Məhkəmə qərarları › İş №2-1(118)-250/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-250/2021

23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-250/2021 23.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 (fərdi qaydada fəaliyyət göstərən vəkil, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi ev 80-də yaşayan), Cavabdehin nümayəndələri X1 (Şamaxı rayonu X3 üzvü, Şamaxı rayonu, Həmyəli kəndində yaşayan) və X2 (fərdi qaydada fəaliyyət göstərən vəkil, Bakı şəhəri, R.İsgəndərov küçəsi, ev 2, mənzil 27/28-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayonu İkinci Cabanı bələdiyyəsinə qarşı iddiaçı barəsində X3 24 dekabr 2019-cu il tarixli 14 saylı qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 38898,53 manat məbləğində mədən vergisinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı rayonu İkinci Cabanı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 05 fevral 2012-ci il tarixli 14 saylı qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 38898,53 manat məbləğində mədən vergisinin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şamaxı rayonu X3 24 dekabr 2019-cu il tarixli 14 saylı qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 38898,53 manat məbləğində mədən vergisinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, X3 05 fevral 2020-ci il tarixli 14 saylı qərarına əsasən iddiaçıdan 38898,53 manat mədən vergisi tutulmalıdır. İddiaçı həmin qərardan yalnız icra məmurları tərəfindən zəng olunarkən xəbər tutmuşdur. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, iddiaçının mədən vergisi üzrə 58898,53 manat müəyyən edilmiş və məcburi icraya yönləndiriİmişdir. Halbuki, iddiaçı vergi ödəyicisi deyil və hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Bu baxımdan onun barəsində mədən vergisi ilə bağlı vergi borcu hesablana bilməz. Bununla bağlı iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı 2006-cı ildən vergi ödəyicisi kimi uçotdadır. İddiaçı ilə “xxxx” MMC-nin təmsilçisi kimi vergi borcuna cəlb edilmişdir. O, hər il vergi bəyannaməsi verməli olduğu halda, müvafiq bəyannaməni verməmişdir. Bununla bağlı bələdiyyə tərəfindən Vergilər Nazirliyinə müraciət olunmuş və vergi orqanı səyyar vergi yoxlaması həyata keçirərək mədən vergisi üzrə qalıq borcu hesablamışlar. Bununla əlaqədar olaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin digər nümayəndəsi X6 R.Xəlilovun izahatına uyğun izahat verdi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : - Şamaxı rayonu X3 iclasının 14 nömrəli 24 dekabr 2019-cu il tarixli protokolundan görünür ki, Şamaxı rayonu X3 ərazisində qum-çınqıl çıxarılması ilə məşğul olan “xxxx” MMC (təsisçi İddiaçı)–dən bələdiyyəyə yaranmış 38898,53 manat mədən vergisi borcunun ödənilməsi Şamaxı rayon İcra və Probasiya şöbəsindən xahiş edilməsi qərara alınmışdır. -Şamaxı rayon X3 05 fevral 2020-ci il tarixli 14 saylı qərarından görünür ki, Şamaxı rayonu X3 24.12.2019-cu il tarixli 14 saylı iclas protokolunun qərarı əsasən bələdiyyə ərazisində daş-çınqıl çıxarılması ilə məşğul olan Qobustan rayon Təklə kənd sakini İddiaçı 38898,53 manat mədən vergisinin tutularaq bələdiyyənin hesabına ödənilməsi barədə qərar icra olunması üçün Şamaxı rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. - Şamaxı rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 8(074)-66/2020 saylı qərardadından görünür ki, Şamaxı rayon X3 14 saylı 05 fevral 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu İddiaçı əmlakı üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Bağırovun təqdimatı təmin edilərək, İddiaçı məxsus Mersedes 5320 minik markalı ** CR *** qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. -Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 24.02.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, Şamaxı rayon İkinnci Cabanı bələdiyyəsinin 14 nömrəli 05.02.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -2021-ci il üçün yerli (bələdiyyə) vergiləri üzrə şəxsi hesab vərəqindən görünür ki, İddiaçı adına (“xxxx” MMC) 38898,53 manat mədən vergisi borcu yaranmışdır. Məhkəmənin sorğusuna Şamaxı rayon İkinci Cabanı bələdiyyəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, İddiaçı (“xxxx” MMC) mədən vergisi və icarə haqqı üzrə ucota alınmışdır. Məhkəmənin sorğularına 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 30.10.2020ci il tarixli cavab məktublarından görünür ki, İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsində 18.02.2008-ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınmışdır. X8 uçot baza məlumatlarına görə “xxxx” MMC-nin rəhbəri və təsisçisidir. X9 ilə İddiaçı xxxxında “Pirsaat çayı” üzərindəki qum-çınqıl karxanasının icarəyə verilmədi barədə 21.01.2016-cı il tarixdə 1 (bir) il müddətinə icarə müqaviləsi bağlanılmışdır. Məhkəmənin sorğusuna 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş 04.09.2018-ci il tarixli **********1602412 saylı səyyar vergi yoxlaması aktından görünür ki, “xxxx MMC-də aparılmış sonuncu səyyar vergi yoxlaması aktından görünür ki, həmin müəssisə üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, ödəmə mənbəyində tutulan vergi, sadələşdirilmiş vergi, aksiz vergisi, əlavə dəyər vergisi, torpaq vergisi, mədən vergisi, əmlak vergisi və mənfəət vergii üzrə yoxlama aparılmışdır. Həmin akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında 07.09.2018-ci il tarixli **********162539 nömrəli qərardan görünür ki, “xxxx” MMC 2016-207-ci illər üzrə mənfəət vergisi və 2016-2018-ci illər üzrə ƏDV-yə görə vergi məsuliyyətinə cəlb edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasımn Qanununa müvafiq olaraq yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir (3.1, 3.2). Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Qanunun 8.0 və 8.0.3-cü maddəsinə əsasən yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi yerli vergilərə aiddir. “Bələdiyyələrin vergi xidməti haqqında” Əsasnamənin 3.1.5-ci bəndinə əsasən bələdiyyələrin vergi xidməti orqanının vəzifəsi qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin uçotunun aparılmasıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13.05.2015-ci il tarixli, **********655900 saylı əmri ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsaitinin 1.2-ci bəndinə əsasən bu Metodiki Vəsait yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarını və yerli (bələdiyyə) vergi xidməti orqanlarının vəzifəli şəxslərinin hərəkətlərini müəyyən edir. X13 3.1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və yerli ödənişlərin ödəyiciləri olan hüquqi şəxslər mülkiyyətində olduqları, fərdi sahibkarlar isə fəaliyyət göstərdikləri ərazi üzrə bələdiyyənin vergi xidməti orqanında (bələdiyyədə) “Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması haqqında Ərizə”(bu Metodiki Vəsaitə əlavə 8)” formasına əsasən uçota alınırlar. Poçt vasitəsilə daxil olmuş və qeydiyyata alınmış ərizələrin düzgünlüyünün yoxlanılması, orada qeyd edilən məlumatların (rekvizitlərin) proqram təminatına tam şəkildə işlənilməsi bələdiyyənin vergi xidməti orqanı tərəfindən həyata keçirilir. X13 3.2-ci bəndinə əsasən sənədlərin qəbulu və yoxlanılmasını həyata keçirən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsi qəbul etdiyi ərizənin düzgün doldurulmasını yoxlayır. 3.3-cü bəndinə görə bələdiyyənin vergi xidməti orqanı tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması bu barədə müraciətin daxil olduğu tarixdən 2 gündən gec olmayaraq subyektin VÖEN-i əsasında həyata keçilir və həmin müddətdə ödəyiciyə bu Metodiki Vəsaitə əlavə 10 üzrə müvafiq bildiriş verilir. Metodiki Vəsaitin 3.4-cü bəndinə görə sənədlərin proqram təminatına işlənməsi ilə məşğul olan bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsi ərizə və ona əlavə edilən sənədlərin rekvizitlərinin proqram təminatına düzgün daxil edilməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, iddiaçı Şamaxı rayon İkinci Cabanı bələdiyyəsində vergi ödəyicisi kimi uçota alınmamış və ona şəhadətnamə verilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının mədən vergisi ödəyicisi kimi qeydı alınması öz təsdiqini tapmadı. Belə ki, bələdiyyə iddiaçının mədən vergisi üzrə vergi ödəyicisi kimi uçota alındığını bildirsə də, biunu təsdiq edən sənəd kimi “xxxx” MMC-nin şəxsi hesab vərəqəsini təqdim etmişdir. İddiaçı aid şəxsi hesab vərəqəsində isə onun adının qarşısında “bələdiyyə mülkiyyətində olan əmlaka görə icarə ödənişi” qeyd edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı cavabdeh tərəf mübahisələndirilən qərarda göstərilən məbləğin hansı dövr üçün və nə vaxtdan yaranmasını izah edə bilmədi. Məhkəmə hesab edir ki, iddiaçının vergi ödəyicisi kimi bələdiyyədə qeydə alınmadığı halda ona verginin hesablanması və tələb edilməsi əsassızdır. “Bələdiyyələrin vergi xidməti haqqında” Əsasnamənin 5.10-cu bəndinə əsasən bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddia müddəti ilə bağlı hesab edir ki, mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsi və ya ona hər hansı şəkildə elan edilməsi barədə cavabdeh tərəfindən hər hasnı sübit təqdim edilmədiyindən iddia müddəti ötürülməmişdir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilərək Şamaxı rayon X3 24 dekabr 2019-cu il tarixli 14 saylı qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Şamaxı rayon X3 24 dekabr 2019-cu il tarixli 14 saylı qərarı ləğv edilsin və həmin qərar əsasında İddiaçı hesablanmış 38898,53 manat məbləğində mədən vergisinin silinməsi öhdəlyi cavabdehin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar