Məhkəmə qərarları › İş №2-1(118)-370/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-370/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-370/2022 10.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayon Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 02/06- 8 saylı qərarının ləğv edilməsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinin ona qarşı tətbiq etdikləri 7% cərimənin Xırdalan Bələdiyyəsinin üzərinə qoyulmasına, cavabdeh Xırdalan Bələdiyyəsinin ona vurduğu maddi, fiziki və mənəvi zərərə görə 50000 manat təzminat ödənilməsinə” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı iddia qaldıraraq “Abşeron rayon Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli 02/06- 8 saylı qərarının ləğv edilməsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinin ona qarşı tətbiq etdikləri 7% cərimənin Xırdalan Bələdiyyəsinin üzərinə qoyulmasına, cavabdeh Xırdalan Bələdiyyəsinin ona vurduğu maddi, fiziki və mənəvi zərərə görə 50000 manat təzminat ödənilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən ümumi sahəsi 2172.0 kv.metr olan torpaq sahəsi 2010-cu ildən iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsinin üzərində tikilən sahəsi 0.1382 (ha) olan anbara dair 03.09.2010-cu il tarixdə iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qediyyat nömrəsi ilə qeydə alınan, MA seriyalı, ******* saylı çıxarış verilmişdir. Çıxarışda dövlət mülkiyyəti olan 1374.75 kv.metr torpaq sahəsi də iddiaçının istifadəsində olduğunu göstərir. Həmin torpaq sahəsini 15 iyul 2021-ci il tarixli, 627 saylı, "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqaviləyə əsasən Abşeron rayonu. Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən əmlak kompleksinin 2172.0 kv.metr torpaq sahəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən icarəyə götürmüşdür. Həmin torpaq sahəsinə görə iddiaçı, qeyd olunan müqavilənin 3-cü bəndinə əsasən, hər cari ay 330 (üç yüz otuz) manat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X3 idarəsindəki hesabına ödəyir. Belə ki, cavabdeh təşkilat tam qanunsuz olaraq iddiaçıdan xəbərsiz, istifadəsində olan, hər ay dövlət vergisini ödədiyi torpaq sahəsinə dair 30 mart 2021-ci il tarixli 02/06-8 saylı qərarı ilə iddiaçıdan torpaq və əmlak vergisi tələb etmiş, bununla bağlı Abşeron rayon İcra və probasiya şöbəsindən mülkiyyətində olan əmlakına həbs qoyulmasını tələb etmişdir. Belə ki, həmin qərarda göstərilən “Bələdiyyələrin vergi xidməti orqanı haqqında ƏSASNAMƏ” sinin 5.3. bəndində göstərilir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onıın müavininə), surəti isə ödəyiciyə təqdim edilir. ” 5.4. bəndində isə “Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. ” Bunula bağlı, yəni, iddiaçının cavabdeh tərəfindən tərtib edilmiş akt və ya hər hansı sənədlə tanış olmağı, hər hansı məktub almağı barədə məhkəməyə və ya icra məmuruna sənəd, möhtəbər sübut və ya dəlil cavabdeh tərəfindən təqdim edilməmişdir. Qeyd olunan torpaq sahəsi Bələdiyyənin deyil dövlət tərəfindən iddiaçıya icarəyə verildiyindən, iddiaçı bütün ödənişləri yalnız dövlət hesabına ödəməlidir. Yaranmış borcun yaranma mənbəyi açıq aşkar şəkildə nə iddiaçıya, nədə ki icra şöbəsinə təqdim edilməmişdir. Cavabdeh tərəfin iddiaçıya qarşı istinad etdiyi “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 8.1.1, 206.1,208.6-cı maddələri də tam əsassızdır. Belə ki, Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanununun 10- cu “Torpaqların icarəyə verilməsinin ümumi qaydaları” maddəsində göstərilir ki, “Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyə verənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. ” Digər dövlət torpaqlarının icarəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və müvafiq qanunvericiliyi ilə tənzimlənir. Dövlət torpaqları icarəyə verilərkən, onların hüquqi statusu, rejimi, məqsədli təyinatı nəzərə almır, istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və digər qanunvericilik aktları ilə tənzimlənir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli 8(012)-478/2021 saylı ’’əmlakın üzərinə həbs qoyulması” və 16.07.2021-ci il tarixli, 8(012)-490/2021 saylı “borclunun məcburi gətirilməsi” haqqında tələbləri məhkəmə qərardadları ilə rədd edilmişdir. Cavabdeh tərəfin Abşeron rayon icra və probasiya şöbəsinə müraciət etmələri və həmin “İcra və Probasiya şöbəsinin” qanunsuz və əsassız əməlləri nəticəsində iddiaçı güclü sarsıntı keçirmiş və sonda “COVİD-19” xəstəliyinə yoluxmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd etmişdir ki, iddiaçi Əhmədov X4 Bələdiyyəsinə qarşı “Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 30 mart 2021-ci il tarixli, 02/06-8 nömrəli qərarının ləğv edilməsinə, Abşeron rayonu İcra və Probasiya şöbəsinin ona tədbiq etdiyi 7% cərimənin Xırdalan Bələdiyyəsinin üzərinə qoyulmasına, cavabdehin ona vurduğu maddi, fiziki və mənəvi zərərə görə 50.000 manat təzminat ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 2172 kv.m torpaq sahəsinin 2010-cu il tarixdən onun istifadəsində olduğunu bildirmişdir. İddiaçı sözügedən 1374,75 ha torpaq sahəsinin üzərində tikilən 0,1382 ha torpaq sahəsini əhatə edən anbar binasının 03.09.20210-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alındığını və MA seriyalı ******* nömrəli çıxarışın verildiyini qeyd etmişdir. İddiaçı çıxarışda dövlət mülkiyyəti olan 1374,75 kv.m torpaq sahəsi də onun istifadəsində olduğunu qeyd etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsini 15 iyul 2021-ci il tarixli, 627 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən əmlak kompleksinin 2172,0 kv.m torpaq sahəsini Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən icarəyə götürmüşdür. Həmin torpaq sahəsinə görə o, qeyd olunan müqavilənin 3-cü bəndinə əsasən hər cari ay 330 manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X3 idarəsindəki hesab nömrəsinə ödəyir. Belə ki, cavabdeh təşkilat tam qanunsuz olaraq ondan xəbərsiz, istifadəsində olan, hər ay dövlət vergisini ödədiyi torpaq sahəsinə dair 30 mart 2021-ci il tarixli, 02/06-08 nömrəli qərarı ilə ondan torpaq və əmlak vergisi tələb etmiş, bununla bağlı Abşeron rayon İcra və Probasiya şöbəsindən mülkiyyətində olan əmlakına həbs qoyulmasını tələb etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfin Abşeron rayon İcra və Probasiya şöbəsinnə müraciət etməsi və həmin “İcra və Probasiya şöbəsi”nin qanunsuz və əsassız əməlləri nəticəsində o, güclü sarsıntı keçirmiş və sonda “Covid-19” pandemiyasına yoluxmuşdur. Lakin iddiaçının “Covid-19” pandemiyasına yoluxması cümləsinə cavab olaraq bildirirlər ki, “Covid-19” pandemiyası yolxucu qüvvəyə malik olduğu üçün o, sarsıntı nəticəsində deyil, infeksiya nəticəsində yoluxucu təsirə malikdir. Ona görə də iddiaçı iddiasını dəqiqləşdirməli, daha adekvat arqumentlərdən istifadə etməlidir. Bu cür gülünc arqumentlərin məhkəmə perespektivi demək olar ki, sıfıra bərabərdir. Məhkəmələrin iş yükünün həddindən artıq çox olması nəzərə alınsa, bu cür iddialar sadəcə vaxt itkisidir. İddiaçının boş və əsassız iddiası məhkəmə tərəfindən rədd edilməlidir. Əlavə olaraq iddiaçının Abşeron rayonu Xırdalan Bələdiyyəsinin vergi tələbinə dair etirazını nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinə rəsmi sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 23 iyun 2021-ci il tarixli, **********444500 nömrəli cavab məktubunda dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin torpaq vergisindən azad olası və həmin torpaq sahələri icarəyə verilən zaman icarəyəverən dövlət orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən şəxslər dövlətdən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə torpaq vergisi ödəməli olduqları qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və ə-züyeriyən təkərli texnika,- su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədi sayılır. İddiaçının Xırdalan Bələdiyyəsinin qərarını inzibati qanunvericiliyin pozulması kimi qeyd etməsinə aydınlıq olaraq bir daha bildirirlər ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 81.5-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 87-ci maddəsində də bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilməsinin qeyd edilməsi bir daha göstərir ki, iddiaçının iddia ərizəsində göstərdiyi arqumentlər qeyri-düzgün, o cümlədən anlaşılmazdır. Yuxarıda sadalanan hüquq normalarından aydın olur ki, iddiaçının iddiası heç bir hüquqi əhəmiyyət kəsb etmir. Cavabdeh kimi X1 Nazim Saleh oğlunun iddiasını əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Beləki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən umumi sahəsi 1374.75 kv.metr olan əmlak kompleksi iddiaçının mülkiyyətindədir və həmin əmlak kompleksi 03.09.2010-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qediyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və iddiaçıya MA seriyalı, ******* saylı çıxarış verilmişdir. Eyni zamanda həmin əmlak kompleksinin yerləşdiyi ümumi sahəsi 2172.0 kv.metr olan torpaq sahəsi 2010-cu ildən iddiaçının istifadəsində olmuş və həmin torpaq sahəsi dövlət torpaqlarına aid olduğu üçün iddiaçı həmin torpaq sahəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən icarəyə götürmüşdür. Cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsi həmin əmlak və torpaq sahəsi ilə bağlı vergi hesablamış və icraya yönəltmişdir. İddiaçı hesablanmış vergi ilə razı deyil və qeyd edir ki, torpaq sahəsi Bələdiyyə tərəfindən deyil, dövlət tərəfindən iddiaçıya icarəyə verildiyindən, o torpaqla bağlı vergi ödəməmlidir, ödənişlər olsa belə, iddiaçı bütün ödənişləri yalnız dövlət büdcəsinə ödəməlidir. Məhkəmə iclasındada iddiaçıya hüquqi yardım edilmiş, mübahisənin məhkəmədənkənar həlli tərəflərə təkilif edilmişdir. Lakin iddiaçı torpaq sahəsinin dövlət torpağı olması və icarə haqqı ödədiyinə görə bələdiyyənin torpaq vergisi almaq səlahiyyəti olmadığını bildirmiş, bununla bağlı əmlak komitəsinə müraciət etdiyini bildirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçıya ünvanladığı 25 fevral 2022-ci il tarixli, **********15 saylı məktubunda qeyd edilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, 97-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqdan istifadə pulludu və torpaq haqqı vergi və icarə haqqı formalarında müəyyən edilir.Müraciətdə qeyd edilən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında iddiaçının mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** nömrəli, 03.09.2010-cu il tarixli çıxarışına əsasən dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinə dair iddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında 15.07.2021-ci il tarixli, 627 nömrəli icarə müqaviləsi bağlanılmışdır və bu müqavilə üzrə icarə haqqı dövlət büdcəsinə müqavilədə göstərilən hesaba köçürülməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 205-ci maddəsinə uyğun olaraq icarə əsasında istifadə edilən torpaq sahələrinə dair torpaq vergisi ödənilməlidir. İddiaçı hər bir halda hesab edir ki, icarəyə götürülmüş dövlət torpağına görə vergi verməməlidir, bələdiyyə bununla bağlı vergi tələb edə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vergilərin alınması əsaslarını müəyyən edən orqan olmasada, iddiaçıya düzgün olaraq izah etmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 205-ci maddəsinə uyğun olaraq icarə əsasında istifadə edilən torpaq sahələrinə dair torpaq vergisi ödənilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, vergilərin yaranma əsasları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə və əlaqəli digər normativ sənədlərlə müəyyən edilir. Vergi Məcəlləsi Maddə 203. Torpaq vergisi 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Maddə 204. Verginin ödəyiciləri

204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; Göründüyü qanunvericiliyə əsasən fiziki şəxslər torpaq vergisini bələdiyyələrə ödəməlidirlər. Eyni əsaslar “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilədə tənzimlənmişdir. Həmin qanunun 3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və ə-züyeriyən təkərli texnika,- su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Yuxarıda qeyd edilən tənzimləyici hüquq normalarından göründüyü kimi Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Fizıki şəxslər torpaq vergisini torpağın mülkiyyətcisindən asılı olmayaraq bələdiyyələrə ödəməlidirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisidə bələdiyyələrə ödənilməlidir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə cavabdeh olan Xrdalan bələdiyyəsinə iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən umumi sahəsi 1374.75 kv.metr olan əmlak kompleksi ilə bağlı əmlak vergisi və icarəsində olan 2172.0 kv.metr olan torpaq sahəsi ilə bağlı isə torpaq vergisi hesablamaq səlahiyyəti verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədi sayılır. Yuxarıda qeyd edilənlər əsas götürülərtək Abşeron rayon Xırdalan Bələdiyyəsinin 02/06-8 saylı, 30.03.2021-ci il tarixli Qərarına əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı əmlak və torpaq vergisi üzrə 2159.03 manat vergi borcu öhdəlikləri icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının vergi öhdəlikləri qanunvericilikdən irəli gələn öhdəliklərdir və cavabdeh inzibati orqan qanunvericiliklə ona verilmiş səlahiyyətlərdən istifadə edərək, əsaslı olaraq iddiaçıya vergi hesablamış və onu icraya yönəltmişdir. İddiaçı eyni zamanda Abşeron rayon İcra və Probasiya şöbəsinin ona qarşı tətbiq etdikləri 7% cərimənin Xırdalan Bələdiyyəsinin üzərinə qoyulmasını, cavabdeh Xırdalan Bələdiyyəsinin ona vurduğu maddi, fiziki və mənəvi zərərə görə 50000 manat təzminat ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi inzibati akt əsalı olduğuna görə, iddiaçının digər tələblərinində hüquqi əsası mövcud deyil. Yuxarıda qeyd edilənlərə nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyə zidd olmadığı üçün iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar