Məhkəmə qərarları › İş №2-1(118)-4075/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4075/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4075/2025 02.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2na qarşı iş üzrə (Açar sözlər: müavinətin təyin olunması) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X2na qarşı “müavinətin təyin olunması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2na iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumu olaraq müavinətin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı Əhmədova (Əliyeva) Könül Behbud qızı 2014-cü ildə X6 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikah olmamışdır. Onların faktiki nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X18 adlı övladları anadan olmuşdur. Qızı 2014-cü ildə əri X6 ilə birlikdə Suriya Ərəb Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Nəvələri xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X7 isə səfirliyin vasitəsilə Azərbaycan Respublikasına gətirilmişdir. Bundan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edərək nəvələrinin üzərində qəyyum təyin olunmağını xahiş etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə nəvələri xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən X6 ölmüş elan olunmuşdur. Bundan əlavə qızı X14 ilə ailəli olmuş və onların xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü X16 övladları anadan olmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə həmin nəvələrinin də üzərində qəyyum təyin olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2468/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X14 ölmüş elan olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, nəvələrinə müavinətin təyin olunmasını xahiş etmişdir. Lakin müraciətinə imtina verilmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası qanunsuz və əsassızdır. Çünki uşaqların anası hazırda İraq Respublikasında cəza çəkir (ömürlük azadlıqdan məhrum edilib), ataları isə ölüb. Yəni nəvələri validenlərini itirib və valideyn himayəsində məhrum olub. Onlara baxır və qəyyumlarıdır. Belə olan halda müavinətin təyin olunması qanunsuz və əsassızdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehin üzərinə valideynərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumu olaraq müavinətin təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Qanunun 1, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1, 33.1, 58.7-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.9 və 9.1.8-ci maddələrinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə təyin edilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar-hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavədə müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin əlavənin 2.12-ci bəndinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün:valideynlərin ölüm haqqında şəhadətnamələrinin surəti, valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti, uşağın tam dövlət təminatında olmaması haqqında sosial xidmət müəssisəsinin arayışı, uşaqların doğum haqqında şəhadətnamələrinin surəti, qəyyumluğu (himayəçiliyi) təsdiq edən sənədlər təqdim edilməlidir. Göründüyü kimi müvafiq normada nəzərdə tutulan sənədlərin hər biri valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün təqdim edilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019- cu il tarixli 368 nömrəli və xx.xx.2020-ci il tarixli 65 nömrəli sərəncamlarına əsasən İddiaçı nəvələri xx.xx.2008-ci il təvəllüdlü X15. xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X3 qəyyumu təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2468/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(060)-2467/2023 nömrəli qətnamələrinə əsasən X14 və X6 ölmüş elan edilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Xarici İşiər Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçının qızı X1 Respublikasında cəza çəkməkdədir. Qoşmaya əlavə edilmiş məhkəmə qərarınının qeyrirəsmi tərcüməsində iddiaçının qızı K.Əhmədovanın İŞİD terror təşkilatına üzv olduğu üçün ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi qeyd edilmişdir. Qaydaların 7 nömrəli əlavəsində nəzərdə tutulan sənədlərin bir qismi təqdim edilsə də, iddiaçının nəvələrinin valideyn himayəsindən məhrum olması və va iddiaçının qızının valideynlik hüququndan məhrum olması barədə məhkəmə qərarı cavabdehə təqdim edilməmiş, həmçinin iddiaçının qızı K.Əhmədovanın ölüm haqqında şəhadətnaməsi təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Qaydaların 7 nömrəli əlavəsində nəzərdə tutulan bütün sənədlərin təqdim edilməsi müavinətin təyin edilməsi üçün zəruridir. İstinad olunan qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının nəvələri X8, X12, X4 və X2 valideyn himayəsindən və ya X5 valideynlik hüququndan məhrum olması haqqında məhkəmə qərarının surəti və va K.Əhmədovanın ölüm haqqında şəhadətnaməsinin surəti təqdim edilmədiyindən iddiaçıya valideynlərini itirmiş və valideyn himayəsindən mərhum olmuş uşaqların qəyyumlarına verilən müavinətin təyin edilməsi mümkün hesab edilmir.

b) Tərəflərin iştirakı və izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, X8, X12, X4 və X2 valideyni X9 onları tərbiyə etməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi haqqında notariat qaydada təsdiq olunmuş ərizəsini və yaxud K.Əliyevanın valideynlik hüququndan və ya övladlarının valideyn himayəsindən məhrum olması haqqında məhkəmənin qərarının surətini təqdim etdikdən sonra təkrar müraciət əsasında sözügedən müavinat hüququna müvafiq qaydada yenidən baxılacaqdır.

9. İraq Respublikasının Ali Məhkəmə Şurası Bağdad Apellyasiya Məhkəməsinin Rəyasət heyəti Mərkəzi Cinayət Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən X13 İŞİD terror təşkilatına üzv olduğu üçün ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

10. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 12 mart 2020-ci il tarixli, 65 nömrəli sərəncamına əsasən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı nəvələri - xx.xx.2008-ci il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir.

11. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 13 dekabr 2019-cu il tarixli, 368 nömrəli sərəncamına əsasən İddiaçı nəvəsi – xx.xx.2009-cu il təvəllüdlü X12 üzərində qəyyum təyin edilmişdir.

12. xx.xx.2019-cu il tarixli, AZ-T 129375 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 atası X14, anası isə X10r.

13. xx.xx.2020-ci il tarixli, AZ-İV 437857 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 atası X14, anası isə X10r.

14. xx.xx.2020-ci il tarixli, AZ-lV 508344 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 atası X6, anası isə X10r.

15. xx.xx.2020-ci il tarixli, AZ-lV 508342 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 atası X6, anası isə X10r.

16. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2468/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.1985-ci il təvəllüdlü X14 ölmüş elan edilmişdir.

17. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2467/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.1985-ci il təvəllüdlü Tərtər şəhərində anadan olmuş X6 ölmüş elan edilmişdir.

18. xx.xx.2023-cü il tarixli AZ-İİ 361293 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2023-cü il tarixində vəfat etmişdir.

19. xx.xx.2023-cü il tarixli AZ-İİ 318344 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023-cü il tarixində vəfat etmişdir.

20. Ünvanlı dövlət sosial yardımın təyin olunması barədə xx.xx.2025-ci il tarixli qərara əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək aylıq 621,35 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

22. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

23. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

25. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideynlərini itirmiş uşaqlar – hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya bu maddənin birinci hissəsinin dördüncü–onuncu abzaslarında nəzərdə tutulan kateqoriyaların hər hansı birinə aid şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər.

26. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.0-cı maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət. 7.0.9-cu maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda. 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.8. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə.

27. 30 iyul 2024-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarına 7 nömrəli əlavənin: 2-ci bəndinə əsasən aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər və məlumatlar da (bu Qaydaların 4.9-cu bəndinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.12. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün: 2.12.1. valideynlərin ölüm haqqında şəhadətnamələrinin surəti; 2.12.2. valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti; 2.12.3. uşağın tam dövlət təminatında olmaması haqqında sosial xidmət müəssisəsinin arayışı; 2.12.4. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti; 2.12.5. qəyyumluğu (himayəçiliyi) təsdiq edən sənəd.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi” Qaydasının: 4.1-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq sosial ödənişlərin proaktiv təyinatının aparılması mümkün olmadığı hallarda sosial ödənişlərin təyinatı (bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla) onları almaq hüququ olan şəxslərin (18 yaşınadək uşaqlara, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərə münasibətdə onların valideynlərindən birinin və ya digər qanuni nümayəndələrinin (övladlığa götürənin, qəyyumun (və ya himayəçinin)) həmin hüququn yarandığı tarixdən sonra yaşayış yeri üzrə Fondun yerli qurumuna (bundan sonra – Qurum) və ya Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – “DOST” mərkəzi) bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti, habelə şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə qeyd edilən formada yazılı müraciəti əsasında Fond tərəfindən aparılır. Sosial ödənişlərin müraciət əsasında təyin edilməsi üçün sosial ödəniş almaq hüququ olan şəxsin şəxsiyyət vəsiqəsinin surəti (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti) və aşağıdakı aidiyyəti sənədlərin və ya onların surətinin (bu Qaydanın 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: 4.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün: 4.1.9.1. uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin surəti; 4.1.9.2. qəyyumluğu (himayəçiliyi) təsdiq edən sənəd.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. c) Məhkəmənin mövqeyi

31. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 13 dekabr 2019-cu il tarixli, 368 nömrəli və 12 mart 2020-ci il tarixli, 65 nömrəli sərəncamlarına əsasən nəvələri xx.xx.2008-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir. Onun nəvələrinin anası (iddiaçının qızı) X1 Respublikasının Ali Məhkəmə Şurası Bağdad Apellyasiya Məhkəməsinin Rəyasət heyəti Mərkəzi Cinayət Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ataları isə vəfat etmişdir. İddiaçı ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.

33. İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinətin təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə xx.xx.2024-cü il tarixli məktubla müraciətin icrasından imtina edərək bildirmişdir ki, X8, X12, X4 və X2 valideyni X9 onları tərbiyə etməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi haqqında notariat qaydada təsdiq olunmuş ərizəsini və yaxud K.Əliyevanın valideynlik hüququndan və ya övladlarının valideyn himayəsindən məhrum olması haqqında məhkəmənin qərarının surətini təqdim etdikdən sonra təkrar müraciət əsasında sözügedən müavinat hüququna müvafiq qaydada yenidən baxılacaqdır.

34. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan müavinətin təyin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, 30 iyul 2024-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarına əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surətinin təqdim olunması tələb olunsa da, hazırda qüvvədə olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi” Qaydasına əsasən həmin müavinətin təyin edilməsi üçün . uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin surəti və qəyyumluğu (himayəçiliyi) təsdiq edən sənədin təqdim edilməsi kifayətdir. Mübahisənin qüvvədə olan Qaydalara uyğun olaraq məhkəmədən kənar qaydada həll edilməsi üçün şifahi məhkəmə baxışı iclası təxirə salınaraq bununla bağlı cavabdeh inzibati orqana vaxt verilsə də, mübahisənin həlli ilə bağlı cavabdeh tərəfindən hər hansı bir tədbir görülməmişdir.

35. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün iki şərt ödənilməlidir: 1) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum təyin edilmiş şəxsin “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və 2) barəsində qəyyumluq təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda.

36. Ünvanlı dövlət sosial yardımın təyin olunması barədə xx.xx.2025-ci il tarixli qərara əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək aylıq 621,35 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Eyni zamanda iddiaçının nəvələrinin tam dövlət təminatında olması öz təsdiqini tapmır.

37. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur.

38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2nın üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2nın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar