Məhkəmə qərarları › İş №2-1(118)-618/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-618/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-618/2025 01.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: ictimai birliyin dövlət qeydiyyatına alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 28 avqust 2023cü il tarixli, 3-16-5/2-13-6347/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “Hüquq Platforması” İctimai Birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçılar İddiaçı1 və İddiaçı2, “Hüquq Platforması” İctimai Birliyin dövlət qeydiyyatına alınması tələbi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 13 iyun 2023-cü ildə “Hüquq Platforması” İctimai Birliyini təsis etmişdir və onun təsis edilməsi haqqında qərar qəbul edilmişdir. 13 iyun 2023-cü ildə İB-nin təsis yığıncağı keçirilmişdir. Təsis yığıncağının protokolundan görünür ki, təsisçi (iddiaçı) İddiaçı2 İB-in sədri seçilib, həmçinin İB-in təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi, Birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinin İB-in təsisçisi İddiaçı2 həvalə edilməsi müəyyən edilib. Təsis yığıncağında həmçinin müəyyən edilib ki, birliyin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün lazımi tədbirlərin görülməsi, o cümlədən ərizələrin imzalanması və notariat kontorunda təsdiq edilməsi, sənədlərin təqdim edilməsi, lazım olan sənədlərin götürülməsi, bütün dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında nümayəndə qismində təmsilçilik və bununla əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsi bilavasiya özü tərəfindən və ya üçüncü şəxslərə etibarnamə əsasında həvalə edilməklə icra olunması şərti ilə təsisçi İddiaçı2 tapşırılıb. 13 iyun 2023-cü il tarixli İctimai Birliyin təsis edilməsi haqqında qərardan görünür ki, təsisçi İddiaçı2 İB-in sədri seçilib və İB adından qanuni təmsilçilik hüququ İddiaçı2 verilib. İddiaçılar lazım olan sənədləri toplayıb cavabdeh Ədliyyə Nazirliyinə təqdim ediblər. Cavabdeh 28 avqust 2023-cü il tarixli məktubla sənədləri geri qaytarıb. Məktub iddiaçılara 11 oktyabr 2023-cü il tarixində çatıb. Cavabdeh imtinasında göstərib ki, birliyin nizamnaməsində onun əmlakının formalaşdırılma mənbələrindən biri kimi beynəlxalq təşkilatların ianələri göstərilmişdir. Cavabdeh imtinasını "Qeyri-hökümət təşkilatları haqqında” Qanunun 24-1.1-ci maddəsinə istinad edərək əsaslandırıb. İddiaçılar bildirir ki, cavabdehin 28 avqust 2023-cü il tarixli məktubu onların müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər İddiaçı2 məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, “Hüquq Platforması” ictimai birliyi xx.xx.2023-cü il tarixdə təsis edilmişdir. Birliyin əsas məqsədi insan hüquq və azadlıqlarının qorunması, dəstəklənməsi, təbliği və eləcə də hüququn əliliyinin təmin edilməsindən ibarətdir. Birliyin sənədləri xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2023-cü il tarixdə imtinaya səbəb olmuş müddəalar göstərilməklə və yazılı izah edilməklə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd edilməlidir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.1-ci maddəsinin tələbinə zidd olaraq qurumun nizamnaməsində birliyin əmlakının formalaşdırılma mənbələrindən biri kimi beynəlxalq təşkilatların ianələri göstərilmişdir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: “Hüquq Platforması” İctimai Birliyinin təsis yığıncağının 13 iyun 2023-cü il tarixli protokolundan görünür ki, X3 Birliyinin təsis edilməsi, Nizamnaməsinin təsdiq edilməsi, İddiaçı2 iki il müddətinə Birliyin təkbaşına icra orqanı olan Birliyin Sədri seçilməsi, İddiaçı2 birliyin qanuni təmsilçisi seçilməsi qərara alınmışdır. “Hüquq Platforması” İctimai Birliyinin təsis edilməsi haqqında 13 iyun 2023-cü il tarixli Qərardan görünür ki, “Hüquq Platforması” İctimai Birliyi təsis edilmiş, Nizamnaməsi təsdiq edilmiş, İddiaçı2 iki il müddətinə Birliyin təkbaşına icra orqanı olan Birliyin Sədri seçilmiş, İddiaçı2 birliyin qanuni təmsilçisi seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 28 avqust 2023-cü il tarixli, 3-16-5/2- 13-6347/2023 saylı məktubu ilə “Hüquq Platforması” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılaraq sənədlər geri qaytarılmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçılar “Hüquq Platforması” İctimai Birliyin dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh isə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 24-1.1-ci maddəsinin tələblərinə riayət edilməməsi əsası ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən sənədləri geri qaytarmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 24-1.1-ci maddəsinə əsasən: 24-1.1. İanə - qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşı, yaxud Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi) tərəfindən bu Qanunla nəzərdə tutulmuş qaydada maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımdır. “Hüquq Platforması” X2 5.3.2-ci bəndində isə birliyin əmlakının formalaşdırılma mənbəyi qismində beynəlxalq təşkilatların ianələri göstərilmişdir. Məhkəmə qeyd edir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda “ianə” anlayışına aydınlıq gətirilərək, verilən yardımın üsul və formaları göstərilmişdir. Beynəlxalq təşkilatların ianələri qeyd edilən norma ilə əhatə olunmamışdır. İddia ərizəsində qeyd edilmiş “beynəlxalq təşkilatların ianələri xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin ianələri anlayışına daxildir” mövqeyi ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, beynəlxalq təşkilatlar xarici hüquqi şəxslərdən fərqli olaraq müəyyən məqsədlər üçün yaradılmış, fəaliyyəti bağlanmış sazişlərlə tənzimlənən dövlətlərarası və qeyri-dövlət xarakterli beynəlxalq birliklərdir. Beynəlxalq təşkilatlar müəyyən məqsədləri həyata keçirmək üçün beynəlxalq müqavilə əsasında yaradılaraq müvafiq orqanlar sisteminə malik olan, üzv dövlətlərin hüquq və öhdəliklərindən fərqli hüquq və vəzifələrə malik olan dövlətlər birliyidir. Bundan fərqli fəaliyyət istiqamətinə malik olan hüquqi şəxs və hüquqi şəxsin nümayəndəlik və filiallarının hüquqi tənzimlənməsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 43.4. Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Maddə 53. Nümayəndəliklər və filiallar 53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. 53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Qeyd edilən hüquq normalarından görünür ki Azərbaycan Respublikası Mülki Məcəlləsində istər hüquqi şəxs, istər hüquqi şəxsin nümayəndəlik və filiallarının təşkili, fəaliyyəti geniş şəkildə tənzimlənmiş, qeyd edilən normalarda “beynəlxalq təşkilatlar” nəzərdə tutulmamışdır. Beynəlxalq təşkilatlarla münasibətlər isə müvafiq beynəlxalq müqavilələr və hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasının “Diplomatik xidmət haqqında” Qanununa əsasən: Maddə 5. Diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri 5.1. Diplomatik xidmət orqanlarının əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 5.1.1. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunması; (...) 5.1.3. Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında dostluq münasibətlərinin, sülhün və əməkdaşlığın inkişaf etdirilməsi; (...) 5.1.5. xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarının və qanuni mənafelərinin xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiəsi; (..) 5.1.7. beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətinin təhlili; 5.1.8. Azərbaycan Respublikasının xarici dövlətlərlə diplomatik və konsul əlaqələrinin, beynəlxalq təşkilatlarla diplomatik əlaqələrinin həyata keçirilməsi; Qeyd edilən normaları rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehin imtinası ilə Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığı hüququnun pozulması halı müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş “X1 Yardım” X2 4.3.2-ci maddəsində beynəlxalq təşkilatların ianəsi ifadəsinin əks edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, X4 Qeydiyyatı haqqında 1106-Q14-2254 saylı şəhadətnamədən görünür ki, hüquqi şəxs 21 noyabr 2006-cı il tarixdə qeydiyyata alınmışdır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 24-1-ci maddəsi isə 15 fevral 2013-cü il tarixli 561-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 mart 2013-cü il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 216) ilə əlavə edilmişdir. 17 dekabr 2013-cü il tarixli 849-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 04 fevral 2014-cü il, № 023, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 79) ilə 24-1.1-ci maddədə “qeyri-hökumət təşkilatının” sözlərindən sonra, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin” sözləri, 24-1.2-ci maddədə “Qeyri-hökumət təşkilatı” sözlərindən sonra“, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri” sözləri, 24-1.3-cü maddədə “Qeyri-hökumət təşkilatına” sözlərindən sonra “habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə” sözləri, 24-1.4-cü maddənin birinci cümləsində “qeyri-hökumət təşkilatının” sözlərindən sonra “habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin” sözləri, ikinci cümləsində “qeyri-hökumət təşkilatı” sözlərindən sonra “habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri” sözləri, 24-1.5-ci maddədə “Qeyri-hökumət təşkilatının” sözlərindən sonra“, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin” sözləri əlavə edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, “X1 Yardım” İctimai Birliyi 21 noyabr 2006-cı il tarixdə qeydiyyata alınmış, həmin dövrdə isə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna 24-1-ci maddəsi əlavə edilməmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən: Maddə 85. Normativ hüquqi aktların qüvvəyə minməsi 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. “İnzibati icraat” haqqında Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş bərabərlik prinsipinin pozulmasına münasibətdə məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçılara münasibətdə inzibati orqan tərəfindən qeyri-bərabər rəftara yol verilməmişdir. Çünki, bərabərlik hüququnun tələblərinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. Eynilə, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Belə olan halda, caavbdehin imtinası ayrı-seçkilik kimi qiymətləndirilə bilməz. “X1 Yardım” İctimai Birliyinin 21 noyabr 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır ki, bu da eyni faktiki hallara söykənmədiyi üçün qeyd edilən iki halda fərqli qərarların verilməsini qanuni və əsaslı edir. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıların hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar