Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4086/2023 10.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ idarənin “muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə” hesablanmış bütün borcların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ idarənin “muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə” hesablanmış bütün borcların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, notariat fəaliyyəti ilə məşğul olur və hazırda 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusudur. Bu illər ərzində vergi ödəyicisi olarkən hər bir zaman üzərinə düşən bütün öhdəliklərimi, o cümlədən məcburi dövlət sosial sığorta ödənişlərini tam həcmdə və vaxtlı-vaxtmda ödəmişdir. Lakin cavabdehin ona göndərdiyi xx.xx.2023-cü il tarixli, **********804300 nömrəli “Bildiriş”inə əsasən MDSS üzrə ümumlikdə 41 867.13 manat (o cümlədən, 27 106.11 manat əsas. 14 761.02 manat isə faiz borc) məbləğində borcunun olması göstərilmişdir. Bildirir ki, fəaliyyəti nəticəsində hər hansı bir ödənilməmiş vergi və ya MDSS üzrə borcu yoxdur.Həmin uyğunsuzluqların araşdırılması, eləcə də borcumun yaranmasının hüquqi əsaslarının öyrənilməsi məqsədilə o müvafiq sorğu ilə cavabdehə müraciət etməyə məcbur olmuş, əvəzində bir neçə cavab məktubları ona bildirilmişdir ki, guya onun külli miqdarda ödənilməmiş məcburi dövlət sosial sığorta ödənişləri var. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli, **********997500 nömrəli bildirişində göstərilir ki, guya onun həmin tarixə 41,435.10 manat borcu var, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 26,877.64 manat, faizlər üzrə isə 14,557.46 manat borcu var. Hesab edir ki, nə vergi borcu, nə də ki, məcburi dövlət sosial sığorta ödənişlər (bundan sonra MDSS) üzrə hər hasnsı bir borcu olmayıb və hazırda da yoxdur. Beləliklə, hesab edir ki, əvvəlki dövrlər üzrə, yəni 2017-2023-cü illər üzrə hər hansı ödənilməmiş borcu olmamışdır və belə olduğu təqdirdə cavabdehin ona təyin etdiyi borc öhdəliyi də əsassızdır. Həmçinin əvvəlki borc öhdəliyi ona əsassız hesablandığına görə cavabdeh tərəfindən sonrakı dövrlər üçün ödədiyi MDSS haqlarını əvvəlki mövcud olmayan, uydurma borcların ödənilməsinə qanunsuz olaraq yönəldilmişdir. Beləliklə, də hazırda süni şəkildə borc öhdəliyi yaranmışdır. Maraqlısı odur ki, ona hesablanmış borcların yaranmasına əsas olmuş sənədlər nə cavabdeh tərəfindən təqdim olunmamış, nə də ki, dəqiq, əsaslı və ətraflı olaraq ona izah olunmamışdır. Verdiyi sorğularına da əsaslı cavab verilməmiş və borcların hesablanması ilə əlaqədar qəbul olunmuş qərarlar ona təqdim olunmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. İddia ərizəsində qeyd edilən mobil əlaqə vasitəsinə məhkəmə tərəfindən əlaqə saxlanılaraq, borcun silinməsi ilə bağlı cavabdehə müraciət edib-edilməməsi ilə bağlı məlumat alınmış və məlum olmuşdur ki, iddiaçı tərəfindən müvafiq borcu silinməsi tələbi ilə bağlı cavabdehə müraciət edilməməsi bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) 2018-ci ilin 4-cü rübünə MDSS Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst (0300) kodlu bəyannaməsi üzrə 24629,13 manat analoji qaydada vergi məbləği hesablanmışdır. Belə ki, xx.xx.2019-cu il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən 2018-ci ilin 4- cü rübü üzrə Məcburi dövlət sosial sığorta haqqı məbləğinin 24629,13 manat (Gəlir(140947,98)- Xərc(17802,29))*20%) təşkil etməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən müvafiq MDSS bəyannaməsi təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2019-cu il tarixli **********732400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Lakin, vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2018-ci ilin 4-cü rübünə MDSS Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst (0300) kodlu bəyannaməsi üzrə 24629,13 manat analoji qaydada vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********890900 nömrəli kameral hesablama barədə qərar göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd olunan borc məbləğinin, əsassız və qanunsuz hesablandığını, hesablanmış borcların yaranmasına əsas olmuş sənədlərin və qərarın ona təqdim edilmədiyini bildirmişdir.Bununla bağlı bildirilir ki, 2018-ci ilin 4-cü rübü üzrə Məcburi dövlət sosial sığorta haqqı məbləğinin 24629,13 manat (Gəlir(140947,98)- Xərc(17802,29))*20%) təşkil etməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən müvafiq MDSS bəyannaməsi təqdim edilmədiyi üçün yaranmış kənarlaşma ilə əlaqədar olaraq iddiaçıya xx.xx.2019-cu il tarixli **********732400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubu elektron poçtuna göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə saat 08:22 uyğunsuzluq məktubu oxunmuş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2018-ci ilin 4-cü rübünə MDSS Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst (0300) kodlu bəyannaməsi üzrə 24629,13 manat analoji qaydada vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********890900 nömrəli kameral hesablama barədə qərar qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə iddiaçının elektron poçtuna göndərilmiş, qərar xx.xx.2019cu il tarixdə saat 17:26 oxunmuşdur. Göründüyü kimi iddiaçı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********890900 nömrəli kameral hesablama barədə qərarla tanış olmuş, ancaq qeyd olunan qərarı mübahisələndirməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat vermiş və eyni zamanda bildirmişdir ki, hazırkı iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğuna görə, iddiaçı pretenziya qaydalarına əməl etməmiş və bu səbəbdən də iddia tələbinin mümkün saylımamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən “muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə” hesablanmış bütün borcların silinməsi öhdəliyini məhkəmədən xahiş edir. O, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsini qoyaraq tələbini ona yönəltsə də, iddiaçı həmin orqana müvafiq borcların silinməsi tələbi ilə müraciəti olduğu müəyyən olunmur. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırkı iddia da İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə vergi hesablamaları nəticəsində yaranmış bütün borcların silinməsi öhdəliyidir ki, buna görə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. Lakin hazırkı işdə iddiaçı tərəfindən müvafiq tələblə bağlı inzibati orqana müraciət edilməsinə görə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, məhkəmədə hansı inzibati orqandan borcların silinməsi ilə bağlı tələb edilərsə, eyni tələb ilkin olaraq rəsmi qaydada həmin inzibati orqandan tələb edilməlidir. Bu müraciətin nəticəsinə uyğun olaraq məhkəmədə iddia qaldırması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ idarənin “muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə” hesablanmış bütün borcların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-4086/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4086/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver