Məhkəmə qərarları › İş №2-1(118)-747/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-747/2022

05.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-747/2022 05.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, ancaq 13.12.2021 -ci il tarixli bildirişlə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən ərizədən, imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Onun Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ******* nömrəli çıxarış əsasında 0.10 ha torpaq sahəsi çıxarış əsasında ona məxsusdur. Həmçinin, Abşeron Rayon İcra Hakimiyyəti başçısının qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikililərin istismara qəbul edilməsi haqqında aktında 25.04.2014-cü il tarixli 047 nömrəli aktında həmin qeyri-yaşayış binasının istismara qəbul edilmişdir. Hesab edir ki, göstərilən çoxmənzilli fərdi yaşayış evi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi qeyri-qanuni və əsassızdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçının nümayəndəsi dəqiqləşdirmə ərizəsi verərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində sahəsi 0,10 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2903.4 m2 (zirzəmi 813.5 m2, 1-ci mərtəbə 806.4 m2, 1-ci mərtəbənin antresolu 345.9 m2, 2-ci mərtəbə 836.9 m2, 2-ci mərtəbənin antresolu 100.7 m2 ) olan qeyri-yaşayış binasına İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 23 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri- yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin istismara qəbul aktının kommissiya üzvləri tərəfindən təsdiqlənmədiyi, mövcud qanunvericiliyin tələblərinə uyqun tərtib olunmadığı aşkar edilmişdir. Həmçinin, müraciət üzrə əlavə edilmiş istismara qəbul aktında qeyriyaşayış binasının ümumi sahəsi 1893.78 kv.m kimi göstərilsə də, faktiki olaraq 2903.4 kv.m olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, sözügedən qeyri-yaşayış binasının faktiki vəziyyət ilə təqdim edilmiş layihə vəziyyəti arasında uyğunsuzluq olduğu, daxilində arakəsmə divarlarla dəyişiklik edildiyi, dayaq dirəkləri və antresolların inşa edilmədiyi aşkar edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: DƏDRX tərəfindən verilmiş **********36 reyestr nömrəli çıxarışın surəti, qeyri-yaşayış sahəsinə dair plan və ölçünün, eskiz layihənin notarial qaydada təsdiqlənmiş surəti, Abşeron Rayon İcra Hakimiyyəti başçısının qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikililərin istismara qəbul edilməsi haqqında aktında 25.04.2014-cü il tarixli 047 nömrəli aktı surəti, Abşeron Rayon İcra Hakimiyyəti MT şöbəsinin Texniki baxış rəyinin surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin **********28 nömrəli, 13.12.2021-ci il tarixli imtina məktubu, etirazı, qeyri-yaşayış binasına dair fotoşəkillər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan qeyri-yaşayış binasına Abşeron Rayon İcra Hakimiyyətinin obyektin tikintisinə icazənin verildiyi vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan qeyriyaşayış sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********28 nömrəli, 13.12.2021-ci il tarixli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində (tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı çərcivəsində aparılan tikililər) nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1.1-ci maddəsinin 16 may 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.Həmin Məcəllənin 101.2-ci maddəsinin 01 fevral 2018-ci il tarixinə qüvvədə olan redaksiyasına əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti) tərəfindən verilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş müddəa tikintisinə icazə tələb edilməyən obyektlərə şamil olunmur. Həmin Məcəllənin 84.1-ci maddəsinin 16 may 2017-ci tarixinə qüvvədə olan redaksiyasına əsasən texniki şərtlər tikintiyə verilən icazənin tərkib hissəsidir. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən tikintiyə texniki nəzarətin həyata keçirilməsi qaydaları şəhərsalma və tikintiyə dair normativ sənədlərlə tənzimlənir. Həmin Məcəllənin 98.3-cü maddəsinə əsasən texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nın 3-cü bəndinə əsasən mövcud tikinti obyektləri və (və ya) onların hissələri, həmin obyektlər və hissələrdə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklər edilməsini nəzərdə tutan tikinti layihələri əsasında tikinti-quraşdırma işləri aparıldıqda həmin tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə texniki nəzarətin aparılması tələb olunmur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra – tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən tikintiyə dövlət nəzarətinin məqsədi tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını (dayanıqlılığını və möhkəmliyini) təmin etməkdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən bu Qaydaların müddəaları, Məcəllənin 79.1-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb edilməyən obyektlər istisna olunmaqla, bütün tikinti obyektlərinə, habelə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə də şamil olunur. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən tikinti fəaliyyətinin bütün subyektləri, mülkiyyət formasından asılı olmayaraq, tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin tikinti obyektlərinə (xüsusi rejimli obyektlərə - müvafiq qaydada razılıq alındıqdan sonra) maneəsiz daxil olmasını, dövlət nəzarətinin həyata keçirilməsi üçün onlara müvafiq şəraitin yaradılmasını, tikintiyə aid tələb olunan sənədlərin təqdim edilməsini və tikintidə aşkarlanmış pozuntuların Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə aradan qaldırılmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 2-ci bəndinə əsasən yerləşgənin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) faydalı sahəsinin artırılması üçün nəzərdə tutulmuş, yaşayış, ictimai və ya istehsalat binasının hündür yerləşgəsinin yuxarı hissəsini tutan yarımmərtəbəyə Antresol deyilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən binanın ümumi sahəsi bütün yerüstü və yeraltı mərtəbələrin (texniki, mansarda, kürsü mərtəbələri də daxil olmaqla) sahələrinin cəmi kimi müəyyən edilir. Antresolların, başqa binalara keçidlərin, tamaşa və digər zalların qalereya və balkonlarının, şüşələnmiş eyvan və lojiyaların sahələri binanın ümumi sahəsinə daxil edilir. Binanın ümumi sahəsinə ayrıca olaraq binanın açıq isidilməyən planlaşdırma elementlərinin (istismar olunan damların, açıq xarici qalereyaların, açıq lociyaların və s. sahələri daxil olmaqla) sahələri daxil edilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından müəyyən edilir ki, 2014-cü ildən 2017-ci ilədək olan ərəfədə qeyri-yaşayış binalarının inşası yerli icra hakimiyyətinin müvafiq razılığı əsasında həyata keçirilirdi. İnşa edilmiş tikililər texniki şərtlərə cavab verməli idi. Belə ki, texniki şərtlər tikiliyə verilən icazənin tərkib hissəsi olmuşdur. Qeyriyaşayış binasının inşası başa çatdıqdan sonra onun şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünə dair yerli icra hakimiyyəti tərəfindən istismara icazə sənədi verilirdi. Tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir. Tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Tikililərə dövlət nəzarəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir və nəzarət çərçivəsində obyektin tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Texniki nəzarət- müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir və obyektin texniki şərtlərə cavab verib-verməməsini müəyyən edir. Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Müəllif nəzarəti-layihəçi tərəfindən, daxili əməliyyat nəzarət isə podratçı tərəfindən həyata keçirilir. Hazırkı iddia tələbinin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyət hüququ ilə özünə məxsus Abşeron rayonunun, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsində 2013-cü ildə inşa etdirdiyi qeyri yaşayış sahəsinə dair Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 18.04.2014-cü il tarixli istismara qəbul aktı verilmişdir. Qeyd olunan istismara qəbul aktında qeyri-yaşayış sahəsinin ölçüsü 1893,78 m2, zirzəmi sahəsi 815,36 m2 olaraq göstərilmiş və tikiliyə Abşeron Rayon İcra Hakimiyyətinin mühəndisləri tərəfindən texniki baxış rəyi tərtib edilmişdir. Tikili inşa edilməmişdən qeyri-yaşayış binasının öncə eskiz layihəsi Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma şöbəsi ilə razılaşdırılmışdır. 2014-cü ilin sonlarından hal-hazıradək həmin qeyri-yaşayış obyekti şadlıq evi vergi obyekti kimi fəaliyyət göstərir və yangın təhlükəsizliyi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfi ilə müqavilə bağlayaraq vaxtaşırı ödənişləri həyata keçirir. 23 noyabr 2021-ci ildə iddiaçı sahibliyində olan qeyriyaşayış binası üzərində mülkiyyət hüquqlarını qeydə alınması məqəsədi ilə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin dövlət qeydiyyatını həyata keçirən təşkilat 13.12.2021-ci il tarixli imtina məktubu ilə qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata alınmasından imtina edir. Cavabdeh təşkilatın gətirdiyi arqument qeyri-yaşayış sahəsinin ümumi sahəsinin istismara qəbul aktında göstərilən ölçülərdən 1.000,62 m2 artıq olması və istismara qəbul aktının komissiyanın üzvü olan FHN-nin DYNX-nin X1 Əsaslar şöbəsinin rəisi tərəfidən imzalanmamasından ibarət olmuşdur. Qeyri-yaşayış sahəsinə dair verilmiş istismara qəbul aktının 2-ci vərəqində Tikinti obyektinin qeyri-yaşayış hissəsinin ölçüsünün 1893,78 m2, tikilinin zirzəmi sahəsinin ölçüsünün 815,36 m2 olmasının, yənin tikilinin ümumi ölçüsünün 2.709,14 m2 göstərilməsinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən 1.000,62 m2 sahəsinin istismar aktında göstərilməməsi ilə bağlı olan gətirdiyi arqumenti araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən tikinti obyektinə cavabdeh təşkilatın nümayəndəsinin və mühəndisinin iştirakı ilə baxış keçirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sahibliyində olan qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin sektor müdiri və mühəndisi tərəfindən daşınmaz əmlaka baxış keçirilərək, 08.12.2021-ci il tarixli tikilinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı tərtib edilmişdir. Qeyd olunan akt ilə yekun rəy qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində sahəsi 100.7 m2 sahəsi olan antresolun eskiz lahiyədə olmaması ilə bağlı olmuşdur. Yerli baxış zamanı 08.12.2021-ci il tarixli aktı imzalamış mühəndis X4 bildirmişdir ki, qeyri-yaşayış binasının eskiz layihəsində göstərilmiş sahənin ümumi ölçüsü 2903.4 m2 təşkil edir və cavabdeh təşkilatın ölçü ilə bağlı yeganə arqumenti eskiz layihədə öz əksini tapmayan 2-ci mərtəbədə sonradan inşa edilmiş sahəsi 100.7 m2 olan antresol ilə bağlıdır. Belə ki, qeyri-yaşayış binasının zirzəmisi 813.5 m2, 1-ci mərtəbəsi 806.4 m2, 1ci mərtəbənin antresolu 345.9 m2, 2-ci mərtəbə 836.9 m2, 2-ci mərtəbənin antresolu 100.7 m2 təşkil edir. Məhkəmə tərəfindən antresol adlandırılan hissəyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, antresol adlandırılan tikili eskiz layihədə öz əksini tapmış sahəsi 101.96 m2 olan qeyri-yaşayış obyektinin (yəni mətbəxtin) və ona bitişik sahəsi 97.52 m2 olan hollun (alt qata enmək üçün pilləkən meydançasının) tavanının bir hissəsinin üzərində əmələ gəlmiş sahədir. Nəzərə alınmalıdır ki, antresol-dəhlizin, sanitar qovşağın, mətbəxin, yığnaq yerinin faydalı sahəsinin artırılması ilə əmələ gələn sahədir. Lakin, hazırkı iddia tələbi araşdırılarkən iddiaçı tərəfindən antresolun inşa edilmədiyi, yəni eskiz lahiyyədə öz əksini tapmış mətbəxt və pilləkan meydançasının üzərində olan tavanın quraşdırıması nəticəsində əmələ gəlmişdir. Hesab olunur ki, qeyd olunan antresol həmin mətbəx və pilləkən meydançasının tavanı üzərində deyil, qeyri-yaşayış binasının digər sahəsində inşa ediləcəyi tədqirdə eskiz lahiyədə ayrıca qeyd olunmalı idi. Göründüyü kimi ölçüsü 100.7 m2 olan antresol faydalı sahə kimi istifadə olunsa da iddiaçının bir başa təşəbbüsü ilə yenidən inşa edilməmişdir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, hətta sahəsi 100 m2 olan antresol iddiaçı tərəfindən qeyd olunan mətbəx və pilləkən meydançasının üzərində deyil qeyri-yaşayış sahəsinin digər hissəsində sonradan inşa edilmiş olsa idi belə ona yenidən eskiz lahiyyəsi tərtib edilərək müvafiq icazənin alınmasına zərurət olmazdı. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nın tələblərinə əsasən qeyd olunan antresol tikilinin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etmədiyinə, yəni tikintisinə icazə verilmiş tikintinin parametrlərini keçmədiyə görə antresolun tikintisi üçün tikintiquraşdırma işlərinin həyata keçirilməsinə texniki nəzarətin aparılması tələb olunmur. Başqa sözlə desək qeyri-yaşayış binasının konstruktiv göstəricilərinə xələl gətirmədən quraşdırılmış və tikilinin daxilindən kənara çıxmadığına görə müvafiq razılığın alınmasına zərurət yoxdur. Cavabdeh təşkilat tərəfindən gətirilən 2-ci arqumentə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, tikintinin istismar aktında FHN-nin DYNX-nin X1 Əsaslar şöbəsinin rəisinin imzasının olmaması 6 ildən artıq istismar olunan qeyri-yaşayış sahəsinə verilmiş 047 saylı 25.04.2014-cü il tarixli istismara qəbul edilməsi haqqında aktın qüvvədən düşməsinə əsas ola bilməz. Belə ki, qeyd olunan qeyri-yaşayış sahəsinə baxış keçirilərkən iddiaçı tərəfindən yanğından təhlükəsizlik qaydalarına riayət edilməsi, yəni FHN-nin DYNX tərəfindən yanğınsöndürən sistem quraşdırılması (fırebox) və həmin sistemin su ilə təhciz edilməsi üçün qeyri yaşayış binasının yanında inşa edilmiş su hovuzunun olması müəyyən edilmişdir. Bu isə bir daha ona dəlaət edir ki, FHN-nin DYNX-ti qeyri-yaşayış binasının yanğından təhlükəsiz qaydada fəaliyyətinə etiraz etmir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu səpkidə də gətirdiyi arqument əsassızdır. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui- istifadə qadağandır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. Hazırkı, iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövge onun tərəfindən “İnzibati İcraat” haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütanasiblik prinsipinə, yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki, “İnzibati İcraat” haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə tələb olunur. İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Beləliklə, cavabdehin gətirdiyi bütün arqumentlər əsassız olduğundan iddia təmin edilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Mehdiabad qəsəbəsində sahəsi 0,10 ha olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2903.4 m2 (zirzəmi 813.5 m2, 1-ci mərtəbə 806.4 m2, 1-ci mərtəbənin antresolu 345.9 m2, 2-ci mərtəbə 836.9 m2, 2-ci mərtəbənin antresolu 100.7 m2 ) olan qeyriyaşayış binasına İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar