Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-740/2022 29.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, digər nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri Publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 21.09.2017-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi ünvanında yerləşən 505 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri Publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt bələdiyyəsinin 21.09.2017-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri. Novxanı bağlar ərazisi ünvanında yerləşən 505 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin çıxarışda göstərilən ölçüdən artıq istifadə etdiyi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan bağ torpaq sahəsinin mülkiyyətinə ayrılması haqqında 21.09.2017-ci il tarixli qərarı ilə "Novxanı" bağlar massivində yerləşən 1259 saylı bağ torpaq sahəsinin çıxarışda göstərilən ölçüdən artıq istifadə edilən 505 kv.m olan torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. 01.06.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən torpaq sahəsinin dəyərini tam ödəməklə Sumqayıt Bələdiyyəsindən almışdır. Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar cavabdeh təşkilata, yəni DƏDRX-nin 2 saylı Sumqayıt ərazi xidmətinə 02.09.2021-ci il tarixdə müraciət etmişdir. Cavabdeh təşkilat müraciətinə əsasən 08.12.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, torpaq sahəsi hərrac yolu ilə deyil, alqı-satqı müqaviləsi yolu ilə verildiyi üçün hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Qeyd olunan 505 kv.metr torpaq sahəsinin sağ tərəfində yerləşən 1259 saylı 0.12 ha bağ sahəsi onun, sol tərəfində yerləşən B-1259 saylı 0.12 ha bağ sahəsi isə atası X3 və anası X4 xüsusi mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsi isə bu iki torpaq sahəsinin arasında yerləşməklə ümumi hasarın daxilindədir. Ümumilikdə 0.30 ha torpaq sahəsi ailələri tərəfindən hasarlanaraq, 2004-cü ildən istifadə olunur. Onlar 0.30 ha bağ sahəsini aldıqdan sonra yuxarıda qeyd etdiyi hər iki 0.12 ha bağ sahəsini mülkiyyətə keçirsələr də, qeyd olunan 505 kv.metr torpaq sahəsini həmin vaxt mülkiyyətlərinə keçirməmişlər. Daha sonra çıxarış əldə etmək üçün bələdiyyəyə müraciət etdikdə, bələdiyyə tərəfindən yuxarıda qeyd olunan qərar əsasında torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bələdiyyə tərəfindən 14.09.2009-cu il tarixdə açıq torpaq müsabiqəsi elan edilmişdir və bu müsabiqə əsasında torpaqların yerləşdiyi zonalara uyğun qiymətlər müəyyənləşdirilmişdir. Bu qiymətlər əsasında o, 505 kv. metr torpaq sahəsi üçün 2828 manat məbləğində pul vəsaiti ödəmişdir ( qəbz iddia ərizəsinə əlavə olunmuşdur). Yuxarıda qeyd etdiyi kimi, torpaq sahəsi uzun illərdir onun istifadəsindədir. Adı çəkilən qanunvericiliyin aktına görə onun torpaq sahəsini almaqda üstünlük hüququ müəyyənləşdirilmişdir. Qeyd etdiyi kimi 505 kv.m torpaq sahəsinin hər iki yanındakı 0.12 ha torpaq sahəsinə dair hüquqlarını rəsmiləşdirsələr də, o biri torpaq sahəsi qalmışdır. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Qanunun 23-cü bəndinə əsasən, bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağı təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2, və digər nümayəndəsi həmçinin vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə bağlı müvafiq olaraq 18.06.2021-ci il, 27.09.2021-ci il və 08.12.2021-ci il tarixli ərizələr ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun sonuncu müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt Bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq torpaq sahəsinə dair Bakı şəhər qeydiyyatı olan şəxslə bilavasitə alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu səbəbə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Sumqayıt bələdiyyəsinin 21 sentyabr 2017-ci il tarixli, 12 saylı protokol qərarı ilə “Novxanı” bağlar massivində yerləşən 1259 saylı bağ torpaq sahəsinin çıxarışda göstərilən ölçüdən artıq istifadə edilən, sahəsi 505 kv.m olan torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu və 23-cü bəndlərinə əsasən Bakı şəhəri, S.Vurğun küçəsi, ev 58, mənzil 44-də qeydiyyatda olan vətəndaş İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır. - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri Novxanı bağ massivində 0,0505 ha torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ qeydiyyata alınmışdır. - 28 noyabr 2017-ci il tarixli, 04 saylı mədaxil qəbzinin surətindən görünür ki, X6 tərəfindən Sumqayıt bələdiyyəsinin hesabına 2828 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - AN-İ ******* saylı 01 iyun 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən 0,0505 ha torpaq sahəsi Sumqayıt bələdiyyəsi tərəfindən İddiaçı satılmışdır. - “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestridnən MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,12 ha torpaq sahəsində yerləşən 1259 nömrəli bağ evi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri Publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 08 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik 0,0505 ha torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmış və həmin bələdiyyənin 21 sentyabr 2017-ci il tarixli, 12 saylı protokol qərarı ilə “Novxanı” bağlar massivində yerləşən 1259 saylı bağ torpaq sahəsinin çıxarışda göstərilən ölçüdən artıq istifadə edilən, sahəsi 505 kv.m olan torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu və 23-cü bəndlərinə əsasən İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsi ilə iddiaçı arasında notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 2828 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 08 dekabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Buna əsas kimi alqı-satqı müqaviləsinin birbaşa bağlandığını göstərmişdir. Eyni zamanda iddiaya qarşı etirazında digər bir əsas kimi Bakı şəhəri qeydiyyatında olan şəxslə müqavilənin bağlanması göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Sözügedən Qanunun 16.3-cü maddəsində qeyd edilmişdir ki, həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Göründüyü kimi bələdiyyə torpaqlarının ayrılmasının xüsusiyyətləri qanunvericiliklə imperativ olaraq müəyyən edilmiş və müəyyən hallar istisna olmaqla bələdiyyə torpaqlarının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi təsbit olunmuşdur. Torpaqların açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, birbaşa vətəndaşlara satılması ilə bağlı istisna hallara Azərbaycan Respublikası vətəndaşının bələdiyyənin ərazisində daimi yaşaması və ya beş il müddətində qeydiyyatda olması, torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi halları və torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir. Qeyd olunan halların hər biri ayrıayrılıqda bələdiyyə tərəfindən torpaq sahəsinin vətəndaşlara birbaşa ayrılması üçün əsasdır. Torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallara sözügedən qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının və sözügedən qanunun qüvvədə olduğu müddət şərtləşdirilmədən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahələrinin geri alınmasının mümkün olmaması halları daxildir. Hazırki işə əlavə olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestridnən MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,12 ha torpaq sahəsində yerləşən 1259 nömrəli bağ evi İddiaçı adına qeydiyyata alınmışdır. Sonradan bələdiyyə tərəfindən iddiaçıya ayrılmış mübahisə predmeti olan torpaq sahəsi də məhz həmin torpaq sahəsinə bitişik torpaq olduğundan bələdiyyə tərəfindən yuxarıda qeyd olunan qanunun 16.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya geri qaytarılması mümkün olmayan torpaq sahəsi kimi birbaşa satılmışdır. Belə olan halda qanunvericilikdə torpaq sahəsinin vətəndaşa ayrılmasının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilməsi tələb olunmur. Bundan başqa məhkəmə cavabdehin iddiaçının Bakı şəhər sakini olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırki işdə bələdiyyə tərəfindən torpaq sahəsinin iddiaçıya birbaşa satılmasının əsasını iddiaçının bələdiyyə ərazisində daimi yaşaması və ya beş il ərzində qeydiyyatda olması təşkil etmədiyindən, onun harada yaşaması və ya qeydiyyatda olması iddiaçının torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt bələdiyyəsinin 21.09.2017-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış 0,0505 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 21.09.2017-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış 0,0505 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-740/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-740/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver