Məhkəmə qərarları › İş №2-1(118)-2441/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2441/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2441/2024 14.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçılar İddiaçı10, İddiaçı8, İddiaçı5, İddiaçı9, İddiaçı16, İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı3, İddiaçı12, İddiaçı15, İddiaçı13 iştirakları ilə İddiaçılar İddiaçı10, İddiaçı8, İddiaçı7, İddiaçı5, İddiaçı9, İddiaçı14 Kamaləddin oğlu, İddiaçı16, İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı15, İddiaçı3, X3, İddiaçı12, İddiaçı13, İddiaçı11 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ: İddia ərizəsinin dəlilləri

1. İddiaçılar İddiaçı10, İddiaçı8, İddiaçı7, İddiaçı5, İddiaçı9, İddiaçı14 Kamaləddin oğlu, İddiaçı16, İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı15, İddiaçı3, X3, İddiaçı12, İddiaçı13, İddiaçı11 (bundan sonra - “iddiaçılar”) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın Aparatı nəzdində fəaliyyət göstərən müharibə veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 4/3-13113 nömrəli imtinasının qanunsuz və əsassız hesab edilməsi, müvafiq sənədlərin Nazirlər Kabinetinə göndərilməsi və iddiaçılara müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 publik hüquqi şəxsin direktoru Sərvərov Əliyar tərəfindən 7 dekabr 2020-ci il tarixli, 1538 nömrəli əmrə, Quba rayon Hərbi komissarlığının 12 oktyabr 2020-ci il tarixli, 3206 nömrəli, 224 nömrəli ezamiyyə vərəqəsinə, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin 17 fevral 2021-ci il tarixli, 170 nömrəli arayışına və müvafiq olaraq onların təqdim etdikləri sübutlara əsasən 44 günlük 2-ci Qarabağ müharibəsində şəhid və yaralıların təxliyyə edilməsində yaxından köməklik göstərmiş müharibə iştirakçılarıdırlar. Bu fakt Füzuli rayon diaqnostika mərkəzi Füzuli MDM-in direktoru Ş.Şükürovun onları təltif etdiyi fəxri fərmanlarla, Azərbaycan Qarabağ müharibəsi əlilliyi, veteranları və şəhid ailələri ictimai birliyinin vəsiqələri ilə də öz təsdiqi tapmışdır. Onlar döyüşlər aparılan ərazilərdə müvafiq tibbi təxliyyə yolları üzərində müvəqqəti məntəqələrin yaradılması və onun işinin təşkilinin həyata keçirilməsi ilə əlaqədar döyüş bölgəsində iştiraklarına görə “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə və Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən X1 yaratdığı publik hüququ şəxslərə “Müharibə veteranı, silahlı qüvvələr veteran və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında “Əsasnamə”yə əsasən, mühəribə veteranı adının və vəsiqəsinin verilməsi barədə TƏBİB-ə çoxsaylı müraciətlər edilmişdir. Cavabdehə də müraciət edərək, müharibə veteranı adının verilməsi xahiş edilmişdir. Lakin iddiaçıların müraciətlərinə verilən 2 iyun 2022-ci il tarixli, PHŞ-6/2- 3605/2023 nömrəli cavabla - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteran, silahlı qüvvələr veteran və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında “Əsasnamə”nin tələblərinə uyğun olaraq qoşmada əlavə edilmiş siyahıda adları qeyd olunan (iddiaçıların) əməkdaşlara dair Müdafiə Nazirliyin hərbi hissələrinə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün, döyüş bölgəsinə və döyüş əməliyyatları aparan hərbi hissələrə ezam olunmaları barədə müvafiq məlumatlar olmadığından “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi məqsədilə razılaşdırılması üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilməsinin məqsədəuyğun hesab edilmədiyi qeyd edilməklə qanunsuz imtina edilmişdir. Cavabdeh orqan qərarını Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli və 29 dekabr 2022-ci il tarixli, 3088 nömrəli Fərmanın 3.1.2-ci maddəsinə əsasən “Müharibə veteranı adı verilməsi üçün, siyahını Nazirlər Kabinetinə göndərilməsini qanunsuz olaraq məqsədəuyğun sayılmaması əsaslandırmamışdır. İstinad olunan normativ hüquqi aktların mətnindən görünür ki, iddiaçıların ezamiyyə vərəqlərindən və əlavə edilən sübutlardan müəyyən edilir ki, müharibə zonasında Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik şəxslərin əməkdaşlara və mülki işçilərə Nazirlər Kabinetinə təqdim edilmiş arayışlar əsasında müharibə veteranı adı verilir. İddiaçılar hesab edir ki, cavabdeh orqanın müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də onlara müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli, 127s nömrəli Sərəncamına, 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli Fərmanının 1-ci hissəsinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.1, 2.2.2, 8.1.3, 33.1-ci maddələrinə istinad edilmişdir.

4. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

5. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

6. Cavabdeh 14 mart 2024-cü il tarixli, 3-25-4/2-1662/2024 nömrəli vəsatəti ilə iddiaçıların cavabdehə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə icraatın ayrılması haqqında qərardadın qəbul edilməsini xahiş etmişdir.

7. Vəsatətin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 169.1, 169.2-ci maddələrinə istinad olunmuşdur.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsini müdafiə edərək mümkünlük şərtləri ilə əlaqədar qeyd etmişdir ki, hazırkı işlə bağlı apellyasiya instansiyasının qərardadı mövcuddur, həmin qərardadı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Buna görə də iddianın mümkün sayılmasını xahiş etmişdirlər.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

11. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

12. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

13. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İDDİANİN MÜMKÜNLÜYÜ İLƏ BAĞLİ MƏHKƏMƏNİN MÖVQEYİ:

14. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslı olduğundan iddia mümkün sayılmamalıdır.

15. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

16. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

17. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

18. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

21. Göründüyü kimi, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə iddiaçı qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir.

22. İş materiallarından görünür ki, 16 iddiaçının hər birinin tələbi müharibə veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 4/3-13113 nömrəli imtinasının qanunsuz və əsassız hesab edilməsi, müvafiq sənədlərin Nazirlər Kabinetinə göndərilməsi və iddiaçılara müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

23. İPM-də prosessual həmiştirakçılıqla bağlı qeyd edilir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər (maddə 30.1). Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər (30.2.)

24. Prosessual həmiştirakçılığm əsas əlaməti iştirakçıları ümumi birgə və bir-birini istisna etməyən maraqlarının olmasıdır. Bu maraq isə biri digərini istisna etməyən iddia tələblərində (birgə iddiaçılar üçün) və ya iddia tələblərindən doğan və biri digərini istisna etməyən vəzifələrdə (birgə cavabdehlər üçün) ifadə oluna bilər. Bu əlamət birgə iştirakçılığı üçüncü şəxsin iştirakından fərqləndirən əsas əlamətdir. İPM-ə əsasən, aşağıdakı hallarda bir neçə şəxs birgə iddiaçı və ya cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər: - mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan şəxslər; - hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən şəxslər.

25. Subyektləri eyni olan, lakin fərqli hüquq münasibətlərindən irəli gələn bir neçə işin bir icraatda birləşdirilməsi prosessual həmiştirakçılıq sayılmayacaqdır. Çünki, belə olan halda bir icraatda bir neçə iddiaçı və ya cavabdeh iştirak etsə də, onların tələbləri bir-birindən fərqlidir, yəni biri digərini istisna edir. Bir işdə bir neçə iddiaçının eynicinsli tələbinin, yaxud bir neçə cavabdehə qarşı tələbin birləşdirilməsi və onlara eyni vaxtda baxılması hüquqların müdafiəsini prosesini tezləşdirir.

26. Ümumiyyətlə, prosessual həmiştiraçılıq aşağıdakı şərtlər mövcud olduqda mümkündür: - mübahisəli predmet baxımından bir neçə iddiaçının və ya bir neçə cavabdehin ümumi maraqları və vəzifələri mövcuddur; - bir neçə iddiaçının və ya bir neçə cavabdehin hüquq və vəzifələri eyni əsaslara söykənir; - mübahisəli predmet baxımından eynicinsli hüquq və vəzifələrdir.

27. Bu səbəbdən, prosesssual həmiştirakçılıq zamanı həm də bir iş çərçivəsində bütün sübutetmə vasitələri toplanır və məcmu halında məhkəmə tərəfindən qiymətləndirilir. Bu da obyektiv həqiqətə nail olmağa, kompleks mübahisəli məsələlərin həllində ziddiyyətlərin qarşısının alınmasına imkan verir. Ona görə işi məhkəməyə hazırlayan hakim müvafiq olaraq birgə iştirakçılığın mümkünlüyü məsələsinə baxır. Müvafiq əsaslar olduqda birgə iştirakçıların işə daxil olması məsələsini həll edir.

28. Hazırki işdə isə 16 iddiaçının hər birinə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinin mümkünlüyü, əsaslılığı yoxlanılmalıdır. Bu isə 16 ayrı şəxsə münasibətdə məhkəmə arşdırmasının aparılması deməkdir.

29. Həmçinin, hazırki hal həm izibati prosessual qanunvericiliyin prosessual həmiştirakçılıqla bağlı tələblərinə uyğun gəlmir, həm də hər bir iddiaçıya münasibətdə ətraflı araşdırma aparılmasının, yəni işin mahiyyət üzrə baxılmasının mürəkkəbləşməsinə, araşdırma prosesinin uzadılmasına gətirib çıxara bilər. Bu isə prosesssual həmiştirakçılıq zamanı bir iş çərçivəsində bütün sübutetmə vasitələrinin toplana bilməsi və məcmu halında məhkəmə tərəfindən qiymətləndirilərək həqiqətin əldə edilməsinin çətinləşməsinə səbəb ola biləcəyinə şübhə doğurmur.

30. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

31. Məhkəmə həmçinin izah edir ki, iş üzrə iddiaçılar ayrı-ayrılıqda iddia irəli sürməklə ehtimal etdikləri hüquqlarının müdafiəsini həyata keçirə bilərlər.

32. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

33. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçılar İddiaçı10, İddiaçı8, İddiaçı7, İddiaçı5, İddiaçı9, İddiaçı14 Kamaləddin oğlu, İddiaçı16, İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı15, İddiaçı3, X3, İddiaçı12, İddiaçı13, İddiaçı11 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin tərəfindən təqdim edilmiş vəsatət təmin edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar