Məhkəmə qərarları › İş №2-1(118)-1976/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1976/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1976/2025 17.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X3 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş olmasını nəzərə alınaraq mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 17 sentyabr 2000-ci il tarixdən 13 avqust 2021-ci il tarixədək təqvim ilə 20 il 10 ay 26 gün həqiqi hərbi xidmətdə olmuş, “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 il qüsursuz hərbi xidmətdə olmuş hərbi qulluqçusu kimi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının uyğun olaraq adının müvafiq siyahılara əlavə edilərək mənzil növbəsinə qəbul edilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müraciətimə cavab olaraq mənə ünvanladığı 06.02 2024-cü il tarixli, N3-25-4/2- 761/2024 saylı məktubunda imtinasını onunla əsaslandırmışdır ki, onun 1 il 8 ay məhkumluq dövrüm qüsursuz hərbi xidmət müddətinə daxil edilməməlidir, buna görə də, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən az qüsursuz hərbi xidmət müddəti olmuşdur. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Ordusunun 20 təqvim ilı və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi hüquqi tənzimləmə qaydaları Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə tənzimlənir.Fərmanın 1-ci hissəsinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsussuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər.Həmin Fərmanın 3-2-ci hissəsində isə aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi qündən bir il müddəti; 3-2.3.məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.Belə ki, iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddəti xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, təqvim ili ilə 21 (iyirmi bir) il 00 (sıfır) ay 10 (on) gün həqiqi hərbi xidmətdə olduğu, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2008-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3 maddəsi ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə şərti maliyyə vahidinin 400 (dörd yüz) misli məbləğində, yəni 440 (dörd yüz qırx) manat cərimə cəzasına məhkum edilmişdir.Tərtər rayon məhkəmə icraçıları qrupunun xx.xx.2009-cu ul tarixli 30 nömrəli məktubuna əsasən İddiaçı 440 (dörd yüz qırx) manat cəriməni 2008-ci ilin oktyabr ayında tam ödəyərək cəzasını çəkib qurtarmışdır.Azərbaycan Respublikası Cinayət məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və yə ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.Həmin məcəllənin 83.3.2 maddəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtaqdıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir.Bu səbəbdən iddiaçıya tətbiq olunmuş 01 (bir) il 08 (səkkiz) ay müddəti məhkumluq dövrü hesab edildiyindən, sözügedən Fərmana uyğun olaraq onun qüsursuz həqiqi hərbi xidmət dövrünə daxil edilmədiyindən, onun qüsursuz xidmət illəri 19 (on doqquz) il 04 (dörd) ay 10 (on) gün təşkil etmişdir. İddiaçının Azərbaycan Ordusu sıralarında təqvim ili ilə qüsursuz 20 ili olmadığı üçün, onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına əlavə olunması sözügedən Fərmanın tələblərinə ziddir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 06.02 2024-cü il tarixli, N3-25-4/2- 761/2024 nömrəli imtina məktubu, Müdafiə Nazirliyinin etiraz ərizəsi, iddiaçıya aid hərbi biletin surəti, əmrin surəti, Füzulinin, Cəbarayılın, Xocavəndin azad olunmasına görə medalları vəsiqəsinin surəti, X1 surəti, Azərbaycan Respublikası Tərtər Hərbi Məhkəməsinin 30/2008 nömrəli, 20 fevral 2008-ci il tarixli hökmünün surəti, Tərtər Hərbi Məhkəməsinin 30 nömrəli, xx.xx.2009-cu il tarixli arayışın surəti, Müdafiə Nazirliyi tərəfindən verilmiş iddiaçıya aid təqdimat-Arayış, Ali Məhkəmənin 2-1(102)-357/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Silahlı qüvvələrdə 20 ildən çox xidmət etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialara qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Müdafiə Nazirliyi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan 06.02 2024-cü il tarixli, N3-25-4/2-761/2024 nömrəli imtina məktubu ilə iddiaçının tələbinin təmin etməmiş və bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının faktiki yaşadığı (məskunlaşdığı) yer Sumqayıt şəhəri ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Nəzərə almaq lazımdır ki, qüsursuz xidmət anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Bu kateqoriyadan olan anlayışlar məzmun baxımından qeyri-dəqiq və qeyri-müəyyən olmaları ilə fərqlənir. İnzibati orqanlar qanunları tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışları təfsir etməli və həmin anlayışların təfsiri əsasında qərar qəbul etməlidirlər. Qanunverici tərəfindən, belə anlayışlardan, bir qayda olaraq, işin faktiki hallarına münasibətdə istifadə olunur. İnzibati orqan bu cür hallarda, o cümlədən hazırkı mübahisəyə münasibətdə qüsursuz xidmət anlayışının təfsiri zamanı obyektiv göstəriciləri, o cümlədən şəxsin hərbi xidmətə münasibəti və hərbi peşəkarlıq səviyyəsi ilə bağlı, habelə hərbi xidmət zamanı və xidmətlə əlaqədar əldə etdiyi uğurları və onun insani keyfiyyətləri ilə bağlı faktiki halları nəzərə almalı və bunların üzərindən onun hərbi xidmətini qiymətləndirməlidir. Qiymətləndirmə zamanı inzibati orqan əlahiddə bir faktdan və ya faktiki haldan çıxış etməkdə haqlı sayıla bilməz. Şəxsin xidməti həmin anlayış prizmasından dəyərləndirilərkən, onun xidmət göstəriciləri vəhdət halında götürülməli və onlara məcmu halında qiymət verilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, belə qeyri-müəyyən anlayışlar əsasında inzibati orqanlar tərəfindən qəbul olunan qərarlar inzibati məhkəmə nəzarəti qaydasında tam şəkildə yoxlanıla bilər. Hazırkı mübahisəyə münasibətdə də həmin yanaşma tətbiq olunmalı, iddiaçının hərbi xidmətinin qüsursuz olub-olmadığı və bunun üzərindən onun tələbində haqlı olubolmadığı yuxarıda qeyd olunan obyektiv göstəricilər nəzərə alınmaqla müəyyən edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı 2000-2021-ci illər ərzində 21 il 10 gün fasiləsiz olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir(ümumi xidmət illəri isə 29 il təşkil edir). İddiaçı hərbi xidmət dövründə Tərtər Hərbi Məhkəməsinin 30/2008 nömrəli, 20 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmuş və 440 manat cərimə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmiş, iddiaçı təyin olunmuş cəzanı 2008-ci ilin oktyabr ayaında başa çatmışdır. Həmçinin, iddiaçı hərbi xidmət dövründə “Silahlı Qüvvələrin 10 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 90 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “ Füzulinin azad edilməsinə görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı, “ Xocavəndin azad edilməsinə görə” medalı, “ Cəbrayılın azad edilməsinə görə" medal, “ Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)- 2910/2019 saylı qərarında qeyd edilmişdir ki, “İddiaçı xx.xx.1992-ci ildən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, xx.xx.2018-ci ildən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə xəstəliklə əlaqədar ehtiyata buraxılmışdır. 26 illik xidmət ilinin cəmi 1 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin şərti məhkum edilməklə cəzasını çəkmədən xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyinə görə müxtəlif medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir”. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli Fərmanının 3-1 -ci, 3-2-ci və 3-3-cü hissələrinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2021ci il tarixdə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ordu sıralarından ehtiyata buraxılmışdır. Nəzərə almaq lazımdır ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2019-cü il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Məhkəmə hesab qeyd edir ki, həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri və qeyd edilən normaların iddiaçının hüquqi statusuna təsiri nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş olmasını nəzərə alınaraq onun mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar