Məhkəmə qərarları › İş №2-1(118)-5060/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5060/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5060/2024 05.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “Azərbaycan Respublikası Mədəniyyət və Təhsil Nazirliklərinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, Tatların tarixinə dair kitabının nəşri, beyin mərkəzlərinin yaradılması, Tat dilinin məktəblərdə tədris olunması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, AR Konstitusiyasının 1,7,12,14,24-26,39- 41,57-ci maddələrinə əsasən AR hakimiyyətinin yeganə mənbəyi xalqdır, hüquqi dövlətdir, təbii sərvətlərdən xalqın rifahı naminə istifadə olunmalıdır, hüquq və azadlıqları vardır, həmçinin mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması dövlət orqanlarının borcudur və dövlətin məmurları xalqa yardımçı olmalıdır, lakin Azərbaycan bir dövlət kimi formalaşması və qədim tarixi ərazilərin-şəhərlərin təhqiq edilməsi, arxeloji qazıntıların aparılması, dünya tarixində Azərbaycanda yaşayan qədim xalqların rolu və tarixi, dünya xalqlarının və tarixinin və dünyada ilk yaşayış məskənin-Bad şəhərinin, ilk məbəd, dil, dinin və dini kitab olan Avestanın və dg faktların sübutu kimi dünyaya çatdırılması üçün dəfələrlə AR MEA-na və digər təşkilatlara müraciət etməyinə baxmayaraq heç bir araşdırılma aparılmamışdır, əksinə tarixi saxtalaşdıranlar həmin yerləri də məhv ediblər, bu onu sübut edir ki, tatlata qarşı asimliyyasiya-soyqırım siyasəti hələ də davam edir, necə ki, masson əhməd kamal tərəfindən bakı tatlarını dilindən döndərərək assimliyyasiya uğradıblar,(Sasanilərdən sonra qırmızı bayraqla döyüşkən olan tatlara qarşı bu siyasət aparılır) ərizələrindən sonra təkcə mədəniyyət nazirliyindən maraqlanıblar, əksinə olaraq tatları millət kimi saymaq istəmirlər. Burda sual ortaya çıxır ki, 200 il bizi əsarətdə saxlayan rus və fars faşistlərinə bütün imtiyazlar verilib, onlar üçün məktəblər var, bizi qılıncdan keçirən dırğıl ərəblər istədiyini edir, onların yazıları və məktəbləri istifadə olunur, ölkədə dövlətə qarşı istifadə edilən talış və ləzgi ekstremislərə kitablarının çap və tədrisinə icazə verilir, dövlətə qarşı heç bir zərəri olmayan, həmişə dövlətin keşiyində olan TAT xalqına belə düşmən münasibət göstərilir, həmişə də təqib olunaraq assimiliyaya uğradılaraq məhv edilir. Böyük Azərbaycan naminə etdiyi müraciətdən sonra ona tatların tarixi barədə yazdıqlarının nəşrinə icazə verilməmişdir,təhsil nazirinin şəxsən qəbulunda olduqda beyin mərkəzlərinin yaradılması,veteran oğlunun işlə təmin olunmasına göstərişinə də əməl olunmur, 90-cı illərdə "Zuhun tati" kitabı dərs vəsaiti kimi tətbiq olunmuş tat dilinin tədrisinə, tat dilində qəzetin nəşrinə və televiziyada tatların tarixi, dili və mədəniyyəti barədə verilişin tətbiqini xahiş etmişdir,əksinə olaraq ona təzyiqlər göstərilir, ona və övladlarına işləməyə imkan vermirlər (halbuki savadına görə üzdəniraq məmurların əksəriyyəti ona çatmaz, özü ali təhsilli hüquqşünasdır, lakin ixtisası üzrə işləməyə imkan vermədiklərindən tarix, ilahiyyat və astraloqiya ilə məşğuldur, maddi imkansızlıqdan yazdıqlarını da nəşr edə bilmir, halbuki onların nəşri dövlətə böyük fayda verərdi, biz nə farsıq nə də türk-azərbaycanlıyıq, hamısı kürdlər də daxil olmaqla bizdən törəmədir, farslar dilini dəyişən tatları azəri adlandırıblar). Səsanilərdən sonra vətən xaini Xətai şiəlik siyasətində tatları və azərbaycanlıları parçaladı ki,onun nəticəsində indi də birləşə bilmirlər. 20-ci əsrin əvəllərində Əhməd Kamal adlı pantürkzmin təbliğatçıları(masson) Bakı əhalisini tat dilindən türk dilinə danışmağa təbiqatından sonra nardaran,maştağa və bəzi əsas kəndləri dilini dəyişdilər, indi də sovetski və digər yeləri pərən-pərən salmaqla eyni siyasər aparılır, tat dilində danışan rayonlarda onlara qarşı daha güclü siyasət aparılır, tatları əvvəl azsaylı xalq, sonradan etnik qrup sayaraq əhalisinin sayını da az göstərməklə bu xalqı məhv etmək istəyirlər, halbuki TAT xalqı Azərbaycanın yarısından çoxunu təşkil edir. Ölkə rəhbərliyi İranda azərilərin hüquqların pozulmasıyla bağlı (sionist yəhudilərin və massonların diktovkası ilə) danışır, lakin TAT xalqının hüquqlarını Azərbaycnada pozulmasını görmür, azsaylı xalqların dilində kitabların nəşri və tədrisi barədə qərar qəbul olunur, qərəzli olaraq tatları heç o siyahıya da salmırlar, ancaq ermənilərin hüquqlarını müdafiə edəcəyini bildirir, halbuki öz vətəndaşlarının hüquqlarını təmin edə bilmir. Öz tarixini, əjdadlarını, keçmişini unudan xalqlar heç vaxt xoşbəxt olmur, ona görə də bu ölkə bu günə qalıb. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, Mədəniyyət Nazirliyinə məktub yazılmış, əlyazma hazır şəkildə verilmişdir. Sonra bir-iki cümləyə görə kitabı çap etməkdən imtina etmişdirlər. Tarixdə nə olubsa onu qeyd etmişdir. Təhsil Nazirliyinin regional şöbəsinə müraciət etmişdir. Deyirlər əhalinin ərizəsini gətir. Tatları etnik qrup kimi də saymırlar. Sədrlik edəninin suallarına cavabında bildirmişdir ki, Mədəniyyət Nazirliyinin səlahiyyəti var, kitab dövlət hesabına çap edilməlidir. Cavabdehin nümayəndəsi qeyd edir ki, dərsliklərin tədrisi başlanılıb, lakin fakt göstərə bilmir. Dərsliklər Təhsil Nazirliyinin, tarixə dair kitablar isə Mədəniyyət Nazirliyinin səlahiyyətindədir. Beyin mərkəzi olmalıdır ki, dövlətin ən dəyərli məsələləri orada həll olunmalıdır. Hər ölkənin beyin mərkəzi olmalıdır, bizdə isə yoxdur. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iddia ərizəsinə etirazında qeyd olunmuşdur ki, iddia tələbindən onun 2 hissədən ibarət olduğu müəyyən edilir: 1) Tat dilinin məktəblərdə tədris edilməsi; 2) Tatların tarixinə dair kitabın nəşrinə icazə verilməsi. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərindən irəli gələrək, cavabdeh Mədəniyyət Nazirliyi iddia tələbinə kitab nəşrinə dair hissədə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, təhsil sahəsində, o cümlədə ümumtəhsil məktəblərində tədris məsələləri qanunla Mədəniyyət Nazirliyinin tənzimləmə sahələrinə aid edilməmişdir. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən nəşr üçün nəzərdə tutulmuş əsərlərin, əlyazmaların və digər materialların senzurasına yol verilmir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə" ilə cavabdeh Mədəniyyət Nazirliyinə kitabların nəşrinə razılıq verilməsi barədə müvafiq səlahiyyət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə görə dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. “İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin tələbinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, mövcud qanunvericilik nəşr sahəsində senzuranı qadağan edir. Eyni zamanda, inzibati orqanlar, o cümlədən cavabdeh Mədəniyyət Nazirliyi qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Qanunvericinin həmin yanaşması konstitusion tələb olmaqla, inzibati orqanların fəaliyyətində hüquqi müəyyənliyin təmin edilməsi yolu ilə səlahiyyət hüdudlarının dəqiq müəyyən edilməsinə yönəlmişdir. Belə olan halda, cavabdeh Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə aid edilməmiş məsələyə - müvafiq kitabın nəşrinə icazə verilməsinə dair inzibati akt qəbul etmək səlahiyyəti də yoxdur. Yuxarıda qeyd olunmuş norma - “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi həmin səlahiyyətin digər dövlət orqanına verilməsini də istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı hazırki iddiasında cavabdeh Mədəniyyət Nazirliyinin hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından, hesab edirlər ki, iddia cavabdeh Mədəniyyət Nazirliyinə dair hissədə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi qeyd etmişdir ki, ümumi təhsil müəssisələrinin l-İV sinifləri üçün “Tat dili” dərsliklərinin nəşri ilə bağlı qaldırılan məsələyə dair bildirirlər ki, cari ildə İ və İİ siniflər üçün “Tat dili” dərslikləri hazırlanaraq çap olunmuş və 2024-2025-ci tədris ilinə şagirdlərin istifadəsinə veriləcəkdir. Hazırda İİİ və İV siniflər üçün “Tat dili” dərsliklərinin hazırlanmasına başlanılmışdır. Həmin dərsliklərin çap olunaraq 2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinə təqdim edilməsi nəzərdə tutulur. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iştirak etmiş, izahatında bildirmişdir ki, iddianın mümkünlük əsasına baxılmalıdır. Tələbin hüquqi əsası yoxdur. İddia ərizəsində qeyd edilir ki, Təhsil Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması. Hərəkət və hərəkətsizliyin nədə ifadə olunduğu iddia ərizəsində öz əksini tapmır. İkincisi beyin mərkəzlərinin yaradılması Təhsil Nazirliyinin funksiyasına aid deyil. Üçüncüsü Tat tarixinə dair kitabların nəşri də Təhsil Nazirliyinin funkisiyasına aid deyil. Dördüncüsü isə tat dilinin məktəblərdə tədris olunması Nazirliyin funksiyasına aiddir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, bu il sentyabr ayından birinci və ikinci siniflər üçün tat dilinin tədrisi ilə bağlı kitablar ayrılmışdır. Bu ildən tədris olunacaq. Gələn ildən isə 3-cü və 4-cü siniflər üçün. Bu proses çoxdan başlanılmışdır. Ümumiyyətlə subyektiv hüquq məsələsinə baxılmalıdır. İPM-in 35-ci maddəsinə əsasən ilkin olaraq cavabdeh orqana müraciət olmalıdır. İş materiallarında olan regional şöbənin məktubudur. Təhsil Nazirliyinin məktubu deyil. Son bir ildə heçbir müraciət daxil olmamışdır. Nəşriyyat haqqında Qanunla tənzimləmə var. Vətəndaş kimi müraciət edə, yazdığı kitabı nəşriyyata təqdim edə bilər. Qanunda separatçılıq və s. qadağalar istisna olmaqla istənilən adam istənilən kitabı dərc edə bilər və nəşriyyata təqdim edilə bilər. Qoyulan tələblərin heç birinin Təhsil Nazirliyinə aidiyyəti yoxdur. Hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. İddiaçının tələbləri aşağıdakılardan ibarətdir: 1) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması 2) Tatların tarixinə dair kitabının nəşri 3) beyin mərkəzlərinin yaradılması 4) Tat dilinin məktəblərdə tədris olunması İddiaçı tələbinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması və beyin mərkəzlərinin yaradılması hissəsində hərəkətsizliyin konkret nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. İddiaçı tərəfindən edilmiş müraciətlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 02 fevral 2024-cü il tarixli 3-24/04/2-İ-2273/2 saylı məktubu və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə olan müraciəti isə aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən 18 may 2023-cü il tarixli 3- 29/2-İ-4784-4/2023 saylı məktubu ilə cavablandırılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun: 3.0.11-ci maddəsinə əsasən, yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciətdir; 6.2-ci maddəsinə əsasən, yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir; 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir; “İnzibati icraat haqqqında” Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İşin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, iddiaçının müraciətinə cavab olaraq ona cavab məktubu ünvanlanmışdır. Beləliklə, iddiaçının müraciətinin cavablandırıldığı öz təsdiqini tapmışdır. İddiaçı tatların tarixinə dair kitabının nəşr olunması öhdəliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə aid olduğunu bildirsə də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə"də Mədəniyyət Nazirliyinə kitabların nəşrinə razılıq verilməsi barədə hər hansı səlahiyyət verilməmişdir. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 4. Nəşriyyat işinin sərbəstliyi Nəşr üçün nəzərdə tutulmuş əsərlərin, əlyazmaların və digər materialların senzurasına yol verilmir. Nəşriyyat materiallarının müəllif deyilərsə, dövlət orqanlarının, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, habelə vəzifəli şəxslərin nəşrə hazırlanan materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və yayılmasını qadağan etmək hüququ yoxdur. Nəşriyyatlar, poliqrafiya müəssisələri, yayıcılar tematik plan və proqram hazırlamaqda, mövzu və müəlliflər seçməkdə, nəşrlərin tirajını, qiymətini və ticarət əlavələrini (güzəştlərini) müəyyən etməkdə (dövlət proqramları əsasında hazırlanan, maliyyələşdirilən nəşrlərdən başqa), öz aralarında və digər hüquqi və fiziki şəxslərlə əlaqə formalarını müəyyənləşdirməkdə tam sərbəstidirlər. Materialların hazırlanması zamanı tərcümə və müəllif mətnlərində müəlliflik hüququnu qorumaq şərtilə ixtisarlara və redaktəyə yol verilə bilər. Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların fondları üçün Nazirliyin sifarişi ilə çap olunacaq və satın alınacaq nəşrlərə dair meyarların müəyyənləşdirilməsi, müvafiq sahə üzrə şəffaf və effektiv iş mexanizminin təmin edilməsi məqsədi ilə Nazirliyin 1 aprel 2021-ci il tarixli, 33-f nümrəli əmri ilə “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə nəşriyyat və çap məhsullarının istehsalı, buraxılışı və satınalınmasına dair Meyarlar” təsdiq edilmiş və X2 və Nəşriyyat Məhsullarının satınalınması üçün Komissiya yaradılmışdır. İddiaçının təqdim etdiyi kitab baxılması üçün Komissiyaya təqdim olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 və Nəşriyyat Məhsullarının satınalınması üçün Komissiyanın “Bad şəhəri tatların və dünya tarixinin başlanğıcı” kitabına aşağıdakı formada rəy verilmişdir: “Müəllifin kitabın giriş hissəsində tatların tarixi ilə bağlı səsləndirdiyi fikirlərin – ilk insanın tat olması, ilk xalqın tat olması, Bad şəhərinin ilk yaşayış məskəni olması, tat dilinin ən qədim dil olması və s. heç bir elmi əsası yoxdur. Kitabın girişində Zahid İsayevin yəhudilər, şiələr, Peyğəmbərlər barədə fikirləri dini ekstremizm ruhunda yazılıb. X3 Xətaini Azərbaycan xalqının düşməni kimi qələmə verməsi, omu tatların zorla şiələşdirməkdə günahlandırması, 2025-ci ildə Tehranda qırmızı bayraq asmaqla Böyük Azərbaycan – TAT dövlətinin yaradılması, AMEA-nın ləğv olunması kimi cəfəngdolu çağırışları qəbuledilməzdir. Kitabın əsas məzmunu ilə adı uyğun gəlmir. X1, Sara Aşurbəylinin, erməni və rus müəlliflərinin əsərlərinə istinad edərək tatların etnogenezi, onların yaşadıqları bölgənin tarixi və coğrafiyası haqqında “elmi” mülahizələr yürütməyə çalışır. Ümumiyyətlə kitabın əsas məzmunu kompilyativ xarakter daşıyır. Kitabın sonunda müəllifin istifadə etdiyi ədəbiyyat siyahısını göstərməməsi onun istinadlarının nə dərəcədə düzgün olmasını yoxlamağa imkan vermir. Bütün bunları nəzərə alaraq kitabın nəşrini məqbul hesab etmirik.” “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə nəşriyyat və çap məhsullarının istehsalı, buraxılışı və satınalınmasına dair Meyarlar”na əsasən:

6. Nəşrlərin satınalınması müsabiqəsi 6.1. Komissiya tərəfindən hər ilin fevral ayında “Nəşrlərin satınalınması müsabiqəsi” (bundan sonra – Müsabiqə) təşkil edilir. 6.2. Müsabiqənin keçirilməsi barədə Nazirliyin rəsmi saytında və digər kütləvi informasiya vasitələrində elan verilir. Elanda Müsabiqədə iştirakla bağlı müəyyən olunmuş şərtlər göstərilir. 6.3.Nəşrlər Müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Komisssiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir. 6.4.Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdirilir. 6.6. Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir. 6.7. Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.

8. Müsabiqəyə təqdim olunan nəşrlərin satınalınması qaydası 8.1. Müsabiqə başa çatdıqdan sonra Komissiya 1 ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsini aparır və satınalınması qərararlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edir. 8.2.Yekun protokol Azərbaycan Respublikasının mədəniyyət naziri tərəfindən təsdiq olunur. 8.3. Təsdiq olunmuş yekun protokola əsasən nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır. Satınalma müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilir. İddiaçı öz izahatında Tatların tarixinə dair kitabının cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən çap edilməli olduğunu qeyd etmişdir. Göründüyü kimi iddiaçının çatmaq istədiyi hüquqi marağı məhkəmə tərəfindən inzibati orqana inzibati icraatın hansı qaydada aparılması ilə bağlı müdaxilə edilməsi barədə öhdəliyin qoyulması ilə bağlıdır. Lakin inzibati prosessual qanunvericilikdə və “İnzibati icraat haqqında” qanunda məhkəmənin aparılan inzibati icraata müdaxiləsi nəzərdə tutulmamışdır. Əks yanaşma hakimiyyət bölgüsü prinsipinə zidd olmaqla məhkəmənin inzibati orqanın yerini almasına gətirib çıxarmış olar. İddiaçı həmçinin Tat dilinin məktəblərdə tədris olunmasını istəyir ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi etirazında göstərmişdir ki, ümumi təhsil müəssisələrinin l-İV sinifləri üçün “Tat dili” dərsliklərinin nəşri ilə bağlı qaldırılan məsələyə dair cari ildə İ və İİ siniflər üçün “Tat dili” dərslikləri hazırlanaraq çap olunmuş və 2024- 2025-ci tədris ilinə şagirdlərin istifadəsinə veriləcəkdir. Hazırda İİİ və İV siniflər üçün “Tat dili” dərsliklərinin hazırlanmasına başlanılmışdır. Həmin dərsliklərin çap olunaraq 2025- 2026-cı tədris ilində ümumi təhsil müəssisələrinə təqdim edilməsi nəzərdə tutulur. Beləliklə, iddiaçının hazırki iddia tələbini qaldırmaq üçün subyektiv hüquqa malik olması halı da məhkəmə tərəfindən müəyyən edilmir. İddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Həmçinin “tələbin əsaslandırılması” həm predmet baxımından, həm subyekt baxımından təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan əlavə, iddiaçı qeyd edilən tələblərin bir icraatda birləşdirilməsinin mümkünlüyünü də əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi iddiaçı tərəfindən verilmiş iddia ərizəsi mümkünlük şərtləri ilə bağlı tələblərə cavab vermir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar