Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-504/2022 12.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ona və ailə üzvlərinə məcburi köçkün kimi vahid aylıq müqavinətin ödənilməsinin siyahıya salınıb bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “ona və ailə üzvlərinə məcburi köçkün kimi vahid aylıq müqavinətin ödənilməsinin siyahıya salınıb bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-504/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1993-cü ilin oktyabrın 29-dan Zəngilan rayonundan məcburi köçkün düşmüşdür. Hazırda Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, bina 10, mənzil 7-də məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində yaşayır. Hər ay ona və övladlarına ehtiyaclarını qarşılamaq məqsədilə 60 manat məbləğində vahid aylıq müavinət verilirdi. 2017-ci ilin noyabr ayında aylıq müavinətin verilməsi dayandırılmşdır. Səbəb kimi bildirilmişdir ki, adına şəxsi mənzil olduğu üçün ona aylıq müavinət ödənilməyəcəkdir. Lakin adına heç bir daşınmaz əmlak mövcud deyildir. Ona ödənilən müavinət dayandırıldıqdan sonra Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, onlara təqdim edilmiş arayışla bildirilmişdir ki, onun adına hər hansı bir daşınmaz əmlak qeydə alınmamışdır. Həmin arayışı Cavabdehnə təqdim etsə də yenə də ona müvinət verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 05 avqust 2021-ci il tarixli 664 saylı imtina məktubunda bildirilmişdir ki, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayışa əsasən Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin göndərdiyi siyahıda onun mülkiyyətində şəxsi mənzili olduğu üçün ona və ailə üzvlərinə ödənilən vahid aylıq müavinət qaydanın tələbinə uyğun olaraq dayandırılmışdır. Məcburi köçkün ailəsi kimi onların hüquqları tapdalanır, onlar öz hüquqlarını həyata keçirə bilmirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, məcburi köçkünlərə dövlət qayğısının real təzahürlərindən biri də onlara vahid aylıq müavinətin verilməsidir. Məhz bu amil məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə dövlətin maddi dəstəyinin ən optimal forması kimi qəbul olunur. Ona görə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Qaydaların icrasına nəzarəti Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsində yaradılmış Komissiya həyata keçirir. Komissiyanın elektron məlumat bazası artıq müxtəlif qurumlara inteqrasiya olunmuşdur. İddiaçı və ailə üzvləri barəsində məlumat da həmin komissiya tərəfindən elektron baza vasitəsi ilə qeydiyyatda olduğu Cavabdeh başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, 2017-ci il noyabr ayında onlara ödəniləcək vahid aylıq müavinət dayandırılmışdır. Onu da qeyd edirik ki, İddiaçı Qarabağ müharibəsi veteranı olması, maddi durumu, müəyyən imtiyazlar daşıması, ehtiyac meyarları nəzərə alınmış, Cavabdeh başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən onun və ailə üzvlərinin adı 2020-ci ilin yanvar ayında vahid aylıq müavinətin verilməsinə dair hesabata daxil edilərək Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Lakin, Komitədə fəaliyyət göstərən vahid aylıq müavinətin verilməsinə dair komissiya tərəfindən İddiaçı və onun ailə üzvlərinə vahid aylıq müavinətin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Vahid aylıq müavinət təyin edilərkən məcburi köçkünlərin sosial müdafiəyə ehtiyacının olub-olmaması əsas götürülür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlərt büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.4-cü bəndinə əsasən, aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçısları cavabdehlik daşıyırlar. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Cavabdeh iddiaçıya ünvanladığı 664 saylı, 05 avqust 2021-ci il tarixli məktubundan görünür ki, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Əmlak Məslələri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 79, mənzil 64 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı adına Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır və həmin torpaq sahəsi X3 adına özgəninkiləşdirilmişdir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 79, mənzil 64 İddiaçı mülkiyyətindədir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na uyğun həll edilir. 01 yanvar 2017-ci ildən qüvvədə olan adı çəkilən Qaydanın 1-ci hissəsində qeyd edilmişdir ki, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1.ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Qaydanın 2.1-ci hissəsinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. İş materiallarına əlavə edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı ******* saylı çıxarıdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi ev 79, mənzil 64 İddiaçı mülkiyyətindədir. Eyni zamanda məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır və həmin torpaq sahəsi X3 adına özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd edilən Qaydanın 2.1-ci hissəsində məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlər və onlarla birlikdə yaşayan ailə üzvlərindən bəhs olunur. Yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən şəxslərə aylıq müavinət şamil olunmur. Hazırki işdə də iddiaçının adına əmlak olduğundan ona aylıq müavinətin təyin edilməməsi qanunvericiliyin tələbindən irəli gəlir. İddiaçı məhkəmə iclasında həmin əmlakın ona bağışlanıldığını qeyd etsə də, bağışlama müqaviləsi ilə mülkiyyətin digər şəxsə keçməsi də mülkiyyətin əldə etmə üsullarından biridir və sözügedən normanın təsir dairəsinə düşür. Başqa sözlə mülkiyyətin hər hansı formada əldə olunması üsulu sözügedən qanunun təsir dairəsini dəyişdirmir. Bu halda isə ona məcburi köçkün kimi aylıq müqavinətin verilməsini qanun qadağan edir. Qaydanın 3.4-cü bəndinə əsasən, aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətinin başçıları cavabdehlik daşıyırlar. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı ona və ailə üzvlərinə məcburi köçkün kimi vahid aylıq müavinətin ödənilməsinin siyahıya salınıb bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı ona və ailə üzvlərinə məcburi köçkün kimi vahid aylıq müqavinətin ödənilməsinin siyahıya salınıb bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-504/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-504/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver