Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-305/2023 15.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, X11 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzilin iddiaçının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, X11 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzilin iddiaçının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Sumqayıt şəhəri X11 qəsəbəsi Şirvan Dəmiryol yaşayış massiviev 1A ünvanında yerləşən 8 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublik yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsi aidiyyəti olmayan bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Həmçinin cavabdeh imtina məktubunda bildirmişdir ki, “Sumqayıt şəhəri, X11 qəsəbəsi Dəmiryol yaşayış massivi ev 1A ünvanında yerləşən 8 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki . ərizənizə araşdırılması zamanı müəyyən olunmuşdur ki , sözügedən mənzil dövlət fonduna aid deyil və Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyat şöbəsinin xx.xx.1986-cı il tarixli, H/20 saylı orderi əsasında mərhum X2 istifadəsinə xidməti yaşayış sahəsi kimi verilmişdir. Binanın nömrəsinin 1A olmasına baxmayaraq, Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2021-ci il tarixli, 517 nömrəli çıxarışında 1 kimi qeyd edilmiş, həmçinin ərizənizdə orderdə adları qeyd edilən mərhum X2 və X4 ölüm haqqında şəhadətnamələri əlavə edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlaka müayinə baxışı keçirilərkən müəyyən olunmuşdur ki, mənzil daxilində rekonstruksiya işləri aparılmış, 8 nömrəli otağın qarşısındakı arakəsmə sökülmüşdür. Lakin sökülən arakəsmənin yükgötürmə qabiliyyəti yoxdur. Nəzərinizə çatdırırıq ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərdin özəlləşdirlməsinə yol verilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir.” Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər icra başçısının xx.xx.2021-ci il tarixli 636 saylı sərəncamında qeyd olunur ki, yuxarıda qqeyd olunanları nəzərə alaraq və ərizəçinin hüquq münasibətləri yaranan zaman qüvvədə olan mənzil məcəlləsinin 105-ci və yerli icra hakimiyyəti haqqında əsasnamənin 6.8-ci maddəsini rəhbər tutaraq qərar alıram: yaşayış sahəsi 37.04 kv.m olan 3 otaqlı H.Z.Tağıyev qəsəbəsi Dəmiryol massivi ev 1A mənzil 8 xidməti rejimdən çxarılsın. Göründüyü kimi cavabdehin həmin mənzili xidməti yaşayış sahəsi kimi qəbul edərək “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək həmin mənzilin özəlləşdirilməsindən imtinası əsassızdır. Belə ki həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququnun tanınması ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət edərək həmin mənzil xidməti rejimdən çıxarılmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazlarının dəlilləri Məhkəmənin 2-1(118)-2101/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianının təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 34 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, sözügedən mənzil dövlət mənzil fonduna aid deyil, Sumqayıt şəhər XDS icraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1986-cı il tarixli, H/20 saylı orderi əsasında mərhum Mahmudov Əhmədağa Bəhrəm oğlunun istifadəsinə xidməti yaşayış sahəsi kimi verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, binanın nömrəsinin “1A” olmasına baxmayaraq, Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2021-ci il tarixli, 517 nömrəli arxiv çıxarışında “1” kimi qeyd edilmiş, həmçinin ərizənizə orderdə adları qeyd edilən mərhum Mahmudov Əhmədağa Bəhrəm oğlunun və X4 ölüm haqqında şəhadətnamələri əlavə edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlaka müayinə baxışı keçirilərkən müəyyən olunmuşdur ki, mənzil daxilində rekonstruksiya işləri aparılmış, 8 nömrəli otağın qarşısındakı arakəsmə sökülmüşdür. Lakin sökülən arakəsmənin yükgötürmə qabiliyyəti yoxdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdirlər. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 09 dekabr 2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, H/20 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, X11 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzil Mahmudov Əhmədağa Bəhrəm oğlunun və onun ailə üzvləri X4, İddiaçı, X1 mülkiyyətinə verilmişdir. - Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialından xx.xx.2022-ci il daxil olmuş Sumqayıt XDS İcraiyyə Komitəsinin 29 mart 1986cı il tarixli, 8 saylı protokolunun 17.120.1 saylı qərarından çıxarışdan görünür ki, Sumqayıt şəhəri, X11 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzilin Mahmudov Əhmədağa Bəhrəm oğlunun və onun ailə üzvləri X4, İddiaçı, X1 mülkiyyətinə verilməsi qərara alınmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 636 saylı, 26 oktyabr 2021-ci il tarixli “Yaşayış sahəsinin xidməti rejimdən çıxarılmasına dair” sərəncamından görünür ki, Sumqayıt şəhəri, X11 qəsəbəsi, ünvan 5 ünvanının xidmdəti rejimdən çıxarılması qərar alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Narliyi tərəfindən verilmiş “Yaşayış yeri haqqında” ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X16 oğlu, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.1995-ci il təvəllüdlü X5 və xx.xx.1986-cı il təvəllüdlü Mahmudov Elvin Əhmədağa oğlu Sumqayıt şəhəri, X11 qəsəbəsi, ünvan 5 ünvanında qeydiyyatdadırlar. - “Ölüm haqqında” AZ-İ 684508 saylı, xx.xx.2014-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, X8 08 iyun 2014-cü il tarixdə ölmüşdür. - “Ölüm haqqında” AZ-İ 174480 saylı, xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Mahmudov Əhmədağa Bəhrəm oğlu 01 may 2021-ci il tarixdə ölmüşdür. - Mahmudov Elvin Əhmədağa oğlu və X5 tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli, 8İ-32330 və 8İ-32329 reyestr nömrəli ərizələrdən görünür ki, onlar Sumqayıt şəhəri, X11 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. - 22 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, X11 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A nömrəli binadan dövlət mənzil fonduna aid 43 (qırx üç) mənzil dövlət reyestrindən qeydiyyatdan keçmişdir. - 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzi Notariat Ofisinin 26 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzi Notariat Ofisinə 01 may 2021-ci ildə vəfat etmiş Mahmudov Əhmədağa Bəhrəm oğlunun vərəsəsi İddiaçı müraciət etmiş və miras qoyan Mahmudov Əhmədağa Bəhrəm oğlunun vərəsəsidir. - Məhkəməyə sorğu əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, X11 qəsəbəsi, ünvan 5 ünvanında yaşayır. - Məhkəməyə sorğu əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatından daxil olmuş məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, X11 qəsəbəsi, ünvan 5 ünvanı Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhəri 23 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 1114 saylı, xx.xx.2022-ci il tarixli “Ailə tərkibi haqqında” arayışından görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X16 oğlu, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.1995-ci il təvəllüdlü X5 və xx.xx.1986-cı il təvəllüdlü Mahmudov Elvin Əhmədağa oğlu Sumqayıt şəhəri, X11 qəsəbəsi, ünvan 5 ünvanında qeydiyyatdadırlar. ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, X11 qəsəbəsi, ünvan 5 ünvanı Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, H/20 saylı orderlə Mahmudov Əhmədağa Bəhrəm oğlunun və onun ailə üzvləri X4, İddiaçı, X1 mülkiyyətinə verilmişdir. Mərhum Mahmudov Əhmədağa Bəhrəm oğlunun vərəsəsi olan İddiaçı atası vəfat etdikdən sonra Sumqayıt şəhəri, X11 qəsəbəsi, ünvan 5 ünvanının öz adına özəlləşdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi:
1. Qeyd edilən binanın nömrəsinin “1A” olmasına baxmayaraq, Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2021-ci il tarixli, 517 nömrəli arxiv çıxarışında “1” kimi qeyd edilməsini;
2. Orderdə adları qeyd edilən mərhum Mahmudov Əhmədağa Bəhrəm oğlunun və X4 ölüm haqqında şəhadətnamələrinin əlavə edilməməsini;
3. mənzil daxilində rekonstruksiya işləri aparıldığını, 8 nömrəli otağın qarşısındakı arakəsmə söküldüyünü, sökülən arakəsmənin yükgötürmə qabiliyyəti olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. İlk olaraq məhkəmə qeyd edir ki, Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, H/20 saylı orderlə Sumqayıt şəhəri, X11 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzil Mahmudov Əhmədağa Bəhrəm oğlunun və onun ailə üzvləri X4, İddiaçı, X1 mülkiyyətinə verilmişdir. Qeyd olunan halla bağlı mübahisə və arxiv çıxarışında texniki yanlışlıqla binanın nömrəsinin “1A” deyil “1” kimi qeyd olunmasıdır. Yaranmış mübahisə ilə bağlı məhkəmə tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinə mübahisəli mənzilin yerləşdiyi binanın nömrəsinin “1” və ya “1A” olması ilə bağlı sorğu ünvanlanmış, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş məktubda İddiaçı Sumqayıt şəhəri, X11 qəsəbəsi, ünvan 5 ünvanında yaşadığı qeyd edilmiş, həmçinin həmin ünvanda yaşayan şəxslər barəsində ünvan 1014 saylı, xx.xx.2022-ci il tarixli “Ailə tərkibi haqqında” arayış tərtib edilmişdir. Göründüyü kimi, orqan tərəfindən texniki yanlışlığa yol verilərək binanın nömrəsi “1A” deyil “1” kimi qeyd edilmişdir. İnzibati orqan tərəfindən qeyd olunan ünvanın nömrəsinin yanlış qeyd olunması vətəndaşın ziyanına şərh oluna, onun məsuliyyətinə səbəb ola bilməz və ona mənzilin ayrıldığını təkzib edə bilməz, bu hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. Həmçinin 22 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhəri, X11 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A nömrəli binadan dövlət mənzil fonduna aid 43 (qırx üç) mənzil dövlət reyestrindən qeydiyyatdan keçmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Qanunun 13.5-ci bəndinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə cavabdehin ikinci dəlilinə münasibətdə isə bildirir ki, inzibati iş materiallarında olan “Ölüm haqqında” AZ-İ 684508 saylı, xx.xx.2014-cü il tarixli və AZ-İ 174480 saylı, xx.xx.2021-ci il tarixli şəhadətnamələrin surətlərindən görünür ki, X8 08 iyun 2014-cü il tarixdə, Mahmudov Əhmədağa Bəhrəm oğlu 04 may 2021-ci il tarixdə ölmüşdürlər. Cavabdeh imtinasının digər əsası kimi isə mənzil daxilində rekonstruksiya işləri aparıldığını, 8 nömrəli otağın qarşısındakı arakəsmə söküldüyünü, sökülən arakəsmənin yükgötürmə qabiliyyəti olmadığını bildirmişdir. Məhkəmə cavabdehin qeyd olunan dəlilinə münasibətdə bildirir ki, cavabdehin qeyd etdiyi hal formal tələblərə əsaslanır və əsassızdır. Belə ki, cavabdeh orqan tərəfindən qeyd olunan dəlili təsdiq edən hər hansı bir sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycn Respublikası Mənzil Məcəlləsinin 68ci maddəsiə əsasən yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göstərilən Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi üçün müraciət edən vətəndaşın həmin mənzildə qeydiyyatda olması şərt kimi göstərilməmişdir və mənzilin özəlləşdirilməsindən bu səbəblə imtina edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.12-ci bəndinə görə qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanmaqla məhkəmə hesab edir ki, İddiaçı ailə üzvlərinin razılığı ilə yaşadığı mənzili özəlləşdirmək hüququna malikdir. Hazırda iddiaçının mübahisəli mənzilin özəlləşdirilməsindən imtina onun hüquqlarına və qanunla qorunan mənafelərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, X11 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, X11 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva