Məhkəmə qərarları › İş №2-1(118)-5287/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5287/2025

20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5287/2025 20.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhəri Sumqayıt bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) GİRİŞ HİSSƏ X4-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhəri Sumqayıt bələdiyyəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 20 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Sumqayıt şəhəri Sumqayıt bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarının “Vətəndaş İddiaçı mülkiyyətinə bağ torpaq sahəsinin veriməsi haqqında Sumqayıt bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ilin ortalarında ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin “Novxanı bağları” adlandırılan ərazisində yerləşən və uzun illər sənədsiz olaraq faktiki istifadəsində olan sahəsi 450 kvadrat metr bağ torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Torpaq sahəsinin ayrılmasına dair müraciəti Sumqayıt bələdiyyəsində məqsədəuyğun sayılmış və müvafiq sənədləşmə işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə müraciət olunaraq, müvafiq rəyin verilməsi xahiş olunmuşdur. Sumqayıt bələdiyyəsinin torpağın sənədləşdirilməsinə dair müraciətinə cavab olaraq Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən müvafiq rəy və torpaq sahəsinin planı verilərək torpaq sahəsinin iddiaçının mülkiyyətinə alqı-satqı qaydasında sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Sözügedən rəy bələdiyyəyə daxil olduqdan sonra Sumqayıt bələdiyyəsinin tələbi əsasında iddiaçı tərəfindən torpağın alqısatqı haqqı olaraq 810 (səkkiz yüz on) manat pul məbləği bələdiyyənin hesablaşma hesabına ödənilmiş və Sumqayıt bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli,11 saylı iclas protokolunun qərarı ilə Sumqayıt şəhərinin “Novxanı bağları” adlandırılan ərazisində yerləşən və uzun illər sənədsiz olaraq iddiaçının faktiki istifadəsində olan sahəsi 450 kvadrat metr bağ torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən, mülkiyyətinə verilmişdir, lakin iddiaçı göstərilən bələdiyyə qərarının yekun mülkiyyət sənədi olduğunu güman edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirməmişdir. İddiaçı mülkiyyət sənədinin zəruri olduğunu bir müddət əvvəl öyrənmiş və torpaq üzərində hüququnun qeydiyyatı ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etdikdə bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci ildən sonra bələdiyyənin bilavasitə qərarları ilə verilmiş torpaqlar üzərində hüquqlar dövlət qeydiyyatından keçirilmir və həmin qərarlar qüvvədən düşmüşdür. Bundan sonra, iddiaçının adına verilmiş sözügedən bələdiyə qərarının qüvvədə olub-olmaması ilə bağlı Sumqayıt bələdiyyəsinə tərəfindən edilmiş müraciətə cavab olaraq bildirilmişdir ki, həqiqətən də torpaq sahəsinin ona ayrılmasına dair bələdiyyə qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələri əsasında Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli,14 saylı qərarı ilə ləğv edilmiş, lakin bu barədə adlarına bələdiyyə qərarları verilmiş vətəndaşlara, o cümlədən iddiaçıya məlumat verilməmişdir. Halbuki, sözügedən torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçının mülkiyyətinə ayrılması zamanı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, torpağın tələb olunan dəyərini ödəmiş və bələdiyyə qərarının ləğvi cavabdeh tərəfindən qanunsuz şəkildə məlumatı olmadan həyata keçirilmişdir. Hesab edir ki, torpağın mülkiyyətinə ayrılması barədə Sumqayıt bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 saylı iclas protokolunun qərarı cavabdeh Sumqayıt bələdiyyəsi tərəfindən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri açıq-aşkar şəkildə pozulmaqla ləğv olunmuşdur. Göründüyü kimi, onun hüquqları Sumqayıt Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün iddiaçı məhkəməyə müraciət etmək və Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 04 saylı qərarının mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə Sumqayıt bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 saylı iclas protokolunun qərarı hissəsində ləğv olunmasını tələb etmək qərarına gəlmişdir. Belə ki, torpağın bələdiyyə tərəfindən mülkiyyətinə ayrılması zamanı iddiaçı üzərinə düşən öhdəlikləri, o cümlədən mülkiyyətinə verilmiş torpaq sahəsinin tələb olunan alqı-satqı pulunu bələdiyyəyə ödəməklə tam yerinə yetirmişdir. Beləliklə, iddiaçının hüquqları Sumqayıt bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək və öz pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Sumqayıt bələdiyyəsinin mübahisələndirilən qərarı məlumat verilmədən və hər hansı məhkəmə qərarı olmadan çıxarıldığından, hesab edir ki, həmin bələdiyyə qərarı qanunsuz hesab olunmalı və bu əsasla ləğv edilməlidir.

3. Cavabdehin məhkəməyə ünvanladığı məktubda bildirmişdir ki, iddiaçı ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək, Sumqayıt şəhərinin “Novxanı bağları” adlandırılan ərazisində yerləşən və uzun illər sənədsiz olaraq faktiki istifadəsində olmuş 450 kvadrat metr torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Həmin müraciət əsasında adı çəkilən torpaq sahəsinə dair rəyin verilməsi məqsədi ilə Sumqayıt Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət olunmuş və edilmiş müraciətə cavab olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən müvafiq rəy verilərək torpaq sahəsinin İddiaçı mülkiyyətinə alqı-satqı qaydasında rəsmiləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmin rəy Sumqayıt Bələdiyyəsinə daxil olduqdan sonra İddiaçı tərəfindən torpağın alqı-satqı məbləği olaraq 810 (səkkiz yz on) manat pul bələdiyyənin hesablaşma hesabına köçürülmüş və Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən və uzun müddət iddiaçının rəsmiləşdirilmədən istifadəsində olan 450 kvadrat metr sahəsi olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən, bağ evinin tikintisi məqsədi ilə İddiaçı mülkiyyətinə verilmişdir. Qeyd edilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi Sumqayıt Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 saylı iclasının qərarı ilə rəsmiləşdirilmişdir, lakin sonradan torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair adı çəkilən bələdiyyə qərarı da daxil olmaqla, 2007-ci ilin dekabr ayının 1-dən sonra verilmiş Sumqayıt Bələdiyyəsinin qərarları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli,14 saylı iclasının qərarı ilə ləğv edilmişdir. Belə ki, torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair Sumqayıt Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli,11 saylı iclasının qərarı da daxil olmaqla sözügedən bələdiyyə qərarları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin həmin tövsiyələrində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliklərə əsasən, 01 dekabr 2007-ci il tarixdən etibarən bələdiyyə torpaqları üzərində hüquqların yalnız torpaq hərracları, yaxud müsabiqələri vasitəsilə əldə edilə biləcəyi qeyd olunmuş, həmin tarixdən etibarən Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi qərarların həmin qanun norması ilə ziddiyyət təşkil etdiyi diqqətə çatdırılmış və 01 dekabr 2007-ci il tarixdən sonra Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi qərarların ləğv edilməsi tövsiyə olunmuşdur. Həmin tövsiyələr əsasında Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı iclas protokolunun qərarı ilə Sumqayıt Bələdiyyəsinin bir sıra qərarları, o cümlədən torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair bələdiyyə qərarı bələdiyyənin özü tərəfindən ləğv edilmişdir. Ancaq bununla bağlı həmin vaxt texniki səbəblərdən rəsmi qaydada iddiaçıya məlumat verilməmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, hal-hazırda Sumqayıt bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinə iddialı deyildir və həmin torpaq sahəsinin İddiaçı geri alınmasında da maraqlı deyildir. Eyni zamanda, artıq formalaşmış məhkəmə praktikasına əsasən bu cür məhkəmə işlərində Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə torpaq sahələrinin ayrılması barədə bələdiyyə qərarları ləğv edilərkən inzibati icraata dair qanun normalarının pozulduğu qənaətinə gəlinərək iddiaçıların pozulmuş hüquqları müdafiə edilir. Bütün bu hallara əsaslanaraq və mübahisələndirilən torpaq sahəsinin uzun illərdir İddiaçı faktiki istifadəsində olduğunu rəhbər tutaraq, Sumqayıt Bələdiyyəsi olaraq İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi barədə” iddia ərizəsinin təmin edilməsinə etiraz etməmiş və irəli sürülmüş iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məlumatda qeyd edilmişdir ki, texniki səbəblərdən rəsmi qaydada iddiaçıya məlumat verilməmişdir. İddiaçı adı çəkilən qərarın mövcudluğundan cavabdehə etdiyi müraciətə verilmiş cavab məktubundan sonra xəbərdar olmuşdur. Göründüyü kimi, iddiaçı hal-hazırda mübahisələndiriyi qərarı rəsmi qaydada əldə edə bilməmişdir. Bununla da, hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir.

11. Beləliklə, iddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

12. Sumqayıt bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 nömrəli qərarından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyini nəzərə alaraq, “Novxanı” bağları ərazisində yerləşən, ölçüsü 1200 (bir min iki yüz) kv.m. olan, ******* saylı xx.xx.2007ci il tarixli şəhadətnaməyə əsasən, X2 mülkiyyətinə verilmiş B - 4904 saylı bağ torpaq sahəsinin daxilində rəsmiləşdirilməmiş istifadə olunan 450 (dörd yüz əlli) kv.m. bağ torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3 maddəsinə əsasən, Gədəbəy rayonu, Arıxdam kəndində yaşayan vətəndaş İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır.

13. 24.02.2008-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 821 manat Sumqayıt bələdiyyəsinin hesabına köçürülmüşdür.

14. DT və XK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş rəydən görüünr ki, B-4904 v saylı 450 kv.m torpaq sahəsinin İddiaçı adına rəşmiləşdirilməsinə etiraz etmir.

15. DT və XK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planı sənədindən görünür, İddiaçı ayrılmış 450 kv.m torpaq sahəsinə dair tərtib edilmişdir.

16. Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 nömrəli qərarından görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin 14 dekabr 2007-ci il tarixli 38 saylı iclasının, 2007-ci il 19 dekabr tarixli 39 saylı iclasının, 2007-ci il 28 dekabr tarixli 40 saylı iclasının, 2007-ci il 30 dekabr tarixli 41 saylı iclasının, 23 yanvar 2008-ci il tarixli 01 saylı iclasının, 01 fevral 2008-ci il tarixli 02 saylı iclasının, 08 fevral 2008-ci il tarixli 03 saylı iclasının, 15 fevral 04 saylı iclasının, 22 fevral 2008-ci il tarixli 05 saylı iclasının, 25 fevral 2008-ci il tarixli 06 saylı iclasının, 07 mart 2008-ci il tarixli 07 saylı iclasının, 19 mart 2008-ci i! tarixli 08 saylı iclasının, 11 aprel 2008-ci il tarixli 09 saylı iclasının, 18 aprəl 2008-ci il tarixli 10 saylı iclasının, 29 aprel 2008-ci il tarixli 11 saylı iclasının, 16 may 2008-ci il tarixli 12 saylı iclasının və 29 may 2008-ci il tarixli 13 saylı iclasının torpaq ayrılmasına dair qərarları ləğv edilmişdir.

IV. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV.Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir.

19. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən, bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən, ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

20. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.

21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6-ci mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, bələdiyyətərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. … Maddə 36. İnzibati icraatda iştirakçılar 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; … Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. ... Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. … 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

V. Məhkəmənin mövqeyi

23. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

24. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinin qərarı ilə iddiaçıya torpaq sahəsi satılmışdır və qanunvericiliyə əsasən müvafiq sənədləşdirmə aparılmışdır. Daha sonra, cavabdeh tərəfindən qeyd edilmiş qərarının ləğv edilməsinə dair qərar qəbul etmişdir. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək, onun ləğv edilməsini xahiş edir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin qanunun 21.2-ci maddəsinə əsasən, Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqındamaraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

26. Qanunverici həmçinin maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edilməsinin mümkün olduğu halları müəyyən edir: 1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.

27. Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, cavabdeh 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarını qəbul edərkən, inzibati icraatın aparılması qaydalarına riayət etməmiş, maraqlı şəxslərin iştirakını təmin etməmiş, dinləməkdən imtina edilməsi hər hansı bir halının mövcud olduğunu göstərməmiş, qərar barədə tərəfi məlumatlandırmamışdır. Əgər prosessual qaydalara riayət edilsə də, bu halı sübut edən sənədlər, faktlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

28. Buna görə də, cavabdehin torpaq sahəsinin satılmasına dair qərarının ləğvi barədə mübahisələndirilən qərarı qəbul etməsi “İnzibati icraat haqqında” Qanununun müddəalarına istinad edərək hazırda qanuni hesab edilə bilməz.

29. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

30. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən qərar ləğv olunmalıdır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

32. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı “Vətəndaş İddiaçı mülkiyyətinə bağ torpaq sahəsinin veriməsi haqqında Sumqayıt bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi” hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X4-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar