Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3320/2022 12.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt Regional "ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “onların 19 avqust 2019-cu il tarixdə doğulmuş oğulları X1 “Sadıqov”dan “İsmixanlı” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar, onların 19 avqust 2019-cu il tarixdə doğulmuş oğulları X1 “Sadıqov”dan “İsmixanlı” soyadına dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 09 sentyabr 2022-ci il tarixli, 05/Q-117-15 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən soyadın dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Uşağın yetkinlik yaşına çatmaması səbəbilə müraciət təmin edilməmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 05/Q-117/15 saylı, 09 sentyabr 2022-ci il tarixli məktubu ilə 19 avqust 2019-cu il tarixdə doğulmuş X1 “Sadıqov”dan “İsmixanlı” soyadına dəyişdirilməsinə dair ərizəni təmin etməkdən imtina etmişdir. Uşağının mənafeyini, onun istəyini nəzərə alaraq iddiaçı onun soyadını dəyişmək istəyir. Cavabdehin iddiaçıların müraciətindən imtina etməsi qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 59.1-ci maddəsinə görə valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onlan məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanm üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqamn hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçılar hazırki tələblə inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddia öhdəliyin icrası iddiasıdır və iddianı mümkünsüz edən əsaslar müəyyən olunmur. İddianın mahiyyəti baxımından isə məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçılar onların 19 avqust 2019-cu il tarixdə doğulmuş oğulları X1 “Sadıqov”dan “İsmixanlı” soyadına dəyişdirilməsini istəyir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin məcəllənin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, № 297 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göründüyü kimi qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın uşağın soyadını başqa bir soyada dəyişdirməsi kimi bir səlahiyyəti yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Eyni zamanda iddiaçılara izah olunsun ki, uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edildiyinə görə, valdeyinlər soyadını dəyişdirərək istədikləri nəticəni əldə edə bilərlər. Bu eyni zamanda uşağın mənafeyinə də uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3320/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3320/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver