Məhkəmə qərarları › İş №2-1(118)-4967/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4967/2025

14.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4967/2025 14.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə (Açar sözlər: mənzillə təmin olunma) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2004-cü il tarixli, 2-2285/2004 nömrəli qətnaməsi ilə X2 xx xxxx 2001-ci il tarixdə anadan olmuş İddiaçı barəsində atalıq hüququndan məhrum edilmişdir.

2. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 dekabr 2019-cu il tarixli, 2-1(81)-4740/19 nömrəli qərarından görünür ki, İddiaçı "xxxx" Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna tapşırılmışdır.

3. 16 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu, Yeni Yaşayış Kompleksi, 1 otaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən imtiyazlı şəxs İddiaçı təhvil verilmişdir.

4. 19 oktyabr 2021-ci il tarixli “Mənzilin təhvil-təslim aktı”ndan görünür ki, "xxxx" MMC tərəfindən 51 nömrəli mənzil yoxlanılmış və təhvil alan İddiaçı saz vəziyyətdə təhvil verilmişdir.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 18 yanvar 2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, Vəliyev X4 rayonu, Pirəkəşkül a/d, Azərbaycan küçəsi, ev 47, mənzil 51 ünvanında qeydiyyatdadır.

6. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin Şəfəq Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin 4 fevral 2025-ci il tarixli, 73 nömrəli “Ailə tərkibi haqqında arayış”dan görünür ki, Nümayəndə Abşeron rayonu, Şəfəq qəsəbəsi, 47, 51 saylı mənzildə qeydiyyatsız yaşayır və ailə tərkibi övladı - İddiaçı ibarətdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 mart 2024-cü il tarixli, 3-17-3/2-Ə-10578/2/2024 nömrəli Nümayəndə göndərilmiş məktubundan görünür ki, övladı - İddiaçı 7 oktyabr 2021ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamının icrası çərçivəsində Abşeron rayonu, Yeni Yaşayış kompleksi ünvanında birotaqlı mənzillə təmin olunmuşdur. Qeyd edilir ki, İddiaçı mənzillə təmin olunarkən bir nəfər (özü) ailə tərkibi kimi nəzərə alınmadığından həmin mənzilə Nümayəndə qeydiyyata düşməsi mümkün deyildir.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 5 iyun 2025-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Nümayəndə ünvan 6 ünvanında qeydiyyatdadır.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 8 aprel 2025-ci il tarixli, 3-17-3/2-V-10857/2025 nömrəli məktubundan görünür ki, 7 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli sərəncamının icrası çərçivəsində Vəliyev X4 rayonu, Yeni yaşayış kompleksində birotaqlı mənzillə təmin edilmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq təqdim edilmiş həmin mənzilin otaq sayının dəyişdirilməsi mümkün deyildir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 22 sentyabr 2025-ci il tarixli, 3-17-3/2-24741/2025 nömrəli məktubundan görünür ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamına əsasən 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin sözügedən 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamında isə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək onun vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kv.m müəyyən edilmişdir. Qeyd edilmişdir ki, qüvvədə olan qanunvericilikdə sosial kirayə müqaviləsinə əsasən iki və daha çox otaqlı mənzillərin hansı hallarda və kimlərə verilməsi ilə bağlı meyarlar nəzərdə tutulmamışdır. Belə ki, müvafiq sahədə qanunvericiliyin tələbinə görə yaşayış sahəsinin ayrılma norması mənzilin ümumi sahəsi nəzərə alınmaqla 16 kv.m müəyyən edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddiaçı tərəfin tələbi və əsasları

11. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, verilmiş bir otaqlı mənzilin ailə tərkibi nəzərə alınmaqla iki otaqlı mənzillə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı anası Nümayəndə ilə bir otaqlı mənzildə yaşayır. Hər ikisi evsiz vətəndaşlar olduqları üçün müxtəlif polis idarələrin inzibati binalarına qeydiyyata alınmışdırlar. İddiaçı evsiz internat məzunu olduğu üçün (ata himayəsindən körpəlikdən məhkəmə qərarı ilə məhrum olmuş, anası isə evsiz vətəndaşdır) qanunla bu mənzili əldə etmişdir. Bu mənzili məhkəmə qərarı ilə cavabdehdən əldə edəndə, iddiaçı məhkəmədə anası ilə təmsil edilmişdir. Lakin ailə tərkibini cavabdeh nəzərə almadan bir otaqlı evlə məhkəmə qərarı ilə təmin etmişdir. Anası hələ də Abşeron polis idarəsinin inzibati binasında pasport qeydiyyatındadır, dəfələrlə polisin inzibati binasından qeydiyyatdan çıxmaq üçün cavabdehə müraciət edərək, ona iddiaçıya verilmiş bir otaqlı mənzilə pasport qeydiyyatına düşməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh isə müraciətin icrasından imtina etmişdir. Səbəb olaraq göstərilmişdir ki, anası iddiaçının ailə tərkibi kimi qeyd olunmadığı üçün onun verilən mənzilə pasport qeydiyyatına düşməsi mümkün deyildir. İddiaçı gələcəkdə heç vaxt iki otaqlı mənzil pulla əldə edə bilməyəcək. Maddi vəziyyəti aşağı səviyyədədir. Bir otaqlı evdə isə iki nəfərin yaşaması çətindir.

13. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

14. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin ailə tərkibinə görə iddiaçıya ikiotaqlı mənzilin Sabunçu rayonu, Ramana qəsəbəsi, 23 saylı binada verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 14 noyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

16. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzun kimi 7 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamının icrası çərçivəsində Abşeron rayonu, Yeni Yaşayış kompleksi ünvanında birotaqlı mənzillə təmin edilmişdir. İnzibati iş materiallarında olan “Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında” 16 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, “Vətəndaş ona püşkatma yolu ilə təqdim olunmuş yuxarıda göstərilən mənzilin yerindən, mərtəbəsindən və otaq sayından razı olduğunu imzası ilə təsdiq edərək, heç bir etirazının olmadığını və mənzilin təqdim edilməsi prosesinin şəffaf qaydada keçirilməsindən razı qaldığını bildirmişdir. Vətəndaşa təqdim edilmiş mənzilin təmirli olduğu, avadanlıq, qurğu və inventarların təchizatında nasazlığın və yaxud çatışmazlığın olmadığı izah edilmişdir.” Göründüyü kimi iddiaçı ilk dəfə mənzillə təmin olunduğu zaman heç bir narazılığı olmamış, ona verilən bir otaqlı mənzili təhvil almışdır. Müvafiq sahədə qanunvericiliyin tələbinə görə yaşayış sahəsinin ayrılma norması mənzilin ümumi sahəsi nəzərə alınmaqla 16 kv.m müəyyən edilmişdir. Agentlik tərəfindən iddiaçıya verilmiş mənzilin ümumi sahəsi 42-45 kv.m olduğundan adambaşına düşən ayrılma norması artıqlaması ilə ödənilmişdir. İddiaçı məzun kimi mənzillə təmin edilməsinə baxmayaraq, anası ilə birlikdə yaşadığı üçün heç bir əsas olmadan 2 otaqlı mənzillə təmin edilməsini xahiş etmişdir. İddiaçı yaşayış yeri üzrə müvafiq icra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməmişdir. Yerli icra hakimiyyəti tərəfindən onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına dair inzibati akt qəbul edilmədiyindən, Nazirlik tərəfindən iddiaçıya verilmiş birotaqlı mənzilin ikiotaqlı mənzillə dəyişdirilməsi qanunvericiliyə uyğun deyildir.

18. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12, 13-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamlarına, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli qərarına, prosessual hüquqi əsası kimi İPM-in 47.2-ci maddəsinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü:

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

22. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

23. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 43. Mənzil hüququ (-) İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

27. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar

(-) valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: (-) valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; (-) uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən;

Maddə 7. Əmlak və yaşayış sahəsi üzrə təminatlar

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrində təhsil aldıqları, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət etdikləri, əhaliyə sosial xidmət və habelə cəzaçəkmə müəssisələrində olduqları bütün müddət ərzində qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərinə və ya özlərinə məxsus olan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahələrinə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda, onlar həmin yaşayış sahəsinə bərabər olan mənzillə növbədənkənar təmin edilirlər. Əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşaqların növbədənkənar mənzil almaq hüququ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə uyğun olaraq müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər. Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar), qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin), övladlığa götürən şəxsin yaşayış yeri üzrə aparılır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olan özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirilmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən müvafiq icra hakimiyyəti orqanının həmin uşaqlar üzərində qəyyumluq və himayəçilik təyin edildikdə isə qəyyumluq və himayəçilik orqanının əvvəlcədən razılığı olmalıdır. (-) Valideynlər vəfat etdikdə, yaxud valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin yaşayış sahəsi məcburi dəyişdirildikdə müvafiq icra hakimiyyəti orqanı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrin rəhbərləri, qəyyumlar (himayəçilər), övladlığa götürən şəxslər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüququ olduğu yaşayış sahəsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özəlləşdirməli və həmin yaşayış sahəsi məcburi dəyişdirildiyi halda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətinə keçməsi barədə müqavilə bağlamalıdırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alarkən və ya dəyişdirilərkən dövlət rüsumunu ödəməkdən azad olunurlar. (-)

28. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (-)

Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması

49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra - ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-)

Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları

50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir.

Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması

51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. (-)

Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi

59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli qərarı:

Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

30. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

31. Məhkəmə tərəflərin izahatlarını, həmçinin iş materialına əlavə edilmiş sənədləri mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hallara istinad edərək əsaslandırır.

32. İddia tələbinin əsaslarına görə, iddiaçı internat məzunu olduğu üçün mənzillə təmin edilmiş, lakin ailə tərkibi cavabdeh tərəfindən nəzərə alınmamış və bir otaqlı evlə fərqli ünvanda təmin edilmişdir. Belə ki, iddiaçı qeyd edilən mənzildə hazırda anası ilə birlikdə qaldığı üçün ona ikiotaqlı mənzil ayrılmalıdır.

33. Cavabdeh tərəfin mövqeyinə görə isə, iddiaçı ilk dəfə mənzillə təmin olunduğu zaman heç bir narazılığı olmamış, ona verilən bir otaqlı mənzili təhvil almış, cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş mənzilin ümumi sahəsi 42-45 kv.m olduğundan adambaşına düşən ayrılma norması artıqlaması ilə ödənilmiş, hazırda yerli icra hakimiyyəti tərəfindən onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına dair inzibati akt qəbul edilmədiyindən, iddiaçıya verilmiş birotaqlı mənzilin ikiotaqlı mənzillə dəyişdirilməsi qanunvericiliyə uyğun deyildir.

34. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzun kimi 7 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamının icrası çərçivəsində Abşeron rayonu, Yeni Yaşayış kompleksi ünvanında birotaqlı mənzillə təmin edilmiş, həmin mənzil ona 16 sentyabr 2021-ci il tarixli akt əsasında təhvil verilmişdir.

35. Göründüyü kimi, iddiaçı əvəzsiz olaraq mənzil almaq hüququndan artıq bir dəfə istifadə etmiş və qeyd olunan əmlakın sahibi olmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli sərəncamı yaşayış sahəsinə ehtiyacı olan şəxslərə aid olduğundan və iddiaçıya artıq mənzil ayrıldığı üçün onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qəbul edilməsinə dəlalət edir.

36. Bundan əlavə, iddiaçının digər ailə üzvü ilə yaşadığı üçün ona birotaqlı deyil, ikiotaqlı mənzilin ayrılması tələbi ilə əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-1(102)- 1300/2023 nömrəli qərarında qeyd edildiyi kimi, mənzillərin sahəsi hesablanarkən ümumi sahəsinin hesablanma qaydasını vurğulamaq lazımdır. Qanunun tələbinə görə isə yaşayış sahəsi verilərkən adambaşına düşən norma yalnız yaşayış otaqlarının ümumi həcmi deyil, mənzilin ümumi sahəsi nəzərə alınmaqla hesablanır.

37. Eyni zamanda, qanunverici sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin vətəndaşlara onların yaşayış yeri üzrə adambaşına düşən ümumi sahəsinin ayrılma normasından az olmamaqla verilməli olduğunu müəyyən etməklə yanaşı, həm də yaşayış sahəsinin adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmayan ümumi sahə kimi verilə biləcəyi halını 2 əsasla şərtləndirmişdir: 1) yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olmalı; 2) yaşayış sahəsinə ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulmalıdır.

38. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kv.m müəyyən edilmişdir.

39. İddiaçıya məxsus mənzilin ümumi sahəsi 42-45 kv.m, 1 nəfər ailə üzvü olmaqla hər birinə düşən sahə ayrılma norması 16 kv.m-dir. Belə olduqda iddiaçının və onun ailə üzvünə düşən sahənin ayrılma normasından artıq olduğu müəyyən edilir.

40. Beləliklə, iddiaçı ona cavabdeh tərəfindən əlavə olaraq mənzilin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bunun əksinə, cavabdeh inzibati orqan tərəfindən adambaşına düşən ayrılma normasının nəzərə alındığı, bu səbəbdən də sahəsi 42-45 kv.m olan 1 otaqlı mənzilin verildiyi, əlavə olaraq mənzilin verilməsi ilə bağlı orqanın öhdəliyinin olmadığı sübuta yetirilir.

41. İddiaçı tərəfin ayrılmış mənzilin ünvanının saxtalaşdırılması ilə bağlı məhkəmə bildirir ki, iddiaçı 16 sentyabr 2021-ci il tarixdə mənzilin təhvil verilməsinə dair aktı öz imzası ilə təsdiq edərək, Abşeron rayonu, Yeni Yaşayış Kompleksi ünvanında yerləşən 1 otaqlı mənzili təhvil almışdır. Bu səbəbdən məhkəmə qeyd edilən iddia dəlilini əsassız hesab edir.

42. Bundan başqa, məhkəmə iddiaçının hal-hazırda sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzun kimi mənzillə təmin edilməsini nəzərə alaraq qeyd edir ki, müvafiq qanunvericiliyə əsasən valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunması üçün uşağın hər iki valideyni müəyyən olunan kateqoriyaların hər hansı birinə aid olunmalıdır. Hazırkı iş üzrə münasibətdə iddiaçının atası məhkəmə qərarı əsasında valideynlik hüquqlarından məhrum edilmiş, anası isə, iddiaçı internat məzunu olduğu üçün, uşağını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina etmiş kimi müəyyən olunur.

43. Bu səbəbdən də iddiaçıya müvafiq mənzil ayrılarkən valideyninin onunla birlikdə yaşadığı üçün onu da nəzərə alınması və iki nəfər ailə üzvünə müvafiq ölçüdə mənzilin verilməsi ağlabatan deyildir.

44. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin еdilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

45. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar