Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-255/2024 09.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “iddiaçıya prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək ona prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixində prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamasına dair imtina məktubu göndərilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi iddiaçının mərhum ərinin prokurorluq orqanlarında qulluq illərinin 5 ildən az (2 il 11 ay) olmasını, bu səbəbdən mərhum əri İsrafil Rzayevin sabiq prokurorluq işçisi kimi əmək prensiyası hüququnun olmamasını, lakin mərhuma həmin kateqoriya üzrə əmək pensiyasının təyin edilməsini qeyd etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız olmaqla, onun konstitusion hüquqlarının pozulmasına əsas olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, idda tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına daxil olmuş müraciətlərinə aidiyyəti üzrə baxılmışdır. Qeyd edək ki, İddiaçı mərhum həyat yoldaşı X3 Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən 5 iyul 2009-cu il tarixdən prokurorluq orqanlarının sabiq işçisi kimi ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.1-ci, 20.8.2- ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən prokurorluq işçisi kimi əlilliyə görə əmək pensiyası prokurorluq orqanlarında 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Tərəfimizdən Azərbaycan Respublikası Baş Prokurorluğuna mərhum X5 Federasiyasının Kemerova vilayəti Prokurorluğunda işlədiyi xx.xx.1989-xx.xx.1992- ci il tarixləri arasındakı dövrün Azərbaycan Respublikası prokurorluq orqanlarında qulluq illərinin hesablanması zamanı nəzərə alınıb-alınmamasına dair 9 iyun 2022-ci il tarixli **********3 nömrəli sorğu ünvanlanmış və sözügedən sorğuya cavab olaraq bildirillmişdir ki, mərhum İ.M.Rzayevə Rusiya Federasiyası prokurorluq orqanlarında işlədiyi müddətin Azərbaycan Respublikası prokurorluq orqanlarında işlədiyi dövrə aid edilməsinə dair hər hansı sənəd mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçının həyat yoldaşı İ.Rzayevin prokurorluq orqanlarında qulluq illərinin 5 ildən az (2 il 11 ay 6 gün (xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) olduğundan onun sabiq prokurorluq işçisi kimi əmək pensiyası hüququ olmamışdır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.5-2-ci maddəsinə əsasən prokurorluq işçisi və ya prokurorluq işçisi kimi sözügedən Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının mərhum həyat yoldaşı İsrafil Rzayevin prokurorluq işçisi kimi əmək pensiyası almaq hüququ olmadığından ona prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: AA ******* saylı şəxsiyyət vəsiqəsinin surəti; AZ-İİ № 093551 saylı “Ölüm haqqında şəhaətnamə”nin surəti;14 may 1973-cü il tarixdə açılmış əmək kitabçası; məhkəməyə sorğu əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş məlumatlar və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2-ci maddəsinə uyğun olaraq vəfat etmiş, yaxud həlak olmuş ailə başçısının ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Cavabdeh orqan imtinasının əsası kimi göstərmişdir ki, iddiaçının həyat yoldaşı İ.Rzayevin prokurorluq orqanlarında qulluq illərinin 5 ildən az (2 il 11 ay 6 gün (xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) olduğundan onun sabiq prokurorluq işçisi kimi əmək pensiyası hüququ olmamışdır. Lakin məhkəmə qeyd olunan halın araşdırılması - X1 xx.xx.1989-xx.xx.1992-ci il tarixlərində Rusiya Federasiyasının Kemerova vilayəti Prokurorluğunda işləməsinə dair əmrlərin, əmək haqqı cədvəllərinin və onun fəaliyyətini təsdiq edən bütün məlumatların təqdim edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Baş prokurorluğuna sorğu ünvanlanmış, məhkəmə sorğusu əsasında mərhum X1 xx.xx.1989-xx.xx.1992-ci il tarixlərində Rusiya Federasiyasının Kemerova vilayəti Prokurorluğunda işləməsinə dair bütün məlumatlar məhkəməyə təqdim edilmişdir. Beləliklə, mərhum X1 xx.xx.1989xx.xx.1992-ci il tarixlərində Rusiya Federasiyasının Kemerova vilayəti Prokurorluğunda işləməsinə dair bütün məlumatlar məhkəmə sorğusu əsasında əldə edilmiş və cavabdehin imtinasının formal xarakterli olması öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından müəyyən edilir ki, mərhum X2 əlilliyə görə əmək pensiyası təyin edilərkən, onun əmək stajı 5 il 9 ay 0 gün hesablanmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva