Məhkəmə qərarları › İş №2-1(118)-312/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-312/2023

14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-312/2023 14.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehdən yeni pensiya təyinatı zamanı müəyyən edilmiş orta əmək haqqına Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq vəzifə maaşına 30 faiz əlavənin, vəzifə maaşının 3 misli miqdarında mükafatın, 1 misli miqdarında müavinətin, hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı vəzifə maaşının 15 faizi miqdarında əlavənin, dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqqın və qulluq stajına görə əmək pensiyasına əlavənin daxil edilməsi haqqında qərar qəbul edilməsi və pensiya aldığı vaxtdan hal-hazıradək yaranmış fərqin ödənilməyən məbləğinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2009-cu ildən 2-ci qrup əlil kimi pensiyaya çıxmış, sonra xx.xx.2012-ci ildən yaşa görə pensiyaçı olmuş, Dövlət qulluğunda iş stajı 30 ildən çoxdur. Bunun 13 ildən çoxunu (23.07.76-21.12.81 və 29.11.83-16.01.92) Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində, qalanını isə (16.07.92-xx.xx.2009) Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində və onun yerli orqanlarında işləmiş, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində işlədiyi dövrdə ona xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası BDVMnin K-365 nömrəli əmri ilə 1-ci dərəcəli müfəttiş xüsusi rütbəsi də verilmişdir. Bu haqda vaxtı ilə pensiyasının hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Binəqədi rayon şöbəsinə təqdim etdiyi əmək kitabçasında da qeydlər vardır. Sonradan dövlət qulluqçusu olduğu üçün onun pensiya sənədləri Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. O, Naxçıvan Muxtar Respublikası Komitəsinin aparatında və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində və onun yerli orqanlarında işləyərkən dövlət qulluqçusu olmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2.3-cü bəndinə əsasən vergi orqanları dövlət qulluğunun xüsusi növüdür. Buna görə də o, 3 iyul 2009-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi 2-ci dərəcəli əlilliyə görə pensiyaya çıxarkən onun qulluq stajı 30 il 4 ay 3 gün olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 20.11.2-ci maddəsinə əsasən 30 il 04 ay 03 gün qulluq stajına uyğun olaraq ona orta əmək haqqının 80 faizi miqdarında pensiya hesablanmışdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq pensiyaya əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. Onun dövlət qulluğunda qulluq stajı isə 30 il 04 ay 03 gündür. Yəni tələb olunandan da 2 dəfə artıqdır. Bunu əmək kitabçasında yazılmış qeydlər də təsdiq edir. O, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində işlədiyi dövrdə ancaq şöbə rəisi vəzifəsində çalışmış, həmin idarədə 80-ci illərdə aldığı əmək haqqına görə pensiyaya çıxmış, onda onun vəzifəsi və əmək haqqı yüksək olmuş, yüksək də pensiya almaq ümüdində olmuşdur.Belə ki, sonradan bilmiş ki, dövlət qulluğunda 30 ildən artıq iş stajı olmasına baxmayaraq o, pensiyaya çıxarkən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən pensiyası düzgün hesablanmamışdır. Belə ki, onun pensiyas Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli fərmanı ilə təsdiq etdiyi Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 2-ci bəndinə əsasən hesablanmalı idi.Ona pensiya təyin olunarkən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin tələbinə əsasən onlara Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində 80-ci illərdə işlədiyim dövrlərdə ardıcıl gələn 5 ildə aldığı əmək haqları barədə X2 aldığı arayışı təqdim etmiş, cavabdeh orqana xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə müraciət etmiş və hər iki ərizəsində göstərmiş ki, dövlət qulluqçusu kimi pensiyaya çıxarılarkən pensiyasının hesablanmasında aşağıdakı əlavələr nəzərə alınmamışdır: 1) dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq vəzifə maaşına əlavə haqq – 30 faiz; 2) dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda hər ay vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq; 3) hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin irasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq; 4) dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət; 5) dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı həcmində mükafat. Cavabdehə yazdığı birinci məktubuna heç bir rəsmi cavab verilməmiş, ikinci məktubuna 15 dekabr 2021-ci il tarixdə cavab gəlmiş, məktubda göstərilmişdir ki, Əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.2013-xx.xx.2018-ci illərdəki dövr üzrə mənə 2.55 manat, xx.xx.2018-xx.xx.2019-cu illərdəki dövr üzrə 7.20 manat artıq pul vəsaiti, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 55.90 manat əskik pul vəsaiti ödənildiyindən, ümumilikdə 46,15 manat əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Bu rəqəmlər onların ona göndərdiyi 15 dekabr 2021-ci il tarixli **********0 nömrəli məktubundan götürülmüşdür. Ödənilməyən məbləğ sonradan kart hesabına köçürülmüşdür. Lakin o, əmək pensiyamın yenidən belə hesablanması ilə razılaşmır, çünki əmək pensiyasının yenidən hesablanması üçün birinci növbədə 2009-cu ildə ona təyin edilmiş pensiyanın göstəriciləri lazımdır. Məktubda isə xx.xx.2009xx.xx.2013-cü dövr üzrə heç bir göstərici yazılmamışdır. İkincisi pensiyaya çıxarkən dövlət qulluq stajı olmasına baxmayaraq pensiyasının yenidən hesablanması üçün yuxarıda göstərilən əlavələr nəzərə alınmamış və vəzifə maaşımın 30 faizi əvəzinə ona 17 faiz qulluq stajına görə əlavə haqq hesablamışlar. Elə bunların nəticəsində də xx.xx.2013xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə qulluq stajına görə əlavə haqq ona 570,0 manat vəzifə maaşına görə 171.0 manat əvəzinə 96.90 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə qulluq stajına görə əlavə haqq 625.0 manat vəzifə maaşına görə 187,5 manat əvəzinə 106.25 manat, xx.xx.2019-xx.xx.2021-ci tarixləri arasındakı dövr üzrə qulluq stajına görə əlavə haqq, 940,0 manat vəzifə maaşına görə 282,0 manat əvəzinə 159.8 manat hesablanmışdır. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, pensiya işinə aid sənədlərdə ona Fondun Binəqədi rayon şöbəsi tərəfindən 3 iyul 2009-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Müraciətə əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 570,00 manat, qulluq stajına görə əlavə 96,90 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 53,99 manat olmaqla orta aylıq əmək haqqı 720,89 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3cü maddəsinə əsasən 30 il 4 ay 3 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (720,89 manat) 80 faizi - 576,71 manat məbləğində hesablanmalı olduğu halda, 576,76 manat məbləğində müəyyən edilməklə xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 2,55 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 625,00 manat, qulluq stajına görə əlavə 106,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 59,20 manat olmaqla orta aylıq əmək haqqı 790,45 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 30 il 4 ay 3 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (790,45 manat) 80 faizi-632,36 manat məbləğində hesablanmalı olduğu halda, 632,76 manat məbləğində müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 7,20 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 940,00 manat, qulluq stajına görə əlavə 159,80 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 89,04 manat olmaqla orta aylıq əmək haqqı 1188,84 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 30 il 4 ay 3 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (1188,84 manat) 80 faizi-951,07 manat məbləğində hesablanmalı olduğu halda, 948,92 manat məbləğində müəyyən edilməklə xx.xx.2019xx.xx.2021 tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 55,90 manat əskik pul vəsaiti ödənilib. Göstərilənlərə əsasən iddiaçıya xx.xx.2013-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 9,75 manat artıq vəsait, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 55,90 manat əskik vəsait ödənilib. Nəticədə, ona ümumilikdə 46,15 (55,90-9,75) manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilib. Qeyd olunan əskik ödənilmiş 46,15 manat 2021-ci ilin noyabr ayında pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, hakimiyyət səlahiyyətlərinin icrasına görə və ixtisas dərəcəsinə görə əlavələr vaxtilə qulluq keçdiyi dövrdə ona ödənilmədiyindən həmin əlavənin orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 2021-ci il noyabr ayından etibarən əmək pensiyası 951,07 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 95,11 manat məbləğində maddi yardım ödənilir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin imtina məktubu, etiraz ərizəsi, iddiaçıya aid pensiya işinin surəti, əmək kitabçasının təsdiqlənmiş surəti, X3 tərəfindən verilmiş 9-3/2-1431/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması vaxtından yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və güzəştli şərtlərlə əmək pensiyalarının vətəndaşlara verilməsi və ya əmək pensiyasının yenidən hesablanması DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdeh onun müraciətini müsbət həll etməmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçası və pensiya işindən görünür ki, iddiaçı 1976-1981-ci il tarixdən və 1983-1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində şöbə rəisi vəzifəsində işlədiyi və əmək haqqı aldığı təsdiq olunur. Qeyd olunan hal cavabdeh tərəfindən də mübahisələndirilmir. İşin mübahisələndirilən halı iddiaçının məhz həmin tarixlərdə şöbə rəisi vəzifəsini işlədiyi dövrün dövlət qulluğu hesab edilib-edilməməsi və həmin dövrlərin əmək pensiyasının hesablanması zamanı dövlət qulluğu kimi nəzərə alınması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyası hesablanarkən qeyd edilən dövrlər dövlət qulluğu kimi nəzərə alınmamış və cavabdeh tərəfindən həmin dövrdə qeyd olunan vəzifənin dövlət qulluğundakı vəzifəyə bərabər tutulmaması qanuni olmuşdur. Belə ki, X3 tərəfindən məhkəməyə təqdim edilmiş 9-3/2-1431/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının 1976-1981-ci illərdə və 1983- 1992-ci illərdəki iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Bu səbəbdən də iddiaçıya əmək pensiyasının yenidən hesablanarkən qanunvericiliyin tələbləri gözlənilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı 1976-1981-ci və 1983-1992-ci illərdə Naxçıvan MSSR Dövlət Statistika İdarəsində şöbə rəisi vəzifəsində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi ilə bağlı bildirilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 5 noyabr 1973cü il tarixli 360 nömrəli Qərarı ilə “Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSR-də, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin 16-cı hissəsinə əsasən Naxçıvan MSSR, X4 Vilayəti və Bakı şəhəri statistika idarələri Naxçıvan MSSR, X4 Vilayəti və Bakı şəhəri ərazisində xalq təsərrüfatı sahələrinin uçot və statistikasını aparmış, uçot və statistika işinə rəhbərlik etmiş və bilavasitə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinə tabe olmuşdurlar. Yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində (1991 -ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, lakin tabeliyində fəaliyyət göstərən orqanların uyğunlaşdırılınası aparılmamışdır. Bu səbəbdən də iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehdən yeni pensiya təyinatı zamanı müəyyən edilmiş orta əmək haqqına Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq vəzifə maaşına 30 faiz əlavənin, vəzifə maaşının 3 misli miqdarında mükafatın, 1 misli miqdarında müavinətin, hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı vəzifə maaşının 15 faizi miqdarında əlavənin, dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqqın və qulluq stajına görə əmək pensiyasına əlavənin daxil edilməsi haqqında qərar qəbul edilməsi və pensiya aldığı vaxtdan hal-hazıradək yaranmış fərqin ödənilməyən məbləğinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar