Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2528/2025 13.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: soyadın dəyişdirilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “04 avqust 2010-cu ildə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində anadan olmuş X1 soyadının “Məmişova”dan “Yadigarlı”ya dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçılar İddiaçı1 və İddiaçı2 04 avqust 2010-cu ildə Rusiya Federasiyası Sankt- Peterburq şəhərində anadan olmuş X1 soyadının “Məmişova”dan “Yadigarlı”ya dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar tələbini onunla əsaslandırır ki, iddiaçı olaraq İddiaçı1 və İddiaçı2 ailə quraraq evlənmiş və nikah 27 dekabr 1997-ci il tarixdə Sumqayıt Nikah evində 930 № ilə qeydə alınmış, birgə nikahdan iki qızı anadan olmuşdur. Birinci qızı 08 may 1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, hər ikisinin razılığı ilə uşağa Hədisə adı verilmiş, soyadı isə ata babasının adı ilə Yadigarlı yazılmışdır. Doğum faktı Cavabdeh tərəfindən 1333 № ilə qeydə alınmış və 19 may 1998-ci il tarixli "X2 verilmişdir. Sonradan ailəsi birlikdə qazanc üçün Rusiya Federasiyasına köçmüşdürlər və 04 avqust 2010-cu il tarixdə Sankt-Peterburq şəhərində ikinci qızı anadan olmuş və hər ikisinin razılığı ilə uşağa Xalidə adı verilmişdir. İkinci övladına birinci uşaqla eyni, yəni Yadigarlı soyadı vermək istəklərinə baxmayaraq, Rusiya Federasiyası Basileostarovck rayonunun ZAQS şöbəsi tərəfindən uşağa valideynlərin soyadından fərqli soyadının verilməsinin Rusiya qanunvericiliyinə zidd olduğu bildirilərək, doğum sənədində uşağın soyadı Məmişova (rus qramatikası ilə Məmişova), ata qrafasında İlham qızı deyil, İlhamovna kimi yazı qeydi aparılmışdır. Göründüyü kimi ikinci övladı başqa ölkədə doğulduğu üçün ona “X2” verilərkən soyadın verilməsi, şəhadətnamənin ata qrafasının doldurulması zamanı Azərbaycan Respublakasının qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53-cü maddəsinin tələbləri pozulmuşdur. Hazırda hər iki övladı fərqli soyad daşıyırlar və 14 yaşlı Xalidə adlı qızı soyadının dəyişdirilərək böyük bacısı Hədusənin soyadı ilə eyni,yəni ata babasının adı ilə “Yadigarlı” kimi yazılmasını istəyir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş X2lərdən görünür ki, X1 soyadı “Mamişova”, bacısının soyadı “Yadigarlı” olaraq qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddiaçılar 04 avqust 2010-cu ildə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində anadan olmuş övladları X1 soyadının “Məmişova”dan “Yadigarlı”ya dəyişdirilməsini istəyir. Cavabdeh isə uşağın 18 yaşına çatmaması səbəbilə imtina edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Göründüyü kimi qanunvericilik uşağın soyadının bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edildiyini, lakin bunun istisnalarının da ola biləcəyini müəyyən etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların digər övladının soyadı “Yadigarlı”dır. Məhkəmə hesab edir ki, uşağın gələcəkdə cəmiyyətdə qarşıla biləcəyi narahatlığı nəzərə alaraq və eyni zamanda bacısının da soyadının “Yadigarlı” olmasını nəzərə alaraq uşağın soyadının dəyişdirilməsi onun mənafeyinə uyğundur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2026/2024 saylı qərarında qeyd edilmişdir: “27. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan fərqli olaraq ondan daha yüksək hüquqi qüvvəyə malik olan Ailə Məcəlləsinin 53.3-cü maddəsində uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edildiyi qeyd edilmişdir.
28. “Bir qayda olaraq” birləşməsinin leksik mənası o deməkdir ki, adətən qəbul edilmiş hallar mövcuddur, lakin bunlardan kənara çıxılması istisna deyil. Başqa sözlə, uşağın soyadı adətən valideynlərin soyadı ilə müəyyən edilir, lakin bu qaydadan istisna mümkündür. (...)
30. Qanunvericilikdə müəyyən əsaslar olduqda uşağın soyadının valideynlərin soyadı ilə deyil, uşağın babasının soyadı ilə müəyyən edilməsi barədə birbaşa qadağa olmadığından işin hazırkı vəziyyətində iddia əsaslı hesab edilməlidir.
31. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün həm də “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir.
32. Həmin qərarda qeyd edilmişdir ki, “Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər” Məhkəmə qeyd edir ki, “Yadigar” adı iddiaçının atasının adıdır, X1 soyadının “Məmişova”dan “Yadigarlı”ya dəyişdirilməsi uşağın mənafeyinə xələl gətirən, onun cinsinə uyğun olmayan və ya gülünc yaradan hal olmayaraq mənafeyinə uyğundur. Məhkəmə hesab edir ki, aparılan araşdırma iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. 04 avqust 2010-cu ildə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində anadan olmuş X1 soyadının “Məmişova”dan “Yadigarlı”ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova