Məhkəmə qərarları › İş №2-1(118)-3130/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3130/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3130/2024 14.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 06 aprel 2000-ci il tarixli, 333 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi Zabrat-Maştağa şossesinin sağ kənarında 154 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 m2 torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 06 aprel 2000-ci il tarixli, 333 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi Zabrat-Maştağa şossesinin sağ kənarında 154 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 m2 torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 30 noyabr 2023-cü il tarixli, 2-1(112)-12335/2023 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadında qeyd edilmişdir ki, “mübahisə predmeti olan daşınmaz əmlakla bağlı olduğundan və eyni zamanda Abşeron rayonu ərazisində olduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Abşeron rayonu ərazi hüdudları daxilində yerləşir.” Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı olduğundan və elektron kadastr baza məlumatlarına əsasən Abşeron rayonu ərazi hüdudları daxilində yerləşdiyindən inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili hazırkı, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılmalı olmasını bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin daşınmaz əmlakın Abşeron rayonu ərazi hüdudları daxilində yerləşməsi əsası ilə işi aidiyyəti üzrə göndərməsi əsaslı olmamışdır. Belə ki, mübahisə predentinə dair torpaq sahəsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş və 1 saylı Bakı Ərazi İdarəsi həmin torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən Abşeron rayonu ərazi hüdudları daxilində yerləşdiyini bildirmişdir.Lakin, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, eyni ərazidə olan və üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********48 reyestr nömrəli çıxarışdan görünür ki, həmin torpaq sahəsi “Bakı şəhəri Sabunçu Rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ kənarı 186 saylı sahə” kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli halın araşdırılması məqsədilə məhkəmənin icraatında eyni mübahisə predentinə dair hazırkı iddiaçının sərhəd qonşuluğunda yerləşən X1 işi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu göndərilmiş və 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin çıxarışlar, həmin çıxarışların yerləşdiyi torpaq sahələrinin ortofoto görüntüsü əldə edilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsindən əldə edilmiş məlumatlar ilə iddiaçının təqdim etdiyi qonşusunun çıxarışları müqayisə edilmiş və məlum olmuşdur ki, torpaq sahələrinin yerləşdiyi yerlər arasında xeyli məsafədə fərq mövcuddur. Həmçinin, iddiaçının qonşusunun yerləşdiyi torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaq sahəsi olamqla mülkiyyətə verilmiş, cavabdehin təqdim etdiyi Abşeron rayonu ərazisi hüdüdlarında yerləşmiş və qeydiyyata alınmış torpaq sahələri isə kənd təsərrüfatı məhsullarının istehsalı üçün uzunmüddətli icarəyə verilmiş torpaq sahələridir. Belə olan halda iddiaçının torpaq sahəsinin Abşeron rayonu ərazi hüdudları daxilində yerləşməsi mümkün deyil. Həmçinin, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 06 aprel 2000-ci il tarixli, 333 nömrəli sərəncamı ilə iddiaçıya torpaq sahəsi ayrılmış və həmin ərazinin Abşeron rayonuna aid olması qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur.Yaranmasının məqsədi ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etməkdən ibarət olmuşdur.Rayon həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir. Göründüyü kimi iki şəhərinin kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə yaradılmış Abşeron rayonunun torpaqlarının əksər hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Buna dəlil olaraq DƏDRX-in 4 saylı Abşeron Ərzi idarəsinin iddiaçının qonşuları kimi göstərilmiş şəxslərin icarəsində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin qeydə alınması barədə çıxarışlarını göstərmək olar. Təqdim edilən torpaq sahələri ilə bağlı çıxarışlarda həmin torpaqların hamısı kənd təsərrüfat təyinatlıdırlar. Başqa sözlə desək Abşeron rayonun kənarlarında, yəni hal-hazırda Bakı şəhərinin inzibati ərazinin yaxınlığında yerləşən torpaq sahələri kənd təsərrüfat təyinatlıdırlar və həmin ərazilərdə olan yaşayış məntəqələri torpaqları 13 iyun 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Bakı şəhərinin inzibati ərazisinə qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin13 iyun 2008-ci il tarixli 2866 saylı “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Bakı şəhər və Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu, Suraxanı rayonlarının icra hakimiyyətlərinə tapşırılmıdır ki, bu Sərəncamın 1-ci bəndi ilə idarəçiliyə qaytarılan torpaq sahələrində yerləşən yaşayış məntəqələrinin qanunvericiliyə uyğun olaraq perspektiv inkişafı ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. İddiaçının qonşusu kimi göstərdiyi Nanə Şıxıyeva adlı şəxsə **********48 reyestr nömrəli çıxarışı DƏDRX-in 1 saylı Bakı Ərazisi tərəfindən verilib və həmin çıxarıda torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaqları kimi göstərilib. DƏDRX-in 4 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının qonşuluğu kimi göstərdiyi torpaqlar orto foto görüntüdə kənd təsərrüfatlı torpaq sahələri kimi göstərilmiş və iddiaçının sahibliyində olan torpaq sahəsində xeyli kənarda yerləşir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının istifadəsində mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq Bakı Şəhəri İnzibati ərazisinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iş üzrə əmlakın və ərazinin aid olduğu yerin məhkəməsi isə Bakı İnzibati Məhkəməsidir. Məhkəmə hesab edir ki, qanun bu normasının qeyd edilən əsaslarla müəyyən olunmasında qanunvericinin iradəsi, sübutların əldə edilməsi və yerində müayinə edilmə imkanları baxımından operativlik və məqsədəmüvafiqlik tələblərinə uyğunluğun əsas alınmasına yönəlmə kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş aidiyyətin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunan xüsusatlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 06 aprel 2000-ci il tarixli, 333 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi Zabrat-Maştağa şossesinin sağ kənarında 154 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 m2 torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-3130/2024 nömrəli inzibati iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar