Məhkəmə qərarları › İş №2-1(118)-76/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-76/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-76/2021 04.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair 24.04.2019-cu il tarixli, **********653600 saylı, 25 sentyabr 2019-cu il tarixli, **********668000 saylı, 10.10.2019-cu il tarixli, **********442200 saylı, 22 noyabr 2019-cu il tarixli **********511800 saylı qərarlarının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair 24.04.2019-cu il tarixli, **********653600 saylı, 25 sentyabr 2019-cu il tarixli, **********668000 saylı, 10.10.2019-cu il tarixli, **********442200 saylı, 22 noyabr 2019-cu il tarixli **********511800 saylı qərarlarının ləğv edilməsi barədə ayrı-ayrı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. Tərəflər mübahisələndirilən qərarların mahiyətinin və tərəflərin eyni olmasını nəzərə alaraq işlərin bir icraatda birləşdirilməsini xahiş etmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair 24.04.2019-cu il tarixli, **********653600 saylı qərarın ləğv edilməsi”nə dair 2-1(118)-68/2020 saylı, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanması barədə 25 sentyabr 2019-cu il tarixli, **********668000 saylı qərarının ləğv edilməsi”nə dair 2-1(118)-211/2020 saylı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanması barədə 10.10.2019-cu il tarixli, **********442200 saylı qərarının ləğv edilməsi”nə dair 2- 1(118)-322/2020 saylı inzibati işlər məhkəmənin 23 oktyabr 2020-ci il tarixli qərardadları Sumqayıt İnzibati Məhkəsinin icraatında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanması barədə 22.11.2019-cu il tarixli, **********511800 saylı qərarının ləğv edilməsi”nə dair 2-1(118)-499/2020 saylı inzibati işlə bir icraatda birləşdirilmişdir. İddiaçı iddianı onunla əsaslandırır ki, İddiaçı MMC 26 aprel 2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixdə Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olur. Fəaliyyət dövrü ərzində MMC öz üzərinə düşən vergi və digər öhdəliklərini vaxtı vaxtında yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən vergiləri vaxtı vaxtında vergi orqanına bəyan etmişdir. Bununla da öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. 24 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********653600 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində MMC-yə 68.812,28 manat əlavə vergi məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə 1.755,70 manat təşkil etmişdir. Bəyannamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi kimi ƏDV bəyannaməsinin 301-ci ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar sətrinin cəmi olan 609301.18 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə göstərilmişdir. 20 may 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********545100 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində MMC-yə 86.640,38 manat əlavə vergi məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə 46.846,74 manat təşkil etmişdir. 25 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikasın Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********668000 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesblanmış vergi məbləği 32.952.82 manat məbləği hesablanmışdır.Təqdim edilmiş bəyannamə üzrə tərəfimizdən hesablanmış məbləği isə 0.0 manat təşkil etmişdir. 10 oktyabr 2019-cu il tarixli Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin vergiləri hesablanması haqqında **********442200 nömrəli Qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 30.31700 manat əlavə vergi hesablanmışdır. Tərəflərindən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi 0.00 manat təşkil edir. “22 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********511800 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 69.680.88 manat məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə 0.0 manat təşkil etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi Məcəlləsinin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şəkayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilmsini istisna etmir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları) onların vəzifəli şəxslərinin hərkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verimiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1.-Cİ maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsin) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1 -ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndələri X3 və X2 iştirak etmiş və iddianı müdafiə etmişlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı kameral vergi yoxlamalarının nəticəsi üzrə qəbul edilmiş qərarların ləğv edilməsinə dair 2-1 (118)-68/2020; 2-1(118)-211/2020; 2-1(118)-322/2020 və 2-1(118)-499/2020 nömrəli inzibati işlər vardır. Həmin işlərin bir icraata birləşdirilməsinə dair cavabdeh tərəfindən 09.10.2020-ci il tarixli **********562600 nömrəli vəsatətlə məhkəməyə müraciət edilmiş və yuxarıda qeyd edilən işlər məhkəmənin 2-1(118)-499/2020 saylı qərardadına əsasən bir icraata birləşdirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi aşağıda göstərilən əsaslara görə həmin iddia ərizəsi ilə razılaşmır. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı cəmiyyətin 26.04.2016- cı il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyətinin “ Kommersiya və sahibkar təşkilatlarin (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti”dən ibarət olduğu müəyyən edilmişdir. Vergilər Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Departamentnin 10.08.2018-ci il tarixli **********6980 nömrəli "Xronometraj metodu ilə müşahidə aparılması haqqında" Qərarına əsasən İddiaçı MMC-nin **********-31001 kodlu təsərrüfat subyektində xronometraj metodu ilə müşhaidə aparılmış və 14.08.2018-ci il tarixli VN-14016303 nömrəli akta əsasən ümümilikdə orta günlük dövriyyə 44183,50 manat müəyyən edilmişdir. Bildirirlər ki, iddiaçı tərəfindən 2019-cu ilin sentyabr ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrində göstərilmiş 647.790,59 manat məbləğin (ƏDV daxil), rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.104.587,42 manat) məbləğindən 456.796,83 (ƏDV daxil) manat az olduğu aşkar edilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə iddiaçıya 28.10.2019-cu il tarixli **********000600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə, yazılı izahat və zəruri sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1 -ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin sentyabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 69.680,88 manat əlavə vergi məbləği hesablanmış və 22.11.2019-cu il tarixli **********511800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd edirlər ki, iddiaçı tərəfindən 2019-cu ilin avqust ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301 -ci “ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrində göstərilmiş 994.209,65 manat məbləğin (ƏDV daxil), rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.192.954,41 manat) məbləğindən 198.744,76 (ƏDV daxil) manat az göstərilməsi müəyyən edilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 24.09.2019-cu il tarixli **********266700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, həmin dövr üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, yazılı izahatın və zəruri olan sənədlərin vergi orqanına təqdim olunması bildirilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə, yazılı izahat və zəruri Asənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin avqust ayı üzrə 30.317 manat əlavə dəyər vergisi hesablanmış və iddiaçıya 10.10.2019-cu il tarixli **********442200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. 2019-cu ilin iyul ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrində göstərilmiş 976.930,37 manat məbləğin (ƏDV daxil), rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.192.954,41 manat) məbləğindən 216.024,04 (ƏDV daxil) manat az göstərilməsi müəyyən edilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 23.08.2019-cu il tarixli **********819800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, həmin dövr üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, yazılı izahatın və zəruri olan sənədlərin vergi orqanına təqdim olunması bildirilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə, yazılı izahat və zəruri sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin iyul ayı üzrə 32.952,82 manat əlavə dəyər vergisi hesablanmış və iddiaçıya 25.09.2019-cu il tarixli **********668000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ilin fevral ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 609301.18 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1060403.92 manat) məbləğindən 451102.74 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 28.03.2019-cu il tarixli **********462200 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin fevral ayı ƏDV bəyannaməsi üzrə 68812.28 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 24.04.2019-cu il tarixli **********653600 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. 2019-cu il mart ayının hesablamasına gəldikdə isə bildiririk ki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin ƏDV bəyannaməsinin 301 -ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 580990.82 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (148770.91 manat) məbləğindən 567780.09 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 22.04.2019-cu il tarixli **********786300 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 86610,38 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 20.05.2019-cu il tarixli **********545100 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən, həmin Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Vergi Məcəlləsinin 15.1.13-cü maddəsində vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək hüququ təsbit edilmişdir. Vergi Məcəlləsinin 50-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş Xronometraj metodu ilə müşahidə aparılması qaydalarının 2.17-ci maddəsinə əsasən müşahidənin nəticələri üzrə müəyyən edilmiş istehsal həcminin və malların (işlərin, xidmətlərin) satış dövriyyəsinin vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamələrdə öz əksini tapmaması təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanması və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında kameral qaydada vergi yoxlaması aparılmasına əsas verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Məhkəməyə təqdim olunmuş sübutlar və inzibati iş üzrə məhkəmənin sərəncamı əsasında cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin etirazından da göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən kamaral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesabetmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı vergi ödəyicisinin 2019-cu ilin fevral ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 609301.18 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1060403.92 manat) məbləğindən 451102.74 manat, 2019-cu ilin iyul ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrində göstərilmiş 976.930,37 manat məbləğin (ƏDV daxil), rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.192.954,41 manat) məbləğindən 216.024,04 (ƏDV daxil) manat, 2019-cu ilin avqust ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301 -ci “ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrində göstərilmiş 994.209,65 manat məbləğin (ƏDV daxil), rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.192.954,41 manat) məbləğindən 198.744,76 (ƏDV daxil) manat, 2019-cu ilin sentyabr ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatl” sətrində göstərilmiş 647.790,59 manat məbləğin (ƏDV daxil), rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.104.587,42 manat) məbləğindən 456.796,83 (ƏDV daxil) manat az olması kənarlaşmanın yaranması kimi qiymətləndirilmiş və inzibati orqan tərəfindən hazırda mübahisələndirilən inzibati aktlar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarlar iddiaçı müəssisədə keçirilmiş xronometraj müşahidəsinin nəticəsinə əsaslanmaqla qəbul edilmişdir. Vergi orqanı bundan əvvəl üç gün ərzində (11, 13 və 14 avqust 2018-ci il tarixlərdə) iddiaçı təşkilatda xronometraj metodu ilə müşahidə aparmışdır. 11 avqust 2018-ci il tarixli akta görə iddiaçının 11 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 132550,49 manat təşkil etmişdir. 13 və 14 avqust 2018-ci il tarixli “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” aktlarda isə iddiaçının həmin tarixlərdə satış dövriyyəsinin olmadığı göstərilmişdir. Vergi Məcəlləsinin 50-1.1-ci maddəsinə əsasən, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50- 1.1.3. bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cu maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. 83.2-ci və 83.2.4-cu maddələrinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarlarla hesablanmış əlavə verginin qanuni olub-olmamasını müəyyən etmək üçün ilk növbədə onun hesablanmasına əsas olmuş xronometraj metodu ilə müşahidənin nəticələrinin qanuni olub-olmaması araşdırılmalıdır. Bununla bağlı işin hallarından müəyyən olunur ki, üç gün müddətində iddiaçıda aparılmış xronometraj metodu ilə müşahidə zamanı iddiaçının satış dövriyyəsinin birinci gün üçün 132550,49 manat olması, digər iki gündə isə satış dövriyyəsinin olmaması nəticədə iddiaçının ortagünlük satış dövriyyəsinin 44183,50 manat (132550,49/3=44183,50) olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının orta günlük satış dövriyyəsinin 44183,50 manat kimi nəzərə alınmaqla ona əlavə vergilərin hesablanması qanunsuz olmuşdur. Belə ki, 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən avqust ayı ərzində hansı günlərdə satış dövriyyəsinin olub-olmaması konkret müəyyən edilməmişdir. Halbuki, 2 saylı Ərazi Vergilər Departamentinin xronometraj metodu ilə müşahidə aparılması üçün 11 avqust 2018-ci il tarixdən başlayaraq 15 iş günü müddətində vaxtı olmuşdur. Çünki müşahidə zamanı iki gün ərzində iddiaçının ümumiyyətlə satış dövriyyəsi olmamışdır ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin 44183,50 manat olmasını şübhə altına alır. Vergi Məcəlləsinin 50-1-ci maddəsində xronometraj metodu ilə müşahidə aparılmasına dair qaydalar tənzimlənmişdir. Həmin maddənin mənasından göründüyü kimi xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə xidmət edir. Həmin maddədə xronometraj metodu ilə müşahidənin 15 iş günündən çox olmayan müddətdə aparılmalı olduğu təsbit edilmişdir. Hər nə qədər müşahidənin aparılmasının minimum müddətləri nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, belə müşahidənin bir gün ərzində aparılmış nəticəyə uyğun müəyyən olunması əsaslı hesab oluna bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan vergi ödəyicisinin təqdim etdiyi sənədlərdəki uyğunsuzluğu sübut edə bilməmiş, yalnız son xronometraj müşahidənin nəticəsinə görə dövriyyə ilə uyğunsuzluğu əsas götürmüşdür. Vergi ödəyicisinin dövriyyəsinin stabil olmaması, bununla bağlı iddiaçının dəlillərinin araşdırılmasıda müəyyən olunmur. Yuxarıda qeyd olunduğu kimi mübahisələndirilən inzibati aktların qəbul edilməsinə əsas olan idddiaçıya məxsus təsərrüfat subyektində xronometraj metodu ilə müşahidə aparılması nəticəsində aktlar tərtib edilmiş orta günlük dövriyyə hesablanmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati İcraat haqqında Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Göründüyü kimi qanunverici yuxarıda qeyd olunan normalarla vətəndaşı qanunazid yaranmış vergi öhdəliklərinin tələb edilməsindən qoruyaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsini təminat altına almışdır. İnzibati İcraat haqqında Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan ona münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş Xronometraj metodu ilə müşahidə aparılması qaydalarının 2.17-ci maddəsinə istinad edərək, qeyd edir ki, müşahidənin nəticələri üzrə müəyyən edilmiş istehsal həcminin və malların (işlərin, xidmətlərin) satış dövriyyəsinin vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamələrdə öz əksini tapmaması təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanması və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında kameral qaydada vergi yoxlaması aparılmasına əsas verir. Lakin hazırkı işdə vergi ödəyicisi müvafiq bəyannamə vermiş, dövriyyə göstərmişdir. Vergi ödəyicisinin dövriyyəsini xronometraj metodu ilə müəyyən olunan dövriyyədən az göstərməsi, hər bir halda vergidən yayınma kimi qiymətləndirilməsi qəbul edilə bilməz. Əgər vergi ödəyicisinin həqiqətəndə dövriyyəsini az göstərərək vergidən yayınmaq niyyəti və hərəkəti varsa, bunu hər bir halda inzibati orqan sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında hazırkı mübahisə ilə analoji mübahisələr olmuş, həmin mübahisələrə məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Bu halda analoji mübahisələrin yaranması başadüşülən deyil. Məhkəmə hesab edir ki, vergi ödəyicisi həqiqətəndə mütəmadi olaraq vergidən yayınmaq niyyəti ilə dövriyyəsini az göstərirsə, inzibati orqan bunu əsassız kameral yoxlamalar ilə yox, vergi qanunvericiliyinin imkan verdiyi digər yoxlamalar ilə sübut edə bilər və qanunvericiliyin verdiyi digər vasitələrdən istifadə edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair 24.04.2019-cu il tarixli, **********653600 saylı, 25 sentyabr 2019-cu il tarixli, **********668000 saylı, 10.10.2019-cu il tarixli, **********442200 saylı, 22 noyabr 2019-cu il tarixli **********511800 saylı qərarları ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar