Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1995/2021 09.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Məmmədova Leyla Ramiz qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional filialına qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona əmək kitabçasında olan staj əsasında əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional filialına qarşı iddia qaldıraraq cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona əmək kitabçasında olan staj əsasında əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım olunmuş və ona izah edilmişdir ki, eyni cavabdehə qarşı, eyni iddia tələbi ilə məhkəməyə müraciət edilməsi iddianın mümkün sayılmamasına səbəb olur. İddiaçı bundan əvvəl eyni cavabdehə qarşı, eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona pensiya təyin edilməsini xahiş etdiyini, Qubadlı rayon SMD-21 qreyderçi vəzifəsində işlədiyini və bu barədə əmək kitabçasında qeydlər aparıldığını, həmin dövrlər onun sosial sığorta stajı kimi qəbul edilməyərək iddiasının təmin edilmədiyini, bundan sonra Qubadlı rayonunda işləməsi faktının müəyyən edilməsi ilə bağlı Qubadlı rayon Məhkəməsinə müraciət etdiyini, lakin həmin məhkəmə tərəfindən iddiası təmin edilsə də, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə əmək kitabçasında işləməsinə dair qeydlərin olması səbəbindən həmin qeydlərin yenidən hüquqi fakt kimi tanınmasına ehtiyac olmadığı səbəbindən ərizəsinin baxılmamış saxlanıldığını bildirdi və məhkəmə tərəfindən iddia tələbinə olduğu kimi baxılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Məmmədova Leyla Ramiz qızı iddiaçının bundan əvvəldə eyni cavabdehə qarşı eyni iddia ilə məhkəməyə müraciət etdiyini, iddiasının təmin edilmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı bundan əvvəl eyni cavabdehə qarşı eyni tələblə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 12 noyabr 2019-cu il tarixli saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda adları qeyd edilən məhkəmə qərarlarında qeyd olunmuşdur ki, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin mötəbərliyinin araşdırılması məqsədi ilə aşağı instansiya məhkəmələri tərəfindən müvafiq qurumlara sorğular verilmişdir. Qubadlı rayon Dövlət arxivi tərəfindən verilmiş 05.10.2019-cu il tarixli 06 saylı arxiv arayışında qeyd edilmişdir ki, Qubadlı rayon SMD-21 nömrəli və Qubadlı rayon Elektrik şəbəkəsi tərəfindən Dövlət Arxivinə dövlət mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir. "xxxx" ASC X5 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 50-01/017 saylı 08.07.2019-cu il tarixli məktubda arxiv arayışında qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən arxiv sənədlər "xxxx" ASC Şimal RETSİ-ə təhvil verilməmişdir, "xxxx" ASC tərəfindən verilmiş 30.09.2019-cu il tarixli 02-05-1543 saylı məktubdan görünür ki, Qubadlı rayon X2 "xxxx" ASC-nin tabeçiliyində olmuş, kadrlara dair əmrlər rayon Paylayıcı Şəbəkəsi tərəfindən verilmişdir. Qubadlı rayonunun işğalı zamanı həmin məlumatlar işğal zonasında qalmış və Qubadlı PEŞ-in kadr əmrləri "xxxx" ASCdə yoxdur. Beləliklə, apelyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının 01.02.1992-ci ilə kimi Qubadlı rayonu SMD-21-də və 01.02.1992-ci il tarixdən 30.12.2002-ci il tarixinə kimi Qubadlı rayon Elektrik Şəbəkəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının hazırda qaldırdığı iddia ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 prel 2015-ci il tarixli 05 saylı qərarında qedy olunmuşdur ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional filialına qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona əmək kitabçasında olan staj əsasında əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1995/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1995/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver