Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4912/2025 25.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbindən görünür ki, hazırkı iddia vətəndaşa qaldırılmış iddiadır və iddiaçı cavabdehdən pul tutularaq ona verilməsi niyyətindədir. Məhkəmə prosesində iddiaçıya İPM-nin tələbləri baxımından hüquqi yardım edilmiş və iddiaçı tələbə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə, iddianın Cavabdeh qarşı yönəldilməsi ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh qismində mütləq qaydada inzibati orqan çıxış edir. Bundan başqa İnzibati Prosessual Məcəllənin 27-ci maddəsi qısa olaraq inzibati prosesdə iştirakçıların dairəsinə dair qaydanı nəzərdə tutur. Normaya görə 2 qrup iştirakçılar fərqləndirilir. Birinci qrup prosesin “əsl iştirakçılar”ından, yəni iddiaçı və cavabdehdən, ikinci qrup isə prosesə “xüsusi qərar əsasında cəlb olunmuş iştirakçılardan təşkil olunur. Cəlb olunmanın xüsusi prosessual əhəmiyyətə malik olmasını nəzərə alaraq qanunverici bu institutu İPM-nin 28-ci maddədə aynca tənzimləmişdir. Prosesdə iştirakı zəruri olan iştirakçılar kimi iddiaçı və cavabdeh tanınır. İnzibati məhkəmə icraatında həm iddiaçı, həm də cavabdeh tərəfində şəxs və ya şəxslər birliyi çıxış edə bilər. Prosesdə iddiaçı və cavabdeh birlikdə tərəflər adlandırılırlar. Məhkəmə prosesində tərəflər qismində bir qayda olaraq öz adından dövlətdən mübahisəsinin həlli üçün hüquqi yardım istəyən və tələb edən şəxslər çıxış edirlər. Yəni məhkəmə prosesində tərəf kimi təmsil edən yox, təmsil edilən qəbul edilir. Prosesdə tərəf olan şəxs nə şahid, nə üçüncü şəxs, nə də başqa proses iştirakçısı qismində çıxış edə bilməz. Tərəflər ilə bağlı mülki prosessual qanunvericiliyin ümumi qaydaları tətbiq edilir. Əsl olmayan tərəfin əvəz edilməsi zamanı məhkəmə inzibati hüquqi qanunvericiliyin tələblərini nəzərə almaqla, MPM-in bu tərkiblə bağlı ümumi qaydalarını tətbiq edir. İnzibati prosessual qanunvericilik belə bir tezisdən çıxış edir ki, iddia ancaq o zaman yolveriləndir ki, iddiaçı həqiqətən də irəli sürdüyü tələbə malik olsun. Amma əgər prosesin gedişi zamanı hər hansı dəyişiklikdən irəli gələrsə ki, iddiaçı əsl olmayan tərəfdir, onda əsl olmayan iddiaçının razılığı əldə edildiyi halda, əsl iddiaçı ilə əvəz edilmə baş verir. Nəzərə alınmalıdır ki, iddiaçıların cavabdeh qismində fiziki şəxslərə qarşı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Hesab olunur ki, vətəndaşların fiziki şəxslərə qarşı pul tələbi və mənəvi zərər ilə bağlı iddialarına mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ümumi şəhər (rayon) məhkəmələrinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X4
Məhkəmə qərarları › İş №2-1(118)-4912/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4912/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver