Məhkəmə qərarları › İş №2-1(118)-370/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-370/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-370/2024 26.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinə qarşı “İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” İddiaçı ASC tərəfindən idxal edilmiş avadanlığa görə hesabından tutulmuş 46270.08 manat ƏDV və 6292,70 manat dəbbə pulu, ümumilikdə 52562,81 manat vəsaitin İddiaçı ASC-yə geri qaytarılması üçün qərar qəbul edilməsi və müvafiq rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə qarşı iddia qaldıraraq “xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” İddiaçı ASC tərəfindən idxal edilmiş avadanlığa görə hesablanmış əlavə dəyər vergisi üzrə 46270.02 AZN, dəbbə pulu üzrə 14436.26 AZN olmaqla, ümumilikdə 60706.34 AZN gömrük borcunun ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən xx.xx.2022-ci il tarixli, 22/01- PL-AB-Aİ nömrəli alqı-satqı müqaviləsi əsasında Türkiyənin “X7 Sanayi” firmasından alınan “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” avadanlığın idxalını həyata keçirmişdir. Qeyd olunan avadanlığa Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısına uyğun olaraq xx.xx.2022-ci il tarixində 92440 manat kredit və 102820 manat güzəşt vəsaiti ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi 17 yanvar 2023-cü il tarixli məktubu ilə tərəflərindən idxal edilmiş avadanlığın Dövlət Gömrük Komitəsi X4 İdarəsi tərəfindən verilmiş rəyə əsasən XİF MN görə ********** alt yarımmövqeyində sinifləşdirilməli olduğu göstərilməklə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi və “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 121 nömrəli Qərarının ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli 430 nömrəli qərara istinad edərək XİF MN kodunun göstərilən siyahıda əks olunmadığı əsas gətirilmiş və İddiaçı ASC-nin bəyannamə üzrə 46270.08 AZN vəsaitin Şimal Ərazi Baş Gömrük İdarəsinin ƏDV hesabına ödənilməli olduğu bildirmişdir. Həmin məktub tərəflərindən cavablandıraraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 430 nömrəli qərarına istinad edərək əvvəlki dövr üçün əlavə dəyər vergisinin hesablanmasının qanuna uyğun hesab etmədiyini cavabdeh tərəfin diqqətinə çatdırmışdırlar və hesablanmış borcun ləğv edilməsini xahiş etmişdirlər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Bundan sonra Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən 19 yanvar 2023-cü il tarixli gömrük borcunun ödənilməsinə dair 01 № bildiriş ilə ƏDV üzrə 46270.02 AZN, dəbbə pulu üzrə 14436.26 AZN olmaqla, ümumilikdə, 60706.34 AZN borcun büdcəyə ödənilməsi tələb olunmuşdur. X6 Komitəsi X4 İdarəsi tərəfindən verilmiş rəyə əsasən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” avadanlığının XİF MN görə ********** alt yarımmövqeyində sinifləşdirilməli olduğunu doğru hesab etmirlər. Belə ki, həmin avadanlıq XİF MN görə ********** alt yarımmövqeyində sinifləşdirilməli idi. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək “İddiaçı ASC tərəfindən xx.xx.2022ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” İddiaçı ASC tərəfindən idxal edilmiş avadanlığa görə hesabımızdan tutulmuş 46270.08 manat ƏDV və 6292,70 manat dəbbə pulu, ümumilikdə 52562,81 manat vəsaitin İddiaçı ASC-yə geri qaytarılması üçün qərar qəbul edilməsi və müvafiq rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Sərəncamı ilə 46270.08 manat ƏDV və 6292,70 manat dəbbə pulu, ümumilikdə 52562,81 manat vəsait İddiaçı ASC-nin Kapital bankdakı hesabından İdarənin büdcə hesabına mədaxil edilmişdir. Eyni zamanda İddiaçı ASC 19 iyul 2023-cü il tarixli məktubla Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə müraciət edərək İddiaçı ASC-dən tutulmuş 46270.08 manat ƏDV və 6292,70 manat dəbbə pulu, ümumilikdə 52562,81 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə yuxarıda qeyd edilən vəsaitin köçürülməsinin qanuni əsaslarla olduğu qeyd edilmiş və qaytarılmasından imtina edilmişdir. İdxal olunan mallar lizinq müqaviləsinin obyekti olduğundan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.25 maddəsinə (Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: - lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı) uyğun olaraq ƏDV-dən azad edilməli idi. Həmçinin iş məhkəmənin icraatında olarkən Şimal Ərazi Baş Gömrük İdarəsinin adı dəyişdirilərək Xaçmaz Gömrük İdarəsi olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə içə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin X3 QSC şirkəti ilə imzaladığı xx.xx.2020-ci il tarixli AUC-BR-007 saylı müqaviləyə əsasən alınan avadanlığın gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi təqdim edilmişdir. İddiaçı ASC xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən xx.xx.2022-ci il tarixli, 22/01-PL-AB-Aİ nömrəli alqı-satqı müqaviləsi əsasında Türkiyənin “X7 Sanayi” firmasından alınan “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” avadanlığın idxalını həyata keçirmişdir. Qeyd olunan avadanlığa Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Prior Leasing ASC vasitəsilə borcalan X8 MMC-nin ümumi alış dəyəri 282500 manat olan 1 ədəd findığın təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi avadanlığının alışı ilə əlaqədar müvafiq qaydalara və Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısına uyğun olaraq xx.xx.2022-ci il tarixində 92440 manat kredit və 102820 manat güzəşt vəsaiti ayrılmışdır. Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən 19 aprel 2022-ci il tarixli, KTA-KTT-22/7655 daxili maliyyə lizingi müqaviləsinə əsasən, lizing verən- Prior Leasing ASC, lizing alan-X8 MMC tərəfindən seçilmiş Qusar rayon, Nəcəfkənd kənd ərazisində quraşdırılan kənd təsərrüfatı təyinatlı avadanlığını öz mülkiyyətinə əldə etməyi, lizing obyekti qismində lizing alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizing alan isə lizing obyektini lizing müqaviləsinin şərtləri əsasında lizingə qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı hesab edir ki, həmin avadanlıq XİF MN görə ********** alt yarımmövqeyində sinifləşdirilməli idi.( ********** - yumurtaların, meyvənin və ya başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar) Cavabdeh tərəfindən isə idxal edilmiş avadanlıq Dövlət Gömrük Komitəsi X4 İdarəsi tərəfindən verilmiş rəyə əsasən XİF MN görə ********** alt yarımmövqeyi üzrə sinifləşdirilmişdir. ( ********** - meyvənin, qoz-fındığın və ya tərəvəzin emalı üçün avadanlıq) Cavabdeh orqan tərəfindən 17 yanvar 2023-cü il tarixli, 1700-012/0xx-xx/000211 nömrəli məktub ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunan “Fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq (sökülmüş formada)” adlı mallar üzrə yaranan gömrük borcu barədə məlumat verilmişdir; 19 yanvar 2023-cü il tarixli, 1700-012/0xx-xx/000274 qeydiyyat nömrəli “gömrük borcunun ödənilməsinə dair” 01 nömrəli bildiriş ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunan “Fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq (sökülmüş formada)” adlı mallar üzrə yaranan gömrük borcu barədə (əlavə dəyər vergisi üzrə - 46270,08 AZN; dəbbə pulu üzrə - 14436,23 AZN) xəbərdarlıq edilmişdir; 09 mart 2023-cü il tarixli müşayiət məktubu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialına İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunan mallar üzrə yaranmış gömrük borcunun (əlavə dəyər vergisi üzrə - 46270,08 AZN; dəbbə pulu üzrə - 6292,73 AZN) Şimal Ərazi Baş Gömrük İdarəsinin büdcə hesabına mədaxil edilməsi ilə əlaqədar hesabda vəsaitlərin dondurulması barədə xx.xx.2023-cü il tarixli sərəncam göndərilmişdir; 30 may 2023-cü il tarixli müşayiət məktubu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialına İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunan mallar üzrə yaranmış gömrük borcunun (əlavə dəyər vergisi üzrə - 46270,08 AZN; dəbbə pulu üzrə - 6292,73 AZN) Şimal Ərazi Baş Gömrük İdarəsinin büdcə hesabına mədaxil edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli sərəncam göndərilmişdir; xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunan mallar üzrə yaranmış gömrük borcunun (əlavə dəyər vergisi üzrə - 46270,08 AZN; dəbbə pulu üzrə - 6292,73 AZN) dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir. Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə yuxarıda qeyd edilən vəsaitin köçürülməsinin qanuni əsaslarla olduğu qeyd edilmiş və qaytarılmasından imtina edilmişdir. Hazırda İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” İddiaçı ASC tərəfindən idxal edilmiş avadanlığa görə hesabından tutulmuş 46270.08 manat ƏDV və 6292,70 manat dəbbə pulu, ümumilikdə 52562,81 manat vəsaitin İddiaçı ASC-yə geri qaytarılması üçün qərar qəbul edilməsi və müvafiq rəyin verilməsini istəyir. İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.25 maddəsinə istinad edərək hesab edir ki, idxal olunan mallar lizinq müqaviləsinin obyekti olduğundan ƏDVdən azad edilməli idi. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 747-1.4. Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. 747-1.5. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər. Maddə 747-2. Lizinqin obyekti Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Maddə 747-3. Lizinqin formaları 747-3.1. Lizinqin bu Məcəllə ilə tənzimlənən əsas formalarına daxili və beynəlxalq lizinq aiddir. 747-3.2. Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. 747-3.3. Beynəlxalq lizinq həyata keçirildikdə lizinq verən, yaxud lizinq alan (və ya onların hər ikisi) Azərbaycan Respublikasının qeyri-rezidentləridir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən: Maddə 224. Gömrük ödənişləri 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır:[44] 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. 224.6. Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir. Maddə 247. Dəbbə pulu 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 247.5. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. Maddə 266. Ümumi müddəalar 266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 266.3. Şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər. Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. 267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır. Maddə 268. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişlərinin qaytarılması 268.1. Sərbəst dövriyyəyə buraxılmazdan əvvəl xarab olmuş mallar qüsurlu hesab edilir. 268.2. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişləri, həmin mallar istifadə olunmadıqda (malların qüsurlu olmasının müəyyən edilməsi üçün zəruri olan istifadə istisna olmaqla) və gömrük ərazisindən aparıldıqdan sonra qaytarılır. 268.3. Gömrük orqanları şəxsin müraciəti əsasında qüsurlu malların gömrük ərazisindən aparılması əvəzinə onların daxildə emal (məhv edilmə daxil olmaqla), beynəlxalq tranzit, gömrük anbarlarında saxlanc və ya sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilməsinə icazə verirlər. Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Maddə 271. Gömrük borcunun ləğvi 271.1. Borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi vasitəsilə də ləğv edilir: 271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi; 271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi; 271.1.3. idxal və ya ixrac gömrük rüsumları və vergiləri ödənilməli olan malların qanunla nəzərdə tutulmuş hallarda və qaydada müsadirəsi; 271.1.4. idxal və ya ixrac gömrük rüsumları və vergilər ödənilməli olan malların gömrük nəzarəti altında məhvi, yaxud şəxsin onlardan dövlətin xeyrinə imtina etməsi; 271.1.5. malların fors-major hallar nəticəsində bərpaedilməz şəkildə itirilməsi və ya məhv olması. 271.2. Gömrük borcunun ödənilməsinə dair bir neçə şəxsin öhdəliyi olduqda, gömrük borcu, yalnız onu ödəməkdən azad edilən şəxsə (şəxslərə) münasibətdə ləğv edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: Maddə 164. Vergi ödəməkdən azad edilmə 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: ......... 164.1.25. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı; “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydalarına əsasən: 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 2.2. Gömrük Məcəlləsinin 231-ci və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının həyata keçirdiyi əməliyyatlar üçün ödənilmiş haqqın və gömrük yığımlarının məbləğləri hesablanarkən səhvə yol verildikdə, onlar bu Qaydalara uyğun olaraq Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) hesabına köçürülən vəsaitdən geri qaytarılır.

4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2. Ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN göstərilməlidir. 5.3. Qaytarılmalı olan gömrük ödənişlərinin yaranma səbəblərini ərizə ilə müəyyən etmək mümkün olmadıqda, onların qaytarılmalı olduğunun təsdiqi üçün şəxs aşağıdakı sənədləri gömrük orqanına təqdim edə bilər: 5.3.1. gömrük ödənişlərinin hesablanması və alınması üçün əsas olan, həmçinin alınmasını təsdiq edən sənədlər (bəyannamə, qəbzlər və s.); 5.3.2. gömrük ödənişlərinin səhv nəticəsində artıq ödənilməsini və ya malın qüsurlu olmasını sübut edən sənədlər (malın qiymətini təsdiq edən sənəd, müşayiət sənədləri, müqavilə, müvafiq normativ sənədlər, malın texniki pasportu və s.). 5.4. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə bu Qaydaların 5.1-ci bəndində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır.

6. Gömrük ödənişlərinin qaytarılması üzrə gömrük orqanının hərəkətləri 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.4. Gömrük ödənişlərinin qaytarılması üçün müəyyən edilmiş 1 (bir) ay müddət gömrük orqanı tərəfindən onların qaytarılması barədə qərar verildiyi gündən vəsaitin dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. 6.5. Şəxsin müraciəti olduqda, gömrük ödənişlərini tətbiq edən gömrük orqanı qaytarılmalı olan gömrük ödənişlərini onun və ya onun göstərdiyi digər şəxsin gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edir. 6.6. Şəxsin gömrük ödənişləri üzrə borcu mövcud olduğu halda, qaytarılmalı olan gömrük ödənişləri və ya onların bir hissəsi (qaytarılmalı olan gömrük ödənişlərinin məbləği borcun məbləğindən çox olduqda) gömrük orqanı tərəfindən borcun ödənilməsinə yönəldilir. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. 6.9. Gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir. 6.10. Komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 (üç) iş günü müddətində maliyyə orqanına müraciət edir.

7. Gömrük ödənişlərinin qaytarılması üzrə maliyyə orqanının hərəkətləri 7.1. Maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir. 7.2. Gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir. 7.3. Gömrük rüsumları qaytarılarkən, dövlət büdcəsinin mədaxili faktiki qaytarılmış məbləğ qədər azaldılır. 7.4. Gömrük yığımları və haqq qaytarılarkən, Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitin mədaxili faktiki qaytarılmış məbləğ qədər azaldılır. 7.5. Maliyyə orqanı gömrük ödənişlərinin qaytarılması barədə 5 (beş) iş günü müddətində gömrük orqanına məlumat verir. İş materiallarından görsənir ki, cavabdeh inibati orqan tərəfindən iddiaçıdan ƏDV tələb edilmədən avadanlığın idxalı baş tutmuş, lakin sonradan əlavə hesablamalar aparılmış və iddiaçıdan tələb edilmişdir. Lakin bu icraata iddiaçının və maraqlı şəxslərin cəlb edilməsi və zəruri icraatın aparılması müəyyən edilmir. “İnzibati icraat haqqında” Qanuna əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Lakin cavabdeh orqan zəruri inzibati icraat aparmadan “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıdan mübahisələndirilən məbləği malların gömrük rəsmiləşdirilməsi zamanı deyil, sonradan zəruri inzibati icraat aparmadan tutması hüquqi müəyyənlik prinsipinə ziddiyət təşkil edir və etimad hüuqunun pozulması kimi qiyməyləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” İddiaçı ASC tərəfindən idxal edilmiş avadanlığa görə hesabından tutulmuş 46270.08 manat ƏDV və 6292,70 manat dəbbə pulu, ümumilikdə 52562,81 manat vəsaitin İddiaçı ASC-yə geri qaytarılması üçün qərar qəbul edilməsi və müvafiq rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinə həvalə edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” İddiaçı ASC tərəfindən idxal edilmiş avadanlığa görə hesabından tutulmuş 46270.08 manat ƏDV və 6292,70 manat dəbbə pulu, ümumilikdə 52562,81 manat vəsaitin İddiaçı ASC-yə geri qaytarılması üçün qərar qəbul edilməsi və müvafiq rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar