Məhkəmə qərarları › İş №2-1(118)-2432/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2432/2024

27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2432/2024 27.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “onunla Abşeron rayon Ceyranbatan Bələdiyyəsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-2870 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.30 ha, məqsədli təyinatı sahibkarlıq olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində tanınmasına dair çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Torpaq hərrac və müsabiqə komissiyasının 2694 nömrəli, xx.xx.2012-ci il tarixli Protokoluna əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.30 ha, məqsədli təyinatı sahibkarlıq olan torpaq sahəsinin hərrac üzrə qalibi elan olunmuş, həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Torpaq hərrac və müsabiqə komissiyasının 2694 nömrəli, xx.xx.2012-ci il tarixli Şəhadətnamə də əladə etmiş, torpaq sahəsi təyinatı üzrə istifadəsindədir və hal-hazırda həmin şəhadətnamə də qüvvədədir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması üçün torpaq sahəsinin mülkiyyətçisi olmuş Ceyranbatan Bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-2870 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi ona satılmışdır. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın, eləcə də torpaq sahəsinin plan və ölçüsünün alınması üçün 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir.Cavabdeh təşkilat torpaq sahəsi ilə bağlı müraciətinə xx.xx.2023-cü il tarixli məktublarla cavab verərək ərizəsinin icrasından imtina etmişdir. Cavabdeh öz imtinasını həmin torpaq sahəsinin ehtiyat fondu torpaq sahəsi olması əsası ilə müraciətini təmin etməmişdir.Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0.30 ha torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə ehtiyyat fondu torpaqlara aid edildiyi müəyyən olunmuşdur.Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-21-3-32/2-13546/23 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, etiraz ərizəsi, Torpağın alqı-satqısına dair müqavilənin surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyasının 2694 nömrəli, xx.xx.2012-ci il tarixli Şəhadətnamənin surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 28 mart 2012-ci il tarixli, iclasının 2689 saylı protokolun surəti, Ceyranbatan Bələdiyyəsinin adına qeydiyyata alınmış **********88 reyestr nömrəli çıxarışın surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2-6839/24 nömrəli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 3-21-3-32/2-13546/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin qanunun 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Ceyranbatan Bələdiyyəsi ərazisində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 28 mart 2012-ci il tarixli, iclasının 2689 saylı protokolu əsasında sahibkarlıq məqsədləri üçün 0.30 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu haqqında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi verilərək Ceyranbatan Bələdiyyəsinə təqdim edilmişdir. Daha sonra iddiaçı bələdiyyənin adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış müvafiq tiorpaq sahəsini alqı-satqı müqaviləsi əsasında adına rəsmiləşdirmişdir. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı ona ayrılmış 0.30 ha torpaq sahəsi üzrə yaranmış onun mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinası və etirazında gətirdiyi yeganə arqument Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0.30 ha torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə ehtiyyat fondu torpaqlara aid edildiyi müəyyən olunmasıdır. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi arqument ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmuş Ceyranbatan Bələdiyyəsindən alarkən həmin torpaq sahəsinə dair tərtib edilmiş **********88 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarış əsasında alqı-satqı müqaviləsini imzalamışdır. Həmin çıxarışa nəzər saldıqda müəyyən olunur ki, torpaq sahəsinin kateqoriyası “ehtiyyat fondu torpaq sahəsi” kimi, məqsədli istifadəsi qrafasında isə “sahibkarlıq” kimi qeyd edilmişdir. Mövcud anlaşılmazlığın aradan qaldırılması məqsədilə cavabdehə məhkəmə vasitəsilə sorğu edilmiş və 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2-6839/24 nömrəli məktubunda da görünür ki, Abşeron rayonu, Ceyranbatan bələdiyyəsinə məxsus **********88 reyestr nömrəli torpaq sahəsi ilkin qeydiyyata alınan zaman təyinatı ehtiyat fondu torpaqlarına aid edilsə də idarənin elektron baza məlumatlarında araşdırma zamanı sözügedən torpaq sahəsi Torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) yaşayış məntəqələri təyinatlı torpaqlara aid olduğundan və qeydiyyata alınan zaman torpaq sahəsinin təyinatının yaşayış məntəqələri kimi qeydiyyata alınması texniki cəhətdən mümkün hesab edilir. Qeyd olunan məktubdan bəlli olur ki, torpaq sahəsinin ehtiyat fondu təyinatının yaşayış məntəqələri təyinatlı torpaq sahəsi kimi qeydə alınması texniki cəhətdən mümkündür. Ona görə də məhkəmə hesab edir ki, torpaq sahəsinin təyinatının cavabdeh təşkilat tərəfindən səhv göstərilməsi cavabdehin özü tərəfindən aradan qaldırılmalıdır. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq torpaq sahəsi 2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində Ceyranbatan Bələdiyyəsinin adına qeydiyyata alınmışdır. İndiki halda, cavabdehin göstərdiyi mövqe “İnzibati İcraat haqqında” Qanunun 13-cü, 18-ci və 19-cu maddələrinin tələblərinə ziddir.Göründüyü kimi DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsi imtinasında göstərdiyi 1-ci arqumentlə bağlı hər hansı bir əsaslı dəlil məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən gətirilən 1-ci arqument formal xarakterlidir. Beləliklə, mübahisə predmeti olan daşınmaz əmlakın üzərində iddiaçının sahiblik hüququnun yaranması üçün əsas olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 28 mart 2012-ci il tarixli, iclasının 2689 saylı protokolu ləğv edilməmiş və hal-hazırda qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsi üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçı qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirmək niyyətində olduğu daşınmaz əmlak ilə bağlı 28 mart 2012-ci il tarixli, iclasının 2689 saylı protokolu cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh təşkilat Qanunun 8.0.2-ci maddəsinin tələblərini icra etmək əvəzinə buna dair arqumentlər irəli sürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ilə Abşeron rayon Ceyranbatan Bələdiyyəsi arasında bağlanmış xx.xx.2023cü il tarixli, 4Ə-2870 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.30 ha, məqsədli təyinatı sahibkarlıq olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində tanınmasına dair çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar