Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2883/2023 28.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 X1 cavabdeh 5 nömrəli X4 Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 X2 cavabdeh 5 nömrəli X4 Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə, iddianın 5 nömrəli X4 Məsuliyyətli Cəmiyyətinə qarşı yönəldilməsi ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh qismində mütləq qaydada inzibati orqan çıxış edir. Bundan başqa İnzibati Prosessual Məcəllənin 27-ci maddəsi qısa olaraq inzibati prosesdə iştirakçıların dairəsinə dair qaydanı nəzərdə tutur. Normaya görə 2 qrup iştirakçılar fərqləndirilir. Birinci qrup prosesin “əsl iştirakçılar”ından, yəni iddiaçı və cavabdehdən, ikinci qrup isə prosesə “xüsusi qərar əsasında cəlb olunmuş iştirakçılardan təşkil olunur. Cəlb olunmanın xüsusi prosessual əhəmiyyətə malik olmasını nəzərə alaraq qanunverici bu institutu İPM-nin 28-ci maddədə aynca tənzimləmişdir. Prosesdə iştirakı zəruri olan iştirakçılar kimi iddiaçı və cavabdeh tanınır. İnzibati məhkəmə icraatında həm iddiaçı, həm də cavabdeh tərəfində şəxs və ya şəxslər birliyi çıxış edə bilər. Prosesdə iddiaçı və cavabdeh birlikdə tərəflər adlandırılırlar. Məhkəmə prosesində tərəflər qismində bir qayda olaraq öz adından dövlətdən mübahisəsinin həlli üçün hüquqi yardım istəyən və tələb edən şəxslər çıxış edirlər. Yəni məhkəmə prosesində tərəf kimi təmsil edən yox, təmsil edilən qəbul edilir. Prosesdə tərəf olan şəxs nə şahid, nə üçüncü şəxs, nə də başqa proses iştirakçısı qismində çıxış edə bilməz. Tərəflər ilə bağlı mülki prosessual qanunvericiliyin ümumi qaydaları tətbiq edilir. Əsl olmayan tərəfin əvəz edilməsi zamanı məhkəmə inzibati hüquqi qanunvericiliyin tələblərini nəzərə almaqla, MPM-in bu tərkiblə bağlı ümumi qaydalarını tətbiq edir. İnzibati prosessual qanunvericilik belə bir tezisdən çıxış edir ki, iddia ancaq o zaman yolveriləndir ki, iddiaçı həqiqətən də irəli sürdüyü tələbə malik olsun. Amma əgər prosesin gedişi zamanı hər hansı dəyişiklikdən irəli gələrsə ki, iddiaçı əsl olmayan tərəfdir, onda əsl olmayan iddiaçının razılığı əldə edildiyi halda, əsl iddiaçı ilə əvəz edilmə baş verir. Nəzərə alınmalıdır ki, inzibati orqanların iddiaçı qismində iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi İnzibati Prosessual Məcəllənin XVİ-XİX fəsillərində nəzərdə tutulur. Qeyd olunan Məcəllənin müvafiq fəsilləridə iddiaçı qismində inzibati orqanların cavabdeh qismində müəyyən hüquqi şəxslərə qarşı iddia tələbi nəzərdə tutulub. Hesab olunur ki, İnzibati Prosessual Məcəllənin XVİ-XİX fəsillərində nəzərdə tutulmayan hüquqi şəxslərə qarşı inzibati orqanların iddia tələblərinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Digər tərəfdən iddianın mümkünsüz edən hal maddi ziyanın ödənilməsi ilə bağlıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehdən maddi ziyana görə ümumilikdə 13062 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi nəzərdə tutulub. Göründüyü kimi hazırkı iddia tələbi kompensasiya ilə bağlı deyil, vurulmuş maddi tələb ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə qeyd olunan kompensasiya tələbi isə iddiaçıya inzibati orqanın tərəfindən vurulmuş ziyandan irəli gəlməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə Mülki Prosessual Məcəlləsinə uyğun olaraq müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2883/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2883/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver