Məhkəmə qərarları › İş №2-1(118)-3211/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3211/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3211/2025 26.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işlətdiyi sərfiyyata görə **********000253 kodunun onun adına keçməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işlətdiyi sərfiyyata görə **********000253 kodunun onun adına keçməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Sumqayıt şəhəri, Sumqayıtçay yaşayış massivinin 1 saylı məhəlləsində fərdi evdə 2 övladı ilə yaşayır.Ailədə işləyən yalnız nənəsidir, aztəminatlı övladları təhsillərini davam etdirirlər. Uşaqlarının atası X1 xx.xx.2021 tarixli Ağsu rayon məhkəməsinin iş-2(0-16)-564-2021 saylı qətnaməsi üzrə boşandıqdan sonra, hətta aliment ödəməyərək , harada yaşaması ilə bağlı məlumatı yoxdur. Hazırkı vaxtda uşaqları ilə həmin ünvanda yaşayır, kommunal xərclərə görə su və qaz onun adına sənədləşdirilmişdir. Xərcləri özü qarşılayır, lakin elektrik enerjisi üzrə işlətdiyi sərfiyyata görə məbləği o ödəsə də işıq kodu (**********000253) keçmiş həyat yoldaşının adında qalmaqdadır.Həyat yoldaşının 2021-ci ildən hazırki vaxta qədər onlarla yaşamaması barədə istər qonşularla tərtib olunmuş aktdan, istərsə də 1 saylı Bələdiyyə ərazisindən aldığı arayışa əsasən onun yaşamaması öz təsdiqini tapir. Qeyd olunanlara əsaslanaraq işıq kodunun işlətdiyi sərfiyyata görə o ödədiyi üçün onun adına sənədləşdirilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat iddia tələbinə qarşı yazılı münasibət bildirməmişdir.Lakin, məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümükün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçı cavabdehin üzərinə faktiki olaraq iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, Sumqayıtçay yaşayış massivinin 1 saylı məhəlləsində yerləşən fərdi yaşayış evinə dair elektrik enerjisindən istifadəyə görə müqavilənin onunla bağlanması və abunə kodunun onun adına dəyişdirilməsi öhdəliyinin qoyulmasını istəyir.Lakin iddiaçının cavabdeh qismində qoyduğu "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. Digər tərəfdən, cavabdeh təbii inhisar subyektidir. Belə ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1.3-cü bəndinə əsasən, elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrindən birinə aiddir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. (13-cü bənd) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır.Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülki hüquq sahəsindəki fəaliyyəti ilə bağlıdır. Məhkəmə qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli qərarında təbii inhisar subyektləri ilə bağlı mübahisələrə hansı hallarda inzibati icraat qaydasında baxılmalı olması müəyyənləşdirilmişdir. Həmin qərarın nəticəsi olaraq qeyd olunmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında İnzibati məhkəmələr tərəfindən baxılır. Bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən, birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün işə inzibati qaydada baxılması mümkün deyildir. Göründüyü kimi, mübahisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn bir mübahisə deyildir. Mübahisə cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar yox, eletrik enerjisinin satışı ilə bağlı mülki hüquq münasibətləri ilə əlaqəlidir ki, iddiaçının tələbi müqavilə öhdəliklərinin onunla davam etdirilməsinə, abunə kodunun onun adına dəyişdirilməsinə yönəlmişdir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-237/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(102)-257/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarlarında qeyd edilmişdir. Yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar.Belə ki, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranır və fərdi (xüsusi) xarakter daşıyır. İddia tələbi üzrə tərəflər mülki hüququn bərabər hüquqlu subyektləri olduğu üçün mübahisəyə də aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Predmet üzrə aidiyyətə görə isə yalnız inzibati mübahisəyə və onunla bağlı əmlak tələblərinə inzibati icraat qaydasında baxıla bilər və bu halda icraat üzrə rəhbər qaydaların, yəni prosessual prinsiplərin müəyyən edilməsi də İnzibati Prosessual Məcəllənin tənzimləmə predmeti sırasına daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işlətdiyi sərfiyyata görə **********000253 kodunun onun adına keçməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar