Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4351/2025 14.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: vergi borcuna dair qərarın ləğvi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 14 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 29 may 2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən **********93 reyestr nömrəli 2,50727 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. 26 aprel 2024-cü il tarixli, **********1358 nömrəli Aşağı Güzdək bələdiyyəsinin tədiyə bildirişindən görünür ki, İddiaçı torpaq vergisinə dair 3.211,52 manat, 15 avqust 2024-cü il tarixədək 1.605,76 manat, 15 noyabr 2024-cü il tarixədək 1.605,76 manat, ötən dövrlər üzrə vergi borcu 3.826,38 manat, faiz məbləği 5.423,46 manat, ödəniləcək məbləğ 12.461,36 manat olaraq göstərilmişdir.
3. Aşağı Güzdək bələdiyyəsinin 26 aprel 2024-cü il tarixli, 20 saylı protokolunun 01 saylı qərarından görünür ki, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan torpaq sahəsinə görə vergi borcunun ödənilməməsi məsələsi müzakirə olunaraq müəyyən edilmişdir ki, onun mülkiyyətində olan torpaq və əmlak sahəsinə görə verginin ödənilməsi üçün ən son 23 aprel 2024-cü il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə görə 2022-ci ilindən vergi borcu ötən dövrlər üzrə 3.826,38 manat, 5.423,46 manat faiz ümumilikdə isə 12.461,36 manat borcunu ödəməmişdir. Vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır.
4. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 21 may 2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin 20/01 nömrəli, 26 aprel 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
5. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 21 may 2024-cü il tarixli, 154942/2024-5- 40-005 nömrəli İddiaçı göndərilmiş tələbin könüllü icrası haqqında bildiriş.
6. Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin 27 may 2024-cü il tarixli, 156 nömrəli məktubundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan 29 may 2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli, MH seriyalı, ******* saylı çıxarışa əsasən 2,50727 ha ehtiyyat fondu, sahibkarlıq məqsədli torpaq sahəsi bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminə (BAMS-a) 2017-ci ildən yazılaraq hər il üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 206.3-cü maddəsinə əsasən Abşeron rayonunun qəsəbə və kəndləri üzrə hər 100 kv.m üçün 8 manat (1 ha üçün – 800 manat, 1 ha-dan yuxarı olduqda hər 100 kv.m üçün 16 manat (1 ha-dan yuxarı 1.600 manatla hesablanır. İddiaçı xüsusi mülkiyyətində olan 2,50727 ha torpaq sahəsi üçün hər il üçün 3.211 manat hesablanmışdır. Hər il üçün verginin ödənilmə müddəti 15 avqust tarixədək 1.605,76 manat, 15 noyabr tarixədək 1.605,76 manat nəzərdə tutulur. Hesablanmış vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə VM-in 59.1-ci maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1% məbləğində faiz tutulur və maliyyə sanksiyası tətbiq edilir. İddiaçı xüsusi mülkiyyətində olan 2,50727 ha torpaq sahəsi bələdiyyələrin avtomatlaşdırılmış məlumat sisteminə 2017-ci ildən daxil edilsə də, vətəndaş hesablanmış vergini nəzərdə tutulan vaxtlarda ödəməmiş və bunun əsasında hər gecikən gün üçün ödənilməmiş vergi məbləğinin 0,1% məbləğində faiz hesablanmışdır. 2017-ci il üzrə hesablanmış 3.211,52 manat vaxtında ödənilməmiş və ümumilikdə yaranmış borc məbləğindən vətəndaş İddiaçı tərəfindən 2018-ci ildə 1.200 manat, 2019-cu ildə 2.499 manat, 2020-ci ildə 0 manat, 2021-ci ildə 4.480 manat, 2022-ci ildə 4.150 manat, 2023-cü ildə isə 2000 manat ödənilmişdir. 2018-2023-cü illər ərzində ödənilən ümumi məbləğ 14.329 manatdır. Vaxtında ödənilməmiş vergi ilə birlikdə ötən dövrlər üzrə vergi borcu 3.826,38 manat, faiz məbləği 5.506,96 manat, ümumilikdə 9.333,34 manatdır. Qeyd edilir ki, 2024-cü il üzrə hesablanmış 3.211,52 manat vergi məbləğinin 1.605,76 manatı 15 avqust 2024-cü il tarixə qədər ödənilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alaraq bildirilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan 2,50727 ha torpaq sahəsinə görə 15 avqust 2024-cü il tarixə qədər Aşağı Güzdək bələdiyyəsinə vergi borcu ümumilikdə 10.939,10 manatdır.
7. 2024-cü il üçün yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı Aşağı Güzdək bələdiyyəsinə 15 avqust 2017-ci il tarixdən 23 may 2024cü il tarixədək olan əmlak və torpaq vergisi üzrə hesabatda ümumi borc 9.336,55 manat olaraq göstərilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
8. 14 avqust 2024-cü il tarixli, **********1358 nömrəli Aşağı Güzdək bələdiyyəsinin tədiyə bildirişindən görünür ki, İddiaçı torpaq vergisinə dair 3.211,52 manat, 15 avqust 2024-cü il tarixədək 1.605,76 manat, 15 noyabr 2024-cü il tarixədək 1.605,76 manat, ötən dövrlər üzrə vergi borcu 3.826,38 manat, faiz məbləği 5.776,72 manat, ödəniləcək məbləğ 12.814,62 manat olaraq göstərilmişdir.
9. 2024-cü il üçün yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı Aşağı Güzdək bələdiyyəsinə 15 avqust 2017-ci il tarixdən 14 avqust 2024-cü il tarixədək olan əmlak və torpaq vergisi üzrə hesabatda ümumi borc 9.603,1 manat olaraq göstərilmişdir.
10. 2024-cü il üçün yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı Aşağı Güzdək bələdiyyəsinə 15 avqust 2017-ci il tarixdən 25 oktyabr 2024-cü il tarixədək olan əmlak və torpaq vergisi üzrə hesabatda ümumi borc 11.440,09 manat olaraq göstərilmişdir.
11. 25 oktyabr 2024-cü il tarixli, **********1358 nömrəli Aşağı Güzdək bələdiyyəsinin tədiyə bildirişindən görünür ki, İddiaçı torpaq vergisinə dair 3.211,52 manat, 15 avqust 2024-cü il tarixədək 1.605,76 manat, 15 noyabr 2024-cü il tarixədək 1.605,76 manat, ötən dövrlər üzrə vergi borcu 5.432, 14 manat, faiz məbləği 6.007,95 manat, ödəniləcək məbləğ 13.045,85 manat olaraq göstərilmişdir.
12. 21 may 2025-ci il tarixli, **********5228 nömrəli Aşağı Güzdək bələdiyyəsinin tədiyə bildirişindən görünür ki, İddiaçı torpaq vergisinə dair 3.211,52 manat, 15 avqust 2024-cü il tarixədək 1.605,76 manat, 15 noyabr 2024-cü il tarixədək 1.605,76 manat, ötən dövrlər üzrə vergi borcu 7.037,9 manat, faiz məbləği 6.675,95 manat, ödəniləcək məbləğ 16.925,37 manat olaraq göstərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
13. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26 aprel 2024-cü il tarixli, 20/01 saylı qərarının qismən – iddiaçıdan əsas borc və faiz borcu olmaqla cəmi 11.012,38 manat məbləğinin tələb edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi işin hallarına (§1-7) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçıya əvvəlki illər üzrə ödənilmədiyi iddia edilən vergi borcu barədə hər hansı bildiriş təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, 2024-cü il üzrə iddiaçı tərəfindən ödənilməli olan torpaq vergisinin 15 avqust 2024-cü il tarixə qədər ödənilməli olan 1.605,76 manat hissəsi həmin tarixədək iddiaçı tərəfindən ödəniləcəkdir, 2024-cü ilin 15 avqust tarixə kimi ödənilməli olan verginin əvvəlcədən ödənilməsinin tələb edilməsi isə əsassızdır. İddiaçının hazırda cavabdeh bələdiyyəyə ödəməli olduğu torpaq vergisi və faiz borcu aşağıdakı kimidir: 2023-cü il üzrə qalıq borc – 1.211,52 manat (3.211,52 manat – 2.000 manat), faiz borcu – 237,46 manat (6 dekabr 2023-cü il tarixdən 19 iyun 2024-cü il tarixədək günlərin sayı = 196 gün, 1.211,52/100*0,1%*196 = 237,46 manat), cəmi: 1.448,98 manat. Şərh edilənlərdən göründüyü kimi, iddiaçıdan 11.012,38 manat (12.461,36 manat – 1.448,98 manat) vergi və faiz borcunun ödənilməsinin tələb edilməsi əsassız və qanunsuzdur. Bu səbəbdən cavabdehin mübahisələndirilən qərarı həmin hissədə ləğv edilməlidir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə görə 2022-ci il tarixdən – 3.826,36 manat, faiz borcu – 5.423,46 manat, 15 avqust 2024-cü il tarixədək – 1.605,76 manat, 15 noyabr 2024-cü il tarixədək – 1.605,76 manat olmaqla, cəmi 12.461,36 manat vergi borcunun hansı əsasla hesablanması, həmçinin iddiaçı tərəfindən cavabdehə 15 avqust 2024-cü il tarixədək – 1.605,76 manat, 15 noyabr 2024-cü il tarixədək – 1.605,76 manat pul məbləğinin ödənilməsinin əvvəlcədən hansı əsasa görə tələb edilməsi iddiaçıya məlum deyildir.
15. İddia tələbinin maddi hüquqi əsası kimi VM-in 53.3, 59.1, 59.2, 85.4, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58.2, 61, 62.1, prosessual hüquqi əsası kimi İPM-in 2.2.1, 14.1, 32.1, 32.2.2, 32.3, 70.1-ci maddələrinə istinad olunmuşdur.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
16. Etiraz daxil olunmamışdır.
c) Tərəflərin iştirakları və izahatları:
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək, mübahisələndirilən borcun üç il üçün, yəni 2022-2024-cü illər üzrə hesabat dövrü üçün və iki ilin faiz borcun hesablandığını, 2024-cü ilin borcu artıq yanvar ayın birindən yarandığı və sistemdə mövcud olduğu üçün həmin il üzrə də tədiyə bildirişində borcun qeyd edildiyini bildirmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
19. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
20. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi
İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
24. VM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi
4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). ... 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. ...
Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti
56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.
Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi ... 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar
1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması
24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ...
Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. ...
Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar
28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. …
Maddə 36. İnzibati icraatda iştirakçılar
36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; …
Maddə 61. İnzibati aktın əsaslandırılması
61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. ...
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması
67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. …
26. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 1. Qanunun təyinatı Bu Qanun Azərbaycan Respublikasında yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir.
Maddə 3. Yerli vergilər və ödənişlər (-) 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. 3.5. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır.
Maddə 8. Yerli vergilərin tərkibi
8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; (-)
Maddə 11. Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi
11.1. Bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. 11.2. Bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. (-)
27. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.”
“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
Məhkəmənin mövqeyi
28. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatını və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
29. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə iddiaçıya əvvəlki illər üzrə ödənilmədiyi iddia edilən vergi borcu barədə hər hansı bildiriş təqdim edilməmiş, 2024-cü ilin 15 avqust tarixə kimi ödənilməli olan verginin əvvəlcədən ödənilməsinin tələb edilməsi isə əsassızdır. İddiaçının ümumilikdə 1.448,98 manat borcun olduğu halda əlavə 11.012,38 manat vergi və faiz borcunun ödənilməsinin tələb edilməsi əsassız və qanunsuzdur.
30. Cavabdeh tərəf isə bildirir ki, iddiaçının “ötən illər üzrə vergi borcu” 2022-2024-cü illəri əhatə edir, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün hesablanmış faiz borcu ilə birlikdə ümumi borc məbləği 12.461,36 manat təşkil edir.
31. Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).
32. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin qərarı ilə iddiaçıya torpaq və əmlak üzrə borc məbləği hesablanmış və həmin qərar icraya yönəldilmişdir. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək, onun ləğv edilməsini xahiş edir.
33. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.2-ci maddəsinə əsasən, Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir; 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir; 7.1-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir; 7.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Həmin normaya uyğun olaraq Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirən, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyən “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin: 3.2 və 3.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək Bələdiyyə vergi xidməti orqanının hüququdur; 5.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir; 5.4-cü maddəsinə əsasən, ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər; 5.6-cı maddəsinə əsasən, bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir; 5.7-ci maddəsinə əsasən, ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir; 5.10-cu maddəsinə əsasən, bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir; 5.11-ci maddəsinə əsasən, yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12-ci maddəsinə əsasən, məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
34. Sadalanan normalardan görünür ki, VM-ə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, həmin borcun ödənilməsi ilə bağlı qərarı bələdiyyə qəbul etmir. Bu zaman:
1. Bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir;
2. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir;
3. Bələdiyyə həmin akta baxaraq ödəyiciyə münasibətdə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır;
4. Çıxarılmış qərarın surəti və vergi borcunun ödənilməsi barədə tələbnamə ödəyiciyə göndərilir.
5. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödəmədikdə, bələdiyyə vaxtı keçmiş borcların məcburi qaydada alınması üçün vergi xidməti orqanının təqdimatı əsasında məhkəməyə müraciət edir.
35. Lakin işin hazırkı hallarından müəyyən olunur ki, cavabdeh qeyd olunan qanunun tələblərinə əməl etməmiş, iddiaçını öz qərarı ilə hesablanmış vergi borcunu ödəməyə məcbur etmişdir. İddia ərizəsində qərardan yalnız Abşeron rayonu Aşağı Güzdək Rayon İcra şöbəsinin göndərdiyi bildiriş vasitəsilə iddiaçının məlumatı olduğu da göstərilmişdir.
36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir.
37. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.
38. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də ödənilməyən yerli vergi və ödənişlərin ödənilməsi ilə bağlı müəyyən edilmişdir.
39. Digər tərəfdən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan VM vergi hüquq münasibətlərini tənzimləyən xüsusi qanundur. VM-nin 1.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.
40. VM-in 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir.
41. VM-in 2.3-cü maddəsinə əsasən vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir.
42. “İnzibati icraat haqqında” Qanun isə ümumi icraat qaydalarını müəyyən edən ümumi qanundur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər.
43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.”
44. Buna görə də cavabdehin ödənilməyən yerli vergi və ödənişlərin ödənilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə istinad edərək hazırda mübahisələndirilən qərarı qəbul etməsi qanuni hesab edilə bilməz.
45. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, həmçinin cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından mübahisələndirilən qərarda göstərilmiş borc məbləğinin konkret olaraq hansı dövr üzrə hansı qaydada hesablandığı müəyyən edilməmişdir.
46. Həmçinin, cavabdehin iddiaçı tərəfə verdiyi məlumatlarda da ziddiyyətlər mövcuddur. Belə ki, mübahisələndirilən qərarda borc məbləği 12.461,36 manat olduğu və qərarın İcra şöbəsinə həmin borcun tələb edilməsi üçün yönləndirildiyi halda, iddiaçı tərəfin müraciəti əsasında cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən borc məbləği 10.939,10 manat olaraq göstərilmişdir.
47. Eyni zamanda, vergi borcunun hesabat dövrü 15 avqust və 15 noyabr tarixlər olduğu halda cavabdeh tərəfindən cari ilin borcunun aprel ayında hesablanaraq iddiaçıdan tələb edilməsi də əsassızdır.
48. Məhkəmə həmçinin bildirir ki, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək, yerli vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarət keçirmək bələdiyyənin vəzifəsi kimi müəyyən edilmişdir.
49. Lakin hazırkı iş üzrə müəyyən edilmiş hallar əsasında ötən dövr üzrə hesablanmış borc məbləği barədə iddiaçının həmin dövrlərdə müvafiq bildiriş ilə məlumatlandırılmaması, 26 aprel 2024-cü il tarixdə tədiyə bildirişin tərtib edilməsi və həmin gün mübahisələndirilən qərarın qəbul edilərək icra üçün İcra şöbəsinə göndərilməsi aşkar edilmişdir.
50. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
51. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hazırkı iddia tələbi cavabdehin 26 aprel 2024-cü il tarixli, 20/01 saylı qərarın əks olunmuş əsas borc və faiz borcu olmaqla cəmi 11.012,38 manat məbləğinin tələb edilməsi hissəsində ləğv edilməsindən ibarət olduğu üçün həmin qərar iddia edilən hissədə ləğv olunmalıdır.
52. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
53. İPM-in 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər.
54. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
55. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək, qanunvericiliyin normalarını, həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
56. Şərh edilənlərə əsasən və İPM-in 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Aşağı Güzdək bələdiyyəsinin 26 aprel 2024-cü il tarixli, 20/01 saylı qərarı qismən – İddiaçı əsas borc və faiz borcu olmaqla cəmi 11.012,38 manat məbləğinin tələb edilməsi hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova