Məhkəmə qərarları › İş №2-1(118)-188/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-188/2022

30.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-188/2022 30.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 23/5, mənzil 5-də yaşayan), Cavabdehin nümayəndəsi X2 (2 saylı Ərazi Vergilər Baş İdarəsində hüquqşünas işləyən, Bakı şəhəri, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********145787 №li səyyar vergi yoxlaması aktı əsassız olduğu üçün ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “ qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN **********) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici İqtisadi fəaliyyətlə məşğul olur. MMC tərəfindən respublikaya əsasən nəqliyyat vasitələri üçün nəzərdə tutulan akkumlyatorlar, avtokamerlər, rezin şinlər və sairə idxal olunur.Cavabdeh tərəfindən MMC-yə münasibətdə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2021-ci il tarixli **********145787 №-li səyyar vergi yoxlaması aktı tərtiib edilmişdir. Sözügedən akt xx.xx.2021-ci il tarixdə rəsmi olaraq alınmışdır.Cavabdeh tərəfindən göndərilmiş səyyar vergi yoxlaması aktı və ona əlavə olunmuş imtina aktı iddiaçı tərəfindən öyrənildikdə aktın əsassız və qanunsuz olduğu qənaətinə gəlinmişdir. Belə ki, cavabdeh tərəfindən hesablanmış vergi məbləğləri ilə razı deyilik, həmin hesablanmalara yenidən baxılmalı və düzgün aparılmasına zərurət vardır.Növbədənkənar səyyar vergi yoxlaması 2016-cı ilin yanvar ayından 2020-ci ilin dekabr aymadək olan dövrü əhatə edir, həmin dövrdə iddiaçı tərəfindən yuxanda qeyd olunan mallann idxalı həyata keçirilmişdir.Ölkəyə idxal olunmuş mallann topdan və parakəndə satış qiymətlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Azərbaycan Respublikası Ticarət və X1 Birliyinin tərtib etdiyi ekspert rəyi barədə vergi orqanı tərəfindən vergi ödəyicisinə heç bir məlumat verilməyib, tərtib olunmuş ekspert rəyindən hesablanmış gəlirlərin ziddiyyətli olması səbəbindən ekspert rəyində qeyri- müəyyənlik vardır.Tərtib olunmuş səyyar vergi yoxlaması aktında mənfəət vergisi üzrə yoxlama dövrü 2016-2020-ci illəri əhatə etmişdir. 2020-ci ilin mənfəət vergisi üzrə gəlirin 932 242,0 manat, xərcin isə 625 302,4 manat müəyyən edilməsi və buna uyğun olaraq manat mənfəət vergisi və 50% sanksiya məbləği 30694,0 manat hesablanması ziddiyyətli bir haldır. Satılmış mallara görə (akkmulyator, avtoşin, avtokamer) manat gəlirin hesablanması reallığa uyğun deyildir.Tərtib olunmuş səyyar vergi yoxlaması aktında 2020-ci ilin dekabr ayının ƏDV bəyannaməsi üzrə 873450,4 manat dövriyyə məbləğinin müəyyən edilməsi və manat verginin və 78610,5 manat maliyyə sanksiyasının hesablanması düzgün olmamaqla tamamən əsassız və qanunsuzdur. Aktın qəbulu və borcun hesablanması düzgün əsaslandırılmamışdır. Cavabdehin qəbul etdiyi aktın əsaslandırılması ziddiyyətli olduğundan akt ləğv olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul ediilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145775 saylı qərarına əsasən “Azəragroprogres" MMC-də (VÖEN: **********) yanvar 2016-cı il tarixdən dekabr 2020-ci il tarixədək olan vergi dövrü əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır.Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya 02,04.2021-ci il tarixli **********145784 nömrəli Tələbnamə verilmişdir.İddiaçı MMC-də aparılan səyyar vergi yoxlaması ilə yoxlanılan yanvar 2016 dekabr 2020-ci illəri əhatə edən dövrdə müəyyən olunmuşdurki, "Azəragroprogres” MMC tərəfindən 18874 ədəd müxtəlif akkumulyator, 6150 ədəd avtokamer və 12250 ədəd rezin şin idxal edilmişdir.Elektron qaimə məlumatlarına əsasən vergi ödəyicisinin yoxlama ilə əhatə edilən dövrdən sonra 12974 ədəd akkumulyatoru, 4750 ədəd avtokameri, 3805 ədəd rezin şini təqdim etdiyi göstərilmişdir. Lakin qalmalı olan 5900 ədəd akkumulyator, 1400 ədəd avtokamer, 8445 ədəd avtoşin 20 aprel 2021-ci il tarixində vergi ödəyicisinin obyektlərinə baxış zamanı aşkar edilməmişdir. Həmin obyektlərin başqa şəxslərə icarə verilməsi məlum olmuşdur. Həmçinin, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli **********598300 nömrəli məktubunda da heç bir ma! qalığı olmadığı, idxal olunan malların topdan satış qaydada təqdim edildiyi bildirilmişdir.Ölkəyə idxal edilmiş Qazaxıstan Respublikası istehsalı olan BARS markalı elektrik akkumulyatorlarının topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi barədə vergi orqanının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası Ticarət və X1 Birliyinə müraciəti üzrə ekspert rəyi alınmışdır. Mənbəyi bəlli olan bu məlumatlardan istifadə edərək akkumulyatorlar üzrə bazar qiyməti ilə satışı gəlir kimi qəbul edilmişdir, xərc kimi isə malın invoys dəyəri və digər xərclər əsas götürülməklə cəmiyyətin akkumulyator üzrə mənfəəti müəyyən edildi. Akkumulyator üzrə ümumi gəlir 560820.3 manat, xərclər isə 315784.1 manat olduğunu nəzərə almaqla 49007.2 ({560820.3-315784.1)*20%) manat mənfəət vergisi hesablanmışdır.Digər mallara münasibətdə (avtokamer, avtoşin) isə satışa dair sənədlər yoxlamaya təqdim edilməməsi səbəbindən satışın dəyərini müəyyən etmək mümkün olmamasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü it tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət xərclər əsasında müəyyən edildi. Beləliklə, digər mallar üzrə (avtokamer, avtoşin) ümumi xərc 309518.2 manat, buna əsasən 371421.9 manat gəlir hesablanmışdır.Ümumilikdə 2020-ci ildə vergi ödəyicisinin 932242.2 manat gəliri, 625302.4 manat xərci olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi təqdim etdiyi 2020-ci il mənfəət vergisi bəyannaməsində gəlir məbləğini və vergi məbləğini 0 manat göstərdiyindən 61387.9 manat ((932242.2-625302.4)*20%) mənfəət vergisi kənarlaşması aşkarlanmışdır.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən 2020-ci ilin mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 61388.0 manat azaldılmasına görə 50% məbləğində, yəni 30694.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir.Əlavə dəyər vergisi üzrə kənarlaşma araşdırılarkən məlum olmuşdurki, yük gömrük bəyannamələri məlumatlarına əsasən 2020-ci ildə vergi ödəyicisi tərəfindən 18874 ədəd müxtəlif akkumulyator idxal edilmişdir. Yoxlama dövründən sonrakı dövrdə vergi ödəyicisi tərəfindən bu akkumulyatorların 12974 ədədi elektron qaimə əsasında təqdim edilmişdir. Baxış zamanı qalmalı olan 5900 ədəd akkumulyator aşkar edilməmişdir. Vergi ödəyicisinin baxış zamanı aşkar edilməyən 5900 ədəd akkumulyatora mənbəyi bəlli olan məlumatlardan istifadə edərək topdan satış qiyməti hesablanmış, akkumulyator satışı üzrə dövriyyə 560820.3 manat (ƏDV-siz) təşkil etmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən 6150 ədəd avtokamer idxal edilmiş, 4750 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, 12250 ədəd rezin şin idxal edilmiş, 3805 ədədi yoxlamadan sonrakı dövrdə satılmış, nəticədə əskik gələn 1400 ədəd avtokamerin və 8445 ədəd avtoşinin ƏDV-si hesablamaya aid edilmişdir (baxış zamanı mal qalığı aşkar edilməmişdir). Vergi məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər səyyar vergi yoxlaması zamanı yoxlama İlə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Buna əsasən, 2020-ci ilin dekabr ayı ƏDV dövriyyəsi 873450.4 manat (akkumulyator üzrə dövriyyə-560820.3 manat, kamer üzrə dövrİyyə-6027.7 manat, şin üzrə dövriyyə 306602.4 manat) müəyyən olunmuşdur. Vergi ödəyicisinin bəyan etdiyi dövriyyə 0-a bərabər olduğundan səyyar vergi yoxlaması ilə 157221.1 manat (873450.4*18%) ƏDV kənarlaşması aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 2020-ci il üzrə əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 157221.1 manat azaldılmasına görə 50% məbləğində, yəni 78610.5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir.Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2021-ci i! tarixli **********145787 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödəyicisinin elektron və poçt ünvanına göndərilmişdir. Cavabdehin nümayəndəsi X4 etirazda göstərilənləri müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş : -Dövlət Gömrük Komitəsinin Əməliyyat –İstintaq Baş İstintaq və Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 202970l66 nömrəli cinayət işi üzrə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfinən göstərilən müəssisələrdə o cümlədən İddiaçı MMC-də 20l6-2020-ci illər ərzində əldə etdikləri ümumi mənfəət (xalis gəlirin) müəyyən edilməsi məqsədi ilə növbədən kənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərara alınmışdır. - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********145775 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC-də 20l6-2020-ci illər üzrənövbədən kənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC-dən səyyar vergi yoxlaması üçün zəruri olan sənədlərin 15 iş günü ərzində təqdim edilməsi tələb edilmişdir. -xx.xx.2021-ci il tarixli aktından görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “2016-2020-ci illər üzrə İddiaçı MMC-də səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmişdir. -xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, İddiaçı MMC-yə 61387.9 manat (932242.2 – 625302.4) mənfəət vergisi, ƏDV məqsədləri üçün vergiyə cəlb edilən satış dövriyyəsini akkumulyatorlar üzrə 560820.3 manat, avtokamer üzrə 6027.7 manat, rezin şinlər üzrə 306602.4 manat, ümumilikdə 873450.40 manat müəyyən etmiş və Vergi Məcəlləsinin 67.15-ci maddəsinə müvafiq olaraq 2020-ci ilin dekbar ayına 157221.1 manat ƏDV hesablamışdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4056 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə 62.013,34 manat məbləğində ƏDV-nin, 11.483,95 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. -14.4-cü maddəsinə əsasən bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. -14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır -14.6.3 eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: -14.6.3.1-ci maddəsinə əsasən sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. - 14.6.3.2-ci maddəsinə görə dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. -14.6.3.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. -44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. -44.3-cü maddəsinə əsasən ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. -44.4-cü maddəsinə əsasən ekspertin yoxlamanın predmetinə aid olan yoxlama materialları ilə tanış olmaq, ona əlavə materialların verilməsi barədə vəsatət qaldırmaq hüququ vardır. -44.6-cı maddəsinə əsasən ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. -44.7-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: -44.7.1. ekspertə etiraz etmək; -44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; -44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; -44.7.4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; -44.7.5. ekspertin rəyi ilə tanış olmaq. -44.9-cu maddəsinə əsasən ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır. -71-1.2-ci maddəsinə əsasən elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. -104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. -105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. -153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. -159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. -173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********145775 nömrəli qərarına əsasən İddiaçı MMC-də yanvar 2016 – dekabr 2020 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, yoxlanılan hesabat dövrü ərzində cəmiyyət tərəfindən 18874 ədəd akkumulyator, 6150 ədəd avtokamer və 12250 ədəd rezin şin idxal edilmiş və yoxlama ilə əhatə olunan dövrdən sonra 12974 ədəd akkumulyator, 4750 ədəd avtokamer, 3805 ədəd rezin şin elektron qaimə-faktura əsasında təqdim edilmişdir. Həmin mallar üzrə qalmalı olan 5900 ədəd akkumulyator, 1400 ədəd avtokamer, 8445 ədəd avtoşin vergi ödəyicisinin obyektlərində baxış zamanı aşkar edilməmişdir. Yoxlama zamanı vergi orqanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert arayışı və “Azərekspertiza” Biriliyinin ekspert rəyi əsasında müəyyən edilmiş bazar qiyməti əsasında cəmiyyətin akkumlyatorların satışından əldə etdiyi gəlirlərini 560820.3 manat, malların invoys dəyəri və digər xərclər əsasında gəlirin əldə edilməsi ilə bağlı xərclərini 315784.1 manat müəyyən etmiş və bu əsasla cəmiyyətə 49007.2 manat ((560820.3 – 315784.1) * 20%) mənfəət vergisi hesablamışdır. Digər mallara (avtokamer və rezin şinlərə) münasibətdə isə gəliri müəyyən etmək mümkün olmadığından, vergi orqanı cəmiyyətin ümumi gəlirini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına müvafiq olaraq həmin malların alışına görə çəkilmiş 309518.2 manat xərclər əsasında hesablayaraq, 371421.9 manat müəyyən etmişdir. Yekunda vergi orqanı cəmiyyətin akkumulyator, avtokamer və rezin şin satışından əldə etdiyi ümumi gəlirini 932242.20 manat, xərclərini 625302.40 manat müəyyən edərək, ödənilməli olan mənfəət vergisini 61387.9 manat (932242.2 – 625302.4) hesablamışdır. Bundan başqa, vergi orqanı səyyar vergi yoxlaması zamanı cəmiyyətin ƏDV məqsədləri üçün vergiyə cəlb edilən satış dövriyyəsini akkumulyatorlar üzrə 560820.3 manat, avtokamer üzrə 6027.7 manat, rezin şinlər üzrə 306602.4 manat, ümumilikdə 873450.40 manat müəyyən etmiş və Vergi Məcəlləsinin 67.15-ci maddəsinə müvafiq olaraq 2020-ci ilin dekbar ayına 157221.1 manat ƏDV hesablamışdır. Yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli **********145787 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktına əsasən, iddiaçıya ƏDV üzrə 157221.08 manat əlavə vergi məbləğinin və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq 78610.54 manat maliyyə sanksiyasının, mənfəət vergisi üzrə 61388.01 manat əlavə vergi məbləğinin və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq 30694.01 manat maliyyə sanksiyasının hesablanması təklif edilmişdir. Qeyd olunan səyyar vergi yoxlaması aktının əsasında vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin Qərara əsasında iddiaçıya 2020-ci ilə Mənfəət vergisi üzrə 61,338.01 manat, ƏDV üzrə 157,221.08 manat, ümumilikdə 218,609.09 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (vergi məbləğinin azaldılmasına görə) 109,304.55 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən (vergi hesabatlarının vaxtında təqdim edilməməsinə görə) 2160 manat, ümumilikdə 111,464.55 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli **********148929 nömrəli qərarı mübahisələndirir və hesab edir ki, cəmiyyətin mal qalığı, malların qiyməti və həmin malların satışından əldə edilən gəlir (dövriyyə) vergi orqanı tərəfindən düzgün müəyyən edilməmişdir. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən edir: İş materiallarından görünür ki, iddiaçı tərəfindən 2020-ci ilin iyun-iyul ayları ərzində 500 ədəd avtobuslar üçün rezin şin, 11750 ədəd minik avtomobilləri üçün rezin şin, 18874 ədəd elektrik akkumulyatoru və 6150 ədəd avtokamer idxal edilmiş və bu fakt işin mübahisəsiz hallarındandır. İşin mübahisəli halı həmin mallar üzrə iddiaçının əskik gələn qalığının həcmi və malların satış dəyəridir. İş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalardan görünür ki, cəmiyyət tərəfindən 4750 ədəd avtokamer, 8511 ədəd rezin şin və 14124 ədəd elektrik akkumulyatoru satılmış və iddiaçının bu satışdan sonra qalığı akkumulyatorlar üzrə 4750 ədəd, rezin şinlər üzrə 3739 ədəd və avtokamerlər üzrə 1400 ədəd olmuşdur. Lakin səyyar vergi yoxlaması zamanı EQF göndərilən vergi ödəyicisinin fəaliyyəti dayandırılmış və fəaliyyət növü ilə mallar arasında uyğunsuzluq olduğundan, cavabdeh vergi orqanı cəmiyyət tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli EBBA seriyalı 207751 nömrəli elektron qaimə-faktura əsasında 1150 ədəd akkumulyatorun və 4706 ədəd rezin şinin satışını qalıq malları hesablayan zaman nəzərə almamış və əskik gələn qalıq malların həcmini əsassız olaraq artıraraq nəticədə iddiaçıya artıq vergi məbləği hesablamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, istər Vergi Məcəlləsində, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi” Qaydalarında elektron qaimə-fakturanın, göndərilən vergi ödəyicisinin fəaliyyətinin aktiv olub-olmamasından və ya fəaliyyət növündən asılı olaraq etibarsız hesab edilməsinə dair hər hansı norma mövcud deyildir. Digər tərəfdən xx.xx.2021-ci il tarixli elektron qaiməfaktura əsasında həyata keçirilmiş satış əməliyyatından daxil olan vəsait müvafiq hesabat ayı üzrə ƏDV məqsədləri üçün vergiyə cəlb edilməli dövriyyə olduğundan, bu halda cəmiyyət vergi orqanı tərəfindən eyni satışa görə 2 dəfə - həm yoxlama ilə əhatə olunan dövrdə, həm də yoxlamadan sonrakı vəsaitin daxil olduğu dövrdə vergiyə cəlb edilmiş olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı cəmiyyətin akkumulyator, avtokamer və rezin şinlər üzrə mal qalığını düzgün müəyyən etmədiyindən, əskik gələn mal qalığına görə vergilərin hesablanması zamanı səhvə yol vermişdir ki, bu da iddiaçıya ƏDV və mənfəət vergisi üzrə əsassız əlavə vergi məbləğlərinin hesablanması ilə nəticələnmişdir. Akkumulyator, avtokamer və rezin şinlərin vergitutma məqsədləri üçün bazar qiymətinin müəyyən edilməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarından aydın olur ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən satılmış akkumulyatorların bazar qiymətini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 859 nömrəli ekspert arayışı və Azərekspertiza Biriliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyi əsasında müəyyən etmişdir. Qeyd olunan ekspert rəylərinə münasibətdə məhkəmə ilk öncə qeyd edir ki, səyyar vergi yoxlaması aktının 4-cü səhifəsində qeyd edilənlərə əsasən yoxlama zamanı ekspertiza həyata keçirilməmişdir. Vergi orqanının yoxlama zamanı istinad etdiyi ekspert rəyləri isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin müraciəti əsasında verilmişdir. Vergi qanunvericiliyinin tələblərinə əsasən səyyar vergi yoxlaması zamanı xüsusi bilik tələb olunduğu hallarda, yoxlamanı bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə ekspertiza təyin edilir, yoxlanılan vergi ödəyicisi həmin qərarla tanış edilir və ona ekspertə etiraz etmək, əlavə suallar təqim etmək, ekpertizanın keçirilməsində iştirak etmək, ekspert rəyi ilə tanış olmaq, razı olmadıqda əlavə və təkrar ekspertiza keçirilməsi barədə vəsatət təqdim etmək və digər hüquqları izah edilir, ekspert rəyi hazır olduqda isə bir nüsxəsi yoxlanılan şəxsə təqdim edilir. (Vergi Məcəlləsinin 44.1, 44.3, 44.4, 44.6, 44.7 və 44.9-cu maddələri) Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh vergi orqanı yoxlama zamanı xüsusi bilik tələb olunduğu halda, ekspertizanın həyata keçirilməsi barədə qərar qəbul etməmiş, ekspertiza ilə bağlı vergi ödəyicisinin qanunla nəzərdə tutulan hüquqlarını təmin etməmiş, əksinə başqa bir vergi orqanının müraciəti əsasında verilmiş ekspert rəylərinə istinad etməklə kifayətlənmişdir ki, bu da vergi qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinin pozulması ilə nəticələnmişdir. Bundan başqa, cavabdeh vergi orqanı iddiaçı tərəfindən təqdim edilmiş malların bazar qiymətini müəyyən edərkən vergi qanunvericiliyində nəzərdə tutulmuş ardıcıllığa da riayət etməmişdir. Belə ki, vergi qanunvericiliyinin tələblərinə əsasən bazar qiyməti ilk öncə mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu üsulla müəyyən etmək mümkün olmadıqda vergi orqanı növbəti mərhələyə keçir. Bu zaman malın bazar qiyməti malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınmaqla hesablanır. Həmin mərhələnin tətbiqi nəticə vermədikdə, malların bazar qiyməti sonrakı (təkrar) satış qiymətinə və ya dəyərin toplanması üsuluna əsasən hesablanır. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. (Vergi Məcəlləsinin 14.4, 14.6, 14.6.3-cü maddələri) Vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqinin qanuni olması üçün bu inzibati hərəkətin vergi qanunvericiliyinin yuxarıda göstərilmiş tələblərinə riayət etməklə qəbul edilməsi, o cümlədən müqavilədə icarə məbləğinin aşağı olduğunu sübut edən sənədlərin göstərilməsi, habelə əmlakın xüsusiyyətlərinə uyğun gələn müqayisə elementləri izah edilməklə tətbiq olunan bazar qiymətinin Vergi Məcəlləsinin 49.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin müddəaları nəzərə alınmaqla əsaslandırılması tələb edilir... Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur.” (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixi qərarı) Yuxarıda qeyd olunanları rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı nəticəsi mübahisələndirilən səyyar vergi yoxlaması çərçivəsində iddiaçı tərəfindən təqdim edilmiş akkumulyatorların bazar qiymətini müəyyən edərkən Vergi Məcəlləsinin 14cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa və tələblərə riayət etmədən, başqa bir vergi orqanı tərəfindən müraciət edilərək alınmış ekspert rəylərinə istinad etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən satılmış avtokamer və rezin şinlərin qiymətinin necə müəyyən edilməsi ilə bağlı səyyar vergi yoxlaması aktında hər hansı qeyd mövcud deyil və cavabdehin nümayəndəsi məhkəmə araşdırması zamanı buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, akkumulyatorların bazar qiymətinin müəyyən edilməsinə dair “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli ekspert rəyinin “V. Ekspertizanın keçirilməsi proseduru” başlıqlı paraqrafında qeyd edilir ki, “satılan mallar ekspertə təqdim edilmədiyindən ekspert tərəfindən Azərbaycan Respublikasının müxtəlif internet saytlarında göstərilən məlumatlar nəzərə alınmış, ticarət şəbəkələrində qiymətlərlə tanış olmuş və qiymətləndirmənin forma və metodlarını müstəqil seçmə yolu ilə dövlət və ya kommersiya sirrini saxlamaqla 3-cü şəxsdən şifahi məlumatlar almaqla aşağıda adları göstərilən malların satış qiymətlərini müəyyənləşdirmişdir”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 859 nömrəli ekspert arayışının 1-ci səhifəsinin tədqiqat obyektləri hissəsində isə “ekspertiza təyini haqqında məktub və siyahı” qeyd edilmişdir. Göründüyü kimi, hər iki ekspert rəyi birbaşa mallara baxış keçirilmədən (malların kəmiyyət və keyfiyyət göstəriciləri nəzərə alınmadan) sadəcə ekspertə təqdim edilmiş siyahı əsasında verilmişdir. Bundan başqa, ekspert rəylərində malların qiymətinin internet səhifələrindən, hər iki qurumun məlumat bazalarından, ticarət şəbəkələri və bazarlardan, eləcə də 3-cü şəxslərdən şifahi şəkildə əldə edilmiş məlumatlar əsasında müəyyən edildiyi qeyd edilmiş, lakin həmin məlumatların konkret olaraq nədən ibarət olması barədə hər hansı əsaslandırma aparılmamış, malların qiymətinə dair hər hansı satış müqaviləsinə və ya satışa dair hər hansı təsdiqedici sənədə (NKA çeki, elektron qaimə-faktura və s.) istinad edilməmişdir ki, bu da həmin rəylərin mötəbərliyini şübhə altına alır. Həmçinin qeyd etmək lazımdır ki, internet səhifələrində göstərilən qiymətlər təklif xarakterlidir və malların faktiki olaraq hansı qiymətə təqdim edilməsini təsdiq edən mənbə qismində qiymətləndirilə bilməz. Bundan başqa, ekspert rəylərində göstərilən qiymətlərin hansı dövrlər (ay və ya illər) üzrə müəyyən edilməsi də qeyri-müəyyəndir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı malların bazar qiymətini müəyyən edərkən vergi qanunvericiliyinin tələblərinə düzgün riayət etməmiş və başqa vergi orqanı tərəfindən əldə edilmiş mötəbərliyi ciddi şübhə doğuran 2 ekspert rəyinə istinad etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4056 nömrəli rəyindən görünür ki, ekspert iddiaçı tərəfindən təqdim edilmiş malların bazar qiymətini iddiaçıya məxsus elektron qaiməfakturalar əsasında (malların bir vahidinin qiymətini hesablayaraq) müəyyən etmişdir ki, məhkəmə bu qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir və əks hal sübuta yetirilmədiyi müddətcə, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) bazar qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. (Vergi Məcəlləsinin 14.1 və 14.2-ci maddələri). Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4056 nömrəli rəyinin nəticə hissəsində qeyd edilənlərə əsasən, ekspertiza tədqiqatı nəticəsində İddiaçı MMC tərəfindən səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə 62013.34 manat ƏDV-nin və 11483.95 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. İPM-nin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-nin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2021-ci il tarixli **********148929 nömrəli qərarında müvafiq rəylər və sənədlər əsasında mənfəət vergisi və ƏDV hesablasa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ekspertiza rəyi inzibati orqanın bu qənaətini qismən təkzib edir və 2020-ci il üzrə mənfəət vergisinin 11483.95 manat və həmin ilin müvafiq ayları üzrə ƏDV-nin isə 62013.34 manat hissə istisna olmaqla, qalan hissədə əsassız hesablanmasını müəyyən edir. Belə ki, hazırkı iş üzrə alınmış xx.xx.2022-ci il tarixli 9/4056 nömrəli ekspertiza rəyi qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir və ekspertin rəyi ilə məhkəmənin razılaşmaması üçün hər hansı əsas mövcud deyil. Bu baxımdan da, məhkəmə tərəflərin dəlillərinə mövcud qanunvericiliyn müvafiq müddəaları baxımından qiymət verərək, yoxlama zamanı iddiaçıya hesablanmış 11483.95 manat mənfəət vergisinin və 62013.34 manat ƏDV-nin qanuna uyğun olması qənaətinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********148929 qərarı qismən, 49,904.06 manat mənfəət vergisinin və 95,207.74 manat ƏDV-nin hesablanması və həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində qanuna ziddir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın 10 qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilən Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********148929 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərar qismən - 49,904.06 manat mənfəət vergisinin və 95,207.74 manat ƏDV-nin hesablanması və 72,555.90 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar