Məhkəmə qərarları › İş №2-1(118)-356/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-356/2021

12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-356/2021 12.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, X6, zona 6 ünvanında yerləşən, uzun illər istifadəsində olan 0.0915 ha torpaq sahəsinin bilavasitə ona satılması öhdəliyinin Abşeron rayonu Xırdalan Bələdiyyəsinin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, X6, zona 6 ünvanında yerləşən, uzun illər istifadəsində olan 0.0915 ha torpaq sahəsinin bilavasitə ona satılması üçün cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, Xırdalan şəhəri, X6ndə yerləşən 0,0915 ha torpaq sahəsinin iddiaçıya satılması məqsədəuyğun hesab edilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayonu Xırdalan Bələdiyyəsinə iddiaçının istifadəsində olan Xırdalan şəhəri X6, zona 6 ünvanında yerləşən 0.0915 ha torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi barədə yazılı müraciət etmişdir. Xırdalan bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixli 416 saylı məktubuna əsasən uzun illər iddiaçının istifadəsində olan Xırdalan şəhəri, X6ndə yerləşən 0.0915 ha torpaq sahəsinin iddiaçıya satılması məqsədə uyğun olmadığı bildirilmişdir. Lakin heç bir əsas göstərilməmiş, imtina məktubu əsaslandırılmamışdır. İddiaçı qeyd edir ki, sözügedən ərazidə, yəni X6, zona 6 ünvanında 2006-cı ildən yaşayır. Həmin ərazidə iddiaçıya məxsus fərdi yaşayış evi mövcuddur. Buna baxmayaraq iddiaçının istifadə etdiyi qaz, su, kanalizasiya xərclərini, o cümlədən Xırdalan Bələdiyyəsinə torpaq, əmlak vergisini vaxtında ödəyir. İddiaçı hesab edir ki, uzun illər istifadəsində olan 0,0915 ha torpaq sahəsi Xırdalan Bələdiyyəsi tərəfindən ona qərəzli olaraq satılmır. Xırdalan Bələdiyyəsinin hərəkətsizliyi qanunla qorunan hüquqlarını pozur, o cüçlədən inzibati orqanın hərəkətsizliyi qeyri-qanunidir. Bununla bağlı məhkəməyə müraciət etmək zərurətində olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (inzibati məhkəmə icraatında) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən isitfadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia ) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri özəlləşdirilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliklər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə, müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddaçı İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, X6 ünvanında yerləşən 0,0915 ha torpaq sahəsinin ona satılması barədə xx.xx.2020-ci il tarixdə ərizə ilə Xırdalan Bələdiyyəsinə müraciət etmişdir. Xırdalan Bələdiyyəsinin əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçirilən zaman sözügedən torpaq sahəsində fərdi yaşayış evinin olması, o cümlədən həmin torpaq sahəsinə dair əmlak vergisi İddiaçı tərəfindən ödənildiyi müəyyən edilmiş, lakin həmin torpaq sahəsi iddiaçının istifadəsində olmasına baxmayaraq sözügedən torpaq sahəsinə dair hərhansı alğı-satqı, bələdiyyə aktının mövcudluğu aşkar olunmamışdır. Cavabdeh bildirir ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Cavabdeh kimi Xırdalan Bələdiyyəsi İddiaçı iddiasını düzgün hesab etmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, iddia ərizəsinə etirazı müdafiyə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, X6, zona 6 ünvanında yerləşən 0.0915 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, X6, zona 6 ünvanında yerləşən, uzun illər istifadəsində olan 0.0915 ha torpaq sahəsinin bilavasitə ona satılması üçün cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş, Xırdalan şəhəri, X6ndə yerləşən 0,0915 ha torpaq sahəsinin iddiaçıya satılması məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsi qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələbləri aşağıdakı müəyyən edir. 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsində fərdi yaşayış evi mövcuddur, o cümlədən həmin torpaq sahəsinə dair əmlak vergisi İddiaçı tərəfindən ödənilir, lakin həmin torpaq sahəsi iddiaçının istifadəsində olmasına baxmayaraq sözügedən torpaq sahəsinə və ya onun müəyyən hissəsinə dair hərhansı hüquqmüəyyənedici sənədin mövcudluğu aşkar olunmamışdır. Məhkəmə araşdırması zamanı bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarını açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsini istisna edəcək hal hazırkı işdə müəyyən olunmamışdır. Ona görədə məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib hesab edir. Mübahisələndirilən torpaq sahəsində fərdi yaşayış evinin mövcudluğu, həmin evdə iddiaçının uşqaları ilə birgə yaşaması və həmin torpaq sahəsinə dair əmlak vergisinin İddiaçı tərəfindən ödənilməsi tərəflər arasında mübahisə olunmur. Məhkəmə hesab edir ki, torpaq sahəsinin açıq torpaq hərracları və ya müsabiqələri keçirilməmədən satılması istisna edilsədə, həmin torpaq alqı-satqı predmeti olduğu halda, torpaq sahəsinin açıq torpaq hərracları və ya müsabiqələri keçirilməsi vasitəsi ilə əldə edilməsinə hər hansı bir maniyə yoxdur. İddiaçıya izah edisin ki, bununla bağlı cavabdehə müvafiq müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı olmuşdur və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar