Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-335/2025 20.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İş materiallara əlavə edilmiş sənədlər:
1. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” İddiaçı göndərilmiş 113c33453ed94baaa44ae10203f655ca bildirşdən görünür ki, 10 iyun 2022-ci il tarixli, **********27001 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından “Ünvanlı, dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə əsasən, ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfra bərabər olduğu üçün, bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir” səbəbi ilə imtina edilmişdir.
2. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” İddiaçı göndərilmiş d4f0314a15564ce5b5b90dd6f2a7fb5c nömrəli bildirişdən görünür ki, 22 iyun 2022-ci il tarixli, **********7002 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından “abonent kodu barədə məlumatın gizlədilməsi, ümumi istifadəli sayğacın aşkar edilməsi” səbəbi ilə imtina edilmişdir.
3. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” İddiaçı göndərilmiş 9c1f55fd4fbe44499df3c09594b4d8e5 nömrəli bildirşdən görünür ki, 20 iyul 2022-ci il tarixli, **********7003 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından “maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmadı” səbəbi ilə imtina edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 may 2024-cü il tarixli, 3-17-1/2-Q- 116569/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, X1 Sistemində (www.e-gov.az) və ya Nazirliyin “e-sosial” (www.e-sosial.az) internet portalında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidməti vasitəsi ilə sosial yardımın alınması ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə edilmiş müraciətlər VEMTAS tərəfindən araşdırılır və qəbul edilmiş müvafiq qərarlar barədə məlumat “Ərizə-bəyannamə”də qeyd olunmuş əks-əlaqə vasitəsinə göndərilir. Nəzərinə çatdırılmışdır ki, ailəsinin ünvanlı dövlət sosial yardımını almaq hüququnun müəyyən olunması ilə bağlı 1 yanvar 2019-cu il tarixdən 1 iyul 2022-ci il tarixədək VEMTAS-a müraciəti olmamışdır. Qeyd edilir ki, VEMTAS-a daxil edilən **********86902 nömrəli müraciəti əsasında, VEMTAS tərəfindən ailəsinə 1 oktyabr 2023-cü il tarixdən 1 oktyabr 2024-cü il tarixədək aylıq 635,56 manat məbləğində sosial yardım təyin edilmiş və müraciətində qeyd edilən əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ
5. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına qarşı cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin olunması (hesablanması, verilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının verilməsi (hesablanması) 1 yanvar 2019-cu il tarixdən hazırkı məhkəmənin qəbul edəcəyi qərarın qanuni qüvvəyə minəcəyi tarix olmaqla hesablanması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına qarşı cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin olunması, hesablanması, verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının verilməsi (hesablanması) 1 yanvar 2019-cu il tarixdən 1 oktyabr 2023-cü il tarixə qədər olmaqla hesablanması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 16 dekabr 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
7. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2-1(118)-622/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “ünvanlı dövlət sosial yardımın verilməsi” tələbinə dair iddiası mümkün hesab edilməmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-464/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2-1(118)- 622/2023 nömrəli qərardadı ləğv edilərək, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri
11. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçının cavabdehə qarşı “iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına dair cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial 1 yanvar 2019-cu il tarixdən 2022-ci il tarixədək ödənilməsi” hissəsində mümkünsüz hesab edilməsinə dair qərardad, iddia tələbinin “ünvanlı dövlət sosial yardımın 2022-ci il tarixdən 1 oktyabr 2023-cü il tarixədək olan dövr üzrə ödənilməsi”nə dair hissəsində isə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddiaçının tələbini “iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına dair cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial 1 yanvar 2019-cu il tarixdən 2022-ci il tarixədək ödənilməsi” hissəsində mümkünsüz hesab edilməsini, “ünvanlı dövlət sosial yardımın 2022-ci il tarixdən 1 oktyabr 2023-cü il tarixədək olan dövr üzrə ödənilməsi”nə dair hissəsində isə təmin edilməməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
15. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
16. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
17. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
18. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
20. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
21. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
22. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
23. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
24. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
25. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
26. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
27. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
28. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd)
31. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş etirazının “iddia tələbinin bir hissəsinin mümkünsüz hesab edilməsi”nə dair dəlili ilə razılaşaraq bildirir ki, İddiaçının iddia tələbinin “ünvanlı dövlət sosial yardımın 1 yanvar 2019-cu il tarixdən 2022-ci il tarixədək olan dövr üzrə ödənilməsi” hissəsinə Mərkəzi Filialın 8 avqust 2024-cü il tarixli, 3-17-1/2187684/2024 nömrəli ərizəsi ilə münasibət bildirilmişdir. Belə ki, iddiaçıya ünvanlı dövlət sosial yardımı ödənişi məhkəmə qərarı əsasında 1 sentyabr 2017-ci il – 1 sentyabr 2019-cu il tarixlərdə həyata keçirilmiş, həmçinin iddiaçının 2019-2021-ci illərdə ailəni təmsil odən şəxs qismində ünvanlı dövlət sosial yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı cavabdehə müraciəti daxil olmamışdır. Bu səbəblə də iddia tələbinin iddiaçıya “ünvanlı dövlət sosial yardımın 1 yanvar 2019-cu il tarixdən təyin edilməsi”na dair hissəsi mümkün hesab edilməməlidir.
32. Məhkəmə prosesində iştirak etmiş iddiaçının nümayəndəsi də “ünvanlı dövlət sosial yardımın 1 yanvar 2019-cu il tarixdən 2022-ci il tarixədək olan dövr üzrə ödənilməsi” ilə bağlı cavabdeh orqana müraciət edilmədiyini, həmin dövrdə məhkəmə araşdırılması aparıldığından, qeyd edilən illərin də nəzərə alınacağını güman etdiklərini bildirmişdir.
33. Göründüyü kimi, iddiaçının qeyd edilən illər üzrə cavabdeh orqana müraciət etmədiyi işin mübahisəsiz halıdır. Bu səbəbdən həmin illər üzrə iddia mümkün sayılmamalıdır.
34. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
35. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına qarşı cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin olunması, hesablanması, verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının verilməsi (hesablanması) 1 yanvar 2019-cu il tarixdən 1 oktyabr 2023-cü il tarixə qədər olmaqla hesablanması barədə qərarın qəbul edilməsi” tələbi “cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın 1 yanvar 2019-cu il tarixdən 2022-ci il tarixədək ödənilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova