi ilə cavabdehə müraciət etmiş və cavabdehin ona ünvanladığı 28.07.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, AR Əmək pensiyaları haqqında Qanunun 14.1-ci maddəsinə əsasən o, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malik deyil və həmin imtina məktubunda göstərilmişdir ki, guya o 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu barədə arayış təqdim etməmişdir. O, bu imtina ilə razı deyil, belə ki, tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı bütün sənədlər, o cümlədən də 18 yaşına qədər sağlamlıq məhdudluğu barədə rəsmi arayışı göndərmiş, lakin cavabdeh həmin arayış təqdim edildiyi halda onun xahişinin müsbət həllindən yayınaraq bəhanə gətirmişdir ki, guya bununla bağlı sübutedici sənəd verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasını 30.10.2004-cü il tarixli müayinə aktı ilə əsaslandırmışdır. xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına müraciət etmişdir. Vətəndaşın müraciəti regional ərazi filialı tərəfindən 28.07.2021-ci il tarixli **********4 nömrəli imtina məktubu ilə cavablandırılmışdır. Əmək pensiyaları haqqında qanunun 14.1-ci maddəsinə əsasən, 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlildirsə ailə başçısı itirməyə görə pensiya hüququ vardır. Tibbi sosial ekspert komissiyasının 18 yaşına çatanadək sağlamlıq imkanı məhdudluğu müəyyən edilən qərarı təqdim edilmədiyindən vətəndaşa ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Beləliklə, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tibbi sosial ekspert komissiyasının 18 yaşına çatanadək sağlamlıq imkanı məhdudluğu müəyyən edilən qərarı təqdim edilmədiyindən ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının nümayəndəsi X5 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona TSEK-nin TSE-0 seriyalı, 897121 saylı arayışından görünür ki, İddiaçı uşaqlıqdan müddətsiz 3-cü qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 28.07.2021-ci il tarixli məktubundan görünür ki, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının anası X2 17 sentyabr 2018ci ildə ölmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.15 Əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0-cı maddəsinə əsasən həmin Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Məhkəmə ilk növbədə qeyd edir ki, işin cavabdeh tərəfindən mübahisələndirilən halı iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilən qərarın cavabdeh inzibati orqana təqdim edilməməsi ilə bağlıdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) vəfat etmiş və ya həlak olmuş şəxslərin övladlarının,18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlillərin, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək, ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Yuxarıda qeyd olunan normadan göründüyü kimi 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilin ailə başçısını itirməyə görə pensiya hüququ vardır. Məhkəmə qeyd edir ki, həmin normaya görə pensiya təyin edilməsi üçün sağlamlıq imkanlarının məhdudluğunun nə vaxt müəyyən edildiyi deyil, nə vaxt yarandığı əhəmiyyət qazanır. İddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilən qərar cavabdeh orqana təqdim edilməsə də, iş materiallarına əlavə edilmiş TSE-0 seriyalı, 897121 saylı arayışla iddiaçının uşaqlıqdan 3-cü qrup əlil olması müəyyən edilir. Beləliklə iddiaçının əlilliyi uşaqlıqdan olmaqla, ona əlillik dərəcəsi təyin edilməmişdən öncə yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı əlilliyə görə təyin edilmiş sosial müavinətin anası X1 təyin edilmiş əmək pensiyası ilə əvəzləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının üzərinəvəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı əlilliyə görə təyin edilmiş sosial müavinətin anası X1 təyin edilmiş əmək pensiyası ilə əvəzləşdirilməklə ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1850/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1850/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver