Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-298/2023 15.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli Əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində tutduğu vəzifəyə işə bərpa edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, qapalı məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli Əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində tutduğu vəzifəyə işə bərpa edilməsi”nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2-1(112)-6053/2022 saylı, 10 mart 2022-ci il tarixli Qərarı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçlı 2014-cü ildən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində diplomatik xidmət orqanlarında-İordaniya Səfirliyində dövlət qulluğuna başlamışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli Əmri ilə İddiaçı diplomatik xidmət orqanlarında qulluğuna xitam verilmişdir. İşdən azad olunduqdan sonra bu barədə ona heç bir rəsmi sənəd - müvafiq əmr təqdim edilməmişdir. Yalnız əmək kitabçasını əldə etdikdən sonra xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 18.0.4-cü, 18.0.12-ci və 33.1.6-cı maddələrinin tələblərinə müvafiq olaraq diplomatik xidmət orqanlarında qulluğuna xitam verildiyi bəlli olmuşdur. Məsələ ilə əlaqədar tərəfindən müvafiq dövlət orqanlarına şikayətlər etməyinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü və 18.0.12-ci maddələrinə əsasən Dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli və etik davranış qaydalarına əməl etməlidir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində diplomatik xidmət orqanlarında qulluq etdiyi 2014-2019-cu illər ərzində tərəfindən hər hansı etik davranış pozuntusuna yol verilməmiş, heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Həmçinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qeyd olunan maddələrinin necə və hansı hallarda şamil olunması açıqlanmamış və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli Əmrin verilməsi tamamilə gözlənilməz olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmi: inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) daiı iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasındı baxılır. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğu izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, iddiaya etiraz etmiş və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Belə ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. O, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli Əmri ilə onu diplomatik xidmət orqanlarında qulluğuna xitam verilməsindən məlumatlı olduqdan sonra prosessual müddəti ötürmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən digər hərhansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia aşağıdaki əsaslara görə rədd edilməlidir. Belə ki, işin hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləmiş, dövlət qulluqçusu olmuşdur. Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 04 dekabr 2021-ci il tarixli, 1940/2021 saylı Əmri ilə Azərbaycan Respublikasınin İordaniya X3 ateşşesi vəzifəsindən 2019-cu ilin yanvar ayının 17-dən azad edilərək geri çağrılmış İddiaçı diplomatik xidmət orqanlarında qulluğuna xitam verilmişdir. Əmrdə “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 18.0.4 (dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli) və 18.0.12-ci maddələrində (etik davranış qaydalarına əməl etməli) nəzərdə tutulmuş vəzifələrin mütəmadi şəkildə pozulmasına istinad edilmişdir. Məhkəmə iclası qapalı keçirilmiş, cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, mübahisələndirilən əmrin verilməsinə səbəb iddiaçının araşdırmalar nəticəsində verdiyi izahat və idarəyə daxil olmuş məxfi sənəd əsas olmuşdur. Cavabdehin nümayəndəsi iddiaçı tərəfindən inzibati orqana verilmiş izahatın sürətini məhkəməyə təqdim etmiş, məxfi sənədi isə ona verilmiş tapşırığa əsasən yalnız məhkəmənin tanış olması üçün təqdim edə biləcəyini bildirmişdir. İddiaçının vəkili etiraz etmiş və bildirmişdir ki, həmin sənəd məhkəməyə sübut kimi təqdim ediləcəyi halda onunda tanış olmaq hüququ vardır. Məhkəmə qeyd edilən sənədlə tanış olmuş, lakin həmin məxfi sənəd sübut kimi iş materiallarına əlavə edilməmişdir. İddiaçıya izah edilmişdir ki, qeyd edilən məxfi sənədi cavabdeh inzibati orqan sübut kimi iş materiallarına əlavə edilməsi üçün təqdim etmədiyi üçün, Azərbaycan Respublikasının Dövlət Sirri haqqında” Qanununun tələblərinə uyğun olaraq dövlət sirri təşkil edən sənədlə tanış olmaq üçün müvafiq orqana müraciət etmək hüququ vardır. Eyni zamanda iddiaçının vəkilinə izah edilmişdir ki, “Azərbaycan Respublikasının Dövlət Sirri haqqında” Qanununun 22-ci maddəsinə əsasən dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə bu Qanunla nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılsalarda, inzibati məhkəmə icraatında bu hal nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilən məxfi sənəd sübut kimi iş materiallarına əlavə edilməsi üçün təqdim edilmədiyi üçün onunda həmin sənədlə tanış olmaq üçün Dövlət Sirri haqqında” Qanununun tələblərinə uyğun olaraq müvafiq quruma müraciət etmək hüququ vardır. Məhkəməyə təqdim edilmiş, cavabdeh inzibati orqanın iddiaçıdan aldığı yazılı izahat iddiaçı tərəfindən əl yazısı ilə yazılmış və iddiaçı tərəfindən aşağıdakılar qeyd edilmişdir. “-------- -------- 2019-cu ilin yanvar ayından XİN-nin müvafiq əmri ilə Azərbaycan Respublikasının İordaniya X1 attaşe vəzifəsindən geri çağrırılmışdır. ---------- Geri qayıtdıqdan sonra Nazirliyə müvafiq işə barpa olunmaq üçün ərizə ilə müraciət etmişdir. 2019-cu ilin aprel ayında XİN-nin müavini onu yanına çağırtdıraraq XİN-in Yaxın Şərq və Afrika İdarəsinə başlaması barədə şifahi göstəriş verərək və yaxın günlərdə yazılı şəkildə əmrinin veriləcəyi bildirilmişdir. O bu qayda ilə dörd ay hər gün işə çıxımışdır. Dörd aydan sonra XİN-in Kadrlar Şöbəsinin rəisi onu çağıraraq bu dörd ay müddtəində ona heç bir müavinətin ödənilmədiyini bildirərək onun evdə gözləməyini təkidlə bildirmiş və yaxın zamanda əmr verilənə kimi xəbər veriləcəyi bildirilmişdir. Bundan sonra dəfələrlə XİN-ə müraciətlər etməsinə baxmayaraq heç bir səbəb göstərilmədən evdə gözləməsini bildirmişdirlər. Bununla bağlı XİN-in müavininə məktub ünvanlamışdır. Ünvanladığı məktuba bir cavab olmadığını görüb X7 müraciət edərək məsələyə aydınlıq gətirilməsini və ona köməklik göstərilməsini xahiş etmişdir. Bu müraciətə heç bir cavab ala bilmədiyi görüb Azərbaycan Respublikasının Prezidentinə köməklik göstərilməsi üçün müraciət ünvanlamışdır. Ünvanladığı məktubla bağlı onunla Administrasiyadan əlaqə saxlanılmış və məsələyə aydınlıq gətiriləcəyi bildirilmişdir. Həmin məktubla bağlı DTX-ya dəvət olunmuş və nəticənin XİN-ə göndərildiyi bildirmişlər. Bundan sonra XİN-ə dəfələrlə müraciət etməsinə baxmayaraq ya telefonuna cavab verilməmiş, ya da müəyyən bir vaxtdan sonra dəvət edəcəklərini bildirmişlər. xx.xx.2021-ci il tarixində Təşkilat-Nəzarət İdarəsi tərəfindən XİN-ə dəvət olunmuş və ona verilən suallara aşağıdakı kimi cavab vermişdir: -------------------- 2014-2019-cu illərdə Azərbaycan Respublikasının İordaniya X2 referant-attaşe vəzifələrində işləmişdir. İşlədiyi vaxt ərzində ona verilən xidməti maşın Hundai Elentra və Lexus markalı avtomobillər olmuşdur. Səfirin onun haqqında böhtan və qərəzli şəkildə yazmağına səbəb tapmır.------------- -----------. Yalnız ehtimal edir ki, ---- spirtli içkilərin İordaniyada satışını təşkil etməyindən imtina etmişdir. Hər bir diplomata spirtli içki almağa rüblük limit verilirdi. Bütün diplomatlar kimi o da ona düşən rüblük limitin bir hissəsini şəxsi istifadə üçün istifadə edir, bir hissəsini isə satırdı. İordaniyada işlədiyi müddətdə xarici ölkələrin diplomatları ilə tanışlıq münasibətləri olmuşdur. ----------- Suriyadan olan tanışı ilə Ammanda bir neçə dəfə restoran və ya kafedə Səfirliyin digər əmkdaşları ilə birlikdə görüşmüşdür. --------- 2 ədəb Hundai Elentra markalı maşınların Suriyalı tanışı tərəfindən alınmasına tərcüməçilik etmişdir. Təxminən həmin maşınların hər birinin dəyəri 350-450 dollar olmuşdur.” Məhkəmə iclasında iştirak edən iddiaçı həmin izahatın onun tərəfindən yazıldığını, orda qeyd edilənləri qəbul etdiyini bildirmiş və qeyd etmişdir ki, bütün diplomatlar kimi o da ona düşən rüblük limitin bir hissəsini şəxsi istifadə üçün istifadə edib, bir hissəsini isə satmışdır. O tərcüməçi kimi iştirak etmişdir. Gizli görüş keçirməmiş, bütün görüşlərindən Səfirin məlumatı olmuşdur. Yalnız onun cəzalandırılmasını ədalətsiz hesab edir. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili bildirmişdir ki, iddiaçı nəyə görə işdən azad edildiyini bilmir. Həmin məxfi sənədi ona göstərsələr bəlkədə iddiadan imtina edər. Hesab edir ki, iddiaçının hüquqları pozulmuşdur, onun nədə təqsirləndirildiyi ona məlum deyi. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, iddiaçının yazılı izahatında qeyd edilən hallar və idarəyə daxil olmuş məxfi sənəd iddiaçın barəsində mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuşdur. Eyni zamanda bildirmişdir ki, səfirdə diplomatik xidmət orqanlarında fəaliyyət göstərmir. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli Əmrinin ləğv edilməsini və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində tutduğu vəzifəyə işə bərpa edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının yuxarıda qeyd edilən izahatında qeyd edilən halları və xüsusi xidmət orqanlarından daxil olan məxfi sənədi əsas götürərək “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 18.0.4 və 18.0.12-ci maddələrinə istinad edərək mübahisələndirilən qərarı qəbul etməsi əsassız hesab edilə bilməz. Beləki, iddiaçının işlədiyi işin məsuliyyətini və cavabdeh inzibati orqanın fəalyyətinin əhəmiyyətini nəzərə alanda, mübahisələndirilən qərarın qəbul edilməsində xüsusi xidmət orqanlarından daxil olmuş məxfi sənədin əsas götürülməsi əsaslı hesab edilə bilər. Qeyd edilənlərdən başqa məhkəmə hesab edir ki, səfirliyinin attaşesinin ona ayrılmış spirtli içkinin bir hissəsini satması və eyni zamanda 2 ədəb Hundai Elentra markalı maşınların Suriyalı tanışı tərəfindən alınmasına tərcüməçilik etməsidə “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 18.0.4 və 18.0.12-ci maddələrinin tələblərinə uyğun hesab edilə bilməz. Eyni zamanda iddiaçının istinad edilən izahatında qeyd edilən halları və hazırda həm keçmiş Səfirin, həmdə hazırkı iş üzrə iddiaçının diplomatik xidmət orqanlarından uzaqlaşdırılmasını nəzərə alanda cavabdeh inzibati orqanın hərəkətləri əsaslı hesab edilə bilər. Məhkəmə hesab edir ki, qeyd edilənlər hallar iddianın rədd edilməsi üçün əsas təşkil edir və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-298/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-298/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver