Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3983/2025 19.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: ictimai birliyin dövlət qeydiyyatına alınması) GİRİŞ HİSSƏ X1-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Ədliyyə Nazirliyinin 30 avqust 2024-cü il tarixli imtinasının qanunusz hesab edilməsi və ictimai birliyinin qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə 19 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək, navabdeh Ədliyyə Nazirliyinin 30 avqust 2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və İctimai Birliyin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 15 iyun 2024-cü ildə “İnsan Hüquqlarının Hüquqi Müdafiəsi” ictimai birliyini təsis etmiş və onun təsis edilməsi haqqında qərar qəbul edilib. İB Azerbaycanda insan hüquqları və azadlıqlarının müdafiəsi, təşviq olunması, dəstəklənməsi və hüququn əliliyinin təmin edilməsinə yardım məqsədilə yaradılıb. Birlik həmçinin Azərbaycanda hüquq mühafizə orqanlarının hesabatlılığının təmin edilməsində və məhkəmələrin insan hüquqlarının müdafiəsində fəal rol oynamasına çalışır. Birlik qarşısında qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirir: - Azərbaycanda insan haqları pozuntularının monitorinqi və sənədləşdirilməsi, - Azərbaycanda haqları pozulmuş şəxslərin hüquq və azadlıqlarının qorunması və bərpası üçün dövlət orqanları qarşısında hüquqi müdafiəyə dəstək olur, - Azərbaycanda haqları pozulmuş şəxslərin hüquq və azadlıqlarının qorunması və bərpası üçün məhkəmə müdafiəsinə dəstək olur, - Azərbaycanda insan haqlarının durumu barədə müntəzəm olaraq Hesabatlar hazırlayır və yayır, - Həm milli, həm də oeynəixaiq institutlar qarşısında insan naqiərı sənəsində qanunvericilik və siyasət islahatlarını dəstəkləyir, - insan haqları müdafiəçiləri, fəallar, jurnalist və bloqqerlər arasında insan haqlarının müdafiəsi sahəsində səylərin əlaqələndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə şəbəkələşməyə kömək edir. - Birlik öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün mövcud qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyətləri də həyata keçirə bilər. İddiaçılar lazım olan sənədləri toplayıb cavabdeh Ədliyyə Nazirliyinə təqdim ediblər. Cavabdeh 30 avqust 2024-cü il tarixli məktubla sənədləri geri qaytarıb. Cavabdeh qurumun nizamnaməsinin 4.14-cü bəndinə istinad edərək qeyd edib ki, ictimai birliyin təsisçiliyindən çıxarılma “Qeyri-hökümət təşkilatları (icitmai birliklər və fondlar) haqqında” Qanunda nəzərdə tutulmayıb. Cavabdehin məktubu 11 dekabr 2024-cü üde İddiaçı1 çatdırılıb. İddiaçılar bildirir ki, cavabdehin 30 avqust 2024-cü il tarixli məktubu onların müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilməlidir. Buna görə də, iddiaçılar məhkəməyə müraciət edir.
3. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/2-13-2108/4/2024 nömrəli imtina məktubunda bildirmişdir ki, “İnsan Hüquqlarıhın Hüquqi Müdafiəsi” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinizə baxılmışdır. Bildiririk ki, qurumun nizamnaməsinin 4.14-cü bəndində təsisçilikdən çıxarılmanın Ümümi yığıncağın qərarı ilə həyata keçirildiyi göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, ictimai birliyin təsisçiliyindən çıxarılma “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun sənədləri geri qaytarılır (əlavə olunur).”.
4. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. İddia tələbi ictimai birliyin dövlət qeydiyyatına alınması ilə bağlıdır.
10. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
11. “İnsan Hüquqlarının Hüquqi Müdafiəsi” İctimai Birliyinin təsis yığıncağının xx.xx.2024-cü il tarixli protokolundan və qərarından görünür ki, “İnsan Hüquqlarının Hüquqi Müdafiəsi” İctimai Birliyi təsis edilmiş və onun Nizamnaməsi təsdiq edilməsi; “İnsan Hüquqlarının Hüquqi Müdafiəsi” İctimai Birliyinin ləğvi və yenidən təşkili ilə bağlı müddəalar müəyyən edilməsi; təsisçi İddiaçı1 iki il müddətinə Birlyin sədri seçilməsi; Birliyin təsis sənədləri dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi, Birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsinin Birliyin qanuni təmsilçisisi İddiaçı1 həvalə edilməsi, Birliyin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün lazımı tədbirlərin görülməsi, o cümlədən ərizələrin imzalaması və notariat kontorunda təsdiq edilməsi, sənədlərin təqdim edilməsi, hazır olan sənədlərin götürülməsi, bütün dövlət orqanlarında hüquqi və fiziki şəxslər qarşısında nümayəndə qismində təmsilçilik və bununla əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsi bilavasitə özü tərəfindən və ya üçüncü şəxslərə etibarnamə əsasında həvalə edilməklə icra olunması şərti ilə təsisçi və Birliyin sədri İddiaçı1 tapşırılması qərara alınmışdır.
IV. Tətbiq edilən hüquq
12. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun ictimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci maddəsində göstərilir ki, bu Qanunda “qeyri-hökumət təşkilatı” anlayışına ictimai birliklər və fondlar daxildir. 2.1-ci maddəsinə əsasən, ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. 3.1-ci maddəsinə görə, qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. 8.1-ci maddəsinə əsasən, ictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Fondların iştirakçılarına təsisçilər və köməkçilər aiddir. 9.1-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri - 16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər. 9.1-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyrihökumət təşkilatının təsisçisi və qanuni təmsilçisi ola bilərlər. 9.2-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir. Onların qarşılıqlı hüquq və vəzifələrinin həcmi qeyri-hökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis müqaviləsi ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətində isə qeyrihökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir. 13.1-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. 16.1-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 16.2-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. 17.1-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. 17.2-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. 17.3-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. 25.1-ci maddəsinə əsasən, ictimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir.
13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 5.1-ci maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.2-ci maddəsinə əsasən, ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 5.3. Ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; 5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; 5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. 5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. 5.4-cü maddəsinə əsasən ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); 5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 55.4.3. təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti. 5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.4-1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd; 5.4.5. hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd; 5.4.6. qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd; 5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd; 5.4.9. nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyrikommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi; 5.4.10. təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılması barədə sənəd. 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. 11.3-cü maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. 11.5-ci maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
V. Məhkəmənin mövqeyi
15. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 15 iyun 2024-cü ildə “İnsan Hüquqlarının Hüquqi Müdafiəsi” ictimai birliyini təsis etmiş və onun təsis edilməsi haqqında qərar qəbul edilmişdir. İB Azerbaycanda insan hüquqları və azadlıqlarının müdafiəsi, təşviq olunması, dəstəklənməsi və hüququn əliliyinin təmin edilməsinə yardım məqsədilə yaradılıb. Birlik həmçinin Azərbaycanda hüquq mühafizə orqanlarının hesabatlılığının təmin edilməsində və məhkəmələrin insan hüquqlarının müdafiəsində fəal rol oynamasına çalışır. İddiaçılar lazım olan sənədləri toplayıb cavabdeh Ədliyyə nazirliyinə təqdim ediblər. Cavabdeh 30 avqust 2024-cü il tarixli məktubla sənədləri geri qaytarıb. Cavabdeh qurumun nizamnaməsinin 4.14-cü bəndinə istinad edərək qeyd edib ki, ictimai birliyin təsisçiliyindən çıxarılma “Qeyri-hökümət təşkilatları (icitmai birliklər və fondlar) haqqında” Qanunda nəzərdə tutulmayıb. Cavabdehin məktubu 11 dekabr 2024-cü ildə İddiaçı1 ya çatdırılıb.
17. Məhkəmə qeyd edir ki, istinad olunan normalardan göründüyü kimi, müvafiq qanunvericilik hüquqi şəxs statusu almaq istəyən qurumların dövlət qeydiyyatına götürülməsi qaydasını, müraciət edərkən tələb olunan sənədləri və imtina əsaslarını dəqiq müəyyən etmişdir.
18. Lakin hazırki mübahisədə müəyyən edilmişdir ki, qurumun nizamnaməsinin 4.14-cü bəndində təsisçilikdən çıxarılmanın Ümümi yığıncağın qərarı ilə həyata keçirildiyi göstərilmişdir ki, ictimai birliyin təsisçiliyindən çıxarılma “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmadığından “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən, imtinaya səbəb olan hallardan biri sayıldığından cavabdeh təqdim olunmuş sənədləri iddiaçılara geri qaytarmışdır.
19. İPM-in 14.3-cü maddəsi isə nəzərdə tutur ki, sübutetmə yükü iddiaçıların üzərinə düşür. Bu baxımdan, cavabdehin hərəkətləri qanunsuz hesab edilə və iddiçıların hüquqlarını pozması kimi qiymətləndirilə bilməz.
20. İPM-in 73.1-ci maddəsi də məhz onu ehtiva edir ki, məhkəmə inzibati orqanın üzərinə o halda, inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun.
21. Bu baxımdan, məhkəmə cavabdehin hərəkətlərində qanunsuz imtinanı, bununla da iddiaçıların hüquqlarının pozulması halının mövcudluğunu müəyyən etmir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, sənədlərin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması üçün aidiyyəti orqana yenidən müraciət edilməsi mümkündür.
22. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 17.3-cü maddəsinə əsasən, qeyri-hökümət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz.
23. Beləliklə, məhkəmə, göstərilənləri ümumiləşdirərək bu qənaətə gəlir ki, iddia təmin edilməməlidir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ
21. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X1-Abbaszadə