Məhkəmə qərarları › İş №2-1(118)-243/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-243/2020

17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-243/2020 17.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibatiMəhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 oğlu və İddiaçı2 Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinə qarşı “xx.xx.2009-cu ildə anadan olmuş oğulları X2 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və doğum haqqında şəhadətnamədə soyadının “Niftəliyev”dən “Bəhramzadə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 oğlu və İddiaçı2 Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinə qarşı iddia qaldıraraq, “xx.xx.2009-cu ildə anadan olmuş oğulları X2 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və doğum haqqında şəhadətnamədə soyadının “Niftəliyev”dən “Bəhramzadə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, onlar xx xxxxxx 2017-ci ildə nikaha girərərək ailə həyatı qurmuşdurlar. Bunu xx.xx.2017-ci il tarixli, AZ-İİ №165214 saylı nikah haqqında şəhadətnamə təsdiq edir. Rəsmi nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Oğulları xx.xx.2019-cu il təvəllüdlü X2 adına verilmiş doğum haqqında şəhadətnamədə soyadı Niftəliyev, adı Xabir, ata qrafasında isə ata adı Cabir kimi qeyd edilmişdir. Oğullarının soyadının “Niftəliyev”dən “Bəhramzadə”yə dəyişdirilməsini istəmişdirlər. Belə ki, oğulları Xabirin babasının adı Bəhramdır. Uşağın babasının adını əbədiləşdirmək üçün oğullarının soyadının “Bəhramzadə” kimi qeydə alınmasını istəmişdirlər. Bu məqsədlə Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinə müraciət etmişdirlər. Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsi özünün imtina məktubu ilə məhkəyə müraciət edilməsini tövsiyə etmişdir. Yuxarıda adı şəkilən qaydalara uyğun olaraq oğullarının soyadının dəyişdirilməsi üçün məhkəməyə müraciət etməli olmuşdurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 190-cı maddəsinə görə “Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır” Həmin Məcəllənin 192-ci maddəsinə görə “ Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişiklik edilmişsə, əvvəllər verilmiş şəhadətnamə ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişiklik nəzərə alınmaqla yeni şəhadətnamə verilir”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar məhkəmə iclaslarında iştirak etməmişdirlər. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideyn soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Eyni zamanda qeyd edilmişdir ki, Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən X1 dəyişdirilməsi ilə bağlı müraciətin qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. Eyni zamanda cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə hazırlıq iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçılar xx.xx.2009-cu ildə anadan olmuş oğulları X2 adına yeni doğum haqqında şəhadətnamənin verilməsini və doğum haqqında şəhadətnamədə soyadının “Niftəliyev”dən “Bəhramzadə”yə dəyişdirilməsini xahiş edir. Azərbaycan Respublikasının 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin məcəllənin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2000-ci il tarixli, № 297 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göründüyü kimi qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın uşağın soyadını başqa bir soyada dəyişdirməsi kimi bir səlahiyyəti yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68,69,73,75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar