Məhkəmə qərarları › İş №2-1(118)-3181/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3181/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3181/2024 05.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: ünvanlı sosial yardımın ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. A/4 “Müvəqqəti qeydiyyat vəsiqəsi”ndən görünür ki, İddiaçı Göyçay şəhərində doğulmuş, olduğu yer üzrə qeydiyyata alındığı ünvan Saray qəsəbəsi, Yeni məhəllə olaraq qeyd edilmişdir. Həmin vəsiqə 30 dekabr 2014-cü il tarixdən 30 dekabr 2015-ci il tarixədək etibarlıdır.

2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(010)- 4216/2020 nömrəli qətnaməsi ilə X9 15 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 17 yanvar 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi qədər alimentin tutularaq X1 verilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Mühafizə Alayının 29 sentyabr 2021-ci il tarixli, 17/15-645 nömrəli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4216/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu X9 1 mart 2021-ci il tarixdən başlayaraq hər ay əmək haqqıdan 25%, yəni 161 (bir yüz altmış bir) manat 19 qəpik aliment tutularaq tələbkar İddiaçı Allahverdı qızının “Kapital Bank”ın Surxanı rayon filialındakı **********76382S9119 saylı kart hesabına köçürülür.

4. İddiaçı ödəniş kartı üzrə çıxarış.

5. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” bildirişdən görünür ki, İddiaçı 14 iyul 2016-cı il tarixli müraciətinə əsasən, sosial yardımın təyin olunmasından “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı pensiya məbləğində uyğunsuzluq, Ərizə-bəyannamədə 1.682,88 manat qeyd edilib, aidiyyəti qurumun informasiya sistemindən əldə edilən məlumata əsasən 6.366,76 manat olmalıdır” səbəbi ilə imtina edilmişdir.

6. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 7 noyabr 2019-cu il tarixli, 4217 nömrəli arayışından görünür ki, İddiaçı Saray qəsəbəsi, Q.B.Zakir küçəsi ünvanda qeydiyyatsız yaşayır. X2 və X14 onun övladlarıdır.

Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlər:

7. İş üzrə maddi-məişət şəraitinin yoxlanılması zamanı çəkilmiş videogörüntülər (CDdisk – 2 ədəd).

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 4 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-212341/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” bildirişdən görünür ki, İddiaçı 13 iyul 2023-cü il tarixli müraciətinə əsasən sosial yardımın təyin olunmasından “ailənin sosial yardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması” səbəbi ilə imtina edilmişdir. - 1 avqust, 16 avqust, 6 sentyabr, 21 sentyabr 2023-cü il tarixli “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat”.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

9. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ayrılan sosial müavinətin dayandırılmasını qanunsuz hesab edərək, ünvanlı sosial yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi işin hallarına (§1-6) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay şəhəri, H.B.Əliyev küçəsi 4-də qeydiyyatda olsa da, Abşeron rayonu, Saray qəsəbəsi, Q.B.Zakir küçəsi fərdi evdə 10 yaşlı oğlu ilə birgə yaşayır. Tənha anadır, heç yerdə işləmir, qazancı-gəliri yoxdur. Ailəsinin yeganə gəliri 17 sentyabr 2010-cu il təvəllüdlü X10 görə hər ay 170 manat alimentdir. Ona görə də qanunvericiliklə müəyyən edilmiş meyarları əsas tutaraq dəfələrlə cavabdehə rəsmi müraciətlər edərək, sosial müdafiə meyarlarına uyğun olaraq sosial müavinətin ödənilməsini xahiş etmişdir. Bir müddət ünvanlı sosial yardımı alsa da, son bir neçə aydır ki, kəsilmişdir. Bununla belə iddiaçıya imtina verilmişdir. Sonuncu müraciətinə rəsmi heç bir məlumat verilməmiş, eşitdiyinə görə 10-15 gün əvvəl iddiaçıya təkrarən imtina verilmişdir. Mövcud meyarlara uyğun olaraq iddiaçıya sosial müdafiə üçün məbləğ ödənilməlidir.

11. İddia tələbinin maddi hüquqi əsası kimi “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 1 oktyabr 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.1, 70.1, 73.1-ci maddələrinə istinad olunmuşdur.

12. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. Məhkəmənin 28 fevral 2024-cü il tarixli, 2-1(118)-3181/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “ünvanlı sosial yardımın ödənilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2024-cü il tarixli, 2-1(105)-521/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(118)-3181/2024 nömrəli qərardadı ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

15. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilərək, ayrılan sosial müavinətin dayandırılmasını qanunsuz hesab edərək, ünvanlı sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 3 dekabr 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.

16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

Cavabdehin məhkəmənin sərəncamına münasibətdə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazın dəlilləri:

17. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddiaçının iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 13 iyul 2023-cü il tarixdə **********10902 nömrəli ərizə ilə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana X17 və X22 (bundan sonra – “VEMTAS”) vasitəsilə müraciət etmiş, 1 iyul 2023-cü il tarixdən iddiaçıya ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində 31 oktyabr 2023-cü il tarixdən ünvanlı dövlət sosial yardımın ödənilməsi dayandırılmışdır. İş üzrə iddiaçının 13 iyul 2023-cü il tarixli **********10902 müraciətinə əsasən, ərizə bəyannamədə qeyd olunmuş məlumatların həqiqətə uyğunluğunun müəyyən edilməsi məqsədilə maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmişdir. 1 avqust 2023-cü il tarixli müayinənin nəticəsində aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Ünvan arayışla doğrudur. Nikah olmayıb. 2019-cu ildən ayrıldığı bildirildi. Forma 4 təqdim edildi. Aliment iddia edilməyib. Son 1 ildə 2-3 dəfə hər dəfə 20-50 azn maddi yardım edib. Müayinə zamanı qızı ünvanda idi. 2-3 gündür burada qaldıqları, 1 həftədən sonra gedəcəkləri bildirildi. Həyat yoldaşının lift ustası olduğu, yaxınlarda işi olduqda gəlib burada qaldıqları bildirildi”. Sözügedən müayinə zamanı ərizə bəyannamədə qeyd olunmayan əlavə şəxs aşkar olunmasına, nəticə etibarilə təqdim edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar edilməsinə baxmayaraq bu, məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilməmiş, ailə risk kateqoriyasına daxil edilmiş və sosial yardım təyin olunmuşdur. Daha sonra 16 avqust 2023-cü il tarixdə dövri monitorinq məqsədilə yenidən müayinə keçirilmiş və aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Dövri monitorinq məqsədilə ünvana gedildi. Ünvanda təmsilçinin nəvələri X12, X13 idi. Qızının və qızının həyat yoldaşının 1 həftədir gəldikləri, nə vaxt gedəcəklərinin məlum olmadığı bildirildi. Ünvanda olan kənar şəxslərin X6 və X7 idi. Əhmədli ərazisində yaşadıqları, 3 gündür gəldikləri, 2 günə gedəcəkləri bildirildi”. Daha sonra 6 sentyabr 2023-cü il tarixdə dövri monitorinq məqsədilə yenidən müayinə keçirilmiş və aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Dövri monitorinq məqsədilə ünvana gedildi. Ünvanda təmsilçinin bacısı Vəliyevə Zəhra xanım, təmsilçinin qızı və övladları, təmsilçinin həyat yoldaşının qardaşı vardı (Əliyev Atakişi) qonaq gəldikləri bildirildi’’. Daha sonra 21 sentyabr 2023-cü il tarixdə dövri yoxlama məqsədilə yenidən müayinə keçirilmiş və aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Dövri yoxlama məqsədilə ünvana gedildi. Təmsilçi və övladından əlavə ünvanda təmsilçinin qızı Şahid və 2 nəvəsi var idi. 20 gündür binada olduqları və 1 həftə-10 günə gedəcəyi bildirildi”. Sözügedən faktlar maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib olunmuş akt və çəkilmiş videogörüntülər əsasında təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən sosial yardımın təyin olunması üçün təqdim edilmiş “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlarda yoxlama zamanı uyğunsuzluq aşkar edilmiş, həmin məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən 31 oktyabr 2023-cü il tarixdə ünvanlı dövlət sosial yardım ödənişi dayandırılmışdır. Dayandırılma səbəbi kimi iddiaçının “ailə tərkibinin düzgün göstərilməməsi” olmuşdur. Belə ki, “Ərizə-bəyannamə”də qeyd olunan Bakı şəhəri, ünvan 5 ünvanında başqa şəxslər aşkar olunmuşdur (monitorinq aktları iş materiallarına əlavə olunmuşdur).

19. Etirazın maddi hüquqi əsası kimi “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5, 3, 6, 10.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na, “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimata istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

20. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, videoçəkiliş zamanı yaşadığı ünvanda olan digər şəxslərin (bacısı, qızı) kömək etmək üçün gəldiklərini, həmin ünvanda daimi yaşamadıqlarını bildirmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə əsaslanaraq, hər maddi-məişət şəraitinin müayinəsi və aparılmış videoçəkiliş zamanı həmin ünvanda digər şəxslərin olduğunu, onların barəsində anket məlumatlarının olmamasını bildirmiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

23. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq

27. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalrında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr

Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi

6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

Maddə 10. Sosial yardım almaq hüququna yenidən baxılması

10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

28. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın müvafiq müddəalrında aşağıdakılar nəzərdə tutulmuşdur:

2. Sosial yardımın alınması üçün müraciət edilməsi

2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. ...

3. Sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi

3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. ... 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;

4. Sosial yardımın verilməsi və verilməsinin dayandırılması ... 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.

29. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

30. Göründüyü kimi, ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur, ehtiyac meyarı dedikdə isə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Aztəminatlı ailə hesab edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının normaları ilə tənzimlənir.

31. İşin hallarından görünür ki, 1 iyul 2023-cü il tarixdən iddiaçıya ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində 31 oktyabr 2023-cü il tarixdən ünvanlı dövlət sosial yardımın ödənilməsi dayandırılmışdır. Bunun səbəbi iddiaçının “Ərizə-bəyannamə”də qeyd olunan ünvan 6 ünvanında iddiaçıdan başqa digər şəxslərin də aşkar olunması olmuşdur.

32. Qeyd edilən halın məhkəmə araşdırması zamanı, maddi məişət şəraitinin müayinəsi zamanı çəkilmiş videogörüntülərə (yaddaş kartında iş materiallarına əlavə edilmişdir) baxış keçirilmiş və həmin xüsusatlar (cavabdehin nümayəndələri tərəfindən maddi-məişət şəraitinin yoxlanılması zamanı mənzildə iddiaçı və oğlundan başqa digər şəxslər olmuşdur) təsdiqini tapmışdır.

33. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddiməişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatda qeyd olunur ki, müvafiq tapşırıq daxil olduğu halda müayinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” (bundan sonra - Qaydalar) ilə müəyyən edilmiş müraciətlərin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsistemi (bundan sonra - VEMTAS) tərəfindən araşdırılma müddəti ərzində həyata keçirilir. Bölmənin və ya Mərkəzin müvafiq vəzifəli şəxsinə VEMTAS tərəfindən Müayinənin həyata keçirilməsi ilə bağlı tapşırıq verildikdə, həmin tapşırıq daxil olduğu iş günü ərzində əməkdaşlara yönləndirilir. Əməkdaşlar birbaşa rəhbərləri ilə müayinənin vaxtını razılaşdırır və “Ərizə-bəyannamə”də qeyd olunan faktiki yaşayış ünvanına səfər edir. Əməkdaş mənzilə dəvət edildikdən sonra mənzildə olan şəxslərlə tanış olur və onların ailə ilə qohumluğunu və ya bağlılığını müəyyən edir.

34. Təlimatın 3.12.5-ci bəndinə əsasən, müayinə zamanı evdə “Ərizə-bəyannamə”də qeyd olunmayan əlavə şəxs aşkar olunarsa və ya başqa şəxsin yaşadığı müəyyən edilərsə, həmin şəxsin ailə ilə birgə yaşamadığı israr edilərsə, bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilmir və ailə risk kateqoriyasına daxil edilir. Bundan sonra aidiyyəti Bölmə və ya Mərkəz tərəfindən rübdə 3 dəfə audio-video-foto qeydiyyat aparılmaqla Monitorinqlər aparılır və həmin şəxs ailədə müəyyən edilərsə bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilir.

35. Təlimata əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar olunduğu üçün sosial müavinətin ödənilməsi dayandırılmışdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2-1(102)-442/2021 saylı qərarında qeyd edilən əsasları nəzərə alan məhkəmə bildirir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

37. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddiaçının “ünvanlı sosial yardımın ödənilməsinin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

38. Şərh edilənlərə və İPM-in 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın ödənilməsinin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar