Məhkəmə qərarları › İş №2-1(118)-304/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-304/2021

23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-304/2021 23.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 1 saylı Regional Ərazi Filialına qarşı “İddiaçıya hesablanmış pensiyanın artımının 72 aya yox, 29 aya bölünməsi və yenidən hesablanması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona hesablanmış pensiyanın artımının 72 aya yox, 29 aya bölünməsi və yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 24.07.2020-ci il tarixli, **********0 saylı məktubu ilə iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı narazı qalaraq hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmiş, daha sonra iddiasını dəqiqləşdirərək, iddiaçıya hesablanmış pensiyanın artımının 72 aya yox, 29 aya bölünməsi və yenidən hesablanmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya 25.08.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2006-cı ilədək ümumi staj 39 il 5 ay 13 gün təşkil edir. İddiaçının işlədiyi vaxt, pensiyaçı kimi 2017-ci ilin oktyabr ayında birinci pensiya artımı yaranmışdır. O, dövrə qədər Dövlət Sosial Müdafiə Fonduna 14563,42 AZN yığılıb və miqdara görə aylıq pensiya artımı qanunun 37.3.1 -ci maddəsinə əsasən hesablanaraq 202.26 AZN olub. Deməli 01.10.2017-ci ildən 02.03.2020-ci ilə qədər (yəni 29 ay müddətində) istifadə olunmamış yığılan miqdara görə iddiaçının yenidən işləmədiyi vaxtdan pensiyaçı kimi aylıq pensiya artımı bu müddətdə yığılan miqdar (2642,15 AZN) ayların sayına (29 aya) bölünərək hesablanmalıdır. Yığılan miqdar

1. 2017-ci il (03 ay)-169.80 AZN

2. 2018-ci il (12 ay) -792.37 AZN

3. 2019-cu il (12 ay)-1194.80 AZN

4. 2020-ci il (2 ay)-244.08 AZN

5. 41 saylı Sumqayıt şəhər seçki dairəsindən verilən arayışa əsasən 2018- 2019- 2020-ci illərdə 241.19 AZN Cəmi: Dövlət Sosial Müdafiə Fonduna yığılan məbləğin miqdarı 2642.15 (iki min altı yüz qırx iki) AZN 2642.15 AZN : 29 =91.10 AZN Lakin, DSMF-nun Sumqayıt Şöbəsi bilərəkdən və yaxud qərəzli olaraq "Əmək pensiyası haqqında" qanunun 37.3.1 -ci maddəsini kobud şəkildə pozaraq göstərilən müddətdə (01.10.2017-ci il, 02.03.2020-ci) yəni 29 ay olmaqla (6 ildən az olduğu halda) ayların sayına (29 aya) bölməli olduğu halda miqdarı 72-yə bölərək, iddiaçının pensiya artımını 30 AZN hesablamaqla hüquqlarını kobud şəkildə pozmuşdur. Bu haqda dəfələrlə müraciətlərinə baxmayaraq, iddiaçının hüquqları bərpa edilməmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına (keçmiş Sumqayıt şəhər şöbəsinə) qarşı “pensiyanın yenidən hesablanması haqqında qərarın dəyişdirilməsi" vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 25.08.2008-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. 09 sentyabr 2017- ci il tarixində pensiyasının yenidən hesablanmasına dair ərizə ilə müraciətindən sonra 01 oktyabr 2017-ci il tarixində pensiyası yenidən hesablanmışdır. Bundan sonra iddiaçı 24 fevral 2020-ci il tarixində təkrar müraciət edərək, 01 oktyabr 2017-ci il tarixindən 02 mart 2020-ci il tarixinə qədər (yəni 29 ay müddətində) istifadə olunmamış yığılan miqdara görə yenidən işlədiyi vaxtdan işdən çıxma müddətinə qədər olan aylara bölünərək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1.-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bundan başqa, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli fərmanının 2.11,-ci bəndinə əsasən həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyqun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Beləliklə, fərmanın 2.11 -ci bəndinə uyğun olaraq göstərilmiş 144 ay müddəti azaldılmaqla 72 ay nəzərdə tutulmuşdur. Buna uyğun olaraq iddiaçının 29 aya bölünməklə pensiyasının yenidən hesablanmasına dair iddia tələbi əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iş materiallarından görsənir ki, İddiaçı 25.08.2008-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. 09 sentyabr 2017- ci il tarixində pensiyasının yenidən hesablanmasına dair ərizə ilə müraciətindən sonra 01 oktyabr 2017-ci il tarixində pensiyası yenidən hesablanmışdır. Bundan sonra iddiaçı 24 fevral 2020-ci il tarixində təkrar müraciət edərək, 01 oktyabr 2017-ci il tarixindən 02 mart 2020-ci il tarixinə qədər (yəni 29 ay müddətində) istifadə olunmamış yığılan miqdara görə yenidən işlədiyi vaxtdan işdən çıxma müddətinə qədər olan aylara bölünərək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Hazırda iddiaçı cavabdehin iddiaçının pensiya artımını hesablama qaydası ilə razı deyildir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1 -ci maddəsi ilə müəyyən edilmişdir ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin qanunun 45-ci maddəsinə əsasən bu qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bundan başqa, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli fərmanının 2.11-ci bəndinə əsasən həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Yuxarıda qeyd edilən edilən normalardan görsənir ki, pensiya təyin olunduqdan sonra işləyən şəxslərin pensiyalarının yenidən hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı hesablama üçün birnci meyar olaraq müəyyən edilmişdir. Cavabdeh inzibati orqanda qanunvericiliyin tələbinə uyğun olaraq, gözlənilən pensiya ödənişi müddəti aylarının sayından iddiaçının işlədiyi ayların sayını çıxmış və bu rəqəm 72-dən artıq olduğu üçün, 72-yə bölünmə əsası ilə pensiyanı yenidən hesablamış, qanunvericiliyin tələblərini pozmamışdır. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin düzgün başa düşülməməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, həmin normada və əlaqəli normalarda qanunvericinin iradəsi pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmasının davam etdirilməsinə və pensiyanın yenidən hesablanmasının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına indekslənməsinə yönəlmişdir. Əks halda yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərin qısa vax ərzində işləməsi və pensiyasının yalnız işlədiyi ay(və ya aylar) nəzərə alınaraq yenidən hesablanmasını tələb etməsi pensiya təyinində tənasübsüz artımlara səbəb olar ki, hazırkı mübahisənin yaranmasına səbəb olan normalarda qanunvericinin iradəsi bu cür müəyyən olunmamış və normaların başqa formada təfsir olunmasına əsas ola biləcək kolliziya mövcud deyil. Beləliklə, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmamış, qanunvericinin iradəsinə uyğun hesablama aparmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar