Məhkəmə qərarları › İş №2-1(118)-3167/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3167/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3167/2022 28.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi ilə xx.xx.2013-cü il tarixdə cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək mülkiyyətində olan ümumi sahəsi 2,79 ha torpaq sahəsinin ədalətli dəyəri ödənilmədən, eyni zamanda onun razılığı olmadan cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən həmin torpaq sahəsi üzərində etdiyi hərəkətləri (inşa və quraşdırma işləri) və dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsində göstərdiyi hərəkətsizliyi qanunsuz hesab edilməklə bu cür hərəkət və hərəkətsizliyə son qoyulması, mülkiyyətində olan ümumi sahəsi 2,79 ha torpaq sahəsinin cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən alındığı və X1 inşa olunduğu üçün dəyən maddi ziyana görə 5.580.000 manat kompensasiyanın və 558.000 manat mənəvi ziyanın dövlət büdcəsi hesabına ödənilməsi, kompensasiyanın və mənəvi ziyanın ödənilməsi üçün vəsaitin sifariş edilməsi vəzifəsinin cavabdeh Gənclər və İdman Nazirliyinə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-233/2014 saylı, 02 may 2014-cü il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən alınması müqabilində kompensasiya olaraq 2.967.150.0 manat pulun dövlət büdcəsi hesabına İddiaçı1 ödənilməsi, kompensasiyanın ödənilməsi üçün sifariş verilməsinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-233/2014 saylı, 13 iyun 2014-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-233/2014 saylı, 02 may 2014-cü il tarixli qərarından vermiş olduğu apellyasiya şikayətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılması qərara alınmışdır. xx.xx.2014-cü il tarixində iddiaçı tərəfindən qərarda olan yalnışlıqların düzəldilməsi barədə ərizə təqdim edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-233/2014 saylı, 25 iyun 2014-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, qərarın nəticə hissəsində “İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən alınması müqabilində kompensasiya olaraq 2.967.150.0 manat pul dövlət büdcəsi hesabına İddiaçı1 ödənilsin” əvəzinə - “İddiaçı1 mülkiyyətində olan 2,79 ha torpaq sahəsinin X1 tikintisi ilə əlaqədar cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən dövlət ehtiyacları üçün alındığından dəymiş ziyana görə kompensasiya olaraq 2.967.150.0 manat Gənclər və İdman Nazirliyindən dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı1 ödənilsin” (ödənilməsi ilə) düzəldilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-233/2014 saylı, 02 may 2014-cü il tarixli qərarından xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1611/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-233/2014 saylı, 13 iyun 2014-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılmaması və apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməsi və geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1611/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 233/2014 saylı, 02 may 2014-cü il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, onun apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1611/2019 saylı, 04 iyul 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-233/2014 saylı, 02 may 2014-cü il tarixli qərarının və həmin qərara düzəliş edilməsi barədə 25 iyun 2014-cü il tarixli qərardadının ləğv edilməsi, işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2874/2019 saylı, 19 noyabr 2019cu il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 25 avqust 2020-ci il tarixli qərardadı ilə Abşeron Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) “maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərardadının ləğv olunmasını və işin yenidən inzibati məhkəməyə göndərilərək yenidən məhkəmə baxışına təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1101/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərardadından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2655/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddətin buraxılması üzrlü hesab olunaraq bərpa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2655/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8415/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara görə özünü səlahiyyətli saymır və hesab edir ki, işin aidiyyəti müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilməlidir. Belə ki, iddiaçının tələbi maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. Bakı İnzibati Məhkəməsi İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə və “Torpaqların dövlət ehtiyacları haqqında” Qanunun 1.1.2-ci, 19.1-ci, 19.2-ci, 19.3-cü, 23.1ci, 23.1.2-ci maddələrinə istinad edərək iddianın müvafiq daşınmaz əmlakın olduğu yerin inzibati məhkəməsində, yəni Sumqayıt İnzibati Məhkəməsində baxılmalı mövqeyinə gəlmişdir. Lakin məhkəmə bununla bağlı qeyd edir ki, hazırkı iddia İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən kompensasiyanın ödənilməsi tələbinə dair iddia növünə aiddir. 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Göründüyü kimi tələb əmlakla bağlı deyil, zayanla bağlı kompensasiya tələbidir. Bu halda hazırkı mübahisənin aidiyyətinin müəyyən olunmasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsi tətbiq edilə bilməz. Bu halda ümumi norma olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırki iş üzrə cavabdehlər Bakı şəhəri ərazisində yerləşdiyi üçün ərazi aidiyyətının müəyyən olunması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü və 2.2.7-ci maddələrinə əsasən Bakı İnzibati Məhkəməsinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. İnzibati orqanların yerləşdiyi yer Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına daxil deyildir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan əsasa görə hazırki mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılmamalı, mübahisəyə cavabdehlərin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırkı mübahisə 2013-cü ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində başlamış, iş yuxarı məhkəmələrin icraatında olmuş, aidiyyət mübahisələndirilməmişdir. Ona görə də iş, aidiyyətin müəyyən olunması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” barədə iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-3167/2022 saylı iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar