Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4465/2025 25.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 Publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: mənzillə təmin edilmə) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh X2nə qarşı “qərarların ləğv edilməsi və mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2 Publik hüquqi şəxsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 09 dekabr 2024-cü il tarixli və 21 yanvar 2025-ci il tarixli imtina qərarlarının ləğv edilməsivə iddiaçının mənzillə və ya fərdi evlə təmin edilməsi üçün lazım olan tədbirlərin görülməsi və bundan irəli gələn məsələlərin həll edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Xızı rayonunun Sitalçay kəndində qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, ikinci qrup gözdən əlildir. Halhazırda gözdən əlilliyə görə müavinət alır. Həyat yoldaşı X9 da ikinci qrup əlildir. Bir övladı var. X4 12 yaşındadır, Nicat Allahverdiyev adına Sitaiçay 2 saylı tam orta məktəbin 6-cı sinfində təhsil alır. İddiaçının və ya həyat yoldaşının xüsusi mülkiyyətində hər-hansı bir daşınmaz əmlak yoxdur. Yaşadığı bir otaqlı fərdi ev başqa şəxsə aid olduğu ilə bərabər həm də, qəzalı vəziyyətdədir. İddiaçı və həyat yoldaşı əlil olduğu üçün, eyni zamanda maddi imkanı aşağı səviyyədə olduğu üçün özlərinə yeni ev tikə bilmirlər. Buna görə də iddiaçı bir neçə dəfə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Xızı rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Prezidenti Cənab ilham Əiyevə müraciətlər ünvanlamışdır. Lakin onun müraciətlərinə heç bir halda müsbət cavab verilməyib. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014 cü il tarixli, 569 nömrəli və 25 yanvar 2021 ci il tarixli, 2449 nömrəli, habelə Azərbaycan Respublikası Nəzirlər kabinetinin 16 avqust 2021 ci il tarixli, 492 nömrəli sərəncamına əsasən bir çox Azərbaycan Respublikasının aztəminatlı vətəndaşları mənzil və fərdi evlə təmin edilib. İddiaçı hesab edir ki, ikinci qrup gözdən əlil olmağı və həyat yoldaşının ikinci qrup ümumi əlil olmağı onların ailəsinin də dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunmağı üçün əsasdır.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli, 569 nömrəli və "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərəncamlarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin sözügedən 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərəncamında isə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Habelə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının Nazirlik tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək onun vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s nömrəli sərəncamının icrası çərçivəsində iddiaçı mənzillə təmin olunması məqsədilə Agentliyə müraciət etmiş və müvafiq olaraq inzibati icraat aparılmışdır. İnzibati icraat materiallarından məlum olmuşdur ki, iddiaçı Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla yaşayır. İnzibati icraat materiallarından o da məlum olmuşdur ki, İddiaçı ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs qismində yaşayış yeri üzrə müvafiq icra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməmişdir. Yuxarıda qeyd olunan sərəncamla yalnız Bakı, Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Beləliklə, X1 hazırkı iddiasına münasibətdə yerli icra hakimiyyəti tərəfindən onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına dair inzibati akt qəbul edilmədiyindən Nazirlik tərəfindən iddiaçının mənzil və ya fərdi evlə təmin olunması qanunvericiliyə uyğun deyildir.
b) Tərəflərin iştirakı və izahatları
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
7. Xızı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, rayonda boş mənzil fondu olmadığından, həmçinin yerli xərclərdə vətəndaşların fərdi yaşayış evlərinin tikintisi məqsədilə vəsait nəzərdə tutulmadığından mənzil ilə təmin edilməsi imkan xaricindədir.
8. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci ii tarixli,492s nömrəli sərəncamına əsasən, Bakı və Sumqayıt şəhəriənndə, Abşeron rayonunda bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlliliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş vo valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəlik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan sərəncamla yalnız Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulduğundan daimi pasport qeydiyyatı nəzərə alınmaqla Nazirlik tərəfindən mənzil və ya fərdi evlə təmin olunmağı mövcud qanunvericiliyə uyğun deyildir.
9. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014cü il tarixli 569 nömrəli və 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına əsasən həyata keçirilir və həmin sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamına əsasən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda bu sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəlilik qaydasında mənzil və ya fərdi evlə tfemin edilməsi nəzərdə tutulmuşdur. Həyat yoldaşı ümumi səbəbdən əlilliyi müəyyən edilmiş şəxs olduğu üçün Nazirlik tərəfindən mənzil və ya fərdi evlə təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
10. Məhkəmənin sorğusuna cavab olaraq Xızı rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan İddiaçı son 5 (beş) il müddətində Xızı Rayon İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna alınmamışdır.
11. Xızı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2025-ci il tarixli sərəncamına əsasən Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olan X2 2-ci dərəcəli gözdən əlil kimi 3 nəfər ailə tərkibi ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfinən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirilir ki, İddiaçı xx.xx.2015-ci il tarixində ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə (xx.xx.2016-cı il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə şəxsin ikinci dərəcə əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0773003AAC26 nömrəli göndərişi əsasında qiymətləndirilmiş və göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, İddiaçı xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
13. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
14. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
15. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır.
18. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamının: 1-ci bəndi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2030-cu illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
19. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamının: 1-ci bəndi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.
20. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli Sərəncamının: 1-ci hissəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 - mənzilin və Abşeron rayonunda inşa edilən 1152 mənzilin hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilməsi qərara alınmışdır. 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsinin təmin edilməsi tapşırılmışdır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
22. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı gözdən əlilldir. O, mənzil və ya fərdi yaşayış evi ilə təmin edilməsi üçün cavabdeh inzibati orqana müraciətlər etmiş və sonuncunun xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktubları ilə onun müraciətindən imtina edilərək bildirilmişdir ki, müvafiq sərəncamla yalnız Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulduğundan daimi pasport qeydiyyatı nəzərə alınmaqla Nazirlik tərəfindən mənzil və ya fərdi evlə təmin olunmağı mövcud qanunvericiliyə uyğun deyildir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatının gedişində Xızı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2025-ci il tarixli sərəncamına əsasən Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olan X2 2-ci dərəcəli gözdən əlil kimi 3 nəfər ailə tərkibi ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli sərəncamının qəbul edilməsinin əsas prinsip və məqsədi sərəncamda qeyd edilən kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi olmuşdur. Həmin sərəncamda mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilməsi qərara alınmışdır.
25. Göründüyü kimi, həmin sərəncam həm Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış şəxslərin dairəsini əhatə edir, həm də 2020-ci il ərzində uçota götürülmüş şəxslərə şamil olunur. İddiaçı Xızı Rayon İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən xx.xx.2025-ci il tarixdə və Xızı rayonunda uçota alınmışdır.
26. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur.
27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2nə qarşı “qərarların ləğv edilməsi və mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
28. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh X2nə qarşı “qərarların ləğv edilməsi və mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli