Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1942/2024 23.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 3 saylı Ərazi Vergi İdarəsi tərəfindən qəbul edilmiş 2022-ci il mənfəət vergisi üzrə kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli nömrəsini müəyyən edə bilmədiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə 1140428,53 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. xx.xx.2023 -cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Vergi orqanı 37-ci maddənin tələblərini pozmuş və əsassız olaraq kameral hesablama qərarı çıxarmışdır. İddiaçı cavabdeh vergi orqanının yuxarıda qeyd olunan qərarı ilə razılaşmır və hesab edir ki, qərar Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı, “GREEN LİNE LOJİSTİK" MMC-nin (VÖEN **********) cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********676500 nömrəli Qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir: Belə ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********), meyvə tərəvəzin topdan satışı fəaliyyəti ilə məşğul olur və 2022-ci il ərzində e-qaiməyə əsasən 7132,0 manat xidmət almış, dəyəri 4961295,0 manat olan alış aktına əsasən fərqli-fərqli meyvələr alımış, dəyəri 3988836,48 manat olan meyvə məhsulları ixrac etmiş və həmçinin 2022ci ildə vergi ödəyicinə məxsus bank hesabına xarici vəsaitlə daxil olma olmuş və konvertasiya əməliyyatı aparıldıqdan sonra, daxil olmuş vəsaitin məbləği 11500835,0 manat olmuşdur. Həmçinin vergi ödəyicisi tərəfindən sadələşdirilmiş vergi bəyannaməsinin 2021-ci ilin 4-cü rübündə əlavə-1 bölməsinin debitor borclar sətrində 830265,35 manat məbləğ saxlanılmışdır. Vergi ödəyicisi tərəfindən 2022-ci ilin mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, vergi ödəyicisinə kameral qaydada 11500835,0-4961295,0-830265,35- 7132=5702142,65*20%=1140428,53 manat vergi məbləği hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, yuxarıda qeyd olunan 1140428,53 manat vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 83.2.4-cü maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicistnin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinin ikinci abzasına əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü maddəsində göstərilən hallarda vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Yuxarıda qeyd olunan maddələrin məzmunundan aydın olur ki, Vergi Məcəlləsinin 37.4- cü maddəsinə müvafiq olaraq kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə və (və ya) vergi orqanı tərəfindən vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi orqanı mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə vergi ödəyicisinin vergi öhdəliklərini hesablamaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyanın 73- cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və icbari tibbi sğorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********676500 saylı qərar; “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə; İddiaçı şəxsi hesab vərəqəsi və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 3 saylı Ərazi Vergilər İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1stərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 3 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 3 saylı Ərazi Vergilər İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı barəsində 3 saylı Ərazi Vergilər İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********676500 saylı qərarlar məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. Belə ki iddiaçının qanuni təmsilçisi X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən aydın olur ki, o öldükdən sonra 27 sentyabr 2023-cü ildə İddiaçındə olan nizamnamə kapitalı üzrə əmlak payı X2 vərəsəlik qaydasında keçmişdir. Hazırki mübahisələndirilən qərarla bağlı iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt İnzibati Məhkəməsinin ərazi aidiyyatına aid olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********676500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvinə yönəlmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********676500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı vergi qanunvericiliyinin normalarının pozulması ilə qəbul edildiyindən iddia təmin edilməli, vergi orqanının mübahisələndirilən qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən: 15.1.2. vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq; 15.1.6. vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq; 15.1.7. vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək; 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.12. vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək; Həmin Məcəllənin 24.1.1 və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habeləvergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Hazırki iş üzrə görünür ki, vergi orqanı diskresion səlahiyyətlərindən istifadə edərək xx.xx.2023-cü il tarixli **********676500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya müəssisəyə 2022-ci il mənfəət vergisi üzrə 1.140.428,53 manat məbləğində əlavə vergi hesablanmışdır. Vergi orqanının mübahisələndirilən qərarında əlavə vergi hesablanmasına əsas olaraq iddiaçının mənfəət vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən mənfəət vergisi hesablandığı göstərilmişdir. Hesablama ümumiyyətlə Vergi Məcəlləsinin tələbləri pozularaq edilmişdir. Belə ki, vergi bəyannaməsinin təqdim edilmə müddəti il başa çatdıqdan sonra 31 mart tarixindən gec olmayaraq nəzərdə tutulmuşdur. Vergi bəyannaməsinin təqdim edilməsi barədə Vergi Məcəlləsinin 149-cu maddəsində qeyd edilmişdir. Kameral münasibət bildirmə müddəti bu dövrdə 30 iş günü olaraq müəyyən edilmiş olduğundan vergi orqanı bəyannamənin təqdim etmə müddətindən sonra 30 iş günü ərzində kameral münasibət bildirməli idi. Bundan əlavə olaraq analoji hesablama aparmış olan cavabdeh qurum vergi məcəlləsinin 37-ci maddənin və 67-ci maddənin tələblərini pozmuşdur. Bəyannamənin təqdim etmə müddəti başa çatdıqdan sonra 30 iş günü 15 may 2023-cü il tarixində başa çatmasına baxmayaraq cavabdeh qurum 03 iyun tarixində kameral münasibət bildirmiş, analoji mənfəət vergisi hesablamışdır. Bu isə inzibati icraat qaydalaranın pozulmasıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Yuxarıda qeyd edilən hüquq normalarının tələblərinin qarşılıqlı təhlili nəticəsində o qənaətə gəlinir ki, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı, inzibati orqan həm də icraatla bağlı hüquq normalarının tələblərinə riayət etməlidir. Müvafiq olarq məhkəmənin inzibati aktın qanuniliyini yoxlaması da həm icraatla, həm də maddi hüquqla bağlı normalarının tələblərinə riayət olunması istiqamətində aparılır. Məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş qərarla bağlı qeyd edir ki, cavabdeh inzibati icraat haqqında qanunun tələblərini pozaraq diskresion səlahiyyətləri daxilində qəbul etdiyi inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt qanunun tələblərini gözləmədən qəbul edildiyindən qanunsuz hesab edilməli, ləğv edilməlidir. Bundan əlavə olaraq cavabdeh orqan tərəfindən təqdim edilən etirazda müəssisənin 2022-ci il mənfəət vergisi üzrə gəlirinin 11.500.835,00 manat, xərclərinin isə 5.798.692,35 manat, vergiyə cəlb edilə gəlirin məbləğinin 5.702.142,65 manat, müvafiq olaraq hesablanmış əlavə vergi məbləği isə 1.140.428,53 manat olduğu müəyyən edilməsi göstərilmişdir. Lakin vergi orqanı təqdim edilmiş etirazda qeyd edilən məbləğləri əsaslandırmamışdır. Belə ki, vergi orqanı kameral vergi hesablamasına əsas olan gəlir məbləğini göstərməklə kifayətlənmiş, həmin məbləğin necə müəyyənləşdirildiyini qeyd etməmiş, eyni zamanda mənfəət vergisini hesablayarkən müəssisənin xərc sənədlərini nəzərə almamışdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-nin 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə işi araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən göstərilən məbləğlər təsdiqini tapmamışdır. Müəssisənin təqdim etdiyi sənədlərdən göründüyü kimi, 2022-ci ildə malların təqdim edilməsi üzrə gəlir 3 988 836.48 azn olmuş, cəmi xərclər isə 4 969 827.89 azn, əmək haqqı xərci 900.00 azn, DSMF xərci 177.00 azn,sosial sığorta haqları 13.50 azn, malın dəyəri 4 961 295.65 azn, digər xərclər isə 7 441.74 azn olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 149.2-cu maddəsinə əsasən bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Vergi ilində fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisi həmin vergi ilində fəaliyyətini təkrar bərpa edərsə bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına dəqiqləşdirilmiş bəyannamə təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanan 11.500.835,00 manat gəlir məbləği əsassızdır. Cavabdeh inzibati orqanın müəyyən etdiyi gəlir məbləği faktiki olaraq mövcud deyildir, müəssisənin bank hesabına daxil olan pul vəsaitlərini düzgün təhlil etməmiş, debitor məbləğləri, cari dövr üzrə təqdim edilmiş mallar üzrə gəlirin məbləğini düzgün hesablamamışdır. Yuxarıda istinad edilən normalara əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş gömrük bəyannamələrini, alış aktlarını araşdıraraq müəyyən edir ki, müəssisənin 2022-ci ilin gəlirlərin açıqlaması malların ixracından ibarət olmuşdur, gömrük bəyannamələri ilə meyvə-tərəvəz ixracı rəsmiləşdirilmişdir. Bununla bağlı meyvə-tərəvəzi alış aktları ilə alınmış və xərclərə aid edilmişdir. Cavabdeh orqanın mübahisələndirilən qərarı ilə bağlı məhkəmə qeyd edir ki, vergi orqanı Vergi Məcəlləsinin 37.4-cü maddəsinin 2-ci hissəsinə istinadən 67-ci maddəsinə müvafiq olaraq hesablanması ilə bağlı diskresion səlahiyyətə malikdir. Başqa sözlə, hazırki mübahisəyə münasibətdə inzibati orqanın diskresion səlahiyyəti ödənilməli olan verginin məbləğinin əlaqəli məlumatlardan istifadə etməklə hesablanması ilə bağlıdır. Vergilərin bu qaydada hesablanması cavabdehin öhdəliyi deyil, hüququdur. Lakin bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan həmin qaydanı tətbiq etməklə verginin hesablanması barədə qərara gəldiyi hallarda onun həmin hüququ artıq öhdəlik keyfiyyəti əldə edir və inzibati orqanın Vergi Məcəlləsinin 67ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun davranmaq öhdəliyi yaranır. Bu andan etibarən inzibati orqan həmin qaydanın şərtlərinə bağlıdır və bu şərtlərə əməl etməyə borcludur. İnzibati orqan eyni zamanda malik olduğu diskresion səlahiyyəti vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə yanaşma diskresion səlahiyyətin mahiyyətindən irəli gəlir (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-22/2022 saylı qərarı, &32). Yuxarıda şərh edilənlərə əsasən inzibati orqan diskresion səlahiyyətlər daxilində inzibati akt qəbul etdiyi halda öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalı idi. İstinad edilən normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə düşür. Vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Göründüyü kimi məhkəmə hesab edir ki, vergi orqanı iddiaçı müəssisəyə mənfəət vergisi üzrə 1.140.428,53 manat vergi məbləği hesablamaqda haqlı olmamışdır. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli (**********676500 nömrəli) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli (**********676500 nömrəli) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva