Məhkəmə qərarları › İş №2-1(118)-3186/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3186/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3186/2022 02.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanda yerləşən 0,25 ha torpaq sahəsinə dair Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarının qismən, ona ayrılmış 0.06 ha torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanda yerləşən 0,25 ha torpaq sahəsinə dair Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarının qismən, ona ayrılmış 0.06 ha torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinədair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən sahəsi 0,25 ha olan torpaq sahəsi atası X2 məxsus olmuşdur. 1980-ci ildə atasıın ərizəsi əsasında Saray üzümçülük sovxozunun xx.xx.1980-ci il tarixli 113 saylı əmri ilə atasına məxsus 0,25 ha torpaq sahəsinin 0,06 ha torpaq sahəsi ev tikmək üçün ona verilmişdir. Abşeron rayon XDS İK-nin xx.xx.1981-ci il tarixli 36 saylı əmri qərarı ilə ona ev tikmək üçün ayrılmış 0,06 ha torpaq sahəsində ev tikməyə icazə verilməsi barədə saray qəsəbə ÖDS İK-nin xx.xx.1980-ci il tarixli 13 saylı qərarı təsdiq edilmişdir. Həmin 0.06 ha torpaq sahəsində o fərdi yaşayış evi tikmiş və həmin evin 1987-ci il tarixdə Abşeron rayon TİB-da 46 saylı inventar nömrəsi ilə qeydiyyata alınaraq həmin evə dair texniki pasport və 18A ünvanı verilmişdir. 2020-ci ildə fərdi yaşayış evinin və yerləşdiyi 0,06 ha torpaq sahəsinin mülkiyyət hüququ ilə qeydiyyata alınıb çıxarış verilməsi üçün 4 saylı Abşeron ərazi İdarəsinə müraciət etmiş və ona cavab məktubunda bildirildi ki, fərdi yaşayış evimin yerləşdiyi torpaq sahəsinə AR DTXK tərəfindən anası və digər ailə üzvlərimizin adına Şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməni əldə etdikdən sonra ona məlum oldu ki, Aqrar islahat Komissiyası islahat zamanı sənədləri araşdırmadan, torpaq sahəsində onun və qardaşı tərəfdən evlər tikilməsinə və torpaqların bölünməsinə baxmayaraq atasının adına olan köhnə sənədlərə əsasən bütün 0,25 ha torpaq sahəsinə anası və qardaşı X4 (cəmi 5 nəfər) adına qərar qəbul etmiş və bunun da əsasında DTXK torpağa dair şəhadətnamə vermişdir.İslahat Komissiyasının bu qərarını əsassız hesab etdiyi üçün həmin İslahat Komissiyası ləğv edildiyini nəzərə alaraq Cavabdehnə istinad edilən qərarın qismən, ona aid olan 0,06 ha hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İH cavab məktubunda ərizənin təmin edilməsindən imtina etmiş, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi Cavabdehnə qarşı yönəldilə bilməz, çünki “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli Fərmanının 7.1-ci bəndinə əsasən “X7 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı ləğv edilmişdir. Həmin Fərmanda yerli icra hakimiyyətlərinin ləğv olunmuş X1 hüquqi varisi olması barədə qeyd yoxdur. Ona görə də iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki iddia tələbinə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı Cavabdehnə qarşı ünvan 1 ünvanda yerləşən 0,25 ha torpaq sahəsinə dair Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarının qismən, ona ayrılmış 0.06 ha torpaq sahəsi hissəsində ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli X1 çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Abşeron rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir və iddia tələbini Cavabdehnə yönəltmişdir. Lakin hazırkı işdə iddiaçının mübahisələndirdiyi qərar Cavabdeh tərəfindən deyil, Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmişdir. Həmçinin Cavabdeh Abşeron rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Bundan başqa o da nəzərə alınmalıdır ki, X2 və onun ailə üzvlərinə Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 saylı qərarı ilə 0,25 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinə verlən JN-339A seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən deyil Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilib. Hətta iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşdirmə ərizəsi verilərək, hazırkı iddia tələbi üzrə cavabdeh qismində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi göstərilsə belə hazırkı iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün olmayacaqdı. Belə ki, JN-339A seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilməsinə baxmayaraq həmin şəhadətnamənin verilməsi üçün əsas Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 saylı qərarı olmuşdur və həmin 16 saylı qərar ləğv edilmədən JN-339A seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi mümkün deyil. Belə olan halda Cavabdeh mübahisələndirilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən qəbul edilməmiş bir qərarla bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanda yerləşən 0,25 ha torpaq sahəsinə dair Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarının qismən, ona ayrılmış 0.06 ha torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanda yerləşən 0,25 ha torpaq sahəsinə dair Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarının qismən, ona ayrılmış 0.06 ha torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar