Məhkəmə qərarları › İş №2-1(118)-426/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-426/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-426/2020 04.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı1, İddiaçı2 nümayəndəsi X2 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə qarşı xx xxxxxxx 2019-cu ildə anadan olmuş iddiaçıların oğlu X4 Azərbaycan Respublikasında, Sumqayıt şəhərində anadan olmağı, adına doğum haqqında şəhadətnamənin verilməsi və veriləcək yeni “Doğum haqqında şəhadətnamədə” soyadının “Xasiyev”dən “Yaqubzadə” dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar uşaqları xx xxxxxxx 2019-cu il X1 dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx xxxxxx 2019-cu il tarixli, 05/Q-3068-76 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, onlar xx xxxxxx 2017-ci ildə nikaha girərək ailə həyatı qurublar. Bunu xx.xx.2017-ci il tarixli, AZ-İİ № 218204 saylı nikah haqqında şəhadətnamə təsdiq edir. Rəsmi nikahlarından xx xxxxxxx 2019-cu ildə X7 anadan olmuşdur. Bunu Sumqayıt “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV № 565961 saylı “Doğum haqqında şəhadətnamə” təsdiq edir. Onlar uşağın soyadının “Yaqubzadə” kimi qeyd olunmasını istəyirlər. Yaqub uşağın babasının adıdır (X5 atası). Babasının adının uşaqlarının soyadı kimi qeydə alınması gənc ailə kimi onların arzularıdır və gələcəkdə uşaqları soyadı ilə qürur duyacağına əmindilər. Ona görə də uşağın soyadının “Xasıyev” dən “Yaqubzadə”yə qeyd olunması xahişi ilə Sumqayıt “Asan xidmət” Mərkəzinə müraciət ediblər. Sumqayıt “Asan xidmət Mərkəzinin” Qeydiyyat Şöbəsi özünün xx.xx.2019-cu il tarixli 05/Q-3068-76 saylı imtina məktubu ilə soyadın dəyişdirilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Yuxarıda adı çəkilən qaydalara uyğun olaraq oğlu Y.Xasıyevin soyadının dəyişdirilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi X6 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçılar uşaqları xx xxxxxxx 2019-cu il X1 digər bir soyada dəyişdirilməsini xahiş edir. Azərbaycan Respublikasının 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin məcəllənin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2000-ci il tarixli, № 297 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göründüyü kimi qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın uşağın soyadını başqa bir soyada dəyişdirməsi kimi bir səlahiyyəti yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68,69,73,75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinəapellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar