Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4360/2023 10.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddianın nümayəndəsi və vəkili X3, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “barəsində çıxarılmış Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)- 73/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 6(103)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 6(103)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 5(103)-9/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlarının icra olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 yuxarıda qeyd edilmiş iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 20 iyun 2023-cü il tarixli, 2-1(112)-10295/2023 saylı Qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, X1 fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi iddiaçı barəsində heç bir araşdırma aparmadan, heç bir cinayət işi açmadan, şübhəli və təqdirləndirilən şəxs kimi cəlb etmədən ölkədən çıxışına məhdudiyyət qoymuşdur. Bakı Apellyasiya Məhkəməsinin 6(103)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətləri qanunsuz hesab edilmiş və onun ölkədən çıxışına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilərək götürülməsi qərara alınmışdır. Həmin qərar icra olunması üçün Azərbaycan Respublikası Baş Prkurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Ancaq iki aydan çox müddət keçəsinə baxmayaraq Azərbaycan Respublkası adından çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin 6(103)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qanunsuz şəkildə bilərəkdən icra olunmur. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaşadığı mənzildə axtarış baxış istintaq hərəkəti aparmış və mənzilindən övladlarına aid kompüteri, onun və həyat yoldaşının adına olan bank kartlarını, ev alqı-satqısına aid alqı-satqı müqavilələri, satış olunmuş evlərin və mənzillərin bank arayışları, lizenziya sənədlərini və bunlardan başqa yaxın qohumu olan türk vətəndaşı Güneyt Kutluerə məxsus, dizaynerlik fəaliyyətinə aid flaş kartı götürmüşlər. Həmin əşyaların qaytarılması ilə bağlı bir ildən sonra məhkəyə şikayət vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti təmin olunaraq Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış götürmə hərəkətləri qanunsuz hesab edilmiş və İddiaçı məxsus mənzildən götürülmüş 2 ədəd “İphone 13” markalı mobil telefon, övladlarına məxsus “ACER” və “MacBook Air” markalı 2 ədəd kompüter, "X9 Recorder" yazılmış bir ədəd aparat, onun və həyat yoldaşının adına olan bank kartları, ev alqı-satqısına aid alqı-satqı müqavilələri, satış olunmuş evlərin və mənzillərin bank arayışları, lizenziya sənədləri geri qaytarılması qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi apellyasiya protesti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 6(103)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin olunmadan Binəqədi rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar icra olunması və əşyaların ona qaytarılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ********* saylı cinayət işi üzrə iddiaçının və ailə üzvlərinin adına olan əmlakların üzərinə həbs qoyulması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə təqdimat verilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-629/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təqdimat təmin olunaraq onun və ailə üzvlərinin adına olan əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 5(103)-9/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin olunaraq əmlaklar üzərindən həbs götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 5(103)-9/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarıda icra olunması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Digər qərarlarda olan qanunsuzluqlarını Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi davam etdirərək bu qərarlnda icrasını heç bir əsas olmadan yubadırlar. Hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətsizliyi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yenə qanunsuzluq edərək dövlətimizin adından çıxan qərarı icra etməkdən yayınır. Dəfələrlə bu barədə müstəntiq Emin Cahangirova qərarın icra olunması barədə müraciətləri olmuş, ancaq buna baxmayaraq məhkəmə qərarları heç bir əsas və səbəb olmadan icra olunmur. İddiaçı bir neçə xarici ölkədə biznes fəaliyyəti ilə məşğuldur. Rusiya RF, Özbəkistan, Almaniya və bəzi Afrika ölkələrində beznesləri mövcuddur. Hal- hazırda ölkəni tərk edə bilmədiyindən bütün göstərilən biznes fəaliyyətləri bərbad vəziyyətə düşüb. Xarici ölkələrdə qazandığı məvacibləri öz ölkəsinə gətirib burada sərmayələr qoyur. Azərbaycan Respublkası ərazisində 120-dən çox işçisi var. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi onun ölkədən çıxışını əngəlləməklə və məhkəmə qərarını icra etməməklə ona ağır maddi zərər yetirmişdir. Bundan başqa mənzilindən götürülmüş ACER” və “MacBook Air” markalı 2 ədəd kompüter iddiaçının 14 yaşında olan övladı Seilnaya məxsusdur. Həmin kompüterlərdə övladının bütün dərs planları və imtahana hazırlıq sənədləri mövcuddur. Övladı dünyanın nüfuzlu universitetelərinə hazırlaşdığı bir dövrdə ACER” və “MacBook Air” markalı 2 ədəd kompüterləri Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi özününküləşdirərək məhkəmə qərarına məhəl qoymadan özündə saxlayır. Artıq insanlar onun hər hansı qanunsuz fəaliyyətlə məşğul olduğunu düşünür və bəzi hallarda bununla bağlı suallar da verirlər. Hesab edir ki, cavabdehlərin hərəkəti qanunsuzdur və onlara müraciət etdiyi halda bu qanunsuz hərəkətlərə son qoymayıblar. Hüquqi əsaslar: Qanunvericilik əsasları: Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3-cü maddəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması əsasları müəyyən edilib və onlar aşağıdakılardır: 9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; 9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; 9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; 9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; 9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək; 9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək. Qeyd edir ki, iddiaçının üzərinə bu hallarından hər hansı birinə uyğun olaraq hər hansı məhdudiyyət qoyulmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddianın nümayəndəsi və vəkili X6 iştirak etmiş, iddianı müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı barəsində çıxarılmış Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 6(103)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 6(103)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 5(103)-9/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlarının icra olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üzərinə qoyulmasını istəyir. Göründüyü kimi iddiaçı məhkəmə qərarlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hərəkətsizliyindən narazıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunun üçüncü maddəsi həmin qanunun tətbiqi dairəsini müəyyən etmişdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələbinə görə qanunda başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı İnzibati məhkəmələrdə həyata keçirilir. Göründüyü kimi qanunverici inzibati mübahisələrin məhkəmə aidiyyətinin başqa qaydalarının qanunda nəzərdə tutula biləcəyini istisna etmir. Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən hüquq münasibətləri mahiyyəti etibarı ilə publik hüquq səhəsinə aid olsa da, İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi qanunun tətbiq dairəsini müəyyən edərək, həmin qanunun normalarının inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 15.3-cü bəndindədə qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu cür yanaşma eyni zamanda məhkəmə qərarlarının icrasına nəzarətidə əhatə edir, hansıki bununla bağlı formalaşmış məhkəmə təcrübəsidə vardır. Məhkəmə qərarlarının icrası ilə bağlı icraata ayrıca olaraq inzibati məhkəmə icraatı qaydasında baxıla bilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, bu hüquqi müəyyənlik prinsipi ilə də ziddiyət təşkil edir. Məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi və İcra haqqında Qanunda məzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmə qərarlarının icrasına nəzarət edən məhkəmələrə müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-4360/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4360/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver