Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3210/2025 30.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə (Açar sözlər: mənzillə təmin olunma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “yaşayış məqsədilə mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək yaşayış məqsədilə mənzillə təmin edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, anası X19 İslam Respublikasının vədəndaşı Məhəmmməd Rezai ilə ailə quraraq orada yaşamışdır. 2008-ci ilin may ayında anası X19 İslam Respublikasından onu və qardaşını götürərək Azərbaycana qayıtmışdır. Astara rayonunda babasına məxsus olan evə müvəqqəti yerləşərək anası ilə birlikdə qısa müddət orada yaşamışdır. 2008-ci ilin oktyabr ayında anası vəfat etmişdir. Anasının vəfatından sonra bir müddət onlara xalası baxsa da, sonradan kimsə onlara sahib çıxmamışdır. Bundan sonra Dövlət Miqrasiya xidmətnə təhvil verilmişdirlər. 1 mart 2010-cu il tarixində Bakı şəhərində yerləşən 1 nömrəli xüsusi ümumtəhsil internat məktəbindən Lənkəran şəhər Osman Mirzəyev adına X22 evinə Təhsil Nazirliyinin De-İnustutlaşma və uşaqların müdafiəsi idarəsinin əməkdaşları tərəfindən təhvil verilmişdirlər. İddiaçı qardaşından 2 yaş böyük olsa da hər ikisi həmin məktəbin 4-cü sinfinə qəbul edilmişdir. 2013-cü ildə Dövlət Miqrasiya xidmətinin toplanmış sənədləri əsasında və Lənkəran şəhər Polis Şöbəsinin köməkliyi ilə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşlığı verilmişdir. 16 yaşına qədər Lənkəran şəhər Osman Mirzəyev adına X22 evində orta təhsil almışdır. Uşaq evinin nizamnaməsində 16 yaşına qədər uşaqların yaşamaq imkanı olduğu üçün Pedoqoji şuranın qərarı və Uşaq evinin xx.xx.2013- cü il tarixli 26 saylı əmri ilə uşaq evinin kontingent və təminat siyahısından çıxarılmışdır. Bundan sonra Astarada yaşayan xalasının evinə müvəqqəti yerləşdirilmişdir. 2014 - cü ildə Astara rayonu C.Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbdə orta təhsilini davam etdirmək məcburiyyətində qalmışdır. 2016-cı ildə ev növbəsinə qeydiyyata alınmaq məqsədi ilə lazımı sənədləri toplayaraq təhsil Nazirliyinə və Sosyal Xidmətlər Agentliyinə təqdim etmişdir. Agentliyində işləyən Vüqar Behbidov adlı şəxs ona bildirmişdir ki, hazırda evlər doludur, sən qısa müddət gözləməlisən ki, biz səni binalarda tikilən mənzillərin birinə yerləşdirək. İddiaçı bir neçə il müddətində Sosial Xidmətlər Agentliyində işləyən Vüqar Behbidovun yanına gedib-gəlməli olmuşdur. 2018-ci ildə qardaşı orta məktəbi bitirib hərbi xidmətə getmişdir. Oradan qayıdan kimi 2019-cu ilin sonuna yaxın qardaşına yeni tikilən binalarda ev verilsə də iddiaçıya müxtəlif bəhanələr gətirilərək evin verilməsi yenidən uzadılmışdır. İddiaçıya Agentlikdən Vüqar müəllim təkrar olaraq söz vermişdir ki, hələlik qardaşınla birlikdə yaşa, yaşadığınız binanın arxasında yeni tikinti aparılır, tamamlanan kimi sənə oradan yaşayış mənzili ilə təmin edəcəyik. Bundan sonra qardaşı ilə bir neçə il yaşayaraq Vüqar müəllimin onu yeni tikilən binaya köçürəcəyinə ümid edərək, gözləmək məcburiyyətində qalmışdır. 2022-ci ildə ona bildirilmişdir ki., yeni qanun qəbul edilmişdir, həmin qanuna görə yaşayış evi 2021-ci ildə prezidentin verdiyi sərəncama əsasən valideyin himayəsindən məhrum olunmuş şəxslərə mənzil verilməsi üçün onların 8-ci sinfi uşaq evlərində bitirməsi zərurini yaratmışdır. Bundan sonra on bu əsası gətirərək mənzilin verilməsindən şifahi şəkildə imtina etdilər. bu dəfə tərəfiNdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edilərək mənzillə təmin olunmağı xahiş edilsə də xx.xx.2024 tarixli məktubla Lənkəran şəhər Osman Mirzəyev adına X22 evinin 8-ci sinifdə təhsil aldığım müddətdə uşaq evinin kontingent və təminat siyahısından çıxarıldığım əsas gətirilməklə mənzil şəraitimin yaxşılaşdırılmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin müraciətiNdən imtina etməsi əsassızdır və mənzil verilməsi barədə qeydiyyata alınma öhdəliyi onların üzərinə qoyulmalıdır. Belə ki, yuxarıda ərizəsində də qeyd etdiyi kimi 16 yaşa çatdıqdan sonra uşaq evindən könüllü və öz istəyi ilə deyil məcburi şəkildə uşaq evinin xx.xx.2013-cü il tarixli 26 saylı əmri ilə uşaq evinin kontingent və təminat siyahısından çıxarılmışdır. Onu da qeyd edir ki, məktəbdən çıxarıldığı zaman yaşı 16 olsa da 6-cı sinifdə oxuyurdu. O zaman məktəbdən heç bir halda çıxmaq istəməsə də oradan çıxmağının qanunla məcburi olduğu deyilmişdir. Eyni zamanda 2016-cı ildən başlayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Sosial Xidmətlər Agentliyində mənzil növbəsinə götürülmüşdür. 2021- ci ci ildə qəbul edilmiş normativ aktın iddiaçıya şamil olunması tamamilə əsassızdır. Belə ki, həm Konstitusiyaya, həm də Normativ aktlar haqqında qanuna görə qanunun şəxsə münasibətdə vəziyyətini pisləşdirdiyi halda geriyə qüvvəsi mümkün deyildir. Hazırda kirayələrdə çox çətin vəziyyətdə yaşayır. Qanunla haqqı olan mənzili kimlərinsə bürokratik əngəlləri nəticəsində əldə edə bilmir. Hesab edir ki, bu qanunsuzluğa məhkəmə qaydasında münasibət bildirilməli və hüququ bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin 31 mart 2022-ci il tarixli 10-54/1-363 nömrəli məktubuna əsasən, İddiaçı 01 mart 2010-cu il tarixdə Bakı şəhərində yerləşən 1 nömrəli xüsusi ümumtəhsil internat məktəbindən Lənkəran şəhər Osman Mirzəyev adına X22 evinə köçürülmüş və 14 sentyabr 2013-cü il tarixli 26 nömrəli əmrlə 8-ci sinifdə təhsil aldığı müddətdə uşaq evinin təminat siyahısından çıxarılmışdır. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, imtinanı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Lənkəran şəhər İcra Hakimiyyəti O.Mirzəyev adına X22 Evinin xx.xx.2021-ci il tarixli 148 saylı arayışında qeyd edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı 01 mart 2010-cu il tarixində Bakı şəhərində yerləşən 1№ li xüsusi ümumtəhsil internat məktəbindən Lənkəran şəhər O.Mirzəyev adına X22 evinə Təhsil Nazirliyinin De-İnstitutlaşma və uşaqların müdafiəsi idarəsinin əməkdaşları tərəfindən İddiaçı uşaq evinə təhvil verilmişdir (təhvil-təslim aktı var). İddiaçı İran-İslam Respublikasında anadan olmuşdur. 2013-cü ildə Dövlət Miqrasiya Xidmətinin toplanmış sənədləri əsasında və Lənkəran şəhər Polis İdarəsinin qeydiyyat şöbəsinin köməkliyi ilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmuşdur (Afsanə və qardaşı Əli). İddiaçı anası X10 vəfat edib. X20 haqqında məlumatları yoxdur. İddiaçı Vİİİ-ci sinfi Lənkəran şəhər 5 nömrəli orta məktəbində bitirmişdir. Uşaq evinin “Nizamnaməsi”ndə 16 yaşa qədər uşaqların yaşamaq imkanı olduğunu uşaq evinin sabiq direktoru əsas götürərək Pedaqoji şuranın qərarı və uşaq evinin daxili əmri ilə xx.xx.2013-cü il tarixli 26 saylı əmrlə uşaq evinin kontingent və təminat siyahısından çıxarılmış, Astarada yaşayan xalası evinə Afsana müvəqqəti yerləşmiş, İXsinfi Astara rayonunda davam etmişdir. Ümumi orta təhsil haqqında A №398876 saylı şəhadətnamədən görünür ki, İddiaçı 2014-cü ildə C.Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbdə ümumi orta təhsili bitirmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 №li tam orta internat məktəbinin 23 aprel 2018-ci il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixində məktəbin 4-cü sinifinə qəbul olmuş, xx.xx.2010cu il tarixində həmin məktəbin 5-ci sinifindən azad edilmişdir. Astara rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 09 saylı Sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində Astara rayonu Suparibağ kəndində qeydiyyatda duran xx xxxxxxxx 1996-cı il təvəllüdlü X2 adı rayon icra hakimiyyətində mənzil növbəsinə dayanan imtiyazlı şəxslərin növbəlilik siyahısına daxil edilmişdir. 20 avqust 2019-cu il tarixli 03/75 saylı yaşayış sahəsindən əvəzsiz istifadə müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ünvan 1 ünvanında yerləşən fondun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Məzun Evi Sosial Müəssisəsinin 95 №li mənzildə yerləşən 1 otaqlı, təmirli , tam əşyalı yaşayış sahəsini X11 əvəzsiz olaraq yaşamaq üçün bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. AZ-İ 485090 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Astara rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X12 ilə X5 arasında nikah pozulmuşdur. Lənkəran şəhər O.Mirzəyev adına 5 saylı uşaq evi Sosial Xidmət Müəssisəsinin 09 aprel 2025-ci il tarixli 07 saylı məktubunda qeyd edilmişdir ki, İran İslam Respublikasında anadan olmuş, xx xxxxxxxx 1996-cı il təvəllüdlü İddiaçı 01 mart 2010-cu ildə Təhsil Nazirliyinin İ-2588/07-24 nömrəli qərarı ilə Lənkəran şəhər O.Mirzəyev adına X22 evinə verilmişdir. İddiaçı müəssisədə yaşadığı müddətdə, 2013-cü ildə Lənkəran şəhər 5 saylı tam orta məktəbin Vİİİ sinfini bitirmişdir. İddiaçı xalası X4 ərizəsinə əsasən (ərizədə İddiaçı yaşını nəzərə alaraq daimi olaraq aparmaq istədiyi qeyd olunub) Pedaqoji Şuranın 14 sentyabr 2013-cü il tarixli 26 saylı əmrinə əsasən uşaq evinin kontingent siyahısından çıxarılaraq xalaya təhvil verilmişdir. İddiaçı 2014-cü ildə təhsilin ümumi orta səviyyəsini, İX sinfi Astara şəhər 3 saylı tam orta məktəbdə bitirərək məzun olmuşdur. İddiaçı uşaq evinin kontingent siyahısından çıxarılan zaman, yaşayış evi ilə təmin olunması ilə bağlı həmin dövrdə müəssisə tərəfindən Lənkəran şəhər İcra Hakimiyyətinə müraciət olunmamışdır. O.Mirzəyev adına Lənkəran şəhər X22 evi pedaqoji şurasının növbədənkənar 11 saylı xx.xx.2013-cü il tarixli protokolundan çıxarışa əsasən Lənkəran şəhəri uşaq evinin pedaqoji şurasının xx.xx.2013-cü il tarixli 26 saylı əmrinə əsasən X6 uşaq evinin yemək və təminat siyahısından çıxarılması qərara alınmışdır. İddiaçının mənzillə təmin edilmə barədə Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəsi, ərizəyə əlavə edilmiş sənədlər iş materiallarına əlavə edilmişdir. Astara rayon İcra hakimiyyətinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı himayəyə götürülməsi ilə bağlı müraciət daxil olmamışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı yaşayış məqsədilə mənzillə təmin edilmək istəyir. Cavabdeh isə qeyd edir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin 31 mart 2022-ci il tarixli 10-54/1-363 nömrəli məktubuna əsasən, İddiaçı 01 mart 2010-cu il tarixdə Bakı şəhərində yerləşən 1 nömrəli xüsusi ümumtəhsil internat məktəbindən Lənkəran şəhər Osman Mirzəyev adına X22 evinə köçürülmüş və 14 sentyabr 2013-cü il tarixli 26 nömrəli əmrlə 8-ci sinifdə təhsil aldığı müddətdə uşaq evinin təminat siyahısından çıxarılmışdır. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncama əsasən: Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021 -ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Sərəncamın tələbinə görə iddiaçının mənzillə təmin edilə bilməsi üçün 2020-ci il ərzində uçota götürülmüş olması, təhsil müəssisəsindən məzun olması tələb olunur. Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı qüvvəyə minənədək yaşayış sahəsi ilə təmin olunmaq üçün müvafiq orqana xx.xx.2018-ci il tarixində müraciəti olduğu üçün iddiaçıya münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəndəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 90 saylı Qərarı tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 90 saylı Qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi yaradılsın.
2. uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində istismarına icazə verilmiş, dövlət sosial təyinatlı mənzil fonduna aid olan çoxmənzilli yaşayış binası, binaya aid bütün infrastruktur qurğu və avadanlıqlar "xxxx" Sosial Müəssisəsinin balansına, onun yerləşdiyi torpaq sahəsi isə istifadəsinə verilsin. İddiaçının “məzun” olmadan təhsil müəssisəsindən ayrılmasına münasibətdə məhkəmə qeyd edir ki, 16 yaşı tamam olduğu üçün O.Mirzəyev adına Lənkəran şəhər X22 evi pedaqoji şurasının növbədənkənar 11 saylı xx.xx.2013-cü il tarixli protokolundan çıxarışa əsasən Lənkəran şəhəri uşaq evinin pedaqoji şurasının xx.xx.2013-cü il tarixli 26 saylı əmrinə əsasən X6 uşaq evinin yemək və təminat siyahısından çıxarılması qərara alınmışdır. X7 C.Babayev adına Astara şəhəri 3 saylı tam orta məktəbi bitirməsi barədə ümumi orta təhsil haqqında A №398876 saylı, xx.xx.2014-cü il tarixli şəhadətnamə verilmişdir. Lakin işin hallarından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının yanında “Qəyyumluq və Himayə” Komissiyasına İddiaçı himayəyə götürülməsi ilə bağlı müraciət daxil olmamışdır. Belə ki, iddiaçı xalasının himayəsində olmamış, təhsil müəssisəsindən ayrıldıqdan sonra nikaha daxil olmuş, xx.xx.2014-cü il tarixdə övladı dünyaya gəlmişdir. İddiaçının Məzun Evi Sosial Müəssisəsinin məzunu olmamasına münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, uşaq evinin “Nizamnaməsi”ndə 16 yaşa qədər uşaqların yaşamaq imkanı olduğunu uşaq evinin sabiq direktoru əsas götürərək Pedaqoji şuranın qərarı və uşaq evinin daxili əmri ilə xx.xx.2013-cü il tarixli 26 saylı əmrlə uşaq evinin kontingent və təminat siyahısından çıxarılmış, Astarada yaşayan xalası evinə Afsana müvəqqəti yerləşmiş, İX-sinfi Astara rayonunda davam etmişdir. İddiaçının 16 yaşı tamam olduğu üçün daxili nizamnamə ilə onun təhsilini davam etdirməsi imkanı olmamışdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçı üzərində icra hakimiyyəti tərəfindən himayəçilik təyin edilməmiş, yəni faktiki olaraq xalasına təhvil verilsə də xalası tərəfindən himayəyə götürülmədiyindən valideyn himayəsindən məhrum olmuş uşaq statusunu saxlamışdır. Məhkəmə hazırki vəziyyətdə hüquq normasının formal “məzmun” deyil, “mahiyyət” baxımından tətbiq edilməli olduğunu qeyd edir. Belə ki, valideyn himayəsindən məhrum uşaqlarla bağlı münasibətləri tənzim edən hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 90 saylı Qərarının mahiyyəti qeyd edilən kateqoriyadan olan şəxslərin sosial təminatının və müdafiəsinin həyata keçirilməsi ilə bağlıdır. Hazırki vəziyyətdə isə iddiaçının öz iradəsindən asılı olmadan məzun olmaq imkanından məhrum edilməsi onun sosial təminat sahəsində qeyd edilən təminatlardan da məhrum edilməsi ilə nəticələnəcəkdir. Bundan əlavə 20 avqust 2019-cu il tarixli 03/75 saylı yaşayış sahəsindən əvəzsiz istifadə müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ünvan 1 ünvanında yerləşən fondun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Məzun Evi Sosial Müəssisəsinin 95 №li mənzildə yerləşən 1 otaqlı, təmirli, tam əşyalı yaşayış sahəsini X11 əvəzsiz olaraq yaşamaq üçün bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçının qardaşının mənzillə təmin edilməsi halında iddiaçının mənzillə təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı yaşayış məqsədilə mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova