Məhkəmə qərarları › İş №2-1(118)-399/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-399/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-399/2024 29.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 0.0460 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışın, torpaq sahəsinin kateqoriyası qrafasında düzəliş edilərək kənd təsərrüfatı təyinatlı torpaqlar qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 0.0460 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışın, torpaq sahəsinin kateqoriyası qrafasında düzəliş edilərək kənd təsərrüfatı təyinatlı torpaqlar qeyd edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-Q-02xx-xx/2022 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yamnda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 0.0460 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsi X3 mülkiyyətində olmuş və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilmiş hərrac vasitəsi ilə tərəfindən alınmışdır. Lakin həmin ərazilər Torpaqların elektron kadastrı uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmiş olsa da, çıxarış veriləndə Torpaq sahəsinin kateqoriyası qrafasında mexaniki səhv gedərək ehtiyat fondu torpaqları kimi qeyd edilmişdir. Bununla da hüquqları kobud şəkildə pozulur və məhdudlaşdırılmışdır. Belə ki, ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir və vətəndaşın mülkiyyətinə verilə bilməz, əgər verilibsə demək ehtiyat fondu torpaqlarına aid edilə bilməz. Çünki, ehtiyat fondu torpaqlarında hər-hansı qaydada işlərin görülməsi qadağandır və belə olan halda mülkiyyətçinin konstitusion hüququ olan mülkiyyət hüquqları kobud şəkildə pozulur və məhdudlaşıdırılır. Bundan əlavə iddiaçı eyni qaydada yuxarıda qeyd edilən torpaq sahəsinin yanında yerləşən əlavə olaraq mülkiyyətində, X3 mülkiyyətində olmuş və hərrac vasitəsi ilə əldə edilmiş 150 və 50 kv.m torpaq sahələri vardır. Həmin torpaq sahələrinin Çıxarışlarında Torpaq sahəsinin kateqoriyası qrafasmda kənd təsərrüfatı təyinatlı torpaqlar qeyd edilmişdir. Lakin Cavabdeh öz 19 yanvar 2023-cü il tarixli məktubunda da, həmin ərazilərin Torpaqların elektron kadastrı uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd etsə də, nədənsə çıxarışda olan mexaniki səhvi düzəliş etməkdən imtina edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı səlahiyyətli nümayəndəsi X1 rayonu, Köhnə-Xudat kəndində yerləşən 0.046 hektar torpaq sahəsinə dair dövlət reyestrindən hazırlanmış çıxarışda torpaq sahəsinin kateqoriyasının dəqiqləşdirilərək düzəliş edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli, **********23 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Müraciətinizə cavab olaraq bildiririk ki, qeyd olunan çıxarışda torpaq sahəsinin kateqoriyasında düzəliş edilməsi ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, torpaq sahəsi ərazi İdarəsinin Torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmiş ərazidə yerləşir. Bu səbəbdən qeyd olunan çıxarışda torpaq sahəsinin kateqoriyasına düzəliş edilməsinə əsas yoxdur. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq, müraciətdə qeyd olunan torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” ilə müəyyən edilmiş əsaslarla baxıla bilər. Həmin Qaydaların 3-cü bəndinə uyğun olaraq sözügedən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldıra bilərsiniz. ” Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə, 11.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli orqandır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 0.0460 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışın, torpaq sahəsinin kateqoriyası qrafasında düzəliş edilərək kənd təsərrüfatı təyinatlı torpaqlar qeyd edilməsini istəyir. Cavabdeh isə imtinasında torpaq sahəsinin Torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmiş ərazidə yerləşdiyini qeyd etsə də düzəliş etməkdən imtina edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: Maddə 33. Ehtiyat fondu torpaqları

1. Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir.

2. Dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları daxildir. Dövlət ehtiyat fondu torpaqlarına istifadə hüququna xitam verilən, habelə konservasiya nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələri aid edilir.

3. Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir.

4. Ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir.

5. Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar yarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən: 1.11. Torpaqların kateqoriyaları Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-33-cü maddələrinə əsasən müəyyən edilir. 1.14. Ehtiyat fondu torpaqlarının bu Qaydalarla müəyyən edilmiş əsaslar üzrə istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Qeyd edilmiş normalardan göründüyü kimi ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Bu halda çıxarışda torpaq sahəsinin kateqoriyası qrafasında ehtiyat fondu torpağı kimi qeyd edilməsi qanunvericiliyin tələbinə uyğun olmamışdır. Cavabdehin imtinasında torpaq sahəsinin torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmiş ərazidə yerləşdiyini qeyd etsə də bunu imtina əsası göstərməsi başa düşülən deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 0.0460 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışın, torpaq sahəsinin kateqoriyası qrafasında düzəliş edilərək kənd təsərrüfatı təyinatlı torpaqlar qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar